Akifə Abbas. Tanrıya şükür, hələ də ateistəm
- 22.02.2020
- 0 Şərh
- 3656 Baxış
Luis Bunuelin "Viridiana” filmi
barədə
İkinci
Dünya müharibəsindən sonra öz ölkəsi İspaniyaya film çəkilişi üçün dəvət edilən,
"Viridiana" filmilə ortalığı qarışdırıb yenidən ölkəni tərk edən
Bunuelin burjua, faşizm, din mövzularına yenidən fərqli ampluada müraciət etməsi
və eyni zamanda bütün insanlığa: "Həqiqətənmi inanclarınız və dəyərləriniz
möhkəmdir?" - sualını ünvanlayıb kənara çəkilməsi və bu günümüzdə də tənqid
olunan film yaratması onu dahi rejissor olaraq tanıtmağımıza imkan yaradır.
Kim idi Viridiana?
Bir monastırda rahibə olaraq təhsil alan bütün dəyərlərdən və həyat gerçəkliyindən məhrum olan bu qızcığaz özünü tamamilə Tanrıya həsr etsə də, heç gözləmədiyi bir anda həyat bütün acı çılpaqlığı ilə pərdələrini onun üzünə açır. Onu oxudan xalasının əri xalasının ölümündən sonra Viridiananı (Silvia Pinal) öz bağ evinə dəvət edir. Biz ilk bu səhnədə qızın cinsi istək və ehtirasdan qorxduğunun şahidi oluruq ki, Viridiana bu təklifi rədd edir. Ancaq onun tək vəli-nemətini bu cür rədd etməsi digər rahibələrdə qəzəb oyadır. Əlacsız qızcığaz özü də bilmədən dəyərlərini, inancını və Tanrını birdəfəlik tərk edərək real həyata atılır.
Bu həyatda onu nə gözləyirdi?
Bunuel
öz dəyərlər sistemində Tanrını rədd etsə də, bu filmdə Viridiananın inancına və
saf Tanrı axtarışlarına rəğbətlə yanaşır. Bunuel bu filmilə, əslində, Tanrını
yox, insanlığı müzakirə obyektinə çevirir.
"Biri,
Tanrının bütün o parlaqlığı ilə var olduğunu sübut etsə belə, davranışlarımda tək
bir dəyişiklik belə olmazdı" - deyən Bunuel və qəhrəmanı Viridiana
Tanrının bütün o parlaqlığına inansa da, həyatın özü ilə tanış olduqdan sonra
acı reallıqların qarşısında inancını yenidən sorğulamalı olur. Çünki xalasının əri
tərəfindən guya xalasına bənzədiyi üçün sevgi etirafı alması, rədd cavabından
sonra ona edilən zorakılıq, evinə bütün günahlarını yumaq üçün topladığı dilənçi
və kasıbların bütün əxlaq pərdələrini qaldırıb ona xəyanət etmələri,
Viridianada "Tanrının ədaləti həqiqətən varmı? İsanı məhv edən həmin bu cəmiyyət
mərhəmətə layiqdirmi?" - sualları ilə baş-başa qoyur.
Xalasının
ərinə (Fernando Rey) qarşı özünü qoruma mövqeyində olan qızcığaz, ona rədd
cavabından sonra intihar edən kişinin xəbərini eşidərək bağ evinə geri dönür.
Ona ən çirkin yolla sahib olmağa çalışan bu insanın intiharı qarşısında özünü
günahkar hiss etməsi onun da bir İsa olduğuna dəlalət etmirmi?
"Küllər
peşmanlığın və ölümün rəmzidir. Peşmanlıq rahibə olacaq sənin üçün, ölüm də mənim
üçün olsun. Yaşlı adam mənəm".
Təmiz
bir həyat üçün çırpınan saf qızcığazın əlində sadəcə peşmançılığın qalması və
son səhnədə yaşlı adamın ögey oğlu ilə qumar masasına əyləşməsi kimin məğlub
olduğunu göstərirdi, sizcə? İnsanlığın yaxşılıq instinktinimi? Tanrınınmı?
Yoxsa bu tale qarşısında aciz qalanlarınmı? Bir milçəyin hörümçək toruna düşərək
çırpınması və qurtulsa belə, şüşəyə dəyib pəncərə arxasındakı həyata qayıda
bilməməsi və sonda ölümü taleyin bir parçası deyilmi? Sevgisindən gözü kor
olmuş rahibin gözəl göyərçin Esmeraldanı ölümə yollaması və Viridiananın da
insanlığın vəhşi ehtirasının qurbanı olması Hüqoyla Bunueli eyni ortaq məxrəcdə
birləşdirmirmi?
Bəs nəyə
görə ilk əvvəllər sözdə kilsəyə və rahibə Viridianaya dərin minnətdar olan və çəkinən
dilənçilər "Sonuncu axşam yeməyindən" sonra bütün əxlaq çərçivəsindən
azad olub evin köhnə sahibinin ölmüş arvadının gəlinliyini yerdə sürüyərək təhqir
edir, onlara açılan evi talan edərək, onlara şərəfli həyat bəxş edən
Viridianaya təcavüzə belə cəhd edirlər? İnsanoğlu həqiqətən dərində bu qədər
şeytani hisslərəmi sahibdir? Yaşlı kişinin özünü asdığı iplə oyun oynayan
qulluqçunun balaca qızla, təhqir olunmuş, inancları məhv edilmiş Viridiana
obrazı ilə, talan edilmiş mənzil və yaralı göyərçinin yolunmuş qanadlarıyla,
masadakı ən bahalı şərabla Bunuel nə demək istəyirdi?
Son olaraq nəyə görə
"Sonuncu axşam yeməyi" tablosu?
Da
Vinçi bu tablonu çəkərkən bütün obrazlara model axtarıb tapması və sonda sadəcə
iki nəfərə model tapa bilməyib İsa və onun qatili hesab olunan İudayla eyni
modeldən istifadə edərək fərqli iki obraz yaratması xilaskarla qatilin eyni bədəndə
birləşməsi Bunuelə nə demişdir? Bəlkə Viridiana xilaskar İsa olmaqla bərabər,
eyni zamanda öz yeganə sahibi - xalasının ərini və inancının da qatili İuda
idi?
"Ədəbiyyat qəzeti