Sərdar Amin. Armud ağacı - Pereyra

Sərdar Amin. Armud ağacı - Pereyra

Sərdar Amin

Armud ağacı - Pereyra

Uzun illər jurnalist işləmiş,yaşlanmışdı. Portuqaliyada təvazökar axşam qəzetlərindən birində mədəniyyətşöbəsinə rəhbərlik edirdi. Bu piyli portuqalın rəhbərliyində özündən başqa heç kim olmadığı kimi siyasətlə də qəti əlaqəsi yox idi. Ta ki...
XVIII əsr fransız yazıçılarının əsərlərini portuqal dilinə tərcümə edib axşam qəzetinin rəhbərlik etdiyi mədəniyyət şöbəsində dərc etdirirdi. Bu zaman - yəni 1938-ci ildə ümumi Avropanı bürüyən faşizm və ona qarşı mübarizə onun vətəni Portuqaliyadan da yan keçməmişdi.Və onun həyatı tanış olduğu inqilabçı gənclərin təsiriləömrünün ahıl çağında tamam dəyişdi; portuqaliyalı yazıçı Antonio Tabukkinin məşhur "Pereyra iddia edir” əsərini deyirəm.
Pereyra yaşadığı həyatla razıdır; Koimbrada təhsil alması, bütün həyatını sanatoriyalarda keçirmiş xəstə qadınla yaşaması, arvadı dünyasını dəyişəndən sonra uzun illər onun uzaq təbəssümlə baxan portretilə söhbət etməsi, uzun müddət nüfuzlu qəzetdə hadisələr bölməsinə rəhbərlik edib sonda təvazökar axşam qəzeti"Lissabon”nun mədəniyyət bölməsində çalışmaq pis deyil. Ancaq bütün bunlarla yanaşı o, həyatına görə peşmanlıq çəkməyə meyl göstərir.Bu arada həkimi Kardosu ona "Ruhlar konfederasiyası” adlı nəzəriyyə ilə tanış edir.
Konfederasiyaya görə insanda vahid şəxsiyyətin mövcud olması fikri düzgün deyil, bu sadəlöhv xülyadır və xristian təsəvvürünə əsaslanır. Doktor Ribo və doktor Janenin "Ruhlar konfederasiya”sı insanda müxtəlif ruhların mövcudluğundan bəhs edir. Hansıki bu ruhlar "hökmran mən” tərəfindən idarə olunur. "Hökmran mən”in fəaliyyəti digər "mən”in baş qaldırdığı və onu taxtdan saldığı ana qədər davam edir.Pereyra mədəniyyət şöbəsinə köməkçi kimi qəbul etdiyi Rossinin İspaniya və Portuqaliyada faşizm rejmi əleyhinə fəaliyyət göstərən qrupda oluğunu bilir. Bununla yanaşı içindəki qəribə istəyə tabe olaraq gənc inqilabçıya maddi yardım edir. Və düşünür ki, bəlkə Rossi və onun qrupu düzgün yol seçib. Əgər belədirsə, demək doktor Pereyranın seçdiyi yol, yaşadıqları mənasızdır. Onun axşam qəzetinin mədəniyyət şöbəsinə rəhbərlik etməsi, fransız novellalarını ana dilinə tərcümə edib yayması və dövlət qəzetində öz sözünü deyə bilməməsi düzgün deyil. O tövbə edib bu yoldan çəkilməlidir. Pereyra iddia edir ki, son vaxtlar onun həyatı büsbütün mənasını itirir.Sonra ölkədəki rejimə dözməyib Fransaya getməyə hazırlaşan həkimi Kordosu ona maraqlı təklif edir:
"Heç kim bu ölkənin sənin üçün yarandığını söyləməyib, həm də burada xeyli xatirə var, öz eqonu zibilliyə atmağa cəhd göstər, yeni "hökmran mən”inə icazə ver. Bəlkə tamam başqa bir mühitdə görüşmək imkanımız oldu. O zaman tamam başqa bir adam olacaqsınız”.
Pereyra qəzetdə şöbə müdiri olmasına baxmayaraq ölkədə və Avropada baş verən yenikləri hər gün yemək yediyi restoranın ofisiantından soruşur, sonra ona kükü və limonad sifariş edərək qəribə əhvallı günlərinə davam edir. Bir günPereyra gənc inqilabçı Rossinin Portuqaliyada axtarışda olduğunu bilib ona evində sığınacaq verir. Ancaq Rossi Perayranın evinə uzun müddət sığına bilmir, tezliklə dövlət orqanları onun yerini öyrənir, danışdıra bilmədiklərinə görə amansızlıqla döyürlər. Sarışın inqilabçı Rossi Pereyranın evində can verir.
 
Bundan sonra Pereyra qəti addım atır. Faşizmi dəstəkləyən dövlət qəzeti olmasına baxmayaraq "Lissabon”un mədəniyyət şöbəsində bu amansız hadisəylə bağlı açıq məqalə dərc edir. Pereyra qəzetdə uzun illər boyuncaqazandığı etibar və həkimi Kordosu ilə qurduğu oyun sayəsində dövlət qəzetində açıq, rejimi ifşa edəcək bir mətni dərc etməyin astanasına gəlir.
Yazını bütün prosedurlardan keçirərərk mürəttibə verir. Sonra evə gələrək kiçik çamadanını götürür, ora ən vacib əşyalarını – nekroloqlar qovluğunu, arvadının uzaq təbəssümlə baxan portretini qoyur. (Portreti yaxşı nəfəs alsın deyə çamadana üzüyuxarı qoyur). Kitab dolabına yaxınlaşıb Rossinin gətirdiyi saxta pasportları eşələyir. Gözlərinin altında bir neçə çevrə olan bir kişinin şəkli yapışdırılmış pasport sanki onun bu gününə hesablanmışdı. Adı da gözəl səslənirdi: Fransua Buden... Doğrudanda gözəl ad idi, Fransua Buden...
Ətrafa göz gəzdirib saatına baxdı. Pereyra iddia edir ki, "Lissabon” indilərdə çıxacaqdı və qətiyyən vaxt itirmək olmazdı.

 
P.S: Əsərin müəllifi Antonni Tabukki isə iddia edir ki, Pereyra "armud ağacı” deməkdir və İtaliyada bütün meyvə ağaclarının adı olan soyadlar yəhudi mənşəyinə mənsubdur. "Qəhrəmanımı "Pereyra” adlandırmaqla isə mən Portuqal mədəniyyətində dərin iz buraxmış və tarixin çox ədalətsizliklərinin qurbanı olmuş millətə ehtiramımı bildirmək istədim”.