Aysel Fərəc – Metrodakı sahilçilər

Aysel Fərəc – Metrodakı sahilçilər

Mən mentalitetin kökünü metrodan götürürəm. Ən təbii halı ilə hər kəs özünü orada daha gözəl təqdim edir: yer verəndə kiminin nəzakətli, kiminin xəstə, kiminin qammaz olduğunu aydın görmək olur. Bunlara qarşılıq olaraq, reaksiya verənlərin də iç üzü açılır. Kimisə tanımaq istəyirsənsə, onunla metroda yol qətt elə. Yolun Nizamidən 28-ə qədərdirsə, bir hiyləylə, 20 stansiya dolaşdır. Elə səbrini də yoxlamış olarsan. Ümumiyyətlə, buranın sakinləri primitivdir. Fikir versək, özümüzü - kədərimizi orda tapmış olarıq. Ağacdan düşən o üç şanssız almanın ikisi (təxminən 70%-i) bizim xanımlarımızın başına düşür.

Son iki il ərzində avropalaşdığımızı xeyli sezirəm. Sevincimdən hönkürük alıb götürür: Axşam saatlarında bəylərin evdə süd verəcəyi uşaqlar olduğu üçün, yoldaşının qarşısına bir qab xörək, bir stəkanlıq pürrəngi çay süfrəsi açacaq deyə və ən əsası, yoldaşları tərəfindən danlaq yeri olmamasına görədir bütün bunlar – qatara xanımları kənara itərək, sözün həqiqi mənasında "minmələri” .

Indi bizim metrodakı tünlüyə xarici ölkədən kimsə gəlib şahid olsa, paxıllığından əti sümüyünü gəmirər: "Bu nə cür mehribançılıqdır, My GOD!”. Xoşbəxtliyimizi onunla da bölməliyəm, o qonaqdır. Günahsızdır. "Get sahil kənarında otur. Üzlərindəki şaxtaya, oturuşlarına, geyimlərinə, hə, bir də yerə atdıqları ilə üzündə olan maskalara diqqətlə fikir ver, sonra yenə qatardakı hay-həşir dolu, mehribançılığın dərəcəsini aşırmış qaşqabağa, sallaq burunlara, amma adamın Allahı var, Xəzər tv-dəki seriallardan yaxşı çəkilmiş səhnəyə seyr elə”. Mentalitemizin əhli-aləmi özünü metroda bax, bu cür əks etdirir. Baxışlar alçaqkönüllüdür. Biri də durub deyə bilməz ki, kimsə üzümə dayanmadan baxır və məni kəşf etmək istəyir. Mən də ona təbəssümlə qarşılıq verirəm. Qəti yalan danışmarıq! Bir mərhələ yuxarı baxan kimi kababdan sonra suya azımıştək fərqli nəzərlərin üzərində qıdıqlandığını sezirsən. Güclü enerjidir, təsirlənməmək mümkün deyil.

Qulaqcıq çıxaranın ataba-atasına min kərə rəhmət oxuyuram. Mənə analar da şərik olacaq (ümidvaram..). Qız uşağıdır. Başını dik tutub, camaatın üzünə gözlərini nümayiş etdirib, məsti-xumar etməkdənsə, telefonda və nauşniklə fikrini-zikrini yazışdığı adama cəmləsin.

Ah.. "Gözlər yalan deməz”, deyən şəxs, biz tabuları metroda yıxmağa qadirik. İşdir, lazerlənmiş gözlərlə toqquşarsa, anında o məsum, xumar baxışlının içindən bir cin çıxır. Müqəddəs qaşları belə günaha batırırıq. Həri biz! O qaşlar "jelezniy doroqa” halına gətirilərək, insansifətlilikdən əsər-əlamət qalmır. Bax, o ana evdən çıxmamış səni bir oğlan baxışı ilə süzərkən bunları əslində tapşırır. Adamı zorla günaha itələyirlər.

O dəyərlər ki var: Adam simasında gülüşlə bayıra çıxmamalı, evdə yumruğu soğan əzər kimi masada olmalı, yaş 45 olmamış alnında təzə bişmiş paxlavanın yağ damlayan qat-qatlarından olması mental dəyərlərə ehtiramla yanaşdığımızı göstərməliyik. Bütün bunlara görə tövsiyə edirəm, hərə azı 1 dəfə qatarlarımıza ayaq bassın. Xəyallarınızın gerçəkləşdirilməsinin tək məkanı. Kimilərimiz basırıqda köhnəlmiş ayaqqabı tozlarını seyr edərək, bir başqalarımız çanta markalarındakı cılızlaşmış özümüzə baxıb, xəyallara qərq olur( gülümsünür, qəhərlənir). Hələ başqa bir epizodu da diqqətinə çatdırım. Qulaq as. Xalaların yan-yana oturaraq, Dərnəgül metrostansiyasından Xalqlara qədər etdiyi söhbətlərdən ötəri ürəyim gedir.. Özlərini əllərində iki tum qutusu, soyuqdan qorunmaq üçün yanlarında döşəkçə, belləri şallı, dedi-qoducuqları (40-45 dəqiqədə elə də ətraflı danışa bilməzlər əşi. Səs-küy imkan verməz, yoxsa nolub bizimkilərə?!), tum rahat həzm olunsun deyə revmatizmalı ayaqları çarpaz şəkildə, bağçaya salınmış çardaqda hiss edirlər. Vallah, xalaların sözü-söhbətinə cəhənnəmlik olmağa məni nəsə çəkir. Onları görəndən ətrafımdakı insanlara şükür etməyə başlayıram. Ən azından yanımda ikən özlərini evində imiş kimi hiss edirlər, hər şey səmimi, pozitif və sərbəst. Amma inanmıram mənə dəyib-dolaşan olsun. Məndən betər dərdlərimiz var. Keçən dəfə (1 ay əvvəl), axşamçağı idi. Soyuqdan ölsək də oktyabrın əvvəlidi. Əlcək taxacaq, papaq, şərf geyinəcək cəsarətimiz də yoxdu (gülüş hədəfi olub, mentallığa xələl gətirərik axı). İki gəncin bir-birinə sarılmış şəkildə qatarda dayandıqlarını gördüm. Böyük ehtimal ki, həm üşüməyi səngisin, həm də yıxılmasın deyə yanındakına bərk-bərk sarılmışdı. Qız elə də kiçik görünmürdü. Bəlkə də ənlik, kirşandan mənə elə gəlib. Xülasə, kənardakıların "səni alanın boyuna ip ölçüm!” baxışı ilə o 10 dəqiqəlik yolu və içindəki soyuqluq çovğuna döndü. Sonra bir özümə, bir də kənara baxdım və "betərin də betəri varmış ..” deyə düşünməyə başladım. Sonra da dodaqlarımla burnumu mehribanlaşdırıb, ikinci çıxışa doğru, tələsik şəkildə metrodan başımı götürüb qaçdım.


Aysel Fərəc