Azad Qaradərəli. Göy öküzün təzəyi (HEKAYƏ)

Azad Qaradərəli. Göy öküzün təzəyi (HEKAYƏ)

Dostum Etibar Mirzəyevə

Bura vaxtilə böyük qəsəbə olub. İndi isə suyu sovulmuş dəyirman kimidir – adamlarının yarıdan çoxu başqa yerlərə köç etdiyindən nə kəndliyi bilinir, nə qəsəbəliyi. Sadəcə uzaqdan baxanda qırmızı kirəmitli evlərin sayından qəsəbəyə bənzəyir. Əslində isə bu beş yüz evdən cəmi əllisində yaşayış var. Onların da çoxunda uşaq yoxdur. Burada orta yaş qırxdan yuxarıdır.

Vaxtilə bu qəsəbədə böyük üzümçülük və maldarlıq sovxozu vardı və əhali də pis-yaxşı o sovxozda çalışıb başlarını girələyirdi. SSRİ dağılandan sonra sovxoz da dağıldı, damazlıq və südçülük fermasının min başa yaxın  qaramalı harasa yox oldu. Üzümlüklər də qaldı sahibsiz. Adamlar beton dirəkləri çıxardıb həyətlərinə hasar çəkdilər. Üzümlüklər də baxımsızlıqdan tələf oldu. Belə olanda sakinlər yavaş-yavaş buranı tərk etdilər. Kimi Bakıya, kimi rayon mərkəzinə, kimi də yaxınlıqdakı dəmiryplçular stansiyasına köçdü. Qəsəbə qaldı əlsiz-ayaqsızların, uzağa gedə bilməyənlərin ümidinə.

Biri elə Çəp Xurram. Arvadı Maymaq Xeyrənsəynən gün axşamacan həyatyanı təsərrüfatlarında dümələnsələr də, bir şey sahibi deyillər. İki kolailişən inəkləri olmasa, acından ölərlər. Yenə o inəklərin südünü qatıq çalıb satır, ili başa vururlar.

Yaxud onların qonşusu Cürə Xasay. Boyu arvadı Qara Ballının tumanbağına ancaq çatar, amma azı gündə iki-üç dəfə arvadı taladan doğrayıb rayon mərkəzində satdığı qırma ilə döyməsə ürəyi sakitləşməz. Arvad da o qədər öyrəşib döyülməyə, bir gün döyülməyəndə quluncları sancır. Gəlib Xasaya iki kəlmə acı söz deyir. Xasay da eləməyib tənbəllik, yaş palıd qırmasını qapıb arvadın belinə, götünün yançaqlarına, kürəyinin arasına çırpır – daha yuxarı vurmağa boyu çatmır axı.

Çəp Xurramın sağdakı qonşusu isə Hənəfi müəllimdir. Arvadı Hənifə xanımla bu qəsəbəyə müəllim işləməyə gələndə sütül cavan idilər. (Birinin adı Hənəfi, o birinin adı Hənifə olsa da, bu qəsəbənin camaatı onların ikisini də eyni adla çağırırdı: Hənifə. Fərqləndirmək üçün də çox fikirləşməli olmadılar. Bir az mədəni çıxsın deyə, birinə Hənifə müəllim, o birinə də Hənifə müəllimə dedilər. Ər Hənifə bir az çəm-xəm eləsə də, axırı barışdı. Necə olsa, Çəpdən, Maymaqdan, Cürədən müəllimlə müəllimə yaxşı idi.) Amma indi yaşları altmışa çatıb. İki yüz yerlik məktəbdə də cəmi cümlətanı iyirmi uşaq qalıb. Onun da biri ötən payız  qara qızdırmadan öldü, qaldı on doqquz uşaq...

Hə, elə oxuyacağınız bu yazının məğzi də həmin ölən o səkkiz yaşlı uşaqla, onun ölümünə səbəb olan qara qızdırmayla və ondan sonra baş verənlərlə bağlıdır...

Az qala unutmuşdum: bu kənddə bir dəli də var ki, heç kim onu adam yerinə qoymurdu. Heç dəli yerinə də qoymurdular. (Şaiyə gəzirdi ki, adı Aslan olan bu yaraşıqlı oğlan institutun ikinci kursunda oxuyan vaxt tələbə yoldaşları ilə kəndə gələndə başlarına qəribə hadisə gəlir: oğlanın əmisi Səməndər qonaqlardan birini – Sara adlı qızı aldadaraq meşəyə aparmış və orada zorlayıbmış. Əlbəttə, bunu nə Səməndər boynuna aldı, nə qız Səməndərdən şikayətçi oldu, nə kənd adamları Səməndərin belə iş tutacağına inandı. Çünki Səməndər onda südçülük fermasının nüdiri idi və rayonda az-çox tanınan adamlardandı. Həm də Səməndər qardaşı oğlunun tələbə yoldaşlarına hər gün heyvan kəsir, qonaqlıq verirdi – onlar bu rayona südcülük və damazlıq təsərrüfatına təcrübə keçməyə gəlmişdilər – indi bu iyirmi tələbədən birini niyə zorlasın ki?.. 

Bu xəbərə heç kim inanmasa da, Aslan nəinki inanıb, hətta məhkəmədə qızıl qırmızı deyib ki, Saranı əmim zorlayıb, mən bunu öz gözlərimlə görmüşəm. Və sonradan o da bəlli olub ki, Sara ilə Aslan sevgili imişlər. Hətta Aslan əmisinə ürəyini də açıbmış: ki, bəs ay əmi, mən bu qızı sevirəm... 

Əmi əlinə döndüyüm də, masaya kababı kabab dalınca tökdüyü bəs deyil, arağı-çaxırı da su yerinə verib tələbələrə. Prokuror soruşanda ki, sən niyə tələbələrə içki verirdin? Səməndər qayıdıb ki, nə içki, canım?! Mən onlara süd-qatıq vermişəm. Südçülük təsərrüfatına gələnə qatıq verməyim, neynəyim?

O hadisədən sonra üç mühüm şey olur. Biri budu: Aslan yeni dərs ilində görür ki, Sara qırmızı bir JİQULİ maşınını qazlı sürərək siqnal verə-verə girir institutun həyətinə. İkincisi bu maşın məsələsindən sonra baş verir: kəndlilərinin dili ilə desək, Aslanın başı qaçır, yəni dəli olub qayıdır kəndlərinə, qoşulur kəndin götü açıq uşaqlarına. Və Səməndərə də təzə ayama taxırlar: Qatıq Səməndər. Amma dördüncüsü də varmış - əslində kənddən köç bu hadisəynən sonra başlayıb. Aslanın ata-anası, bacı-qardaşı, Səməndərdən üz döndərib kənddən baş götürüb gedirlər. Amma nə illah eləsələr də Aslanı apara bilmirlər. Gədə qaçıb gəlir kəndlərinə. Qalmağa yeri olmadığından təzə ayamalı əmisinə - Qatıq Səməndərə sığınır. Bu günə qədər də onun evində qalır.)

***

Qəsəbəyə xəbər yayıldı ki, bəs Mürtəd Kərəmin səkkiz yaşlı nəvəsi neçə gündür qızdırma içində yanır. Qəsəbənin tibb məntəqəsində çalışan diplomlu tibb bacısı da buralardan köçüb getdiyindən uşağı rayon mərkəzinə apardılar. Ordan demişdilər ki, gecikdirmisiniz. Qız el dilində desək, sarılığa yoluxub, qara ciyərləri sıradan çıxıb və həkaza.

Üç gün sonra uşağın meyidini gətirib kənd qəbiristanında ağlaşa-ağlaşa basdırdılar. Geri qayıdanda anası özünü qəbirin üstünə atıb başladı torpağı dırnaqları ilə eşməyə:”Can, can, anan ölsün, səni diri-diri gömdülər bura, bilirəm... Ay dədə, a kişi, ay camahat, mənim balam qəbirdə qışqırır e, səsin eşitmirsz? Nolar? Açın qəbiri... Vallah, balam dirilib!..”

Mürtəd Kərəm qızını qucaqlayıb ömründə ilk dəfə ağladı. Sonra qoluna girib qəbirdən araladı. Ana atasının əlindən dartılıb çıxdı, yenə qəbirə tərəf cumdu... 

Yazıq gəlin hər gün gəlir qəbir üstünə ki, qızı orada tək qorxar...

Amma iş bununla bitmədi ki. Kənddə bir neçə uşaq da belə qızdırmaya tutuldu. Rayon mərkəzindən həkimlər gəlib məktəbi, evləri dezinfeksiya elədilər, bataqlıqlara əhəngəoxşar ağ dərman səpdilər. Kənddə karantin elan edərək məktəbi müvəqqəti bağladılar. Sonra xəstə uşaqları xəstəxanaya aparmaq lazım olduğunu dedilər. Amma kəndin söz sahibi Qatıq Səməndər öz nəvəsi də daxil, xəstə uşaqların xəstəxanaya aparılmasına qarşı çıxdı.

"Apardılar gül parçası kimi uşağa nə iynəsi vurdularsa, qızcığaz əlbəəl öldü. Qoymayın aparsınlar!.. Özümüz öz başımızın çarasına baxarıx...”

Həkimlər israr edəndə Mürtəd Kərəm iti qısqırdı üstlərinə. Maşına doluşub qaçdılar.

Onda Qatıq Səməndər yeridi camaatın gur yerinə və dedi:

"Qonşu Bəyimliyə İrannan bir Seyid gəlib. And içirlər ki, Seyidin bir göy öküzü var. Düşür kəndin bəri başınnan girir, o biri başınnan çıxır. Özbaşına Seyidin nəzir-niyazın gündə bir dəfə yığıb qayıdır sahibi olan evin qapısında durur. Hə, onu deyirdim axı, nəzir verənnər bircə dəfə əlini öküzün başına çəkir, buynuzunnan öpür, qada-bala onnan da sovuşub gedir. Mən iki ildi o kənddə adam öldüyünü heç eşitmədim...”

Hənifə (əslində Hənəfi) müəllim başını bulayıb dilucu dedi:

"Yenə qatıxladı bu.”

Mürtədə Kərəm də hirslə onun üstünə yeridi:

"Ə, a Qatıx, harda görünüb ki, öküz gedib nəzir yığsın?!”

Səməndər Kərəmi tərs-tərs süzdü:

"Elə heylə mürtətliyinə görə allah da sənnən üz döndərib, bəndə də. Gül parçası kimi uşağı...” – Sözünün dalısını gətirə bilmədi. Mürtəd bağırmamaqçün əlini ağzına təpmişdi.

Çəp Xurram Mürtəd Kərəmə baxmaq istəsə də gözünü Qatıq Səməndərə tuşladı:

"Olar, niyə olmur, a Mürtəd? Hər şey allahın əlində dəyil?!”

Cürə Xasay altdan yuxarı bu boy-buxunlu kişilərə marıda-marıda salavat çevirdi:

"Allahın məsəlli əla Məhəmməd və ali Məhəmməd.”

Mürtəd Kərəmdən başqa hamı əlini üzünə çəkib salavat çevirdi. Və Qatıq Səməndər işi belə görüb lap irəli yeridi:

"Gəlin adam yolluyax, Seyid gəlib bircə ay bizim qəsəbədə qalsın... görün uşax-böyüyünüz ölür, ölmür... Yoxsa... Kənd boşalacax – köçən köçəcəy, qırılan da qırılacax...”

Və səhəri iki bığıburma cavanın və bir neçə kənd adamının müşayəti ilə Seyidin kiçik araba qoşulmuş öküzü qəsəbəyə təşrif buyurdu. Seyidi isə nə illah eləsələr də görə bilmədilər. Kimi dedi gecə gələcək, kimi dedi qabaqcadan gəlib yerləşib həkim məntəqəsində. (Tibb məntəqəsinin yanındakı boş otağı Seyidçün ayırmışdılar.) Qatıq Səməndər isə ayrı söz deyib camaatı hövülləndirdi:

"Əslində, Seyid arabada oturmuşdu. Amma o gözə görünməzdir... Yani ki, görünür, amma hamının gözünə yox... Mən şəxsən gördüm cəddinə qurban olduğumu...”

Mürtəd Kərəm "yenə qatıqladı” demək istədisə də, ayrı söz çıxdı dilindən:”Əşədi ənnə lailahəillallah!”

Cürə Xasay da dalısın gətirdi: "Əəşədiənnə Məhəmmədin Rəsul allah!”

Hənəfi müəllim allah kəlamının qol-qabırğasını sındıranları tərs-tərs süzüb özü başladı kəlmeyi-şəhadətini oxumağa: "Əşədu ən la ilahə illəlləh. Əşədu ənnə Muhəmmədən rəsulullah. Əşədu ənnə əmirəl mominin Əliyyən vəliyullah...”

***

Bir aylığa gəlsə də, bude, azalıb bir il olsun, hələ də burdadı... Amma məni qınamayın: o uşaqlar da sağaldı, hələ üstəlik bu müddətdə kənddə ölüm-itim də olmayıb. Əvvəllər dəli Aslan kəndin uşaqları ilə düşərdi bu öküzün dalıncan, heyvanın və sürüdüyü arabanın çıxardığı səsləri təqlid edir, atılıb-düşürdülər. Sonra nə oldusa, uşaqlar elə bil öküzdən qorxdular, yaxına gəlmədilər. Təkcə Aslan şalvarını sivirib çılın-çılpaq öküzün dalınca qoşur, qışqırırır, ağzının suyunu ora-bura dağıdırdı.

***

 - Djıttt... Djıtttt... Djıtttttt...xırç... xırç...

Göy öküzün boynuna xamutla bağlanmış arabanın təkərləri fırlandıqca  adamın canına vəlvələ salan türürpədici  səslər çıxardır, elə bu səslərin müşayəti ilə  qəsəbənin baş küçəsi yuxarı özbaşına irəliləyirdi. (Təbii ki, dalıncan da çılpaq dəli atılıb-düşürdü.) Qarşısına adam çıxan kimi  maşın siqnalına oxşayan əcaib səs eşidilirdi. Və bu səsi eşidən qəsəbə sakinləri küçəyə çıxıb öküz qoşulan arabaya tamaşa edərdilər. Kimi salavat çevirir, kimi başını bulayır, kimi də kəlmeyi-şəhadət gətirirdi.

Hamısı tamaşa etmirdi ki. Bir də görürdün ki, evlərin birindən bir qadın çölə çıxdı, əlindəki bağlamanı gətirib arabanın içinə qoydu, sonra öküzün buynuzunu tumarladı, iki buynuzun arasından öpüb çıxıb getdi. Öküz isə bir ağız böyürür, yenə  arabanın harasındansa maşın siqnalına oxşayan səsi çıxardır – deyilənə görə, bu öküzün "çox sağ olu” kimi başa düşülürmüş – və yoluna davam edir, küçə boyu arabanı dartıb aparırdı: djıttt... djıtttt... djıtttttt...xırç... xırç...

Elə ki, yenə kimsə arabaya yanaşdı, öküz dayanır, quyruğunu sağa-sola tərpədir, başını bulayır, maşın kimi siqnal verir, sonra yenə yoluna davam edir.
Öküzün bəlli bir marşrutu vardı. Bir ilə yaxındı ki, özbaşına mərkəzi küçə ilə irəliləyir, nəzir-niyazını yığdıqdan sonra sahibinin qapısına qayıdırdı.


***

Bir gün Mürtəd Kərəm aralığa dedi:

-Gecə çölə çıxmışdım, gördüm medpunkt tərəfdən hənirti gəlir. Yavıxlaşdım gördüm Seyidin qapısında duran o bığıburma telexranitellər öküzü hiş-hiş eliyərək hara isə qoovurlar. Yannarında da uca boylu eyzən bizim Qatıq Səməndər kimi ağsifət bir kişi. Kişi nə dedisə, bığıburmaların biri qayıtdı ki, ay Seyd, cəddinə qurban olum, bunu o vaxt axtalayanda dəəsən yaxşı axtalamayıblar, ona görə də hərdən kələlik eləmək istiyir...

Ağsifət seyid də qayıtdı ki, kəs ə, naşükür, naşükür danışma! Səhərəcən bunu ora-bura qovun ki, hirsi soyusun...

İndi a başınıza dönüm, biz bütün seyidləri qara rəngdə görmüşük, bə bu Seyid niyə ağ olsun ki?! Bəlkə geydirmə seyiddi?

Adamlar əlini üzünə aparıb bu şəkkaka lənət oxudular, axırda da salavat çevirdilər. Qatıq Səməndərin sözüynən elə bil qurbağanın gölünə daş atıldı:

-Ə, sizə nə lazımdı, ə?! Balıx, ya başı?! Uşaxlarıız sağaldı? Sağaldı. Bu bir ildə kənddə ölüm-itim yaşanmadı ki? Yaşanmadı. Bu öküz də allahın möcüzəsi kimi hər gün nəzir yığmağa gedir? Gedir. Day nə istiyirsıız, ə?! Hıy?! Seyid qara dəyil, ağmış, nə bilim nəymiş... Boooy!

***

Gün o gün oldu ki, gün günorta yerinə qalxsa da, öküz yola çıxmadı. Adamlar öküzün qəsəbənin baş yolu ilə qəribə səslər çıxardaraq irəliləməsinə o qədər alışmışdılar ki, indi heyvanın görünməməsi əməlli-başlı təlaşa səbəb oldu. Baş küçənin sağında-solunda toplaşan insanlar səslərini içlərinə çəksələr də, üzlərində bir qorxuyabənzər şəkil vardı. Hətta bəzi qadınlar səssizcə ağlayır, əllərini göyə uzadıb nəsə gumuldanırdılar. Amma niyə göyə? Öküz axı yerdə olmalıydı?

Az sonra dəli Aslan yola çıxdı və eynən öküzün çıxardığı səsi çıxardaraq atılıb düşdü:

- Djjjjjjt.... djjjjjjıt... böööööö.... böööööö...

Sonra da əlini göyə qaldırıb bağırdı:

- Göə, göə uşdu! Ötüz göə uşdu... djjjjıt... bööööö...

Adamlar başlarını qaldırıb göyə baxdılar və salavat çevirdilər. Səməndər  dedi:

- Olar, olar. Canımçün səhər göydə öküz böyürürdü... Bı gədənin dəliliyinə baxmıyın, hərdən ağıllı söz deyir... Elə bil vəhy gəlir bına... Seyidin öküzünün dalıncan da elə-belə düşmürmüş... 

***

...-Ay allahın heyvanı, gəl bu yana? – Ağ Seyid əlindəki şallaqla öküzün yanbızına çırpsa da, heyvan addım atmırdı ki, atmırdı. Bu isti havada qulağına dolmuş milçəkləri qovmaq üçün başını hərdən bulayır, amma yerindən tərpənmirdi. Bir ildir eyni marşrutla gedib nəzir yığan, sonra da Seyidin qapısına gələn göy öküz indi sözə baxmırdı. Bu bir ildə ilk dəfə bayıra çıxan Ağ Seyid heyvanı bir şallaqladı, iki şallaqladı, axırı dözmədi; Stalinin kitelinə oxçayan kitelinin üstündən bağladığı qayışdan asılan qəməni çıxardıb əlində tovladı, başındakı qaragül papağı alıb ağacdan asdı və var gücü ilə qəməni öküzün boğazına çəkdi. Qan şorlayıb yola axdı. Öküz qəfil zərbədən diksindi, irəli atılıb arabanı da özü ilə çəkərək qabağa qaçdı. Təxminən yüz metrəcən gedəndən sonra qibləyə yıxıldı. 

Seyid qəməni bığıburma cavanın birinə uzatdı:

-Get, başını üz, dərisini soy. Ətini şaqqala, apar myaskombinata...

 ...Domino düzə-düzə bu hadisəni danışan Mürtəd Kərəmə az adam inandı. Ya bəlkə heç inanan olmadı. O da qoşa altını masaya çırpıb and içdi:

-Ə, belə o körpəmin qıbirinə and olsun, gecə sahat üçün yarısı olardı, Ağ seyid  qəməni soxdu öküzə - bu kor olmuşlarımnan gördüm. Evimiz medpunkta yavıxdı dayna... maa nə düşüp yalan deyəm?!
 
Bu şok hadisənin səhəri qəsəbəyə xəbər yayıldı ki, Seyid gecəynən harasa çıxıb gedib.

Mürtəd Kərəmin dodağı qaçdı:

-Ay it uşağı, siz heç onun üzünü görmüşdünüz ki, yoxa da çıxa. Genə nə görmüşdüm, mən görmüşdüm... 

Qəfil kişinin qulaqları cingildədi. Tükü ürpərdi və qorxudan dili topuq vura-vura dedi:

- Ddddeyirlər, hhhər adamın gözünə görünmür cccccəddinə qqqqurban olduğum...


***

... - Ə, Mürtət, biz heç də tay, bəs sən niyə bu öküz söhbətinə şəkk gətirmədin?

Mürtəd Kərəm əlini üzünü aparıb salavat çevirirmiş kimi bir vəziyyət aldı, amma əli üzündə qaldı:

-Ə, neynim e, həm nəvəm getdi, həm qızım qalıb qəbirsannıxnan evin arasında... Həm də...

-Həm də nə?! – Hamı bir ağızdan soruşdu.

-Həm də... Nənəm rəhmətlik Cılxa Sənəmi ki tanıyırdınız? Məni o saxladı, böyütdü... Həmişə deyərdi ki, gprdün biri pox götürür, sən çox götür...

Adamlar gözlərini gəzdirərək kəndin ayağında üst-üstə tığlanmış quru təzək topasına baxıb ah çəkdilər. Min illərdir o təzək bu camaatın canını soyuqdan qoruyurdu...

Bu vaxt Dəli Aslan hardansa çıxıb şalvarını sivirdi, təzək yığınının üstünə işəyə-işəyə gəlib adamların gur olduğu yerdə dayandı, onların da ətrafına işəməyi ilə bir dairə çəkib qəşş edincə güldü və çıxıb getdi.

18.01.2019