Cəlil Cavanşir. Aqil Abbasın “Dolu” romanı haqqında
Tənqid
- 01.02.2012
- 0 Şərh
- 4063 Baxış
“Dolu” Qarabağ döyüşləri haqqında yazılan ən yaxşı nəsr nümunələrindən biridir
Aqil Abbasın “Dolu” romanını bütünlükdə oxumamışdan əvvəl onun haqqında yazılan uzun-uzun yazıların çoxusunu oxumuşdum. Roman haqqında əməlli-başlı təsəvvürüm var idi.
“Dolu”nu isə ilk dəfə “Azərbaycan” jurnalında oxumuşdum. Oxumuşdum deyəndə tez-bazar, tələm-tələsik ordan-burdan varaqlayıb qoymuşdum bir kənara. Romanla ilk tanışlığım belə yaranmışdı. Mətbuatda tez-tez “Dolu” haqqında yazılar görəndə, sözün düzü əsəbləşirdim. Aqil Abbasın özünün də dediyi kimi, roman haqqında “3 roman qədər” yazılar yazılıb. Bir əsərin bu qədər müzakirə olunması təbii ki, əsərin uğurudur. Ancaq nədənsə mənə elə gəlirdi ki, bu qədər yazılan yazılar romanı gözdən salacaq. Ancaq sevindiricidir ki, belə olmadı. “Dolu” romanı Qarabağ haqqında yazılmış 3-4 ən yaxşı əsərdən biridir. Təəssüf ki, Qarabağ haqqında yazılan yaxşı əsərlər çox deyil. Bu siyahidə Xanəmirin “ağğğbağğğ” bayatı-ramonu, Şərif Ağayarın hekayələri, “Kərpickəsən kişinin dastanı” povesti və “Harami” romanı, Seymur Baycanın “Quqark” romanından başqa daha ciddi bir əsərlər xatırlaya bilmirəm. Maraqlıdır ki, bütün sadaladığım müəlliflər az ya da çox müharibənin dəhşətindən xəbərdar olan, Qarabağ bölgəsində doğulmuş yazıçılardır. Xanəmirin yazdıqlarının mistik və ruhani qatı, Şərifin təhkiyəsi, dili və üslübu, Seymurun səmimiyyəti və yanaşma fərqliliyi mənim daha çox diqqətimi çəkib.
Qarabağ haqqında, xüsusilə könüllü batalyonların ölüm-dirim savaşından, elan olunmamış müharibənin gətirdiyi bəlalardan, əliyalın, taleyin ümidinə buraxılmış insanların yaşantılarından, o dövrün rəhbərlərinin alçaq xislətindən ən yaxşı yaza biləcək yazıçı məncə Aqil Abbasdır. Aqil Abbasın qəzetçi, yazıçı, ictimai xadim, millət vəkili və ən önəmlisi itkilərin acısını duymuş qarabağlı kimi yaxşı bir əsər yazmağı gözlənilən idi.
***
“Dolu” romanını bu günlərdə yenidən oxudum. Son iki aydır işsiz olduğumdan oxumağa, filimlər izləməyə çox vaxtım olur. Keçən bazar yuxudan durar-durmaz kompyuteri işə salıb bir siqaret yandırdım. Saytlara göz atanda İradə Musayevanın “Dolu” romanı haqqında qələmə aldığı məqaləsi diqqətimi çəkdi. Yazını oxuyub bitirməyə hövsələm çatmadı. Sözün düzü İradə xanımın qələmindən çıxan bir neçə yazının peşəkarlığı və sərtliyi mənim əvvəldən bu imzaya diqqətimi çəkib. Ancaq “Dolu” haqqında yazdıqları məni xeyli düşündürdü. Əcəba, haqqında az qala “3 roman qədər” yazılar yazılan bu roman haqqında İradə xanım niyə belə düşünsün? Təbii ki, hər tənqidçinin öz yanaşması, öz düşüncəsi və dünyagörüşü var. Ancaq romanı təkrar oxumağım üçün İradə Musayevanın yazdıqları mənim üçün təkan oldu. Bir stəkan tünd, qaynar çay süzüb “Dolu”nu internetdən endirib oxumağa başladım. Həmin gün ovqatım elə dəyişdi ki, başqa nə isə oxumağa, film seyr etməyə qalmadı. Monitora baxa-baxa gözümün yaşardığını hiss elədim. Birdən isə özümü saxlaya bilməyib hönkürdüm. Qəfildən qapıya söykənmiş qardaşımın mənə baxdığını gördüm. Sual dolu baxışlarından anladım ki, mənim ağlamağımdan narahatdır. Əlimlə yanıma çağırıb oturmasını işarə elədim. Yaşca məndən kiçik olan, boş vaxtında “Kurtlar Vadisi Pusu” serialına baxan, “Lotu Bəxtiyar”, “Sanka Zver” kimi kitablar(?) oxuyan qardaşıma əsərin əvvəli haqqında danışdım. Drakonun erməni qızını buraxmasına başını yelləyən qardaşım, Dünyanın Ən Varlı Şəhəri, At Belində Olan Adam haqqında danışdıqlarıma maraqsız qulaq asdı. Onu daha çox Komandir,Drakon və Pələng cəlb elədi. Onun istəyinə uyğun Pələngin həlak olduğu səhnəni oxumağa razılaşdım.
“- Drakon,- udqundu, sanki dilçəyində ilişib qalmış son sözləri dartıb çıxarırdı;- Heyf... Drakon...
- Can Drakon!
- Mən qız görmədim ey...
Drakon onun başını bərk-bərk sıxdı sinəsinə, amma bu dəfə dözə bilmədi, bayaq boğazından qaytardığı fınxırtını bu dəfə saxlamağa gücü yetmədi, hönkürdü...
Və elə hönkürdü ki, göz yaşından bütün heyfini aldı.
Amma Pələng nə bu fınxırtını eşitdi, nə də Drakonun göz yaşlarını gördü...
... Pələng Şuşadaydı...”
Boğazımdakı qəhəri udmağa çalışırdım ki, qardaşım üzünü tutub çölə çıxdı. Arxasınca çıxıb nə olduğunu soruşmağa ehtiyac yox idi. Otaqdan boylananda gördüm ki, Qardaşım balkonda qapıya söykənib siqaret sümürür. Mən əsəri tamamlayıb siqaret yandırıb toparlanmağa çalışanda qardaşım yenidən otağıma qayıtdı, bu kitabı mütləq oxumaq istədiyini bildirdi.
***
Yuxarıdakıları niyə yazdım bilmirəm. Ancaq ilk dəfə idi ki, bir evdə yaşadığım qardaşım nə oxuduğumla, niyə oxuya-oxuya ağladığımla maraqlanırdı...
***
Əsəri oxuyandan sonra hiss elədim ki, tənqidçi İradə Musayeva roman haqqında çox insafsız bir yazı yazıb. İradə xanımın seçdiyi başlıq da kifayət qədər məntiqsizdir: “Aqil Abbas romanda özünü yazıçı kimi yox, dəstəbaşı kimi aparır”. Bu nə məntiqdir?
İradə xanım öz şəxsi qənaətlərini yazı boyu oxucuya soxuşdurmağa çalışır. Axı tənqidçinin bu cür yanaşması peşəkarlıq əlaməti deyil. Mən İradə Musayevanın yuxarıda qeyd etdiyim kimi, bir neçə yazısını oxumuşam və bəyənmişəm. Ancaq müəyyən yazılarında tənqidçi xanımın qərəzli yanaşması, sırf kimi isə qıcıqlandırıb imzasını gündəmə gətirmək istəyi hiss olunur. Ədəbiyyatla məşğul olan biri kimi, müharibə romanlarını oxumamış deyilik. Peşəkar romançılıqdan da az-çox anlayışım, kifayət qədər mütaliəm olduğu üçün romanlar haqqında yazılan yazıların hər zaman birmənalı qarşılanmadığını bilirəm. İradə Musayevanın gəldiyi nəticə ilə mən demək olar ki, razı deyiləm. Bəzi məqamlarda tənqidçi xanım çox maraqlı, düşündürücü təhlillər və paralellər aparır. Əsəri təhlil etməsi, yanaşması maraqlıdır. Ancaq yazıdakı atmaca xarakterli fikirlərdən o dəqiqə hiss olunur ki, müəllif kimlərinsə diqqətini öz imzasına çəkmək istəyir. Xüsusən İradə Musayevanın kompleksli yanaşmasından kimlərə “mən də varam”, “mən də belə düşünürəm” deməsi aydındır.
***
“Ancaq Aqil Abbas qələminin iyirmi ilə yazdığı «Dolu» adlı romanı da göstərdi ki, ədəbiyyatımız hələ də siyasətdə və hərbdə olduğu kimi Qarabağ dərdini nəinki çözməkdə, hətta ifadə etməkdə gücsüzdür.”- bu cümlə artıq yazı müəllifinin nələri hədəflədiyini ifşa edir. Bu “aşağılıq kompleksi” hardan qaynaqlanır?
Əgər bugünki hakimiyyət Qarabağ problemini həll etməkdə acizdirsə, siyasi gedişlərində “lazım gələrsə...” tapmacasıyla baş qatırsa bu o demək deyil ki, biz acizik. Tənqidçinin, ədəbiyyat adamının işıqlı şeyləri görə bilməməsi adamı ağrıdır. Mən ümidlərimizi bu cür dəfn etməyin əleyhinəyəm. Siyasət oyunlarında uduzduğumuz Qarabağı geri qaytarmağa bu millətin gücü çatar! Biz bu həqiqətə ümidimizi itirməməliyik. “Qarabağ dərdini” çözmək ədəbiyyatın işi deyil. Siyasətçilərin atdığı düyünü, ya müharibə, ya da siyasətin özü çözəcək. Ancaq “Qarabağ dərdinin” ədəbiyyatda ifadəsinin çox dəyərli nümunələri var. Bu baxımdan sülh dövrünün Azərbaycanını və Ermənistanını yazan “Quqark”ın müəllifi Seymur Baycan Elmar Məmmədyarovdan daha uğurlu adamdır.
***
Ancaq Qarabağ haqqında yüzlərlə bayağı əsər, onlarla şiti-şoru çıxmış film var. Qarabağdan yazılan pafoslu, qurama əsərlər məni də diksindirir. Ancaq “Dolu” pafosdan uzaq, ciddi əsərdir. Aqil Abbasın qəhrəmanın erməni qızına münasibəti, Seymur Baycanın erməni qızına münasibətindən demək olar ki fərqlənmir. Drakon erməni qızını zorlamağa, aşağılamağa qarşı çıxır, Seymur isə hətta erməni qızını sevməyin mümkünlüyünü isbat edir.
Bilmirəm nədənsə “Dolu”nun ilk fəslini oxuyanda dostum Rey Kərimoğlunun müharibəylə bağlı danışdıqlarını xatırladım. Rey də könüllüdür və onun danışdıqlarının çoxusu “Dolu”-dakı hadisələrə bənzəyir. Xüsusilə silahsız-sursatsız könüllülərin taleyi çox oxşardır. Bəzən mənə elə gəlirdi ki, mən bədii əsər oxumuram, o günlərin canlı şahidlərindən biriylə söhbət edirəm. Xüsusilə Komandirin yaşadıqları, onun taleyi oxucunu düşünməyə məcbur edir. “Dolu”nu oxuya-oxuya qəribə və qarmaqarışıq düşüncələr içində çapalayırdım. Əcəba, bu millət bu acınacaqlı taleni yaşayandan sonra yenidən döyüşə getmək istəyəcəkmi? Cavab da tapırdım: Biz döyüşə biləcəyik! Hətta Seymurun “Quqark”ını da oxuyanda eyni düşüncədə olmuşam.
***
Əsər haqqında yazılan yazıların bir çoxunda diqqətdən kənarda qalan, hətta “Dolu” haqqında çəkilən filimin ssenarisinə də daxil edilməyən ikinci fəsil olduqca maraqlıdır. Yazıçı bu fəsildə əslində Qarabağ müharibəsinə zəmin yaradan hadisələri və tarixi şəraiti mistik bir şəkildə də olsa aça bilib. Həmid Sultanov və Ayna Sultanova, Allah və Əzrayıl obrazları oxucunun əsəblərini kifayət qədər tarıma çəkir. Oxuya-oxuya düşünürdüm ki, Aqil Abbasın əsəbləri bu cür səhnələri yazmağa necə tab gətirib. Görəsən o, bu səhnələri yazanda ağlayıbmı? Ağlamayıbsa mütləq içib ya da siqareti-siqaretə calayıb. Ağlamadan yaza biləcəyinə inamım azdır. Aqil Abbas öz qarabağlı taleyini yazıb. Evlərin yandırılması, Qrad mərmilərinin dolu kimi yağması, mənəvi-ruhi vəziyyət, şahidi olduğu müharibə gerçəkləri məncə o illərin şahidi olan bütün qarabağlıların taleyindən keçib. Qarabağ döyüşçüsü olan, mənim qəhrəman dostum Rey Kərimoğlunun, atamın bibisi oğlu, hələdə işğalda olan kəndinin həsrətini çəkən, Qarabağ müharibəsində zabit kimi döyüşən, sağlamlığını itirən Sarvanın, atam qədər sevdiyim İlqar Rəsulun, minlərlə qarabağlının taleyi çox oxşardır. Bütün qarabağlıların taleyi ilə üst-üstə düşür Aqil Abbasın taleyi. Və o qarabağlı taleyini, yaşadıqları acı gerçəkləri “Dolu” da əbədiləşdirib.
***
Əsər bədii cəhətdən də uğursuz hesab oluna bilməz. Obraz və xarakterlər, təhkiyə, dil, üslüb, bədii təsvir, deyimlər, müşahidələr olduqca maraqlıdır. Müəllifin peşəkarlığı, xüsusilə romançı kimi dinamik dili əsəri olduqca oxunaqlı edir. Bəzən məntiqi bağlılıqlar oxucunu heyrətləndirir. Obrazların xarakterini açmaq üçün yazıçının peşəkarlığı kifayət qədər yetərli olduğundan əsər oxucunu təsirləndirir, silkələyir. Etiraf edim ki, mən Qarabağ müharibəsi haqqında bu qədər maraqlı bir əsər oxumamışam. Məğlub ayrıldığımız müharibədən bu qədər təsirli yazmaq, o illərin döyüşçülərini və fədakrlarını sevdirə bilmək çox böyük peşəkarlıq tələb edir. Bizdə yazılan müharibə romanlarının uğursuzluğunun ən böyük səbəbi müharibədən məğlub kimi ayrılmağımızdır. Məhz o illəri yaxşı analiz etməyən yazıçılarımız saxta qəhrəmanlar yaratmağa məcbur olurlar. Ancaq Aqil Abbas o illərin şahidi kimi “Dolu” romanında kifayət qədər bu komplekslərdən xilas olub və pafossuz bir qəhrəmanlıq dastanı yarada bilib.
***
Qəhrəmanlıq bəzən itirməyi də bacarmaqdır. Ancaq Əmir Teymurla qarışqanın məhşur əhvalatındakı kimi, məğlubiyyətdən sonra toparlanmağı da bacarmaq lazımdır. Təəssüf ki, “Dolu”nun qəhrəmanı Komandirin toparlanmağa şansı yoxdur. Ölkədəki iyrənc mühit, Qarabağın getdikcə yadlaşdırılması onun taleyindən də yan keçmir.
Əsərdə Türkiyəyə və türklərə münasibət də çox maraqlıdır. Məncə Aqil Abbas bu münasibətdə öz arzularını, gözləntilərini qələmə alıb.
"Və bir anda bütün şəhərə səs yayıldı:
-Türklər uşaqlara pul göndəriblər...
- Deyirlər özləri də gəlir...
- Di gedin, erməni köpəyoğlu! Elə bilirsiniz qardaşlarımız bizi tək qoyacaqlar...
Və İkinciyə xəbər çatdı ki...
... Batalyonun həyətində Türkiyənin bayrağını qaldırıblar!
... Batalyonun həyətində qaldırılan isə Türkiyənin bayrağı deyildi, Drakonun Pələngin qanına hopmuş köynəyiydi..."
O illərin şahidlərinin çoxusu Türkiyənin Qarabağa qoşun yeridəcəyinə, erməniləri Qarabağdan çıxaracağına inanırdı. Bir də yazıçının özünün də bunu səmimi qəlbdən arzuladığı hiss olunur. Amma o dövürdə Pələngin də dediyi kimi, türklər Bakıda ancaq dönərxana tikirlər...
Aqil Abbas yazıçı kimi bu romanda da pessimistdir. Bəlkədə dünyanın Ən Varlı Şəhərinin işğalı, Drakonların, Pələnglərin, Komandirlərin ölümü, At Belində Olan Adamların övladlarının indi də meydan sulaması onu sarsıdıb. Mən yazıçının “Allahı qatil edənlər” romanında da pessimist ovqat müşahidə eləmişəm.
Oxucu kimi, hələ də bu romanın kədərli ovqatından xilas ola bilmədiyimdən bəzi detalların gözümdən qaçması təbiidir. Ancaq əminliklə deyirəm ki, “Dolu” Qarabağ döyüşləri haqqında yazılan ən yaxşı nəsr nümunələrindən biridir.
01.02.2012