Conn İggulden. Qara su (Hekayə)

Conn İggulden. Qara su (Hekayə)

1971-ci ildə Londonda doğulub. Hazırda İngiltərədə yaşayır. Evlidir, 4 uşağı var, bir neçə kitabın müəllifidir.

1-ci bölüm

Qapqara suyun içində durmuşdum, batmaq istəyirdim. Gecələr dəniz çox sakit olur. Qəribədir. Brayton çimərliyində yüz dəfə olmuşam, həmişə də dənizi ləpəli görmüşəm. Ləpələr bir-birinin üstündən atdanırmış kimi ötüşürdülər. Qaranlıqda su şumal olur, qara olur, bircə ləpələrin sahildəki daşlara dəyən öpüşünün zəif marçıltısı eşidilir. Gün ərzində maşın, qağayı, uşaq səsləri qoymaz belə səsləri eşidəsən. Gecə başqa cür olur. Gecə dəniz pıçıldaşır səninlə, cağırır səni dəniz. 
Su mənim yaxamdan yapışmaq istəyirdi elə bil…Ləpələr astaca xirtdəyimə dəyib çəkilirdi. Ağırlaşmışdım elə bil. Əynimdəki ən yaxşı qara kostymum su çəkmişdi yəqin. Braytonun buz kimi küləyi də bir tərəfdən keyidirdi məni. 
Bircə vaxtında keyisəydim…. 
Deyəsən həddindən çox fikirləşdim, son addımı atmaq lazımdır. Düz dəpdərin qaranlığın içinə. 
Cınqılların içindən addım səsləri gəldi, amma mən arxaya dönmədim. Qara kostyum gecə vaxtı dənizin içində dayanan adamı görünməz edir. İt gəzdirənlər, gecə gəzərləri də yəqin ki məni görmürdülər. 
Gecə dənizin ortasında, özü də pal-paltarlı, dimdik durmağın ayrı ləzzəti varmış!.. 
Mən o səsli - küylü, işıqlı-mışıqlı şəhəri qoyub getmək istəyirdim. Ağzım acı oldu elə bil. 
Rahat idim ancaq, qorxusuz-hürküsüz, günahsız. Onun səsini eşidəndə, elə bildim xatirələrimdəki səsdi qulağıma gəlir. 
     "Gör, sən nə günə düşmüsən ki, gəlib bu gecə vaxtı girmisən suyun içinə? "Böyük qardaşımın səsiydi. 
Mənim keyimiş beynimi qəfildən diriltdilər elə bil. Saatlarca durmuşdum suyun içində, hazırlaşırdım nəfəsimi verib atım özümü ölümün qucağına. Qardaşımın səsi saxladı məni. 
   "Əgər özünü atsan, bil ki, biz ikimiz də boğulacağıq. Mən sənin dalınca gələcəm. Sən bilirsən axı!...”
   "Bəlkə bir nəfər sağ qaldı, "-ağır səslə dedim.
Mən onun ğülüşünü eşitdim, qorxudan geri dönə bilmədim. Ömür boyu qorxmuşam ondan . Bilirdim ki, geri dönsəm, gərək düz gözünün içinə baxam. O da ki, mənlik deyil. 
Onun istehzayla dolu hıqqıltısını eşitdim. 
"Bəlkə sağ qalan sən oldun, Deyvi. "
Gözümün qabağına vaxtıyla ikimizin də tanıdığı bir oğlanın şəkli gəldi. Hikkəsi, hirsi bir şəhərə bəs eləyən zülümkar bir gədə idi. Adı Robert idi. Anası Bobbi deyə çağırırdı. Anasının üzü yadıma gəlir, Robertin yasında, ağappaq idi üzü, elə bil diş pastası sürtmüşdü üzünə. O vaxt tabutu qəbirə endirəndə fikirləşirdim görən bu arvad bilir ki, onun oğlu bizim başımıza nə müsibətlər gətirirdi. 
Bobbi adamı alçatmaqdan manyakcasına zövq alırdı. Ən sevimli işgəncəsi adamın boynundan tutub yerə oturdub, başını əyib düz açılmış ayaqlarına çatdırmaq idi. Məni elə eləyəndə, yadımdadı, az qalmışdı ölüm. Ürəyim qulaqlarımın içində vururdu. 
Və ikimiz də qıpqırmızı pörtmüşdük. 
Mən balacaydım, amma hiss edirdim ki, bu gədənin başı xarabdır, deyəsən.
O vaxt necə mağmun idimsə, indi də elə qalmışam. 
Bilirəm ki, qardaşım öldürmüşdü onu. Mənim hünərim çatmazdı özündən soruşum bu haqda, ancaq qəbristanlıqda Bobbinin meyidini dördkünc deşiyə endirəndə gözümüz sataşdı və mən qardaşımı çox yaxşı tanıdığımdan bildim ki, Bobbinin axırına o çıxıb. 
     Onda bir müddət bir-birimizin gözünün içinə baxdıq və o, mənə göz vurdu. Deməli, elə belə də olub. 
Bobbi Braytonun şimalında, şəhərdən uzaq bir göldə batmışdı. Qardaşım çox soyuq bir gündə onu gölü üzüb keçməyə çağırmışdı. Biz uşaqlarla gölün qarşı sahilində soyuqdan titrəyə-titrəyə onları gözləyirdik. Qardaşım göldən çıxanda sıçrayıb özünü sahildəki qayalığın üstünə atdı. Qardaşım gümrah görünürdü… 
Mən dəqiq bilirdim ki, Bobbi qayıtmayacaq. Xilasedici akvalanqçılar üç saatdan sonra onun göyərmiş cəsədini sahilə çıxardılar. Polislər bizi sorğu-suala çəkdi. Qardaşım ağlamsına-ağlamsına qalmışdı. Biz hələ də soyuqdan tir-tir əsirdik. Polisin verdiyi ədyallar da canımızı qızdırmırdı. Qardaşım dedi ki, heç nədən xəbəri yoxdur. Dedi ki, sahilə üzüb çıxandan sonra eşidib ki, Bobbi gəlib çıxmayıb. Mən qardaşımın dediklərinə inanmırdım. Bir gün əvvəl Bobbi məni döydüyü vaxt qardaşım bizi gördü. 
Qardaş mənimdir, mən bilirəm. Gec-tez mənim intiqamımı alacaqdı ondan. 
      O gün Bobbi istəyirdi mənə xüsusi növ cəza versin,çünki onun qoyduğu qaydalardan birini pozmuşdum. Mən zülüm-zülüm ağlayırdım, birdən qardaşım gəldi və Bobbi məni buraxdı. Mən bilmirəm o, mənə nə edəcəkdi. 
Bir şey vardı ki, hətta Bobbi kimi qəddar gədələr belə qardaşımı görəndə birtəhər olurdular. Bobbi qardaşımın ağarmış üzünü və qara gözlərini görən kimi o dəqiqə əlini məndən çəkdi. 
         Onlar bir müddət durub bir-birinə baxdı, və qardaşım onun üzünə güldü. 
Və ertəsi gün Bobbinin soyuq və gömgöy cəsədi suyun altından çıxdı. Düzdür mən, beləliklə azadlığa çıxmışdım, ancaq özümü bu işdə bir növ günahkar sayırdım. İndi artıq Bobbigilin evinin qabağından rahatca, qorxusuz-hürküsüz elədən elə, belədən belə keçib gedirdim. Düzdür o gədə şeytan törəməsiydi, amma mənim qardaşıma çata bilməzdi. Nə qədər axmaq olmalısan ki, bumbuz noyabr günündə o gölü üzüb keçməyə cəhd edəsən, özü də kimlə - mənim qardaşımla… 
  Qapqaranlıq suyun içində soyuqdan titrətməyə başladım. Təbii ki, o, bunu hiss etdi. Və mənimlə məzələnməyə başladı. 
   "Deyirlər, intihar edənlər ağrı hiss etmir. Belə bir şey eşitmisən, Deyvi? 
Baş çönəndən sonra, əlbəttə, ağrı çəkməyəcəksən, istəyirsən kəs-doğra özünü. Qəribə dünyadır! Düz demirəm, Deyvi? "
     Soyuq külək sümüklərimə işləyirdi. 
Ayaqlarım ağrayırdı. Qollarımı yuxarı qaldırıb çarpazlaşdırdım. Qollarımın keyi açılırdı deyəsən. Ölmək istəyirdim, çünki bu biabırçılığa dözə bilmirdim artıq. 
" Ay mənim cəsur balaca qardaşım! Mənə de görüm, bu soyuq gecədə dənizin ortasında sənin nə işin var? Soyuq kürəyimi apardı. İndi təsəvvürümə gətirirəm ki, sən nə gündəsən? Bilsəydim palto gətirərdim sənə. "
  Göz yaşlarım yanağımdan keçib suya düşdü. Fikirləşdim ki, nə yaxşı ki, göz yaşlarım soyuqda buza dönmədi. Bir müddət sonra dilləndim:” Artıq dözə bilmirəm. " Onunla bu barədə danışmaq istəmirdim. İstəyirdim sakit qalım. Görən neçə saatdır burdayam? 
" Mənim düşmənim var. ", ehmalca dedim. Ondan səs gəlmədi. Heç bilmirəm eşitdi məni, yoxsa yox. 
"Vəziyyət çox ağırdır? "-deyə o, dilləndi. Mən başımı buladım: " Mən heç nə edə bilmirəm…. Bacarmıram. "
Göz yaşlarım bir-birini qovmağa başladı və mən axır ki, dönüb qardaşımla üz-üzə durdum. Həmin solğun sifət, həmin qara saçlar… 
Bəzi qadınlar onu yaraşıqlı hesab edirdi, ancaq o, heç vaxt heç kimlə uzun müddət yaşamırdı. Onun üzünə-gözünə baxanda adamın ağlına gələn ilk söz " qəddarlıq” idi. O sözü onun sifətində bircə mən görürdüm. Dünyanın yerdə qalan insanları isə, nə istəyirdilər onu da görürdülər. O, özü ilə palto gətirmişdi, bayaq mənimlə məzələnirmiş. 
" Nə kömək edim sənə? "
Qardaşım elə bil dənizin ortasına atılmış qaya parçası idi. Soyuq, vicdansız və günahsız. 
Qardaşımın  sakit, ancaq qətiyyətlə dediyi son sözlər məni dirçəltdi, elə bil. 
"Sən neyləyə bilərsən ki? "-dedim. 
" Mən onu öldürə bilərəm, Deyvi! Keçən səfərki kimi. "
 Mən heç nə deyə bilmədim. Gözümün qabağına Bobbinin buz kimi suların içində çabalamaq səhnəsi gəldi. 
Qardaşım gözəl üzgüçü idi. Yəqin ki, Bobbinin başından basıb suyun altına salmışdı… Sonra da heç nə olmamış kimi  üzüb çıxmışdı sahilə. 
Gözlərimi qardaşımın gözlərinə zillədim.
"Denən görüm, "-dedi. 


İkinci bölüm

 Denis Tanteri ilk dəfə Yeni il axşamı bir məclisdə görmüşdüm. Nəzərə çarpacaq görkəmi də yox idi. Balaca, arıq bir adamdı, yüngül çəkili boksçulara oxşayırdı. O vaxtlar onun iyirmi neçə yaşı vardı. Çilli sifəti, kürən saçları və idmançı duruşu onun heç də  qorxulu adam olduğuna dəlalət eləmirdi. Bizim ailə məclisində ilk dəfə gördüyüm bu adam mənim üçün heç də təhlükəli görünmürdü. O tip adamları çox görmüşdüm. Hamısı gəlib mənimlə görüşür, sakit adam olduğumu görüb razı halda uzaqlaşırdılar, məndən heç kimə xəta gəlməz deyə düşünürdülər. 
Mən qüvvətli, fərasətli kişi obrazı yarada bilmirdim. Nə mənim xasiyyətim o xasiyyət deyildi, nə də oturuşum-duruşum. Heç elə olmağa  çalışmırdım da… 
     Mənim arvadım Karol adi vaxtlarda öz işlərilə məşğul idi. Rəfiqələri ilə görüşüb uşaqlardan, təhsildən və əlbəttə ki, dolanışıqdan danışardılar. 
Karol qəşəng geyinirdi. O, elə tip qadınlardan idi ki, sırğaları ilə qolbaqları həmişə tutaş gələrdi. Karol gözəl qadın idi, amma heç vaxt özünü gözə soxmurdu. 
     Allah bizi gözəl qadınlardan qorusun! 
     Bir iki dəfə onun özünəməxsus gizli və sirli təbəssümlə tanımadığı adamlara baxdığını görmüşəm. Belə təbəssümlə qadınları tərksilah etmək asan idi onun üçün. Ancaq bu, kişiləri də yoldan çıxarmağa yarayırdı. 
    Yad kişilərlə söhbət etdiyi vaxtlar, bir-birilərinə çox yaxınlaşan anlarda peyda olurdu Karolun üzündəki bu qəribə təbəssümlər. 
     Bir dəfə o kişilərdən biri ilə tutaşdım həyətimizdəki çəmənlikdə… Burnumu sındırdı, çıxdı getdi. 
      Ay Allah, əlimin içindəki qan yapışqana dönmüşdü. Əlim az qala burnuma yapışıb qalmışdı… 
     Əslində mən heç evlənmək istəmirdim. Evlilik mənlik deyildi. 
Nə isə, bir iş idi, oldu… 
      Neçə dəfə ağızlaşmışıq möhkəm, dalaşmışıq…  Hətta Karol iki dəfə məni evdən qovub. O vaxt gərək çıxıb gedərdim. Amma getmədim. Bəzi adamlar eləmək istədiyi şeyləri eləyə bilmirlər, sadəcə. Mən də onlardan biriyəm. Vecsiz adamam yəqin. Amma mən onu sevirdim. Elə indi də sevirəm. 
     Mən bilirəm, o, bu dünyada min cür şeydən qorxur, çəkinir - qocalmaqdan, hamilə qalmaqdan və sairə. 
     Mən bilirdim, o, belə şeyləri unutmaq üçün, belə fikirlərdən qaçmaq üçün gedib o kişiləri gətirib bizim yatağımıza salırdı. Onlarla əylənirdi ki, özünü unutsun. Həmin günlər mən ondan heç nə soruşmurdum. Gecəni başqa yerdə keçirdiyi günün səhərisi görüşəndə də heç nə demirdim ona. 
Mən onu sevirdim və həm də eyni zamanda nifrət edirdim ona. Sən bu hissləri keçirməmisənsə məni başa düşə bilməzsən. Zülümdür. 
Ağrıdır başdan ayağa… 
     Bir dəfə Karolla Camdendə bir klub var, ora getmişdik. Onda mənim iyirmi iki yaşım var idi. Bilirsən, mən Karolu gözümü açandan tanıyıram. Qardaşım da bizlə bir yerdə idi, qoltuğunda da Reyçel. O qız hər şənbə klubda rəqs edirdi. Reyçel buna görə pul almırdı. 
Sadəcə, klubda xudmani bir səhnə var idi və o da gəlib orda rəqs edirdi. Heç kim ona bir söz demirdi. 
     Bu yarıqaranlıq klub havasız və səs-küylə dolu olurdu. Ağzını açıb nəfəs almaq istədiyin vaxtda bir də görürdün quru buz maşınları işə düşdü və səhnəni ağappaq qatı tüstü ilə doldurdu… 
     Stolumuzun üstü iri pivə şüşələrilə dolu olardı. "Düt” deyənə qədər içərdik. 
Keyfimiz düşəndə səhnəyə atılıb Reyçellə birgə rəqs edərdik. O qədər isti olurdu ki, mən köynəyimi çıxardıb atırdım. Cavan idim, camaatın mənim sısqa bədənimə baxıb nə deyəcəyi heç vecimə də deyildi. 
     O gecələr hərdən gözümün qabağına gəlir. Qardaşımın gəzdiyi qız qışqıra-qışqıra, başını o yana bu yana ata-ata rəqs edirdi…  Hərdən yan-yana düşərdik . Reyçel başını hərləyib saçlarını mənim lüt sinəmə və çiyinlərimə çırpardı. Elə bil qamçılayırdılar məni. Ağrıdırdı yaman. 
Amma mənə ləzzət edirdi… Arxa tərəfdən qaranlığın içindən bir adam bizə tərəf gəldi və Karolu rəqsə dəvət etdi. Balacaboy, arıq bir gədə idi və durduğu yerdə dingildəyirdi. Bilinirdi ki, sərxoşdu. Mənə elə gəldi ki, ondan heç bir zərər gəlməz bizə, necə ki, o vaxt Denis Tanteri ilk görüşdə təhlükəsiz bir adam kimi tanımışdım. Deyəsən, bu, mənim əsas problemimdir. Mən adamları tanıya bilmirəm. 
      Karol başını buladı və sonra da üzr istəyirmiş kimi başı ilə mənə tərəf işarə elədi. O, mənə tərəf baxdı, səndirləyə-səndirləyə dönüb çıxıb getdi. 
     Bir də onda ayıldım ki, arxadan başıma nəsə dəydi. Zərbə çox da güclü deyildi, amma başımı ağrıtdı. Bir az özümü itirdim, fikirləşdim ki, yəqin ki, hansısa sərxoş arxadan keçəndə istəmədən mənimlə toqquşub. Döndüm gördüm o bəstəboy əclaf gədə gözü işıldaya-işıldaya mənə baxır. O tərəfdən də Karol qışqırırdı. Düzdür musiqinin səsindən onu eşidə bilmirdim, amma bilinirdi ki, mənə nəsə demək istəyir. Sən demə o gədə ikinci dəfə mənə kəllə atmaq istəyirmiş. Özümdən çıxdım və onu sinəsindən var gücümlə ikiəlli necə itələdimsə arxası üstə, səhnədə oynayanların ayaqları altına yıxıldı. Yadıma gəlir ki, o vaxt fikirləşdim ki, əgər o, yerindən qalxsa gərək özümü səhnədən aşağı atıb qaçıb gedəm burdan. Mən klublarda dava etməyə öyrəşməmişəm. Ümimiyyətlə, camaatın içində dava etməyə utanıram. Nə bilim, bəlkə də qorxağam, ona görə… 
     Ürəyim az qalırdı ağzıma gələ. Ürəyim elə tez-tez döyünürdü ki, başım hərlənirdi. 
      Ağzım acılandı. Bu acı turşunu necə uddumsa boğazımı göynətdi. Karol mənə yaxınlaşdı. Biz bir yerdə durub sakitcə ona baxırdıq. Mən ona baxa-baxa düşünürdüm ki, o yerə sərələnmiş sərxoşdan mənə bir ziyan gəlməz yəqin ki… 
     Qardaşım bara içki dalıyca getmişdi deyə bu olanları görmədi. Biz Karolla bir az qırağa çəkildik - mən daha rəqs eləmək istəmirdim. Qardaşım atılıb - düşən cavanları görüb cuşa gəldi, köynəyini çıxarıb onlara qoşuldu. Ay Allah, necə də cavan idik onda. 
     Bir də gördüm bayaq mənə hücüm edən o sərxoş gədə arxadan qardaşıma yaxınlaşıb pivə şuşəsini qəfildən onun başına çırpdı. Deyəsən qardaşımı mənimlə səhv salmışdı. Şüşə çilik-çilik olub ətrafa səpələndi. O iki cavan əlbəyaxa olub diyirlənə-diyirlənə səhnədən aşağı-klubun döşəməsinə düşdülər. Karol və mən onlara tərəf qaçdıq və kilidlənmiş bədənləri bir-birindən ayırmağa çalışdıq. Əllərim çox sürüşkən idi. Hər tərəf qan idi. Əllərim, qollarım qana bulaşmışdı. Mən bir də cəhd elədim. Heç nə alınmadı. Bir tərəfdən də tüstü buraxan maşın işə düşdü və hər tərəfi qalın dumana bürüdü. Göz- gözü görmürdü. Mən çətinliklə nəfəs alırdım. Əlimin altında iki nəfər dayanmadan bir-birinə döşüyürdü. Addım səsləri eşitdim. Nəzarətçilər idi. Kiminsə güclü qolları məni o qarışıqlıqdan dartıb çıxardı. Karol Allah bilir hardaydı. Mən onu günahkar saymırdım. Günah o balacaboy  gədədə oldu. Nəzarətçilər o dalaşqan gədəni aparıb klubun arxa qapısından çölə atdılar. 
     Qardaşımı da yerdən qaldırdılar. Üzü-gözü qanın içindəydi. Sifətində də vəhşi bir ifadə var idi. Onun qoluna girib özlərinə məxsus olan hamam otağına apardılar. Mən də onlarla getdim. Getdim ki, əlimin-qolumun qanını yuyum. Barmaqlarımın arasına keçən qan barmaqlarımı bir-birinə yapışdırmışdı. Qan qır-saqqız olub yapışmışdı əllərimə!.. Yuyub apara bilmirdim. 
      Onlar çıxıb getdilər. Biz iki qardaş hamam otağında qaldıq. Musiqinin gubbagurumblu sədaları adamın qulaqlarını deşirdi. Tamam, mənə heç nə olmamışdı. Sadəcə, qana batmışdım, amma yenə də qorxurdum nədənsə. Qardaşımın boynundakı yarıqdan qapqara qan axırdı üzüaşağı. 
Bənizi ağarmışdı qardaşımın. 
      " Gedək xəstəxanaya boynundakı yarığa tikiş qoysunlar” - dedim ona. 
O hələ də gözünü güzgüyə dikib məəttəl-məəttəl özünə baxırdı. Yəqin ki, fikirləşirdi : " Görəsən o manyak gədə məni niyə vurdu. Səbəb nəydi "
Mən bilirdim ki, o manyak qardaşımı mənə bənzətmişdi. O gecə ikimizin də əynində cins şalvar var idi, köynəyimizi də çıxarmışdıq. Nə isə… 
     Qardaşım mənə tərəf döndü - hirsindən az qalırdı partlaya. Mən ona bir topa tualet kağızı verdim ki, qan gələn yerə bassın. 
"O, məni öldürmüşdü az qala”- dedi və güzgüyə baxa-baxa kağızları boynuna sıxdı. 
"Bilmirsən hara getdi o? "
" Uzaqlarda olar indi. Nəzarətçilər onu nə vaxtdır, atıblar çölə. Allah bilir hansı cəhənnəmdədir. "
Qardaşım köynəyini götürüb baxdı. Köynək qan ləkələri ilə dolu idi. Köynəyi götürüb boynuna doladı.
"Neynək,qalsın onun qulluğunda”- deyib otaqdan çıxdı. Mən də onun ardıyca getdim. 
Mən elə düşünürdüm ki, adını belə bilmədiyimiz o gic gədə yəqin gedib evinə çatıb. Sən demə, klubdan cəmi əlli yard aralı olan dayanacaqda durub avtobus gözləyirmiş. Bu, onun bu gecə elədiyi ikinci axmaqlıq idi. Bəzən həyatın boyu bircə dəfə səhv edirsən və bu da sənin ölümünə səbəb olur. 
      Qardaşım ona tərəf yüyürəndə o, gərək dabanına tüpürüb qaçaydı. Əvəzində həyasızcasına ona irişməyə başladı, elə bil dünya - aləm onun vecinə deyildi. Qardaşım özünü ona yetirən kimi ağzının üstündən bərk bir yumruq vurdu. Gədənin yerə yıxılmağı ilə qardaşımın təpiklərinin işə düşməyi bir oldu. Qardaşım özündən çıxmışdı. 
Təpiklərin ardı-arası kəsilmirdi. O vaxt gərək mən onu tutub saxlayardım… 
     Zibilə qalsın… Gərək klubdan çıxanda onun yaxasından sallanıb zorla aparardım təcili yardıma. Eləmədim, neyniyim… 
Amma mən də istəyirdim ki, o, cəzasını alsın. Həmin o intiqam hissi mənə qardaşımın qarşısını almağa mane oldu. O gədə məni öldürə bilərdi axı həmin axşam. Nə isə… 
      Bu həyatda hər bir adam elədiyi səhvə görə cavab verməlidir. 
     Qardaşım dayanmadan gədənin başını təpikləyirdi. Bəlkə də onu öldürmüşdü artıq. Yüngülcə qardaşımın qolundan tutub qırağa çəkdim. Düzdür artıq gec idi, ancaq eləməli olduğumu elədim axır ki. 
     Mən onun kimi deyiləm. Mən nə qədər acıqlı olsam da, hirs məni boğsa da onun kimi vəhşi ola bilmərəm. Mən adam öldürə bilmərəm. Mən o deyiləm, vəssəlam!..
     O axmağın tərpənməz bədəni səkinin üstündə qalmışdı. Mən qardaşımı götürüb hospitala apardım. 
Tibb bacısı onun yarasına tikiş qoydu. 
Qardaşım orda da dinc durmurdu, tibb bacısına söz atırdı. Ertəsi gün mən qəzetləri gözdən keçirdim. Baxırdım ki,görüm Camdendə "Underwold” klubuna yaxın ərazilərdə ölüm hadisəsi qeydə alınmayıb ki. Heç nə yox idi. 
     Biz Denislə təzə tanış olduğumuz vaxtlarda Karol hələ də kişiləri yoldan çıxartmaqla məşğul idi. Amma onları müəyyən məsafədə saxlamağı da bacarırdı Karol. Onun gəzdiyi kişilər özlərini qayğıkeş kolleqa və ya dost kimi aparırdılar. Amma mən bilirdim ki onlar Karolla yatırlar. 
Denis Tanterlə məsələ başqa cür idi. 
O, Karolu birdəfəlik mənim əlimdən almaq istəyirdi. Mən bilmirdim bu problemlə neyləyim. Bəlkə də buna da dözəcəkdim,nə bilim. Həyatdı da, başını aşağı sal, yaşa!.. 

Üçüncü bölüm

Bilirsən, bir kişi başqa kişilərdən nəyi ilə üstün ola bilər. Yəqin fikirləşirsən ki, pulu, malı, dövləti, yüksək vəzifədə olmağı, məsələn siyasətçi və ya hakim işləməyi… Məncə məsələ bunda deyil. Əgər bir gün, tutalım, bizim xarici işlər naziri mənim çöl qapımı döyüb mənə desə, yaxud əmr etsə ki, maşınını çək apar başqa yerdə saxla, yəqin ki, mən polisə zəng edərəm. Və polis gəlib onu sakitləşdirər. Mən demirəm ki, fəzifə sahiblərinin gücü azdır. Düzdür, onlar sənə təzyiq göstərə bilərlər, amma gəlib sənin evinin içində sənin pul qabını əlindən ala bilməzlər. Bir adamı yıxmaq üçün çoxlu pul və ya bir qoşun əsgər tələb olunmur. Cəmi həftədə bir-iki yüz funt-sterlinq pul lazımdır. Verirsən avara, boynuyoğunun birinə, sən dediyin adamı döyür, qollarını sındırır, lap istəsən öldürür də. O muzdlu heyvərəyə nə desən, onu da edəcək. 
Bu qədər, çox bəsit. 
     Təsəvvürünə gətir, Denis Tanter restoranda oturub keyf edir və onun muzdlu işçisi gəlib sənin evinin qapısını təpiklə sındırır. Sonra sənin barmaqlarını qırır, sonra da sakitcə çıxıb gedir evinə. Sən də heç nə edə bilmirsən, çünki polisə desən o muzdlular gələn səfər gəlib sənin başına bundan da betər bir oyun açıb gedəcəklər. Belə xox gəlmə çox adama bəs edir. Əsl kişilərin əksəriyyəti belə şeylərdən çox da qorxmazlar, hətta başlarını dəfələrlə divara çırpıb partlatsalar belə. Kişilərin çoxu öz 
 qadınlarına və uşaqlarına görə daha çox qorxarlar. Dövlət adamları, lap belə hakimlər səni belə qorxuda bilməzlər. Onların hamısının limiti var. Sən məhkəmədən çıxıb azad olsan belə, inanmıram ki, polis hər zaman səni canilərdən qoruya bilsin. 
     Doğrusu, Denisin adamını, Mayklı deyirəm, tanıyırdım. Yeni il gecəsində görmüşdüm onu. O, sən deyən də iri cüssəli deyildi. Klubdakı yekəpər qapıçılardan balaca idi. 
     Mayklın altı fut boyu vardı, boksçuya oxşayırdı. Keçən səfər barda məni saxlamışdı.Bir az söhbət etdik. O vaxt dalağım sancmışdı - bu Maykl nəsə normal adama oxşamır. Məni bir müddət ləngitməyinə səbəb barın o biri başında Denisin Karolla söhbəti imiş. 
O vaxt çox pərt olmuşdum, kalan içdim, amma hayıf ki, dəm olmadım. Hər dəfə arvadıma tərəf getmək istəyəndə, Maykl qabağımı kəsib axmaq suallarla başımı qatırdı. Heç nə,məni burda tutub saxlayırdı ki, onun bossu mənim arvadımla məzələnsin. Mən Mayklı vurmaq, və ya təhqir etmək istəmirdim. 
     Sonunda Maykl barmendən pulunun qalığını almağa getdi. Mən də tərpəndim öz masamıza tərəf… 
Nə Karol gözə dəyirdi, nə də Denis. 
Hər şey aydın idi-onlar bir yerdə idilər. 
Gecə yarısına az qalırdı. Mən durmadan içirdim. Qəfildən Karol masaya qayıtdı, yanında da Denis. 
Mən paranoyalı adamlar kimi durub key-key onlara baxırdım. 
Karol yorğun görünürdü. 
Yadımdadır, hamı əl-ələ tutub şotland mahnısı oxuya-oxuya rəqs edirdi. Mahnı deyəndə ki, bircə sətir bilirdilər, elə o bircə sətri də təkrar-təkrar oxuyurdular… Orada kilt geyinmiş bir kişi üzümə güldü. Karol da bunu gördü və mənə baxıb gülümsədi. Yəni ki, hər şey OK - dir. 
      Karol ev alqı-satqısı ilə məşğul olurdu. Müştəriləri çox varlı-hallı adamlar idi. O qızıllı-gümüşlü, daşqaşlı adamlar var, e, onlardan. Hələ o zəngin müştərilərin bəzilərinin su kranları da qızıldan idi. 
      Bildiyimə görə Karol bir-iki dəfə Denis Tanterə də satlıq evlərdən göstərib. Adətən o günlər Karol evə gecə saat ikidə, üçdə gəlib çıxırdı, özü də sərxoş vəziyyətdə. Mən özümü yatmış kimi göstərirdim, çünki o, biləndəki ayığam başlayırdı mənə ağzına gələni deməyə. Məcbur idim ki, həmin vaxtlarda özümü yuxululuğa vurum. Bu da bir növ öz aramızda oynadığımız xırda oyunlardan biri idi. 
     Keçən dəfə, Karol Denisi hoteldə qoyub səhərə yaxın mənim yanıma qayıtmışdı, evə gəlmişdi… Nə isə… 
      Bilmirəm, bəlkə mən onu sevdiyim kimi o, da məni sevirdi. Hara getsə, axırda dönüb yanıma qayıdırdı. Məni sevsə də, sevməsə də Karol öz işindən qalmırdı - hotelə də gedirdi, Denisin evinə də gedirdi… 
     Keçən dəfə Denis bizi evinə qonaq çağırmışdı. Yeyib içdik, axşam Maykl mənim qoluma girib evdən həyətə çıxardı. Üzümə hırıldaya-hırıldaya "çıx get” - dedi. " Sən bizə lazım deyilsən”
      Adamı pis vəziyyətə salmaq, təhqir etmək onlar üçün adi bir şeydir. 
     Evə gəldim, oturub televizorda futbola baxırdım. Qapı döyüldü. Qapını açmağımla Mayklın yumruğunun alnıma yapışmağı bir oldu. Arxasıqatda yerə yıxıldım. Yaxşı ki, döşəmə taxtadan idi, yoxsa başım dağılmışdı. 
Maykl mənim yaxamdan tutub sürüyə-sürüyə mətbəxə apardı və stulun üstünə atdı. 
     " Nə istəyirsən məndən? " - dedim. 
     " Viski varındır? " deyə soruşdu. 
     " Hə " - deyib dikəlmək istədim ki, gedib viski gətirim. O əliylə çiynimdən basıb dedi : "Viskinin yerini göstər ". 
     " Qapının yanındakı şkafdadır” - dedim. Fikirləşirdim ki, o, dönüb qapıya sarı gedən kimi əl atıb yemək masasının üstündəki yekə çörək bıçağını götürüm. Maykl elə bil bunu hiss etdi və cəld toqqasını çıxarıb məni stula bağladı. Toqqanı elə möhkəm sıxmışdı ki, güclə nəfəs alırdım. O, özünə viski süzüb içdi. 
     " Rədd ol burdan " deyə mızıldandım. Yenə də ürəyim bulanırdı, yenə də ağzım turşu ilə dolmuşdu. Bu bir xəstəlikdir. Mən hirslənib acıqlananda, bir də qorxanda mədəmin içindəki bütün turşu boğazımı yandıra-yandıra gəlib ağzıma dolurdu. Deyirlər bu klapan problemidir. Əməliyyat olunmalıdır. Amma ağır əməliyyatdır. 
     " Mən gedən deyiləm, Deyvi. Özün yaxşı bilirsən, niyə " - dedi. 
     Onun məni Deyvi deyə çağırmasına acığım tuturdu. Çünki o adla məni Karol, ya da qardaşım çağıra bilərdi. Bu adla məni əzizlərim çağıra bilərdi. 
Maykl yavaş-yavaş qara dəri əlcəklərini geyinirdi. Sonra əlcəkli əlilə stəkanı götürüb viski dən bir qurtum aldı. 
     " Mən bunu eləmək istəmirdim, Deyvi. Bu həqiqətən də belədir. " - dedi. 
Baxışlarında peşimançılıq var idi. Hətta dostcasına nəzər də saldı mənə. Ürəyimdə fikirləşdim ki, görəsən məni öldürməyə gəlib, bu? 
     " Nəyi eləmək istəmirdin? Mən səni anlamadım. " - dişlərimi qıcırda-qıcırda soruşdum. Ağzımı elə bil sirkə ilə doldurmuşdular. Ağlımdan bir fikir keçdi:
" Görən qəfil onun üzünə tüpürsəm bu turşu onun gözlərini kor edərmi? "
-Bu sənə kiçik bir xəbərdarlıqdır, Deyvi, Karolu burax, getsin!.. 
 - Karolu hara buraxım, getsin? 
- Bizim ikimizin də tanıdığı bir nəfərə elə gəlir ki, Karol səndən qorxur, ona görə də səni tərk edə bilmir. Amma sən də, mən də bilirik ki, bu belə deyil. Sən o cür adam deyilsən, düzdür, Deyvi? Sən ömürlük şikəst qalmaq istəmirsən, düz deyirəmmi, Deyvi? 
- Karol heç vaxt məni tərk etməz!.. 
  Ağzımdan belə bir axmaq ifadənin çıxmasına özüm də təəccübləndim. Çünki Karolu, istəsə, öz maşınımda öz əlimlə aparıb Denisə təhvil verə bilərdim… Bu qədər sadə, yəni…      
-Bəs axı, Denisin öz arvadı var, o, necə olsun? 
 Maykl dilxor-dilxor başını yellədi. 
-Arvadı atıb gedib onu. Mənə elə gəlir ki, buna səbəb elə sənin arvadın oldu. İndi o azaddı. Sadəcə, sənin bəxtin gətirməyib, Deyvi,mən çox təəssüf edirəm ". 
-Sən heyvansan!!! Sən məni öz arvadımı atmağa məcbur edə bilməzsən! 
-Yaxşı, Deyvi, necə bilirsən, sənin arvadın indi hardadır? Necə bilirsən, nə ilə məşğuldur o, indi bu saat? Təsəvvürünə gətirə bilirsən? Mən sənin yerinə olsaydım, maymaq gədə, o fahişəni həyatımdan birdəfəlik silib atardım. Bu cür qadınla səni yaşamağa vadar edən nədir axı? Bir az dərin fikirləşsən görərsən ki, biz hələ sənə hörmət edirik, kömək edirik. Sənin problemini həll edirik, başa düşdün?! 
     O, mənim şok olmadığımı görüb mısmırığını salladı. Əl atıb özünə viski süzdü. Stəkanı götürüb ağzına tərəf apardı və qəfildən viskini üzümə atdı. Üzüm - gözüm yanırdı. Carolun mənim başıma gətirdiyi bu oyunları fikirləşdikcə təpəmdən tüstü çıxırdı. Göz yaşlarım viskiyə qarışıb üzü aşağı süzülürdü. 
     Mən içimi çəkə-çəkə ağlayırdım. Burnumun üstündən gələn yumruqdan sonra daha bərkdən ağlamağa başladım. Burnumu çəkə-çəkə Maykla yalvarırdım: "Bəsdir, bəsdir!!! "
     "Deməli belə, Deyvi, səndən nə baş verdiyini soruşanda deyəcəksən ki, lül - qəmbər idim deyə, pilləkandan yıxılıb sir-sifətimi əzmişəm. Sən Karola deməyəcəksən ki, mən səni bu günə salmışam. Əgər Karol bu barədə bilsə, mən ikinci gəlişimdə sənin bədənində bir dənə də olsun salamat yer qoymayacağam qalsın. Bildin, Deyvi? "
     O, çıxıb getmişdi. Mən hələ də stulda oturub əsirdim.Göz yaşlarım burnumun qanına qarışıb viski içə-içə gəlirdilər çənəmə sarı… 
    Heç nə… Neynəməliyəm ki… Oturub bala-bala vuracam özümçün. 
     Səhərə kimi içdim. Səhər Karol qayıdanda mən hələ də oyaq idim. Karol mənim əcaib sir-sifətimi görüb üzünü dərmanlar olan şkafa tərəf döndərdi. Dərman, krem, plastrları yığdı masanın üstünə. Mənimlə üzbəüz oturdu. 
     "Nə olub sənə,dəmsən?Yıxılmısan?
"
Bilmirdim ona nə deyim. Deyim, deməyim? Maykl ikinci dəfə bura gəlsə  məni ölənə kimi döyəcəkdi… Başım dumanlı idi. 
     " Denis Tanter” - yavaşca dedim. 
O, mənim burnumun qanını silirdi. Bu sözləri eşidən kimi gözlərindəki mərhəmət qəfildən yoxa çıxdı. 
     " Başa düşmədim " - deyə Karol soyuq-soyuq dilləndi. Karolun səsindəki bu intonasiya məni qorxudurdu. 
     " O, Mayklı göndərmişdi ki, mənə dərs versin. Mənim öz evimdə!.. Özü səninlə… olduğu dövrdə, Maykl da burda mənimlə idi. Gəlmişdi ki, məni hədələsin!.. "- dedim və qəhər məni boğdu. 
      O, başını aşağı saldı. Əllərinə baxırdı. Əlləri əməlli-başlı əsirdi. 
Mənim ona zərrə qədər də yazığım gəlmirdi. 
      "Hamısı sənin zibillərindir, Karol. Bu oyunu mənim başıma sən gətirdin!!! "
Karolun sifəti ağappaq ağarmışdı. Karol əlindəki nəm salfetlə üzümdəki qan ləkələrini bir də silmək istəyəndə əlini itələdim. 
     Karol ayağa qalxdı. Dili ilə üst dodağını yalayırdı. Adətən, o, çox hirsli olanda belə edirdi. Mən də ayağa qalxdım. Üz-üzə durduq. Karol deməyə söz tapmırdı. 
     " Bu işləri yoluna qoy, Karol! Vecimə deyil, sonra nə olur olsun. Həll elə bu məsələni. "
Karol başını tərpətdi, dodaqlarını bir-birinə sıxmışdı. Dodaqlarının qanı qaçmışdı. Karol hələ də hirsindən əsirdi. Mən onu hələ belə acıqlı görməmişdim. 
Bir az yüngülləşdim elə bil. 
     Yuxum gəlirdi. Pilləkanla yuxarıya yataq otağıma tərəf getdim. Çarpayıya uzanan kimi yuxuya getdim. 

Dördüncü bölüm

Əlbəttə, Karol məni o cür vəziyyətdə görəndə çox pis oldu. Həqiqət qəribə bir şeydir. Həqiqətin də çox üzü olur. Fərqi yoxdur, nə qədər ağır olursa olsun hər bir hadisəni unutmaq mümkündür. Öyrəşirsən buna. Hər bir məsələni həll etmək olar. Ya da… qulaq ardına vurursan gedir. Bir məşhur zarafat var : "Otağın içindəki fil” haqqında. İlk dəfə onu eşidəndə uşaq idim. Fikirləşirdim ki, görən elə bir adam ola bilərmi ki, otağın içində durub fili görə bilməsin. İnsan bu dünyada hər şeyə öyrəşə bilər, bütün ağrı-acılara dözmək mümkündür. Əgər o ağrı hələ səni öldürməyibsə, deməli onunla yaşaya bilərsən. Bütün ağrılar gedəridir!
     Səhər Karol məni yuxudan zorla oyatdı. Başımı qucaqlayıb mənə dedi ki, Denis Tanterlə birdəfəlik qurtarıb. O vaxtdan sonra, həqiqətən də biz bir də heç vaxt o məsələyə qayıtmadıq. Astaca mənim başımı sığallayırdı. Keyfim yox idi. Çünki, ayılan kimi dişimin laxladığını hiss elədim. Dilimlə dişlərimi yoxladım və son iyirmi ildə ilk dəfə olaraq dilim elə bil boşluğa düşdü. 
Bir dişim də düşmüşdü… 
Hamamın güzgüsündə özümə baxırdım. Sifətimdəki yarıq-çapıqları ehtiyatla yumağa başladım. Əksimə baxdım. Hirsli göründüyüm qədər də qorxduğum hiss olunurdu.
Karol günorta evə gəlmədi. Və bu məni təşvişə saldı. Bəlkə də gedib Denislə qırğına çıxmışdı. Mən onun iş yerinə zəng vurdum. Düzdür onların ofisinə zəng etməkdən zəhləm gedirdi, amma mən harasa zəng edib, kimdənsə soruşmalıydım ki, görüm o, haradadır. 
Hər dəfə şirkətin katibəsi ilə telefonda danışanda o qızın səsindəki kinayə və istehzanı hiss edirdim. 
     Aydındır. Arvadının harda olduğunu bilməyən kişilərlə danışmaq, deyəsən o qıza ləzzət verirdi. Hətta onun səsindən hiss edirdim ki, mənimlə danışanda, o qız altdan-altdan gülür. Katibə dedi ki, Karol nahar vaxtı icazə alıb gedib. Dilxor-dilxor telefonun dəstəyini yerinə qoydum. Əllərim əsirdi. Dəstəyi yerinə qoyan kimi, zəng gəldi. Dik atıldım. 
      " Mən Denis Tanterə dedim ki, bizdən əl çəksin. Bu məsələ bitdi, biləsən"- salamsız-kəlamsız, tövşüyə-tövşüyə Karol dedi. 
     " Yaxşı, sən özün necəsən? "-dedim və dəstəyi qulağıma sıxdım. 
     " Mənə bir-iki gün vaxt lazımdır, Deyvi. Mən dincəlmək istəyirəm, mənə fasilə lazımdır. Bu işlər məni çox yorub. "
     " Hara gedəcəksən? "-deyə soruşdum, amma bilirdim ki, mənə deyən deyil. Əslində onun hara gedəcəyi mənə maraqlı deyildi. Əsas məsələ o idi ki, Karol bir daha o qansız əclafla görüşməyəcəkdi. Bu xəbər məni çox sevindirdi. Telefonun dəstəyi qulağımı əzmişdi. 
     " Bilirsən, bir-iki günlük buralardan çıxıb getmək istəyirəm "- o dedi. 
Fikirləşdim görən əşyalarını yığıb aparıbmı? Hamam otağına diqqətlə baxsaydım, yəqin ki, bilərdim. 
     " Uzağa getmə, ha " - nəvazişlə dedim. Hərdən bir mən onunla bu cür danışırdım - asta, pıçıltı ilə - elə bil vəhşi atla danışırsan… 
     Qəfildən ona "səni sevirəm " demək istədim. Hər dəfə telefonda onun səsini eşidən kimi qəlbim rahatlanırdı. Bəzən adi sözləri deməyə də çətinlik çəkirdim. O da elə mənim kimi idi. Bu illər boyu ona demək istədiyim sözləri elə bil yığıb ağzıma doldurmuşdular və o sözlər mənim dilimi yandırırdı… Deyəsən, mən çox axmaq adamam. Hər dəfə Karolla davamız düşəndən sonra bir müddət xəcalət çəkirdim. Sonra yenə hər şey öz axarına düşürdü. Ancaq indi özümü başqa cür hiss edirdim, ağrısız, əzabsız idim. Ümid edirdim ki bu dəfə Karol qayıtmayacaq. Bir müddət keçəcək və o, mənim üçün bir xatirəyə çevriləcək. Yadındadır da bütün ağrılar gedəridir, xatirələr də onun kimi. 
       Bəlkə o, qayıtmamış maşına minib çıxım gedim bir yana? Amma gözəl olardı. Qəribə bir həyat yaşayardım - qorxusuz-hürküsüz, nifrətsiz, Karolsuz. Telefonun dəstəyini yerinə qoydum. Heç Karola "sağ ol” da demədim. 

      Oturduğum yerdəcə tərpənməz qalmışdım. On dəqiqə keçdi. Öz-özümə fikirləşirdim. Gərək mən də çıxım gedim. Onu gözləyən deyiləm. Burda qalmağım ağılsızlıqdır. Denis Mayklı ikinci dəfə mənim üstümə göndərə bilərdi. Bu fikir məni tərpətdi. Köhnə idman çantasına sabun, dezodarant, bir-iki pal-paltar yığdım. Qərbə tərəf getmək istəyirdim. Bir- iki gün Cornwallda qalaram. Təşvişə düşmüşdüm. Gödəkçəni əynimə dürtdum,ayaqqabılarımı geyinib qapıya yaxınlaşdım. Bu vaxt qapının o biri üzündən bir hənirti eşitdim. 
Elə bildim Karoldur. 
     Bu adamlar çoox sürətlidirlər. Onlar bizim kimi deyillər. Bir də gözümü açdım ki, Denis kandardadır. Denis üstümə yeridi. Maykl sol əli ilə məni divara sıxdı. Bu elə tez baş verdi ki, mənim heç cınqırığım da çıxmadı. Çölə - parka tərəf baxdım. Qaçıb aradan çıxmaq keçdi ürəyimdən. Maykl məni qırağa dartıb çöl qapısını kilidlədi. 
     " Hardadır, o? " - Denis qışqıra-qışqıra mətbəxdən çıxıb mənə sarı gəldi. 
Mən  cavab vermədim. Onun bizim evdə məni sorğu-suala tutmağı çox qəribə idi. Onu sonuncu dəfə yeni il gecəsində görmüşdüm. İndi onun mənimlə köhnə tanış kimi danışmağı sürreal bir vəziyyət yaratmışdı. 
     " Polisə zəng edəcəm, indi " - dedim. Denis qaşlarını qaldırdı. 
     " Mayklın dediyinə görə səni qorxutmaq çox da asan deyil. Amma mən elə düşünmürəm. " - o dedi. 
Mən gözümün ucu ilə Maykla baxdım. Maykl elə bil daşa dönmüşdü.  Dinib danışmırdı. Heç məndən viski də istəmirdi. Öz bossunun qabağında əsl peşəkar kimi lal-dinməz durmuşdu. 
       Denis Maykla işarə verdi və Maykl məni mətbəxə sarı itələdi. Ürəyimdən daş asılmışdı, elə bil. Fikirləşdim ki yəqin bu dəfə məni öldürəcəklər. Bir anlıq təsəvvürümə gətirdim ki, Karol mənim meyidimin üstündə günahkarcasına ağlayır. Qəribəsi o idi ki, onun bu günaha batması mənə ləzzət edirdi. Viski şüşəsi elə qoyduğum yerdə qalmışdı. Denis özünə viski süzdü. Bir qurtum içib mənə tərəf döndü.
Bilsəydim Aqata Kfistinin kitabında olduğu kimi əvvəldən viskiyə zəhər qatardım. Doğrusunu deyim, heç evdə zəhər yox idi. Bir də ki, sonunda onsuz da ömürlük həbs cəzası alırsan, zəhərlədiyin adam öldü, ölmədi - fərqi yoxdur. 
     Yoox… Zəhər mənlik deyil. 
      Maykl düz burnumun ucunda çırtıq çaldı. 
" Özünü toplarla və suala cavab ver "- dedi. 
     Deyəsən məni öldürəcəklər. 
     " Mən bilmirəm o, hara gedib” - dedim və " O uzaqlardadır " deyə əlavə etdim. Mən onlarla danışmaq istəyirdim. Lazım gəlsəydi onlarla bütün günü çənə vurardım. Mənə elə gəlirdi ki, danışıb qurtaran kimi mənim axırıma çıxacaqlar. 
     " Denən görüm, David, arvadın niyə səni tərk etməkdən çəkinir? " - deyə Denis dilləndi və əlini atıb stullardan birini altına çəkdi. 
     Mən gözlərimi döyə-döyə ona baxırdım. Ürəyimdən qara qanlar axırdı- görən Karol neçə gündən sonra gəlib meyidimi tapacaq? 
     "Mən bilmirəm. Sevir də məni, ona görə " - mızıldandım. 
Denisin eybəcər sifəti, donuq və soyuq gözləri vardı. Pörtmüş üzündəki çilləri, yekə başı onu daha da bədheybət göstərirdi. 
     " Bəlkə döyüb eləyirsən onu,David?” - qəfildən dedi. Səsindən hiss edirdim ki, çox gərgindir. 
     " O, mənim üçün bu dünyada ən əziz adamdır " - deyib düz gözünün içinə baxdım. Denis yerində qurcalandı. 
     " Mən çıxıb gedərdim, amma Karolun mənə ehtiyacı var. Ona görə də mən qalıram, lazımsız adamlar  çıxıb getsin,çən niyə gedirəm ki? "
      Denis fikirli-fikirli iki barmağı ilə stəkanı viski şüşəsinə tərəf itələyib özünə yenidən viski süzürdü. Əli əsirdi- stəkan dınqıldayırdı…
       Denis Maykla tərəf döndü : ". Maykl, əlcəklərini geyinmisən? "
Dönüb Maykla baxdım. Maykl bic-bic gülürdü,əllərində əlcək vardı. Denis də əlcəklərini geyinmişdi. Elə bil içım düşdü. Əsən əllərimi masanın üstünə qoydum ki, sakitləşsinlər… 
     " Sən bilirsən, David, səni yox ederem bu dünyadan. Axı sənin kimi mundar bir parazitlə müqayisədə mən əməlli-başlı kişiyəm. Sən heç işləmirsən də, düzdürmü, David? Evdə oturub arvadın çörəyini yeyirsən. Sən özünü kişi sayırsan, David? "
     " Sən məni itirsən, Karol bunu heç vaxt sənə bağışlamayacaq. Mən hər şeyi ona danışmışam. Mayklın bizə gəlməyindən də xəbərdardır. Mənə bir şey olsa, biləcək ki, sən eləmisən bunu. " - yavaşca dedim. " Hətta mənə bir balaca xətər yetirsən belə o, sənə nifrət edəcək, mister Tanter. Sən bunu açıq-aydın başa düşməlisən. Sənin başqa çarən yoxdur, onu rahat burax. Yaxşısı budur, çıx get burdan. "
     O, fikrə getdi. 
     " Görürsən də, Mayk, bu gədənin ağzı isti yerdədir, deyəsən, bizə dərs deyir  burda. "
     Mən onun nə demək istədiyini başa düşmədim. 
     " Sən xəstəsən, David, başın xarabdır sənin. Sən o cür gözəl qadını gör bir nə hala salmısan… Düzdür, mən səni öldürsəm, o məni bağışlamaz. Amma mən sənə baxıram, əsəbiləşirəm. Sənin oturuşun-duruşun da məni özümdən çıxarır. Mən fikirləşirəm ki, sən palçıq kimi yapışıb qalmısan Karolun yaxasında. Mən başa düşmürəm Karol səni niyə rədd eləmir özündən. Amma onu da bil ki, mən çox tərs adamam. "
     O, bu sözləri fəxrlə deyirdi. Elə bil bu sözləri əzbərləmişdi. O, ayağa durub mətbəxin qapısına tərəf keçdi. 
     " Mən burda durub baxacam, Mayk, etiraz etmirsənsə. "
      " Bunu şil-küt edim, yoxsa birdəfəlik işini bitirim? " - deyib Maykl gözlərini mənə dikdi. 
     Denis yenə uydu, elə bil… 
     " Elə vur ki, qanı çıxmasın. Çapığı-çupuğu köynəyinin altında qalsın. Qəşəngcə dərs ver ona. Barmaqlarını qır… "
     Mənim qışqırığım aləmi başına götürdü. Qonşularımın hamısı işdə idi. 
Heç kim mənim köməyimə çatan deyildi… 

        
Beşinci bölüm

Mən özümü zorla Brayton hospitalına çatdırdım. Elə bilirdim məni orda bərk sorğu-suala tutacaqlar. Sadəcə əlimi rentgenə salmaq üçün məni növbəyə yazdılar. Düz altı saat gözlədim. İçəri girən kimi tibb bacısına dedim ki, mənim iki barmağım sınıb. Mənə ağrıkəsici verdilər və mən də oturub Viktoriya zamanından qalmış bu qədim və gözəl binaya göz gəzdirməyə başladım. Tək əlli maşın sürmək zülüm iş imiş. Nə isə… Yaxşı yetirdim özümü. 
Həkimlər çox məşğul idilər. Heç əlimə bandaj qoyan tibb bacısı da soruşmadı ki, sənə nə olub. Yazığın üzünün tərini silməyə belə vaxtı yox idi. Tibb bacısı öz işini görürdü. Mən gözlərimi onun alnındakı tər muncuqlarına dikmişdim. 
Təcili yardımda işləyənlərin işi ağır olur. 
Bütün günü yaralı adamlarla əlləşirlər. 
Tibb bacısı dedi ki, polislər elə bilir ki, hamı canidir. Döşəmədə qan ləkələri var idi. Mən öz-özümə fikirləşdim : "Siz, tibb işçiləri də xəstələrin hamısına bir torba ət-sümük yığını kimi baxırsınız. 
      Ağlıma gəldi ki, qardaşıma bir məktub yazım. Ağrıkəsicinin təsirindən başım gicəllənirdi. Ağzım yenə acılaşmışdı. Dərman atandan sonra çətin ki, maşın sürə biləm. Rentgen otağına getməliydim. Güclə ayağa qalxdım. Baxdım ki, maşının açarları yoxdur. 
     " Bağışlayın, xanım, mənim maşınımın açarlarını görməmisiniz. İki dəqiqə bundan əvvəl burdaydı” - dedim. Açarları tapmasam gərək evə piyada gedəm, ya da zəng edim gəlib məni aparsınlar evə. 
      Birinci mərtəbəyə düşdüm, aptekdən ağrıkəsici həblərimi götürdüm. Sonra keçdim qonşu dükana poçt markaları və zərf aldım. Yəqin əli sarıqlı olduğum üçün satıcılar mənimlə nəzakətli davranırdılar. Hospital çox zay yerdir. Burda vaxt, elə bil, yavaş-yavaş axır. 
     Məktubu yazıb qurtardım. Çox acıqlı idim deyə məktub biədəb alınmışdı. Başdan ayağa söyüşlə dolu idi. Əgər qardaşım bu məktubu oxusaydı, gəlib məni tutub basmışdı dəlixanaya…Bu məktubu elə bil özümə yazmışdım. Biri də var, böyük qardaşa yazdığın məktub. Bu ayrı-ayrı şeylərdir. Məktubu ciddi-cəhdlə cırdım. Kağızları xırda-xırda doğradım ki, birdən kimsə bu kiçik parçaları yapışdırıb oxumaq istəsə oxuya bilməsin. Sonra da kağız qırıntılarını ayrı-ayrı zibil yeşiklərinə atdım. Bəlkə də bunu axmaqlıq sayarsız, amma vərdişdir. Adamın yaxşı vərdişləri də olmalıdır həyatda. 
     Məktubu təzədən yazdım. Çalışdım qısa olsun. Yazdım ki, Karolla problemim var, bilmirəm neyniyim. Bilmirdim, qardaşım gələcək, ya yox. Bilmirdim, qardaşım gəlib Denis Tanterə bir şey edəcək ya yox… 
Böyük qardaşımdan kömək istəyirdim, sadəcə. 
Məktubu poçt qutusuna atıb, hospitaldan çıxdım. Axır ki, istədiyimi elədim-qardaşıma xəbər göndərdim. 
     İki gündən sonra ev telefonuna səs məsajı gəldi. On saniyəlik yazı idi. Qardaşım deyirdi ki, yoldayam, gəlirəm. Qardaşımın doğma səsi məni duyğulandırdı. Xatirələrə qapıldım. 
     Yarım şüşə " Laphroaig” viskisini aşırandan sonra ən yaxşı qara kostyumumu geyindim və Karola məktub yazdım. Məktubu mətbəxdəki masanın üstünə qaydum ki, əgər Karol qayıtsa məktubu görsün. Ağzım yenə acı dadırdı. Ağzıma bir az duz atdım. Əməllicə qızışmışdım, soyuq mənə təsir eləmirdi. 
Girdim suya. 
Qardaşım gəlib məni tapana qədər neçə saat keçdiyini bir Allah bilir. Mətbəxdəki məktubu oxuyub yəqin. 

     Braytonun qaranlıq küçələri ilə evə qayıdırdıq. Başıma gəlib-keçənləri bir-bir qardaşıma danışırdım. Külək qalxdı. Mən titrəyirdim, qardaşım gödəkçəsini çıxarıb mənə verdi. 
Ondan siqar və bahalı ətir iyi gəlirdi. Əynimdəki gödəkcə həyatım boyu geyindiyim gödəkçələrin ən yaxşısı idi. 
Bu gödəkcə - adamın işlətdiyi ilk günah kimi - ağır və yumşaq idi. 
      Qardaşım yolboyu çox az danışırdı. Adda-budda suallar verir, Denis və Maykl haqda olan məlumatları dəqiqləşdirirdi. 
Mən hər şeyi danışdım. Karolla olan münasibətlərimizdən də danışdım. O, heyrətlə üzümə baxdı. Başını asta-asta yellədi və dedi: " Bütün bunlardan sonra sən hələ də onun qayıtmağını istəyirsən? " Onun bu sözlərindən çox hirsləndim. 
     Mən ona bütün olub bitəni danışdım. O adamların mənə verdiyi  işgəncələri bütün incəliyi ilə açıb ortaya qoydum. Ürəyimdə  o əclafların ölümünü istəsəm də, bunu dilə gətirmirdim. Mən, sadəcə, onları öz həyatımdan silib atmaq istəyirdim. 
Birinci barmağımı qanırıb sındıran anda elə hiddətlənmişdim ki, ağrı-zad yaddan çıxmışdı. 
Əgər bir kişini camaatın içində biabır edib, sonra da onu lağa qoysan, bil ki, o kişinin qan-qırmızı hiddəti gec-tez gəlib səni tapacaq. 
     Soyuq qardaşıma kar eləmirdi. Hərdən kəskin jestlər edirdi. Qardaşım - mənim gizlində saxladığım "tuz” kartım idi. Bu vaxta kimi heç kim bilmirdi ki o, hardadır və nə ilə məşğuldur. 
Bir hadisə olsa belə ondan şübhələnməzdilər. Maşınını bizim evdən bir mayl məsafədə saxlamışdı. Qardaşım bura bir-iki günlük "keyf” çəkməyə gəlmişdi, nə vecinədir - vicdanın, günahın nə olduğunu bilməyən bir adam idi… 
Mətbəxə keçdik. Əyləşdik, məndən içki istədi, deyəndə ki, evdə içməyə heç nə yoxdur, hirsləndi və bərk söyüş söydü. Sonuncu viski şüşəsini suya girməmişdən qabaq dənizə atmışdım. Elə qəşəng şappıldamışdı ki… 
     " Onlar cüt gəzirlər? Onları tək-tək tuta bilsəydim işim asan olardı” - qardaşım öz-özüylə danışırmış kimi dedi. 
     " Amma sən səhv buraxsan, o biri gədə gəlib məni öldürəcək " - dedim. 
     " Bəlkə sən onu öldürdün, mənim balaca qardaşcığım? Elə bilirsən, mən səni tanımıram. " - dedi və gözlərini qıyıb məni süzdü. Bu baxışlar içimə üşütmə saldı. Camdendəki o sərxoş gədənin başına vurduğu o təpiklə gəldi gözümün qabağına. 
     " Baxım, görüm neynirəm " - deyib başımı aşağı saldım. 
Qardaşım başını silkələdi. 
     "Sən bunu Karolun xilası üçün edirsən, bilirəm sən bacararsan. "
Karolun adını çəkməsi xoşuma gəlmirdi. Karolu bu işə qatmaq istəmirdim. O, bu barədə heç bir şey bilməsə yaxşıdır. 
Kaş ki, Denisin ölüsünü hardasa uzaq bir yerdə tapaydılar, və qətlində onun kriminal şəriklərindən hansındansa şübhələnəydilər. Heç kim məndən və qardaşımdan şübhələnməzdi onda… Qardaşımın Braytonda olduğunu bir kimsə bilmir. Hər işi təmiz görmək lazımdır. 
    " Biz Denisi təkləmək üçün ona xəbər çatdırmalıyıq ki, Karol onu görmək istəyir. Barın maşın dayanacağına gəlsin gecə vaxtı… Gözləməkdən bezib çıxıb gedən vaxtı qaranlıq tinlərin birində işini bitirim. " - o, bu barədə elə ləzzətlə danışırdı ki, qorxudan ağzım yenə zəhrimara döndü.      " Yox, bu, çox risklidir. Sən dəqiq bilmirsən o hansı yolla gedəcək, ora kimlə gələcək. Həmin o ərazidə sərxoşlar, nə bilim avaralar dolana bilər. Səni görə bilərlər. Bu ağılsızlıqdır. "
     " Yaxşı, yaxşı, Deyvi, coşma. "
O, sözümü kəsdi. " Sən belə elə, nə qədər ki, dükanlar bağlanmayıb qaç get viski al mənə. Bəlkə viski içəndən sonra ağlıma yaxşı ideyalar gələcək. " - dedi və soyuq-soyuq üzümə güldü. 
     " Ən yaxşısı bu işi burda görməkdir, bu evdə. Bəlkə də elə bu mətbəxdə. Evin içində onlara nəzarət etmək daha asandır. Sən onu burda öldürsən, hamı elə biləcək ki, sən özünü müdafiə etmisən, Deyvi. Bütün aləm bilir ki, o, nə yuvanın quşudur. "
     " Sən əlcək geyinmisən? " - qəfildən soruşdum. 
     " Həə, geyinmişəm, Deyviciyim. Bax, indi başın işləməyə başladı. "
     Birdən çöl qapı çıqqıldadı. Mən qorxudan dik atıldım. Qardaşımın heç tükü də tərpənmədi, Karolu görən kimi gülümsədi. 
     " Salam, Karol, gözəl " - dedi. 
     " İçməyə bir şey gətirməmisən? ”
O, ikimizi də şübhəli-şübhəli süzdü. Sanki ürəyimizi oxumaq istəyirdi. O, sifətdən çox rahat görünürdü, saçını kəsdirmişdi, çiynində təzə çanta, ayağında təzə tuflilər vardı. 
Həmişə olduğu kimi çox gözəl idi. 
     " Deyvinin qohum-qardaşını görmək xoşdur mənimçün, hər zaman. " - Karol ağızucu dedi. Ancaq onun gözləri bunun tam əksini deyirdi. 
      Karolun qardaşımı görməyi pis oldu. Gələcəkdə polisə deyə bilər. Kaş ki gəlməyəydi. 
     " Yaxşısı budur gedim yatım, sabah görüşərik. " - Karol əsnəyə-əsnəyə dedi. Qardaşım heç başını da qaldırmadı. 
     " Onun burda olmağı bizə problem yarada bilər. "-deyə qardaşım dodağının altında mızıldandı. 
     " Yaxşı, bu - bank soymaq deyil ki, oturub illərlə baş sındırasan. Sadəcə, elə etmək lazımdır ki, biz sənin o iki "dostu”nla bu mətbəxdə "söhbət "  edəndə Karol burda olmasın. "
     " O, sənin burda olduğunu polisə
xəbər verəcək. " - pıçıltı ilə dedim. 
Onun gözlərinə baxmasam da bilirdim ki, qardaşım əsəbiləşir. Belə olan halda, polis ikiqat qətl olan günü, Braytondan qəfil yoxa çıxan qardaşımı da axtaracaq. 
     Bir müddət heç birimiz dillənmədik. 
" Sən niyə gedib o qana boyanmış viskini alıb gətirmirsən, axı? Görmürsən fikirləşə bilmirəm. "
     Mən çölə çıxdım. 


Altıncı bölüm

     Mən qəfil oyandım. Səs eşitdim. Yuxu görürdüm. O səs məni səksəkəyə saldı. Gözümü açıb gördüm ki, Karol paltarını geyinir. O, güzgüdə mənim tərpəndiyimi görüb mənə tərəf döndü. Şinaya qoyulmuş nəhəng əlimə baxdı. 
     " Maşının təkərini dəyişəndə iki dırnağımı qoparmışam. " - deyə ona baxdım. "İstəyirsən, əlimi açım bax. "
     " Yox, lazım deyil. Mən tələsirəm. "-dedi. 
O, bu gün həmişəkindən yarım saat əvvəl oyanmışdı. Karol güzgünün qarşısında durub köynəyini sahmana salırdı. 
     "Qardaşım bir-iki günlüyə qonaq gəlib bizə. " - dedim. Karol başını tərpətdi. Rəngi solğun idi, elə bil. Üstünə-başına əl gəzdirəndən sonra yataq otağından çıxdı. Havada onun ətrinin izləri qalmışdı… 
     Təkər məsələsini qardaşım uydurmuşdu. Həqiqi əhvalatı danışsaydım, Karol polisə, və ya Denis gilə gedə bilərdi. Nə isə… 
     Biz nə edəcəydiksə, tez etməliydik. Karol işdən qayıdana qədər bu məsələni bitirməliydik. 
     Qardaşım hamam otağından çıxdı. Belinə dəsmal bağlamışdı. Onun əzələli idmançı bədəni elə bil bir az da böyümüşdü. O bədənini şişirtməyə çox sevirdi. Lap ürəyi partlayan kimi idman edə bilərdi. Özü də ləzzət alırdı, əməlli-başlı, bu hərəkətlərdən… 
     " Həə, necesen, balaca qardaş? Hazırsan? Fikrin dəyişməyib? " - yekə-yekə soruşdu. 
     " Yox. Hazıram. " dedim. 

     Biz qətiyyətlə hərəkətə keçdik. Mətbəxdə oturmuşduq. Planımızın kiçik detallarını müzakirə edirdik. Telefonun dəstəyini əlimə aldım və hər şey bundan sonra başladı. Elə bil uçurumun qırağında dayanmışdım, indi tullanacaqdım aşağı. Ürəyim guppuldayırdı.
     " Dayan, bir məşq edək, əvvəlcə mənimlə danış görüm” - qardaşım dedi. 
Gələndən bəri ilk dəfə idi ki, onun əsəbiləşdiyini görürdüm. "Hə, yaxşı. " dedim. Deyəcəyim sözləri bir də fikrimdən keçirdim. Bu sözləri eşidən kimi, Denis qaça-qaça gələcəkdi bizə… 
     Qardaşım özünə viski süzdü. Stəkanın stoldan ayrılmağıyla içindəki viskinin mənim üzümə çırpılmağı bir oldu. Son anda başımı çəksəm də viskinin çox hissəsi üzümə, gözümə töküldü. Qardaşım Mayklın etdiyi bu azğın hərəkəti eynilə təkrarladı. Bu, mənə çox yer elədi. Hirsimdən ağlamağım gəlirdi. 
     "Dəli olmusan, neynirsən? "deyə qışqırdım. Viski gözümü yandırırdı. 
     " Hə, bax indi, sən hazırsan. İndi zəng etmək vaxtıdır. Bayaq çox rahat danışırdın. Başla! " - qardaşım həyasızcasına gülə-gülə dedi. 
     Mən Denisin nömrəsi yazılmış kağız parçasını əlimə götürüb dərindən nəfəs aldım. 
     " WT Limited "şirkəti  - deyə tanımadığım bir qadının səsi gəldi. Yəqin katibə idi. 
      " Denis Tanteri ver görüm mənə” dilimi sürüyə-sürüyə dedim. Viskinin buxarı vurmuşdu məni deyəsən. 
      " Kimdir danışan? " - qadın soruşdu. Ağzım zəhər kimi olmuşdu. 
     " Az danış! Get tap onu gətir, zibilinə yiyə dursun! "
     Bir balaca səs-küydən sonra Mayklın səsi eşidildi :"Kimdir danışan? "
İstədiyim oldu. 
" Ay əclaf, Karol öldü, öldü Karol!!! Onu siz öldürdünüz, siz… Siz… Lənətə gələsiniz!.. " - ağlamsına-ağlamsına, burnumu çəkə-çəkə qışqırdım. 
     " Deyvi, kimdir ölən?! Karolu deyirsən? Deyvi, bu sənsən?! "
      Əla!!! Səsindən bilinirdi ki, qorxur. 
     "Siz, siz onu divara dirədiz, sıxdız onu. Sən də, Denis də. Götürüb yuxu həblərinin hamısını atıb. Rahatlanın! 
Karol artıq yoxdur! And olsun ki… "
     Qardaşım telefonu qapatdı. Onun üzü sakit idi. 
     " Afərin sənə, Deyviciyim. İndi tökülüşüb gələcəklər. Biz hazırlaşmalıyıq. "
O, gedib maşından bir kisə gətirdi. Kisə dəmir-dümürlə dolu idi. Qardaşım yarım metrlik yoğun armatur parçasını mənə uzatdı. Mən onu əlimə aldım. O çox ağır idi. Atmaturu əlimdə yellədim-kimin başına vursaydım kəlləsi partlayardı. Kisədən santexnika alətləri, boru parçaları və başqa xırda detallar çıxdı. 
     " Deməli belə” - deyə qardaşım sözə başladı. "Sən mətbəxdə iş görürsən. Əlüz yuyanın altını aç, sök, tök yerə. Plastik boruları da ayır bir birindən, qoy yerə. "
      O, plastik hissələrdən birini çəkiclə vurub əzdi. " Sən burda təmir işləri aparırkən, mən, guya ki, getmişəm bu sınmış hissədən təzəsini alım, gətirim. Sən burda tək qalırsan, və elə bu zaman onlar gəlib sənə hücum edirlər. "
     Mən onun üzünə baxdım və onun nə qədər sakit olduğuna təəccübləndim. Üç - dörd dəqiqəyə Denisgil artıq burda olacaqdılar. Bunun isə heç vecinə də deyildi.
     Qardaşım cibindən yekə bir bıçaq çıxardı. 
     " Bax, Deyvi, bu bıçaqla onlar səni hədələyiblər. Belə deyəcəksən. Sən də, təbii ki, qorxudan əlinin altındakı borunu onlara tərəf atmısan. 
Sonra da polisə zəng etmisən. Polis gələnə qədər, mən dükandan qayıdıb özümü sənə yetirəcəm.Polislərin suallarını bir yerdə cavablandırarıq. "
     " Deyirsən, alınacaq? "- deyə soruşdum. 
     " Heç iş məhkəməyə gedib çıxmayacaq da. İki azğın gədə gəlib, sənə evinin içində hücum edib. Sən də nə etməliydin ki?.. Özünü müdafiə etmisən. Vəssalam! Qorxma. Hər şey yaxşı olacaq. "
     Onun gözünün içinə baxdım. Birdən birə gözlərim yaşardı. Tez üzümü döndərdim ki, qardaşım görməsin. 
     " Özünü ələ al, Deyvi. Bu dəqiqə gələcəklər. Otur mətbəxdə işini gör. İstəyirsən, götür bir az viski iç. "
Mən oturdum. Qardaşım əlindəki armaturu oynada-oynada dedi:
     " Axırda yadıma sal, polislər gəlməmiş qapının qıfılını vurum dağıdım. "
     Çöldən gələn maşın səsi, təkərlərin ciyiltisinə qarışdı. 
      Mən dərindən nəfəs aldım. 


Yeddinci bölüm

Səhər saat 9-28 - də Denis Tanter evimin qapısını sındırıb içəri girdi.
O, ağlına da gətirə bilməzdi ki, onun başına nə işlər gələcək. Çaşqın görkəmi var idi. O mətbəxə girən kimi mənə baxdı. Mən göz yaşları içindəydim, qorxa-qorxa ona baxırdım. 
Bu rolu oynamaq o qədər də çətin deyildi. Çünki, çox ola bilərdi ki, məni elə burdaca vurub öldürsünlər. Qorxurdum yaman və ona görə də hərəkətlərim çox təbii görünürdü. 
     " Hanı, o? " - deyə Denis bağırdı. 
Pörtmüş sifətindən zəhər tökülürdü. Mən başımı yelləyib mətbəxin küncünü göstərdim. Maykl Denisin arxasında hazır vəziyyətdə durmuşdu. Denis yumruğunu qaldırıb mənə tərəf gəldi. Başımı qaldırıb Denisə baxdım. Elə həmin saniyədə Mayklın kəlləsinə vurulan zərbəni gördüm. Armatur bir də göyə qalxdı, bu dəfə Denisin başına çırpıldı. And içirəm ki, mən armaturun Denisin beynini necə dağıtdığını öz gözlərimlə gördüm. Qardaşım çox cəld idi. Allah bilir ki, mən həyatım boyu belə şey görməmişdim. 
     Qardaşım oturulu vəziyyətdə divara söykənib gözləri bərələ-bərələ ağır nəfəs alan Maykla heç fikir də vermirdi. 
O, Denisə bir təpik vurdu. Denis artıq meyid idi. 
     " Bu - hazırdır! " - deyə qardaşım ağzını marçıldada-marçıldada dedi. Qardaşım çox nadir hallarda belə sevincək olurdu. 
     Maykl özünə gəldi. Qardaşım sevinə - sevinə ona tərəf addımladı. Bircə zərbə ilə onu cəhənnəmə göndərdi. Maykl kartof kisəsi kimi yana aşdı. 
     Mən ayağa durmuşdum. Qəribə idi, mənim ən çox Maykla yazığım gəlirdi. 
Qardaşım Maykla tərəf dönən kimi mən də əl atıb kisədən ağır polad borulardan birini əlimə götürdüm. O, ikinci zərbəni Mayklın başına endirdiyi həmin anda mən də var gücümlə qardaşımın başına vurdum. Bu iki zərbə tam eyni anda baş verdi. Qardaşım yıxıldı. O, tərpənməsə də, bilirdim ki, sağdır. Hələ gərək bir - ikisini də vuram ki, o, gəbərsin. İkinci zərbədən sonra hər tərəf qan oldu. Gözləri mənə baxırdı. Mən daha bir zərbəylə onun işini bitirdim. 
     Özümə viski süzdüm. Stəkanı qaldırıb qardaşıma tərəf tutdum. 
     " Sənin balaca qardaşın böyüyüb artıq, başa düşdün! Sən gərək mənim arvadımla yatmayaydın!!! Heç vaxt!.. " deyə viskini başıma çəkdim. 
     Yeni həyata başlamağın vaxtıydı. Polisə zəng etmək əvəzinə Karolun nömrəsini yığdım. Ona dedim ki, sənin yuxu həbslərinin hamısını atdım, ölürəm. Dedim və telefonu xətdən ayırdım… 
   
Son

Tərcümə: Rauf Qaraişıq