Da Vinçi kodu və ya şifrələnmiş dünya

Da Vinçi kodu və ya şifrələnmiş dünya

İçində yaşadığımız zamanın pəncərəsini bir qədər aralayıb orta əsrlərə, İntibah dövrünə baxanda yüzillərin dumanı içində nəhəng bir insan silueti peyda olur - qəlbimi mistik bir həyəcan bürüyür.

Zamanı geri fırladıram və bu nəhəng insan siluetinin konturları aydınlanmağa başlayır. Mən bu nəhəng insana doğru gedirəm, o, nur haləsinə bürünür - bu, italyan intibahının dahi fenomeni Leonardo da Vinçidi.

Bəzi filosoflar və sənət uzmanlarının qənaətinə görə, İtalyan İntibahı Fransis Assiyskidən başlayır. Bu fikrin nə qədər doğru olub-olmadığı haqqında heç bir düşüncəm yoxdu, amma kimsə deyəndə ki, Leonardo sənəti ilə İntibah dövrü başa çatdı və onunla birlikdə mistik sənət səviyyəsində adektivliyini itirdi, onda buyurun mübahisə edək.

Bu, başqa bir yazının mövzusu olduğundan mübahisədən vaz keçirəm, zira Leonardo sənətinin mistik aləmlə ilgili olduğuna arxayınam.

Dünyaca ünlü Amerika yazarı Den Braunun "Da Vinçi kodu" (Türkiyə nəşrində "Di Vinçi şifrəsi") romanını rus dilində oxudum və illərlə bilinc altında intiutiv şəkildə hiss etdiyim, duyduğum öncəgörümə bir daha inandım.

Təxminən bir ildən sonra türkoloq İsmayıl Den Braunun Türkiyədə nəşr olunmuş "Da Vinçi şifrəsi" və "Şeytanlar və Mələklər" romanlarını mənə ərməğan elədi. Bu qalmaqallı roman xristian dünyasında zəlzələ kimi böyük əks-səda yaratdı. Ulduzları barışmayan katolik və pravoslav kilsələri Braunun sayəsində bir araya gəlib bir məsələdə anlaşdılar - əsl xristianlara bu kitabı oxumaq yasaq olundu. Amma bu yasaq yazarın və naşirlərin çörəyinə yağ sürtdü.

Vatikan qəzəbləndi, Vatikanın sözçüsü, arxiyepiskop Tarqizo Bernote 2005-ci ildə bəyan etdi ki, Den Braunun romanı katolik dünyası üçün pis örnəkdi, o, yəni Braun xristianlığı təhrif edir, ona böhtan atır, cəfəng şeylər yazır, insanlar yazıçının uydurmalarını həqiqət kimi anlayırlar. Vatikan sözçüsü yazıçını məhkəmə ilə hədələyirdi.

Rusiyada da roman tənqidlərə və təqiblərə məruz qaldı. Moskva mətbuatı protoirey Vsevolodun kəskin çıxışlarına gen-bol yer ayırdı. Den Braun da Den Braundu ha, o, ustalıqla özünü müdafiə edə bildi.

- Siz xristiansınızmı? - sorusuna yazıçı təxminən belə cavab verib: "Bəli, amma əgər üç nəfərdən soruşsanız ki, xristianlıq nədir, üç fərqli cavab alacaqsınız.

Mən özümü müxtəlif dinlərin tələbəsi sayıram, nə qədər çox oxuyub öyrənirəmsə, daha artıq müəmmalarla üzləşirəm".

Bu gün də romana böyük maraq var, hələ vaxt tapıb əsəri oxumamışsınızsa, mütləq oxuyun, məsləhətdi.

Doğrudanmı romanda tarixi həqiqətlər təhrif olunur?

Gəlin unutmayaq ki, Den Braunun yaradıcılığı masskültür mədəniyyət nümunəsidi. Den Braun belletristdi.

Bir də detektiv bestsellerdən böyük sənət abidəsi kimi danışmaq hardasa bir qədər sadəlövhlükdür. Qoy katoliklərlə pravoslavlar mübahisə eləsinlər, OPUS DEİ yazıçını çoxdan əfv edib, "Da Vinçi şifrəsi"ni çözdüyünə görə onu bağışlayıb. Əvvəla bu, xristian mərhəmətindən irəli gəlir, ikincisi OPUS DEİ real katolik cəmiyyətdi və bu roman təşkilat üçün yaxşı reklamdı.

Professor Lenqdonu öldürən albinos qatil Saylas bu cəmiyyətin üzvü idi.

Romanda Braun misir tanrısı Amon və onun sevgilisi İzida - İzisdən bəhs edir, Lenqdon Leonardo da Vinçinin əsərinin adıyla səsləşən "AMON LİZA" anaqrammasını tutuşdurur.

Bizə məlum olan mənbələrdə İzida Osirisin bacısı və məşuqəsidi, onun Tanrı Amonla ilişgisi olmayıb.

Romanda təsvir olunan Sen-Syülpis kilsəsinin Misir ilahəsi İzidanın məbədinin xarabalığı üzərində tikildiyi fikri irəli sürülür. Yazarın bədxahları hər fürsətdə onun üstünə çamur atmaqdan çəkinmirlər. Braun sənətkardı, məncə sənətkarın tarixi olayları interpretasiya eləmək səlahiyyəti var. Vatikan bu səlahiyyəti onun əlindən almaq hüququna malik deyil.

Romanın kulminasiya məqamlarından birinə nəzər salaq.

Sofi təsadüfən istər-istəməz sionların gizli mərasiminə şahid olur və bu masson mərasimini yazar böyük ustalıqla qələmə alıb. Mən əsərin süjetini nəql etmək fikrindən çox uzağam, hər halda bu əsər Vatikanı sarsıdıb.

Bəzi tənqidçilərin qənaətinə görə bu bülletenləri bütün dünyada azad daşyonan qardaşlar, yəni massonlar "raskrutka" eləyirlər, bu da külli midarda gəlir gətirir.

Statistik rəqəmlərə inansaq ABŞ-da masson təşkilatının beş milyondan artıq üzvü var. Amerikada Müstəqillik Deklarasiyasına imza atmış əlli altı nəfərdən əlli üçü masson olub. Yalnız bir nəfər Con D.Kennedi təmiz katolik idi, onun da həyatı faciə ilə sona çatdı.

Amerika massonluğunun banisi və ilk rəhbəri Bencamin Franklin "Böyük Filodelfiya lojası" qurdu. ABŞ-ın ilk prezidenti Corc Vaşinqton isə ülliminatdır. Bir dollarlıq əskinazın arxa tərəfində Vaşinqtonun porterti əbədiləşdirilib.

Müxtəlif vaxtlarda Ağ evin sahibi olmuş F.Ruzvelt, H.Trumen, C.Ford, D.Eyzenhauer, R.Nikson, R.Reyqan, Klinton, ata və oğul Buşlar... B.Obama gizli masson mənalarından çıxmış siyasətçilərdir.

Nyuton, Kiplinq, Hüqo, Motsart, Disney və b. siyahını uzatmaqla sizi usandırmayaq.

Və İtalyan İntibahının dahi sənətkarı Leonardo da Vinçi...

***

Gəlin birlikdə Vatikana səyahət eləyək - Vatikan böyük bir imperiyanın paytaxtıdı. İmperiyanın ordusu olar, deyəcəksiniz, bəli, Vatikanın ordusu var, bu, dünyanın ən kiçik ordusudu.

Vatikanın silahlı qüvvələri İsveçrə qvardiyaçılarından ibarətdi, hal-hazırda bu orduda 103 qvardiyaçı, 4 zabit, 25 kiçik zabit, 73 sıravi əsgər və kapellan xidmət edir. Ənənəyə görə, bu orduda yalnız İsveçrə vətəndaşları xidmət eləyə bilər, onlar mütləq katolik olmalıdırlar, maksimum xidmət müddəti 20 ildir. Vatikan qvardiyaçılarının geyimi İntibat dövrünün əlbisələrini xatırladır, hardasa oxumuşam ki, bu geyim guya Mikalencelonun, ya da Rafael Santinin eskizləri əsasında hazırlanıb - hər halda Vatikan qvardiyaçıları kütləvi teatr səhnəsini xatırladır, nə isə... Vatikan əsl sirlər xəzinəsidi.

1981-ci ildə Əli Ağca İohann Pavelin həyatına qəsd etdiyi gündən bəri Vatikan Den Braunun romanının işıq üzü gördüyü günə qədər heç belə əsəbiləşməmişdi. Bəli, Vatikan qəzəbləndi, amma asi yazıçıya Anafema fitvası vermədi.

Bir qədər də Tampliyerlər Ordeni haqqında - bu xristian cəngavərlər ordeni 118-ci ildə fransız şovelyeləri tərəfindən təsis olunub, səlibçi tampliyerlər tezliklə Yerusəlimi ələ keçirdilər, xaçlı bayraqlar altında əfsanəvi sərvətlərə, böyük nüfuza və hakimiyyətə yiyələndilər.

XIII əsrin ikinci yarısından etibarən xilafət orduları xaçlı cəngavərləri sıxışdırmağa başladılar. Tampliyerlərin qalaları müsəlman əsgərlərinin hücumlarını dəf etmək iqtidarını bir-bir itirir, müsəlmanlar müqəddəs torpaqlarda daha da güclənirdilər, 1291-ci ilin avqust ayında tampliyerlər Tortozo qalasından qovulduqdan sonra Arvad adasına çəkildilər. Hələ 11 il burada duruş gətirdilər, 1302-ci ildə xaçlı cəngavərlər Avropaya qaçmaq zorunda qaldılar. Tampliyer cəngavərlər Avropada cildlərini dəyişib sələmçilərə, bankirlərə çevrildilər. Onlar haqqında müxtəlif şayiələr, dedi-qodular yayılmağa başladı, 1307-ci ildə Fransa kralı IV Filipp ordenə düşmən kəsildi, bir günün içində ölkənin hər yerində həbslər başlandı, ordenin sərvəti kral tərəfindən müsadirə olundu. Bu savaşın əsl səbəbi əlbəttə ki, ordenə məxsus sərvətin ələ keçirilməsi olduğuna şübhə yoxdu, bir də ki, sərvət hakimiyyətin açarıdı axı. 1312-ci ildə Papa V Kliment tampliyerlər ordeninin buraxıldığını bəyan etdi. 1314-cü ildə Tampliyerlər Odeninin Böyük Magistri Jan de Mole Parisdə yandırıldı...

Əfsanəyə görə, Böyük Magistr ölümqabağı IV Filippi və V Klimenti lənətləyib. Jan de Molenin ölümündən bir il keçməmiş lənətlənmiş kral və papa dünyasını dəyişib. Lənətlənmiş kralın xələfləri 14 il ərzində müəmmalı şəraitdə həlak olurlar, kralın nəsli kəsilir...

Tarixçi Barbara Frale Vatikan arxivində "Processus Contra Tempiarios" ("Tampliyerlər əleyhinə proses") adlı perqament tapdı və bu gizli sənədi çap etdirdi.

Tampliyerlər Ordeninə məxsus sərvət müsadirə olundu, bu böyük sərvətin bir hissəsi Hospitalyerlərin əlinə keçdi.

Tampliyerlər Ordeninin Böyük Magistri Jan de Mole yandırılandan sonra yüzlərlə tampliyer zindanlara atıldı, işgəncələrə məruz qaldı, onlar gizli fəaliyyətə keçdilər, illər, əsrlər ötüb keçdi, amma orden yeddibaşlı əjdaha kimi dünyanı öz caynağına keçirdi...

Neotampliyerlər iddia edirlər ki, onların liderlərinin nəsil şəcərəsi 1314-cü ildə yandırılan Jan de Moledən gəlir. Buna əsaslanan orden Vatikanı belə məhkəməyə verməkdən çəkinmir. Onlar qeyri-qanuni müsadirə edilmiş sərvətlərinin geri qaytarılmasını və tampliyerlərə bəraət verilməsini israrla tələb edirlər.

Bəzi Qərb tarixçiləri Tampliyer ordeni ilə Masson təşkilatlarının işbirliyində olmadığını hansı məqsədlərləsə ön plana çəksələr də, hələ XVIII əsrdə massonlar tampliyerlərlə eyni kökdən olduqlarını gizlətməyə lüzum duymurdular. Tampliyer cəngavərlərinin adı aşkar və gizli süjetlərdə hallanır, gəlin orta əsr tampliyerinin obrazını təsəvvür eləyək, nədənsə ağlıma gələn ilk obraz Aleksandr Dümanın muşketyorları olur. Haçansa uşaqlıq adlı o məsum dünyamızda gözləri bağlı sevdiyimiz qara plaşlarına iri xaç nişanələri həkk olunmuş tampliyerlər, haçansa Əl-Aksa məscidində at oynadan şevolyelər, Səlahəddin Əyyubinin əsir alıb və canını bağışladığı ingilis Şir ürəkli Riçard, bir də Robin Qud...

Bütün Avropa ölkələrində qotik kafedral məbədləri tikənlər də, Böyük Fransız inqilabının baniləri də, Amerikanı kəşf edənlər də onlardı. Bu gün də yaşadığımız dünyanı onlar idarə edir. Dünyanın yeraltı və yerüstü sərvətləri onların ixtiyarında. Onlar dövlət çevrilişləri planlaşdırırlar, ölkələrin, millətlərin taleyi ilə oynayırlar. Onlar insan hüquqlarını və haqlarını hər şeydən üstün tuturlar, elmi, mədəniyyəti və incəsənəti himayə edirlər və insan qanı içirlər...

Den Braunun "Da Vinçi" trillerini oxuyandan sonra yazıçının iddiasına inansaq, onda açıq-aydın görərik ki, tampliyerlər "Sion Prioratı"nın iradəsi və gizli əliylə yaradılmışdır. Cəngavərlər siyasi səhnədən silinəndə gizli Sion təşkilatı bu tarixi olayı qada-balasız atlatdı. Belə bir absurd fikrə düşə bilərsiniz. Bəzi tədqiqatçılar yazırlar ki, əslində Sion Prioreti tampliyerlərin gerçək sirrini qoruyub. Bu sirr isə ondan ibarətdir ki, İsa peyğəmbərin Mariya Maqdalenadan bir oğlu olub. Peyğəmbər oğlunun müqəddəs qanı ("müqəddəs Qraal") bir sıra kral nəslinin damarlarında axır. Sang real mifinin gerçək sirri də bəlkə elə burda gizlənib, "Müqəddəs Qraal", fransızca - san greal.

Böyük mütəfəkkir rəssam Nikolay Rerix "Asiyanın qəlbi" adlı kitabında Hindistana və Tibetə səfərləri zamanı orda eşitdiyi İssa əfsanələrindən yazır, "Tibet yevageliyası"ndan danışır.

Əhmədilər təriqətinin banisi Mirzə Qulam Əhməd yazır ki, Xristos çarmıxda ölməyib, dərin meditasiyaya dalaraq cəlladlarını aldadıb, onlar da peyğəmbərin ölümünə inanıblar. Dərin meditasiyadan ayılandan sonra Xristos Hindistana, Kəşmir şəhərinə gəlib, burda o, İssa adı ilə yaşayıb (İslamda İssa).

Professor Rida Nassanian "Beşinci Yevangeliya" əsərində də İssadan söz açır. Kitabda yazılır ki, o, iki dəfə Hindistana gəlib. Birinci dəfə gələndə o, yeniyetmə idi. İkinci dəfə isə o, çarmıxa çəkiləndən sonra Hindistanda peyda olub. 1887-ci ildə Hindistana və Tibetə səyahət etmiş Nikolay Natoviç də "Tibet yevangeliyası"nın mövcudluğunu dönə-dönə vurğulayırdı, Vatikan isə susur...

Adil Mirseyid