Əli Babazadə. Yağışlar şəhərinin kitabxanası (HEKAYƏ)

Əli Babazadə. Yağışlar şəhərinin kitabxanası (HEKAYƏ)

Köhnə taxta qapını yüngülcə itələdim. Nostaljik toz qoxusunu dərindən... dərindən qoxladım. Oxu zalının üç geniş pəncərəsindən içəri dolan işıq rəflərin arası ilə süzülərək divarlarda, addım qoyan kimi taxtaları cırıldayan döşəmədə, masaların üzərində, masanın üstündəki köhnə, qulpu paslanmış eynəyin şüşələrində gəzişirdi. Vızıltısı əsəblərə iynə batıran ağcaqanadlar masanın üzərinə qonanda sakitləşir, sağa-sola vurnuxub təzədən qanadlanırdılar. Masanın üzərində bir qalaq saralmış kartoçka vardı... Ehtiyatlı addımlarla masaya yaxınlaşdım, gözlüyümü qaşlarımın arasına möhkəmcə sıxıb boynumu irəli uzatdım: masanın arxasındakı rəfdə kitablardan heç birinin yeri dəyişməmişdi: dante, dikkens, feyxtvanger, lermontov, homer, molyer... Xronologiyanın pozulmasına iyirmi il əvvəlki kimi dilxor oldum. 

I

O vaxt bütün kitablar kirillcə idi, hamısından da Lənkəranın havası kimi nəm toz qoxusu gələrdi: kitab iyi verərdi kitablar... 

Həmin gün B.L.X..-yə (onu da deyim ki, indi də onun əsl adını bircə mən bilirəm) oğurladığım kitabı hədiyyə verəcəkdim. Verdim də. Kitab oğurluğuna qurşandığım üçün özümü heç vaxt günahlandırmamışam. Hərdən mənə elə gəlirdi ki, Tanrı özü bu işə ürəkdən köməklik göstərir və şərait varsa, kitab oğurlamamaq "böyüyün əlini geri qaytarmaq” kimi bir hörmətsizlikdir.
Bu kitabxana isə oğurluq üçün ən əlverişlisi idi: rahat-rahat fondda dolaşmağıma icazə verirdilər, gombul kitabxanaçı arvadlar qeybətin şirinliyinə elə aludə olurdular ki, göz açıb arxamca səslənənəcən kəmərin altını azcana boşaldıb, kitabı üsulluca yerləşdirməyə macal tapırdım. Sonra əlüstü bir kitab seçib, qeydiyyata saldırır, bu kitabı da üç günə oxuyub bitirirdim ki, yenisini oğurlamaq üçün kitabxanaya qayıtmağa bəhanə olsun. Məndən olsa, oxumazdım, çünki mənə ancaq oğurladıqlarım maraqlı idi; burnunu hər şeyə soxan B.L.X. kartoçkamda adı yazılmış hər kitab haqqında gicbəsər sualları ilə zəhləmi tökməsəydi... 

Kitablara böyük həvəs saldığımı görüb B.L.X. mənimlə dostlaşmışdı. Açığı, dərin biliyinə görə bu qocaya həsəd aparırdım. Deyəsən, o, heç bunu hiss etməmişdi də.
Biz saatlarla, elə olurdu ki, B.L.X. –nin iş saatının qurtardığı axşam saat beşəcən, hər şey haqqında təngə gəlmədən o qədər uzun-uzadı söhbətləşirdik ki, evə gec qayıtdığım üçün əzilib-büzülərək valideynlərin danlağına boyun əyməli olurdum. Sovetlərin təzəcə dağıldığı, keçinin can hayına qaldığı həmin ərəfələrdə bizim B.L.X. ilə müzakirə etdiyimiz mövzular yəqin ki, hər kəsə son dərəcə mənasız görünərdi. 

Mənim şişirtməçiliyim öz yerində, amma B.L.X. doğrudan da qəribə adam idi. Bəzən elə olurdu ki, kreslosuna yayxanıb iyirmi dəqiqə tavana baxardı: uzunsov elektrik lampalarının ağ işığı mane olduğundan eynəyini gözündən götüüb əlində tutardı belə vaxtlar, eynək də səbrlə iyirmi dəqiqə boşluqda yellənərdi. Hər dəfə gəlib kitabxanada onu bu vəziyyətdə tapanda dilxor olurdum, çünki təxəyyülü ilə məşğul olanda B.L.X. mənə məhəl qoymazdı.

Açığı, bu qoca ifrat bilmişliyi ilə hərdən lap adamın gözündən düşürdü. Belə vaxtlarda mənə elə gəlirdi ki, bu qırışlı, yastı-yapalaq, təpəsindəki tükləri tökülmüş alnın altında ən vacib şeydən başqa hər şey var. Amma hər gün ondan öyrəndiyim kitab-kitab biliyin heç biri bir-birinin təkrarı olmurdu, bu biliyi ilə B.L.X. "Corpus Jaberanium”un müəllifini də rahat-rahat təəccübləndirə bilərdi.

Məndə bu cür qeyri-adi kitablara marağı da B.L.X. oyatmışdı. Latınca kitablar təzə-təzə nəşr olunmağa başlanmışdı. Ləlöyün kimi indiyəcən tanımadığım müəlliflərə cummuşdum. Xorxe Luis Borxesin bir kitabını təhvil vermək üçün masasının üstünə qoyanda B.L.X. eynəyinin üstündən kitabın adına nəzər salıb, zəndlə bir neçə an üzümə baxdı, bir qədər saymazyanalıqla, - hər halda onda mənə elə gəlmişdi, - yazı yazmağına davam edərək, sezilməz dərəcədə xəfif nifrətlə mızıldandı:

- Şarlatan... 

B.L.X. mənimlə yaş fərqini nəzərə almadan danışardı həmişə, bütün fikirlərini açıq-aşkar, necə var, elə də söyləyərdi. Mən indi onun bu dediyindən heç nə anlamamışdım. Birinci dəfə idi, hər hansı bir kitab haqqında bu cür nifrətlə danışırdı. Narazılığımı bildirmək üçün qımıldandım.

B.L.X. şəhadət barmağının oynağı ilə kitabın qalın, parlaq, quru cildinin üzərinə döyəcləyərək sözünü belə yekunlaşdırdı:

- Özün oxumusan da... nə yazılıb bu kitabda? Sonsuz vərəqləri olan bir kitab varmış... ha-ha-ha! Oğul, indi sən mənə de, əgər belə bir kitab varsa, - onu da deyim ki, mənim üçün heç fərq etmir, - belə bir kitab haqqında nəsə yazmaq hansı əxlaqa sığar? İkincisi, əgər bu kitab yoxdursa, - ki məncə yoxdur, - bu nə nağıldı? Üçüncüsü, lap deyək var, sənə, bax elə sənə - həmin kitabın özü maraqlı olardı ya o kitab haqqında hansısa şarlatanın yazdığı ədəbi mətn?

Onun bu yersiz müdrikliyi canımı elə sıxmışdı ki, başımdan elədim:

- Mən hələlik kitab yazmaq istəyirəm, sonrasına baxarıq.

- Həqiqət yazmaq üçün bəxş olunmur... İndi ki, gedirsən, deyim ki, nə qədər dəbdən düşmüş söz olsa da, "hər şey axırda əvvəlinə qayıdır” 

Bu söhbətdən sonra aramız soyudu. 

Mən ondan sonra da romanlar oxumağa davam edirdim. Amma içimə şübhə düşmüşdü. Olurdu ki, romanın ən şirin yerində qəfildən qabağına qara pişik çıxan adam kimi diksinirdim, B.L.X.-nin sözləri yadıma düşürdü. Get-gedə bütün kitablara bu cür şübhə etməyə başladım. Məndə belə bir hiss yaranmışdı ki, bütün bu kitablar sonsuz vərəqləri olan kitabın həyasızlıqla oğurlanmış səhifələridir. Bu fikir tədricən ağlımda möhkəm yer tutdu və bir-iki il sonra mən belə bir kitabın varlığına həqiqətən inanandan sonra qəribə elmlər haqqında araşdırmalara başladım...

II

Az-az olsa da, B.L.X.-nin kitabxanasına yeniyetmə qızlar da gəlirdi və kitab qoxusundan ehtiraslanan gənc adamın kitabxanada rastlaşdığı qızlardan birinə vurulmağı ən adi şeydir.
Kitab seçimini heç bəyənməsəm də, Sevdanın maraq və məhəbbətlə irilənərək zillənən işıqlı bəbəklərindən nə qədər desən kitab çıxarmaq olardı. Amma yenə də bu kitab seçmək məsələsi... Mən onda çox istəyirdim ki, B.L.X. ilə bizim söhbətlərimizdə üçüncü bir adam da iştirak etsin və haradasa belə bir dərrakəli qadının olduğunu fikirləşirdim. Bütün bu bitib-tükənmıəyən mövzuları artıq yaşlı B.L.X. ilə yox, yaşıdım olan gözəgəlimli, ağbəniz, nərmənazik, şux bir qızla bölüşmək istəyirdim. Bu istək çox şiddətləndiyi üçün mən əvvək-axır kimisə tapıb aşiq olmalı idim. Sevda ağbəniz, nərmənazik idi, səsində şuxluq əvəzinə çəkingənlik, özünəinamsızlıq vardı, amma onda mənim üçün hər şeydən vacib olan başqa bir cəhəti elə birinci gün sezməyim çətin olmamışdı: onda dalğınlıq halları tez-tez olurdu, belə hallarda ondan söz soruşanda eşitmədiyi üçün yanağı istilənib qıpqırmızı qızarır, çaşqınlıqla nəzərlərini sağa-sola yayındırırdı. Onu görəndə əl-ayağımı bir-birinə dolaşdırmağıma bəs eləmişdi bu. 

Sevda kitabxanaya elə də tez-tez gəlməzdi. Amma bircə dəfə onunla fondda birlikdə gəzməyə şansım olmuşdu. "Qədim nağıllar”ı axtarırdı. Gözündən yayınıb onun axtardığı kitabı gizlətdim. Vaxtı uzatmağa çalışırdım. Kitabları bir-bir götürüb-qoyurdum, özümü elə aparırdım ki, guya cidd-cəhdlə kitab axtarıram. Başımı qaldırmağa utanırdım. Duyuq düşdü. Tələm-tələsik bir kitab seçib, foeyə yönəldi. Əlimə keçən bir kitabı qapıb, arxasınca çıxdım.

B.L.X. Sevdadan kitabı alıb, cildinin arxasını çevirdi. Dodaqlarını təəccüblə büzüb, gülümsədi. Boylanıb kartoçka yeşiyinə göz gəzdirəndə kitabın adına göz atdım: "20 il sonra”...
İki il sonra Sevda Avropaya təhsil almağa getdi. Mən bir də onun haqqında eşidəndə Argentina səfirliyində işləyən tələbə yoldaşı ilə ailə qurmuşdu, Buenos-Ayresdə yaşayırdılar.

***

İndi uşaqlıq çağlarında mənə sehrli bir aləm kimi uzaq görünən Höttingen rəsədxanasında dissertantam. Bütün dünyada məni ezoterikanın ən məhsuldar tədqiqatçılarından hesab edirlər. Ra ilə əlaqə qurmaq üçün Misir piramidasında qadağa ayini icra etmiş yepiskop Alestio Baptistionun müəmmalı ölümündən sonra Ranın səs yazılarını saxlayan qardaşından müsahibə də almışam. Onu da deyim ki, mənəcən bu heç kəsə müyəssər olmamışdı.

Hesab edirəm ki, bunu etiraf etmək etikadan kənar sayılmaz: ezoterika deyilən şey cəfəngiyatdır. Bunu hər halda, hər kəs bilsə də, bir mütəxəssis kimi bunu etiraf etməyimdə düzgün olmayan nəsə olduğunu hiss edirəm, ümidvaram ki, bu həqiqətən qeyri-etik deyil. Dünyada sirr deyilən bir şeyin mövcudluğundan çoxdan əl üzmüşəm... 

Sabah-birigün bu qədim Höttingen rəsədxanasının professoru təyin olunacam, amma lənkərandanqalma bir mövhumatçılıq indiyəcən məni tərk etməyib. B.L.X. – nin sözlərini hərdən xatırlasam da, bunun məndə yaratdığı təsirin mövhumatçılığımla bağlı olduğu gün kimi aşkardır. Amma hər mövhumat kimi mənim də şübhələrimdə həqiqətəoxşar nəsə var. 

Bu gün mənim otuz üç yaşım tamam olur. Buenos-Ayresə dünən gəldim. Necəsə, Höttingendə daha dözə bilmirdim. Artıq bütün uğursuzluqlarımla barışacaq yaşda idim: beləcə, daha nə yeni bir riyazi formul kəşf etmək ehtirası, nə də Kerruak kimi dünyaca tanınmış bir romançı olmaq xəyallarının elə ancaq xəyal kimi qalacağını anlamışdım. Bu son şübhədən çıxıb biryolluq Bakıya qayıtmaq fikrində idim.

Amma içimdəki narahat səs kəsilməmişdi. Hələ beş-altı yaşlarından bu səs mənə dünyanın taleyini dəyişəcəyimi söyləyir. Hər halda otuz üç il...

Bu elə bir yaşdır ki, hər şeylə barışıb, adi bir heyvan kimi ölüb torpağa qarışmaq fikri daha adamı narahat etmir. Başa düşürsən ki, nə yazdığın romanlar, nə də başqa hər hansı bir icad səni xilas edə bilməz, hətta bu iddialı müasir elm ölümsüzlük iksirini kəşf etsə belə.

Bunların əvəzində daha böyük, amma sakit-sakit iynələyən bir əndişə oyanır zehində, adam özünü təlxək kimi hiss edir, tez-tez özündən soruşur: nə dünya dəyişdi, nə məndən bir zibil oldu, bəs bu komediya nə idi? Otuz üç ildi nə sayıqlayırdı bu səs?... Bu bəlkə də qisas almağa gücü çatmayan əbləhlərin fəlsəfəsidir, amma... bunda da həqiqətəoxşar nəsə var....
Dünən axşam Belqrano küçəsində Hikmətlə də görüşdük. Hikmət Sevdanın həyat yoldaşıdır. Mədəni oğlandır. Yaxşı ədəbiyyat bilicisidir, bir xeyli tərcüməsi də var, amma özünün yazmağı yoxdur. Türkiyədə yaşamaq planlarından və təbii ki, Kortazar və Borxes haqqında danışdı. Luis Borxes bir müddət indi şam etdiyimiz Belqrano küçəsində yaşayıbmış. Argentina Milli Kitabxanasına necə getmək lazım olduğunu izah etdi, Sevdanın da mənimlə gələ biləcəyini söylədi: özünün isə sabah işi varmış. Minnətdarlıq etdim, amma bir az dilxor oldum...

***

İspan bələdçi bizi dairəvi, qaranlıq bir otağa gətirdi. Elə təqribən Qız qalasının içərisi genişliyində idi. Divarda kitablar üçün rəf oyulmuşdu, iki-üç əsr yaşı olan cild-cild qalın kitablar muzeylərə xas səliqə ilə düzülmüşdü rəflərə. Rəfdən də yuxarıda divarın buz kimi soyuq daşları qırmızı parça ilə üzlənmişdi, parçanın da üzərində pərgarla çəkic sallanırdı. Sevda aramızda tərcüməçilik edirdi:

- Borxes hekayələrini burada yazırmış. Masonik simvollar, qədim kitablar, bu cür dairəvi hücrələr onun təxəyyülünə qanad verirmiş...

Həmin maraqla nəsə axtaran, uşaq təəccübü ilə yerində bir an sakit dura bilməyən parıltılı bəbəklər... 

- Borxesin bir şərqli bukinist dostu olub. Sağlığında bu otağa yalnız onun girməyə icazə verirmiş. Ah... Bu şərqli kişi ona qədim kitablar gətirirmiş, həmin kitabların bəzisi indi də muzeydədir, bəzilərinin isə yerini heç kəs bilmir. Hətta deyirlər ki, Borxes qələmə aldığı bütün əhvalatları həmin kişidən eşidib... 

Hekayənin sonluğunu yadıma salmağa çalışırdım: "...Yarpağı gizlətmək üçün ən yaxşı yer meşədir, mən də bu lənətli kitabı içərisində doqquz yüz min kitab olan Argentina Milli Kitabxanasında gizlətdim. Sağ tərəfdən pilləkənlərlə qalxırsan...”

Əlbəttə, o qədər sadəlövh deyildim, Borxesin uydurduğu bir nağıla inanaraq gəlməmişdim bura. Hər halda burda nəsə olmalı idi, başqa cürünü təsəvvür etmək istəmirdim. Soyuq-soyuq Sevdaya çöndüm:

- İs there a book among of them somewhere here? - əlimlə kitabları göstərdim. Qadın çiyin çəkdi. - Soruş... bu bukinist haqqında bir az geniş danışsın... 

Özüm isə saymazyanalıqla kitabları, çəkic-pərgarı, divara həkk olunmuş tamplier simvollarını maraqla nəzərdən keçirirdim.

- Deyir ki, burada heç nə danışa bilməz...

Diksindim, təəccüblə çöndüm. Qadın mənə vizitkartını uzatdı. Bir dəqiqəyəcən əlimdə tutub uzun müddət anlamsız-anlamsız qadının üzünə baxdım...

***

Anna şirindil, mehriban, həyat dolu qadın idi. Özünün dediyinə görə əlli üç yaşı vardı. Əslində ingiliscə mükəmməl bilirmiş. 

- Biz Borxeslə iyirmi ildən də çox birgə yaşadıq. Axırda hər şey üzə çıxacaqdı deyə, o çoxdankı rəfiqəsini razı salıb nikah kəsdirdi. Beləcə, biz münasibətimizlərimizi hamıdan gizlətdik, hər şeyi ört-basdır edə bildik. Nikahdan 4 ay sonra o, öldü. – Anna ağlamsındı. – Axır günlərində tez-tez yuxuda diksinirdi, hövüllənib tər içində oyanırdı. Bir dəfə lap möhkəm qorxmuşdu. Yatağın içində əllərimdən tutub yalvarırdı: Anna, Anna... Sən yaxşı qadınsan, mən danışacam sənə hər şeyi, danışacam... Mən günahkaram, Anna... İndi biz sonsuzacan əzaba məhkumuq... mən nəvələrimin də taleyini qaraltdım, Anna... Mənim minlərlə nəvəm... Onların hərəsi bir labirintdə azacaq...

Anna gözünün yaşını sildi, zorla gülümsəməyə çalışdı. Onun gülüşündə qorxunc, məşum bir şey vardı, adam lap ağlamaq istəyirdi. Acı likörü başına çəkib əllərimdən tutdu:

- O, axırlarda bərk qorxurdu... Mən indi də bunun səbəbini, onun mənə nə deməyə çalışdığını anlamıram. Onun vəsiyyətinə əməl edib kitabxanaya işə düzəldim. O deyirdi ki, bütün yazdıqları cəfəngiyatdır, kitabın əsli kitabxanadadır və mən o kitabı sahibinə qaytarmalıyam ki, onun ruhu rahat olsun. – Anna hönkürdü. – mən axı, hiss edirəm, hiss edirəm bunu... onun necə əzab çəkdiyini... hər gecə yuxuma girir, hər gecə.... Anna, kitabı sahibinə qaytar, yalvarıram sənə, Anna... Sonra ruh kimi də yox olur. Hövlnak oyanıram. Axı mən nə kitab, nə də onun sahibi haqqında heç bir şey bilmirəm. Tamamilə heç nə bilmirəm...

Burnunu çəkdi, için-için ağlayırdı, bütün vücudu əsirdi. Yüngülcə, məhəbbətlə əllərini sıxdım. Toxtayanda davam etdi:

- Mənə bir bukinistdən danışırdı... Ona qəribə kitablar gətirən şərqli qocadan. Və deyirdi ki, bütün yazdıqlarını məhv etsələr, o rahat ölə bilər... Amma artıq gec idi, bütün dünyada onun milyonlarla kitabı dərc edilmişdi. Qoca şərqli haqqında xatirələr ona əzab verirdi. "Anna... mən indi aydın görürəm, lap aydın dərk edirəm hər nəyi... Şərqli kişi sonuncu dəfə mənə xəbərdarlıq edəndə demişdi ki, sənin yazdığın hər hekayəyə görə dünyada bir insan doğulur, çünki bunları kimsə oxumalıdır, hekayə dünyaya doğulubsa, burulğan kimi özünə yol açıb öz qəbrini tapmalıdır. Bu qəbir oxuculardır... Gələcəyin oxucuları... Sən bunun məsuliyyətini hələ dərk etmirsən...Axı hələ heç kəs sonsuz sayda hekayə uydura bilməz... Anna, indi başa düşürəm, Anna... çox qorxuram, mən məmnuniyyətlə hər şeyi məhv etməyə razıyam. Onların hamısı azacaq, Anna...”

Yenidən ağladı. Belqrano küçəsinin işıqları sönəndə restorandan çıxdıq. Annanı evinə qədər ötürdüm. Metroda sonuncu dəfə ayrılanda məni möhkəm-möhkəm qucaqladı.

***

Lənkəran yağışlı yerdir. Dünyanın heç harasında çiskin bu qədər yeknəsəq və mehriban deyil. B.L.X. 2017-ci ilin dekabrında öldü. Dəfnə çata bilmədim. 

***

Milçək masanın üzərindəki saralmış kartoçkanın üzərinə qondu. Istər-istəməz kartoçkaya göz atdım, siyahıdakı birinci kitabın adını oxudum: "20 il əvvəl...”