Elnaz Eyvazlı. Şeirlər.

Elnaz Eyvazlı. Şeirlər.

Özünü hər şeydən çox sevdiyim torpağa,
pal-paltarını yetim-yesirə verdim,
savabdır deyə.
Sürüyə-sürüyə, birtəhər
böyütdüm balalarını,
yetim demədim.
Heç kimdən ölüsünün paltarını ummadım.
Heç kimin üstünə
bir tikə çörəkdən ötrü cummadım.
Amma bir gün oğlun:
"Evə yaxşı bax,
bəlkə, bir köynəyi qalıb,”- dedi sıxıla-sıxıla.
Yadıma düşdü ki,
şəhid köynəyidir – deyib,
lovğalanmışdı köynəyini geyən oğlan.
Şəhid oğluyam – deyə özünü öyən oğlan,
Atandan mənə heç nə qalmayıb,
nə paltarı, nə köynəyi.
Qalan bir sənsən,
bir də sinəmi deşən göynəyi.

Sənin ümidin...

Hər kişinin öləndən sonra
Qəbri üstə ağlayası
Bir qarapaltarlı, gözəl qadına ümidi var.
Ramiz Rövşən


Görəsən, sənindəmi ürəyində
belə ümidin varmı?
Səndəmi istəyirsən
öləndən sonra
qəbrin üstə bir qarapaltarlı qadın ağlasın?!
Anan belə kirisə, o qadın kiriməsin.
İstəsən də, gətirmə
bu arzunu dilinə.
Yara vurma səninlə
bir yastığa baş qoyan
o zavallı gəlinə.
Çünki o arzunun, o ümidin o tayında
yastığından uzaq düşən,
həsrətindən ürəyinə sazaq düşən,
tellərini saymadığın,
tumarını duymadığın mən varam.
Qaçacam ömür boyu
yaşadığım bu dərdlərin əlindən.
Sığınacam daşa dönmüş köksünə.
Soruşma ki, ağlamaqdan
yaş qalıbmı gözlərimdə?
Bu sualdan yağış dəymiş torpaq qoxdu.
Gözlərimin bulağında sənin üçün
ağlamağa yaşım çoxdu.
Nə ürəyin göynəməsin,
nə döymürəm qəbrini.
Bircə onu deyərsən ki,
mən bu qızın qədrini
bilməmişəm bəs niyə?
Niyə salıb tərsliyə
yandırmışam, yaxmışam.
Mən necə axmaqmışam...


***

Sən mənim ən yaxın dostumsan,
ən əziz sirdaşım.
Qarşında oturanda susmağı bacarmıram.
Elə hey boşaldıram ürəyimi.
Dilin yox, ağzın yox,
susub baxırsan üzümə.
Qələmin yox, kağızın yox,
Nə dediklərimi yazısan, nə də yozursan.
Hərdən mənim olduğuna görə sənə yazığım gəlir.
Hərdən də ürəyimi boşaltmağa  söz tapmıram,
İstəyirəm səni
ayağımın altına qoyub
özümü asam.
Mənim sevimli və lal yazı masam.

***

Yoxluğunu
birnəfəsə başa çəkmək,
üstündən
bir qurtum duzlu göz yaşı içmək.
Və...hıçqırmaq.
Hıçqıra-hıçqıra ağlamaq.
Sonra da...
Sonra da bunları
söz kimi qaytarmaq.
Qan qusana qədər.

***

Damarımdan çəkdiyin qanı
üç günə yoxlayıb:
"heç nə yoxdu,”- dedin.
Bəs necə yoxladın ki,
cəsarət çıxmadı?
Necə yəni heç nə yoxdu?
Bəs bu qədər yük,
bu qədər ağrı?
Hara gedəcək bunun axrı?
Çıxmadı, bir də yoxla.
Olmadı? Saxla,
göndədr İngiltərəyə.
Bəlkə, ingilislər tapa bildi
yaşadıqlarımı qanımdan.
Tapıb təmizlədilər, bəlkə,
bu ağrı çıxdı canımdan.

***

Qapını sən döyürsən,
mən uçuna-uçuna gəlib onu açıram,
sarılıram boynuna.
Gözlərimi, üzümü
sevincək uşaq kimi gizlətmək istəyirəm,
üz tutram qoynuna.
Əllərim əllərində uçunur bir quş kimi.
Hər gəlişin bax belə sevindirir qəlbimi,
qalxıram göy üzünə mən sanki bihuş kimi.
Öz isti ocağımız,
öz isti evimiz var,
bizimkidir dörd divar.
Suyumuz,çörəyimiz,
necə bəxtəvərik biz.
Sənin balalarının fədakar anası mən.
...Eh, bu zalım xəyallar
öldürür məni hərdən.