Elnur Nəhmət -

Elnur Nəhmət - "Gülnar" (hekayə)

2001-ci ilin yay ayları idi. Əsgərlikdən təzəcə qayıtmışdım. İki ilin ağrı-acısı canımdan çıxsın deyə bir həftə üzüqoylu düşüb yatdım. Bir həftənin tamamında oyandım və imtahanlara hazırlaşmaq üçün gecə-gündüz oxumağa başladım. 
Qəbul imtahanında yüksək bal topladım. Artıq gözləmək lazım idi. Nəticələrin elan ediləcəyi günədək dözmək lazım idi, nigarançılıqdan dəli olmaq dərəcəsinə çatmışdım. İçimdəki boşluğu necə dolduracağımı düşünürdüm.
Böyük qardaşımın bağışladığı cib telefonu dadıma çatdı.
Həmin illərdə "Radio Antenn" də tanışlıq mümkün idi. Telefon nömrən və adın səsləndirilirdi. Qərar verdim ki, şansımı yoxlayım.
Aparıcı nömrəmi deyən kimi ürəyim çırpınmağa başladı. Qıpqırmızı qızardım. Tez telefonu söndürüb yerimə girdim. Yuxu məni apardı.
Neçə saat yatdığımı bilmədim. Zəng səsinə oyandım. Ekranda öz nömrəmi görürdüm. Bir neçə dəfə baxdım. Sən demə, bircə rəqəm fərqli imiş.
Aman allah! Səsdəki gözəlliyə bir bax! İlk dəfə idi ki, bu gözəllikdə qadın səsi eşidirdim. Adının Gülnar olduğunu dedi və tanış olduq.
İlk sevdiyim Gülnarın səsi olmuşdu. Günlər keçdikcə onu bütün varlığı ilə sevməyə başladım. Bir-birimizə o qədər isinişdik ki, harada olduğumuzu, nə yeyib-içdiyimizi, gündəlik qayğılarımızadək - hər şeyi bölüşdük. 
Məktəbə qəbul olmuşdum. Artıq bu xəbər belə Gülnara olan sevgimin qarşısında cılız görünürdü.
Görüşmək üçün münasib vaxtlar çox olurdu, amma ikimiz də bundan çəkinirdik.
Nəhayət, bir gün görüşdük. Gülnar təsəvvürümdə canlandırdığımdan tamam fərqli idi. Onun uzun qaşları, qapqara saçları və gözləri, qarayanız çöhrəsi, sol qaşının altındakı xalı ... 
Gülnar məni başdan-ayağa süzüb gülməyə başladı. Mən də ona qoşuldum. İranlıya, hind aktyorlarına bənzətdi məni.
Gülnarın atası varlı bir iş adamı idi. Qonşu ölkələrdə,şəhərdə ticarət obyektləri,özəl xəstəxanası var idi.
Onun bütün istəklərini sözsüz yerinə yetirirdi.
Gülnarla münasibətlərimiz get-gedə dərinləşirdi. Bir-birimizi dəlilər kimi sevirdik.
Gülnar xəyallarında quracağımız ailəmizdən danışardı. Bir qız, bir oğul istəyirdi. Körpə balası ilə danışan anaları təqlid edərdi.
Tez-tez görüşmək üçün universitetə gələrdi. Hətta sinif otağına da girər, mənimlə oturardı. Qızların bir neçəsi ilə münasibət qurmuşdu. Dərsdən sonra bulvarda, ya da bağda saatlarla söhbət edərdik.Hər görüşdə də anamı görmək istədiyini israrla xahiş edərdi.
Bir dəfə valideynlərlə görüş planladıq. Əvvəl onlara, sonra bizə getməli idik. Düz bir ay görüşə hazırlaşdım. 
Anası qarşıladı bizi. O gülərüz qadının gözlərindəki kədər idi,yoxsa əsəb, anlamadım. Gülnar atasını yan otaqdan çağırdı. Ağır addımlarla bizə yaxınlaşdı. Gülnarı öpüb mənə əl uzatdı. Əllərimi bir xeyli buraxmadı. Üzümə diqqətlə baxdı, baxdı,baxdı...
Birlikdə xeyli söhbət etdik. Gülnarı sevdiyimi dedim. Onunla evlənmək istədiyimi, atamla anamın tezliklə elçi gələcəyini bildirdim.
Həmin gecə Gülnarın şən gülüşünü səhərəcən dinləməli oldum. Çünki valideynləri məni qonaq saxlamışdı. İlk tanışlığımızdan, Sahil bağında öpüşdüyümüz üçün polisin bizə sərt baxmasından, qrupdakı qızların ona nifrət etməsindən...
Birinci kursu bitirdikdən sonra tətil vaxtı Gülnarı evimizə gətirdim. Anamla xeyli söhbət etdilər.Anam çox sevinirdi,çünki Gülnardan xoşlanmışdı.
İkinci kursda oxuyanda anamı və atamı onlara apardım. Biz həyətdə Gülnarla söhbətləşdik. Anam iki saatlıq söhbətdən sonra çölə çıxıb getmək istədiyini dedi. Əvvəlcə Gülnarı, sonra da məni qucaqladı. Anamın gözləri qızarmışdı. Ağladığı məlum idi, sevindiyi üçün belə edirdi.
Nişan məclisini təmtəraqlı etmədik. Bir- iki qonaq və özümüz.
Toyumuza bir ay qalmış həkim müayinəsindən geçməyə qərar verdik. 
Gülnargilin xəstəxanasına getdik. Bizi yoxladılar. Analizin cavablarını sabah deyəcəklərini bildirdilər.
Səhəri gün xəstəxananın qapısı bağlı idi. Lakin içəridə həkimlərin olduğunu görüb qapıdan çəkilmədim. 
Sonra baş verənlər oxucunu üzsə də, həqiqəti deməliyəm. 
Sən demə, yeddi il əvvəl Gülnar xərçəng xəstəliyinə görə əməliyyat edilibmiş. Həkimlər əməliyyatdan sonra onun ən azı on il də yaşayacağını deyiblər. Lakin dünənki müayinə daxildəki şişin on gün ərzində Gülnarı öldürəcəyini göstərib.
Onlara getdiyim ilk günü, anasının üzündəki ifadə,atasının əlimi buraxmaq istəməməsi,anamın onlarda olarkən ağlaması gözümün önünə gəldi. Məndən başqa hamı olacaqları bilirmiş!
Son on günü Gülnarın yanından ayrılmadım. Biz həmişəki kimi deyildik. Artıq o şən söhbətlər qeybə çəkilmişdi.
Bütün günü əl-ələ tutub saatın çıqqıltısına qulaq asırdıq, bu səsi istədiyimiz şəkildə hecalara bölərək deyirdik: da-yan, get-mə,da-yan-get-mə...
Gülnar son nəfəsində anamı çağırdı. Qulağına nə isə pıçıldadı...