Elnur Nəhmətov -

Elnur Nəhmətov - "Leyla" (hekayə)

İlk görüş

Lap yaxında görünən dağlar, upuzun çinarlar, küçənin ortasıyla axan dumduru su, göy üzündə o yan-bu yana uçuşan təyyarələr, top səslərilə açdığımız o səhərlər və Leyla.
Leyla Qarabağa qonaq getdiyimiz evin qızı idi. Ağappaq üzü, sarı saçları, siçan gözlərinə bənzəyən mavi gözləri, xırdaca burnuyla ilk tanışlığım da həmin gün oldu. O, maşından düşən kimi əllərimdən tutdu. Özünə sarı çəkib siçanabənzər dodaqlarıyla məni öpdü. Leylanın üzünü ağappaq siçanın üzünə bənzədin, həm də ora sarı çillər qatın. Leylanın saçlarına sarı deyirəm, əslində qırmızıya çalan sarı rəngdəydi.
Rəngimin qaralığından həmişə utanmışdım, Leylanın məni öpdüyü an lap çox utandım. Bu gözəllikdə qız mənim kimi eybəcəri, qarabalanı niyə öpsün axı?!
Axşam yeməyində bir tərəfdə onların ailəsi, bir tərəfdə də biz bardaş qurduq. O, qaşığı ağzına aparanda belə gözlərini məndən ayırmırdı. Yazıq-yazıq ona baxıb məndən kənar dur demək istəyirdim. Mənə elə gəlirdi ki, hamı bizə baxır. Ondan xoşlandığım üçün utanırdım, yoxsa rəngimin qara olduğu üçünmü, bilmirəm...
Bir tərəfdən də atası Leylasını əzizləyirdi: şirin qızım, birdənəm, şahzadəm...
Qəfildən ağlamağa başladım
Səbəbini dedim, özü də içimi çəkə-çəkə. Leylanın mənə baxmağından hamıya şikayət etdim. İçdən ağlayırdım, lap içdən.

 2-ci görüş

Leylagil 1993-cü ildə qaçqın kimi bizim evdə məskunlaşdılar. Hər şey yuxu kimi gəlirdi mənə. O mavi gözlər indi ağlamaqdan qıpqırmızı olmuşdu.
Atam həyətimizdəki damı təmir etdirib onlara verdi. Leylanın atası da ,anası da gecə-gündüz çalışırdı. Övladlarını korluq çəkməyə qoymurdular. Onlarda bişən yeməklərdən biz, bizdə bişən yeməklərdən isə onlar yeyərdi. Bir ailə kimi olmuşduq.
Hardasa , üç ay ərzində həm Leyla, həm də qardaşları ilə əyləncəli günlər keçirdik, Leylanı daha çox sevdim. O yenə də dəcəl gözlərilə məni gözdən qoymurdu, amma öyrəşmişdim.
Leylanın atası imkanlı olduğu üçün bizlərə yük olmaq istəmədi. Onlar şəhərə köçdülər.

 3-cü görüş

2000-ci illərin əvvələrində Leylagil bizə qonaq gəldi. 
Leyla artıq böyük qız olmuşdu. Daha da gözəlləşmişdi. Yanaqlarındakı çillər həmişəki kimi deyildi, çoxu çəkilmişdi. 
Qardaşları onu qısqanırdı. Bizi söhbət etməyə qoymurdular.Əslində, həmin vaxtlar başqa qızları sevirdim, sayı-hesabı olmayan onlarla qızı. Kədərli səhnə idi. 
Həmin gün xeyli zarafat etdik. Uşaqlıq xatirələrimdən boylanan o hislərimi boğdum. Onu sevdiyimi deməyə cəsarətim çatmadı.

Son görüş

Ali məktəbi bitirib kəndə qayıtmışdım. İşləmək, evlənmək haqqında düşünürdüm.
Leylagil yenə də qonaq gəlmişdi. 
Gözlənilməz görüş, heç bir filmdə , əsərdə oxumadığım bir görüş.
Artıq Leyla aramızda olan platonik sevgidən elə ürəklə danışırdı ki, evdə olan hər kəs uğunurdu. Mən isə yenə də ilk görüşdəki kimi ağlayırdım.
Bu dəfəki gəlişdə Leylanın yanında özünə bənzəyən körpəsi və həyat yoldaşı var idi.