Elşən Böyükvənd.  Ayıtmaq (Siyamək Mirzayi üçün şeir)

Elşən Böyükvənd. Ayıtmaq (Siyamək Mirzayi üçün şeir)

İşıq əksik olmaz ərənlərin gözündən
Göyün üzü üzünü üzərsə gözündən
Əlində bulud topaları qalar
Əlində qar, yağış, dolu qalar

Yay əriyər, damarsa əlindən
Sən bir qıyhanın kürəyində gedərsən
Dodaq dəyməz bir bayatının dodağından qoparsan
Səsin çaxmaq daşlarında itilmiş
Səsin qadın saçları ilə hörülmüş
Səsin çəkiclə öpüşlə döyülmüş
Qırpınca səsini
Uru durar nəsnələr
Və diksinər bütün güzgülər

Göy üzünü torpaqdan sürməkmi olar? 
Dilimdən adını dərməkmi olar? 
Gözün yaşı ilə qırlara yağmaqmı olar?
Dayan, tövşünü çiçəklər dərsin
Dayan, tərini küləklər silsin

Suyun səsidir səsin, qandallanarmı?
Dilinin bulağını ələmək olarmı?
İşığı günəşdən çalmaq olarmı?

Dayan, boyuna günəş sarılsın
Dayan, sorğunu Tanrı ayıtsın.