FIYT-FIYT (Povest)

FIYT-FIYT (Povest)

Bəxtiyar Hidayət

Şair məclisi ki belə ürəkaçan, gətir-götürlü, dəm-dəstgahlı, hay haraylı, haqq-hesablı gördü- məclisə dəvət  edilməyini eşidəndə donq-donq  donquldanmasına peşman oldu.  Təxminən  bu cür donquldanmışdı şair:
-    Kopolunun camaatı lap ağını çıxarıb ee. Adam nə qədər toya gedər, nə qədər vaya gedər. Bu yandan da ad günü, nə bilim əsgər yola salma, əsgər qarşılama, nişan, bəlyə, nə bilim zir-zibil, zırt-pırt. Hələ eləsi var alayarımçıq bir toy eləyir, toya yığılan pulnan öy-eşiyini də qaydaya salır, qızıl-mızılın nisyəsini də ödəyir, optavoyun borcunu da ödəyir . Guya xalqın buna borcu varmış. Hələ buna da dözmək olar ee, zülüm Rusetdən gəlib burda sünnət edənlərdi. Hay-huy Maxaçkala- toy, düdük, sonra da varid oldu Ruset xarabaya.  Bir də uşağın böyük toyunu eləməyə gəlir bura. Daha camaatın borcunu qaytarmaq zad heç yadına da düşmür.
   Bir siqaret yandırıb donquldamağa davam etdi:
-    Deyən ola a kopolu, sənnən sinif yoldaşı olduq xatayamı düşdük? Sənin çırtımının nə qədər tədbirinə gəlməliyəm hələ mən. Bax, anadan olanda doğum evinə getmişəm, həkimlərə görüm-baxım eləmişəm. Sonra 40- ı çıxdı uşağın- apardıq hədiyyəsini verdik. Iki-üç gün keçməmişdi xəbər gəldi ki adqoydu edirsən durub-durub uşağın 40-ı çıxandan sonra. Guya ki bunun babası Makedoniyalı İsgəndər zad olub ee. Uşağa Xır-Xır İsgəndərin adını qoyduğu yetmir, hələ bir  dəm-dəsgahla adqoydu da keçirir. Bə cəhənnəm sonra yaşına da getdik-daha böyük hədiyyə ilə. Aparıb bir qızartdaq toğlu verdim . Indi də iki yaşını keçirir uşağın. Gələn il üç yaşı olacaq. Utanmasa  dörd illiyini də keçirər axmaq oğlu uşağın. Sonra çağıracaq ki bəs uşaq məktəbə gedir, tədbirə gəl. Guya bunun oğlu gedib oxuyub Sokrat zad olacaq. A sənin varyoxuna  lənət-bə bizimkilər uşaq deyil dovşan balasıdımı? Cəmi  ikicə dəfə olmusan mənim xarabamda- onda da qızlara ad günü keçirmişəm. Özü də mən ad günü zad keçirən deyiləm ee. Sadəcə sən və sənin kimi ağzıcırıqlar deyəcəkdilər ki bəs qız uşağını istəmirmişəm guya-buna görə də ad günü keçirmirəm. Guya özləri oğul olub bir poxa dərman olublar, indi də yetimləri oğul olacaq.  Elə indi də getməsəm deyəcəklər ki bunun oğlu yoxdu deyə eləyir.  Bir iki sünnət toyundan qalmışam, əlli şunquruq qoşub kopayuşağı- guya ki mən demişəm  özüm  qapımda sünnət toyu çaldırmayacam deyə  sünnət toylarına getməyəcəm.  Yahu , bunlar nətəri cammatdılar-mən dəli olacam.  İt oğlu it- düz uşağın sünnətinə qədər uşağa ad günü keçirəcək bu gedişnən -bəs deməzənmi ayə, sünnətdi , gəl. Uşağı müsəlman edirik. Guya dünyada müsəlman azlığıydı. Guya müsəlman olmaq elə şeyinin başı kəsilmək demək imiş. Bunun da toya yazılmağı bir ayrı, uşağın əlinə pul verməyi bir ayrı, uşağın şeyini küldən çıxarmaq da bir ayrı. Sonra da papağı hərrəyəndə bir də gördün dövr keçib gedib-səni dəvət edirlər bunun çırtımının on bir illiyi bitirməsinə görə düzənlənmiş məclisə. Sonra da oxuyan zibil olsa  və insituta zada girsə gərək o tədbirə də gedib əməlli-başı tərrəyəsən. Sonra bunun əsgər getməyi var, əsgərlikdən gəlməyi var. Daha sonra da elçiliyi, bəlyəsi, nişanı, toyu. Mən elə bu kopolunamı çalışmalıyam ömrü boyu?
    İt uşağı hər cürə bəhanə tapır ee, xarabasında həştü-hüştü məclisi qurmaq üçün, pul yığmaq üçün. Utanmasalar küçüklərinin qulağını kəsmələri münasibətilə də bir zırıltı məclis qurallar.
Arvad şairi danladı bir az:
-Şair, getmirsən getmə də. Daha xalxın tədbirində nə işin var? Belə deyinməyin düşər-düşməzi olar.
-Aaz, sən kiri ee, sən kiri.  Məni dəli eləmə görək- buna bax ee, evimdə mövhumatçı saxlayıram sən öləsən. Az, nə düşər –düşməz?
Arvad öz-özünə deyinə-deyinə aralandı:
-Allah vurmuş yenə başladı. Guya  bircə bu ağıllıdı, qalan hamı dəli zaddı. Kül başına , bir get onun da  öy-eşiyinə bax, özünün də.
Şair bunu eşitdi və cumdu arvadın üstünə:
-Ay həyasız, demişəm məni heç kimnən müqayisə eləmə. O yaxşıdi mənnən eləmi? Rədd ol boşan get onun arvadı ol.   Tüpürüm onun öyünə də eşiyinə də. Axşama  kimi sülənir  Prağraf Əsgərin yanında. Nədi-nədi bir-iki torba sement qırpıdacaq. Elə şeyə qalsa mən indi villa tikdirmişdim burda. Bir az yaltaqlıq edib düşərdim prezident təqaüdünə-sonra rayonda qabağıma kimi çıxa bilərd. Kimnən nə istəsəm verərdi. Bizim qadınlar belədi də, azca qadınlığının dəyərini bilib qiymət verdinmi minməyə çalışırlar adamı.  Illah da ki bu boyda bir diplomu ola( .air sağ əli ilə sol əlinin biləyinə kəsmə zərbə vuraraq "əl boyda diplom” demək istəyirdi) lap minəcəklər adamı. Bir belə şeylərini salamat saxlayıblar deyə( şair indi də sağ əlinin baş barmağını və şəhadət barmağını birləşdirib bir işarə göstərdi), dağ boyda adamları çürüdüb öldürürlər.
-Kiri əə, kül sənin də başına onun da. Mən olmasam ölmüşdün ay bədbəxt-görürdüm dəə, pasana oxşayırdın. Əynin-başın tökülüb-gedirdi. Sən ancaq özünü düşünürsə elə. Bütün   günü yaz ha yaz. Içindən də bir şey çıxmır. Prezident təqaüdünə zada bax. Uşaq acından qırılır bu əqidə yedirdir uşağa. Odey şair Aparat müəllim kimi olar. Bütün günü İtevedədi.  Sözü keçir, iş düzəldir, ağlı üstündə başı üstündə. Daha səni kimi  səsi türmələrdən gəlmir.
- Ay bala, sənə demişəm məni heç kimnən müqayisə eləmə. O Aparatın da  heç adını çəkmə mənim yanımda. Hələ bir ləqəbinə bax də onun- Aparat Qoruyucu.
-Vətəni qoruyur də.
-Ay yazıq səni necə başa salım ki ayrı cür də qoruyucu var.
- Bostan qoruyucusu olmayacaq ki, Vətən qoruyucusudu yəqin.
-Dünyaya hələ beləsi gəlməyib.  Gör kimi nümunə göstərirsən ee mənə. O müxalifətdə olanda şiə namazı qılırdı, iqtidara keçəndə  sünni namazına keçdi. Gündə iki namazı bu yandan atrdı-sonra da pulu, parası artdı. Hələ maşın da verdilər- guya dövlət maşın verib ona. Ancaq maşının pulunu rayonun səni kimi qoyun müəllimlərindən, həkimlərindən yığdılar. Birciyəziniz mıkk edə bilmədiniz. Qoruyucu müəllim sizin səbəbinizə maşın sürür, siz də onna fəxr edirsiniz. Ləqəbə bax e- Qoruyucu. Sonra kənara dedi:
-Yox bir prezervativ.
-  Prezident olmasa da deputat olacaq o. Camaat onun şeirlərini oxuyur, pisdi niyə oxuyullar? Sənin də bir şeirin televizora çıxsın dəə.
Şair lap hirsləndi və təzə kostyumun düymələrini  dartıb qırdı. Sonra da kostyumu soyunub aldı ayaqlarının altına, dəli inək balasını çığnayan kimi çığnadı kostyumu.
Arvad:
-Əə  devit be, indi nəynən gedəcəksən məclisə?   Maman aldığı kostyumdamı gedəcəksən? Arxip babaya oxşayırsan ee o kostyumda.
-Ay sənin nəslinin arxivinə lənət, əl çək yaxamdan.
  Şair bunu deyib cumdu irəli-amma arvadı vurmaq onluq deyildi- bir elə ağlayacaqdı ki bir saat kiriməyəcəkdi.  Axırda da qonu-qonşu bura töküləcəkdi. Sonra da gəl onların danlaqlarına döz, məsləhətlərini it zülmü çəkə-çəkə dinlə. Başladı əlinə keçən qab-qacağı qırmağa. Bununla da ürəyi soyumadı-başladı başını divara döyməyə. Bu sahədə ixtisaslaşmışdı və başının önündə xüsusi bir fır əmələ gəlmişdi. Hətta arvadla araları yaxşı olanda zarafatla deyirdi ki daha mitinqdən zaddan qorxum yoxdu-çox sağ ol, məni məşq elətdirmisən, dubinkalar başıma heç zad edə bilməz, həm də hansı polisə kəllə vursam kəlləmayalalq gedər.
  Arvad da tez teefona cumdu. Bu dəqiqə həm  şairin atası evinə zəng edib  "bu dəlini” sakitləşdirmək üçün hamını iclasa dəvət edəcəkdi. Işini bilən şair öz telefonunu söndürdü və tez-tələsik evdən çıxdı və evə gələn telefon xəttini də bayırda elə yerdə qırdı ki arvad elə biləcəkdi telefon xarab olub. Çıxanda da:
-Bir də qayıtmayacam bu xarabaya. Uşaqlar da böyüyəndə başa düşəcəklər məni. Ifritənin biri ifritə- gör kimi tərifləyir mənə. Guya  Aparatda ağıl var, amma mən dəlixanadan "devit be” kağızı almışam.  Tfuuuu, tfuuu, qələmin qırılsın Tanrı, gör mən kopolu ömrümü kimnən çürüdürəm. Düşmən ocağımın başındadı.
-Elə sənin qələmin qırılsın. Moşu!
Şair  bir istədi "nədi a Söylü” desin, amma qərarından vaz keçdi və bacardıqca tez çıxdı evdən- təcili içmək lazım idi. Özü də çox içmək lazım idi.
-    - -
  Məclisdə iki cür araq vardı-hökumət arağı və tut arağı. O da məlumdur ki bizdə təmiz hökumət arağı tapmaq təmiz hökumət adamı tapmaq kimi bir şeydir. Elə şair də bu barədə deyirdi ki- hökumət adamınnan sadə adamın fərqi elə hökumət arağınnan çəkmə arağın fərqi kimidi.
 Və şair girişdi tut arağına- çappala-ki çappala, çabala ki çabala. Nə qədər içsə də hökumət arağı içənlərə baxanda hələ özünü tarazlayırdı. Belə əsəbi anlarda araq bir elə də tutmurdu onu adətən.
  Belə məclisləri yola vermək üçün bir-iki şeiri də vardı ki o şeirləri kitaba-dəftərə salmazdı. Elə məclisdə deyib əhsən və ehsan qazanardı. Qərəz şeirə təzə başlamışdı ki zəng gəldi şairə və o bayaq telefonu açdığı üçün ürəyində bir xeyli yamanladı özünü.
  Zəng paytaxtdan gəlmişdi- Şairin Qoturalı dediyi  istedadsız amma bacarıqlı bir söz sahibi idi:
-Qardaş, təzə sayt açmışıq, əyalətin ədəbi durumu haqda təcili yazı lazımdır.
Şair nə qədər elədi işi sabaha keçirə bilmədi-Qoturalı dirəşdi ki gərək  iki-üç saata yazı əlimizdə ola. Şair ona yolavermək janrında bir "yaxşı” dedi.
 Amma bir də onda ayıldı ki necolubsa məclisi tərk edib də özünü yetirib internetkluba. Yəqin birdən beyninin qurdu qımıldamışdı ki ayə, bəs oxunaqlı bir saytda çap olunmağın nəyi pisdir. Tut arağından da maraqlı şeylər var şair üçün bu fani dünyada.
  Heç bilmədi nə yazıb, nə göndərib. Internetklubdan çıxanda da onu əsərləndiyini görüb heç bir marşrut saxlamadı yolda və şair də söyüm-söyüm söyləndi:
-Budur də, budur millətin şairə münasibəti. Içəndə noolur əə, gic oğlu gic, kimin toyuğuna daş atıram axı. Mən toyuğa daş atanam, ay peysər, sənin yolunda itə daş atıb türməyə düşmüşəm ee.
 Elə bu vaxt da tanış tır-tır şoferi saxlayıb onu zor-bala mindirdi tır-tırın kars qədər daracıq kuzasına. Amma şair elə bildi təkadamlıq karsda yox-barakdadı- yəni  marşrutdadı və hətta qalxıb bir qadına yer də verdi. Marşrutda da ağzını "camaat”dan aralı tutmağa çalışdı. Evə çatınca yelləndi beləcə və bir az ayıldı.
 Külfət səbirsizliklə onu gözləyirdi-arvad uşaq elə qarşıladı elə bil illərin həsrətlisi idilər.  Guya heç səhər-səhər dava-dalaş olmamışdı. Arvad başına-ayağına elə dolandı elə bil şeirlərindəki pərvanələrdən idi və şair özü də şam idi.
  Məlum oldu ki nə şairin atası evindən nə də arvadın atası evindən "iclasa” gələn zad olmayıb.  Sonra da arvadın acığı keçib gedib və o da məlum oldu ki sən demə şair içkili olanda daha yaxşı adam olurmuş. Deyib-gülürmüş, diqqətini ailəyə yönəldirmiş, ədəbi aləmin umu-küsülərini, dərdini –kədərini evdən qovurmuş. Həmçinin ad günü barədə də arvadın bütün suallarına cavab verə bildi şair-evdə təzə nə yenilik var, uşağın anası nə geyinmişdi, qonaqlar kimlər idi, serial vaxtı qadınlar neynədilər və sair. Əlbəttə bəzi sualalrın cavabını şair özündən quyraldıb deyirdi.
   Səhər saat 11-ə qədər yatan şairi yuxudan Qoturalının zəngi ayıltdı:
-Qardaş, bilirsən noolub? Bomba partlayıb ee, bomba. Artıq üç min oxucu var, şərhlər dağıdır. Aləm dəyib-bir-birinə. Sənin bir-iki yerlin zəncir gəmirir. Əladı hər şey-əsl qalmağal yaranıb.
-Ayə, bir ətraflı başa sal görüm nə qalmağaldı bu qalmağal.
-Ay ayrım, get gir sayta-sənin yazın əla alınıb, təbrik edirəm.
-Hansı yazı?
-Dünən göndərdiyin dəə-  Kənd Təsərrüfat nazirinə məktub.
Alayarımçıq yadına saldı şair dünən internetə getdiyini.
Qoturalı üyüdüb-tökürdü:
-    Deyəsən axşam çox vurmusan haa. O tutovkadan bizə də göndərsənə.
-    Yaxşı, tapan kimi göndərərəm. Bəri bax, məzələnmirsən ki!
-    Yox sən öl. Əla bir yazıdı.
Sonra da telefonu söndürdü şair-nə vaxt Qoturalı zəng etsə deyəcəkdi ki bəs bağışla, zaryadka qurtardı o dəfə.
 Dəyişəyini tezbazar əyninə keçirib aradan çıxdı şair-düüz internetklub hardasan.
-    - - -
Bəh-bəh, yazı yazı ha deyildi, quş iliyi-can dərmanı. Şair demək Aparat müəllimə görə ki başını divara nə qədər döymüşdü, bunun hamısının heyfini çıxmışdı bu yazı ilə. Yazı təxminən belə bir yazı idi:
KƏND TƏSƏRRÜFATI NAZIRINƏ MƏKTUB.
 Hörmətli İsmət Abbasov. Sizin son dövrlər kənd təsərrüfatının dirçəlməsi sahəsində göstərdiyiniz çabalar çox təqdirəlayiqdir. Siz istəyirsiniz ki ölkəmiz yalnız neft-qaz ölkəsi kimi deyil, həm də mal-qara, qoyun-keçi, quzu-çəpiş ölkəsi olsun. Hələ heç eşşəyi demirəm. Almaniyadan 39- 42 min manata gətirdiyiniz eşşəklər lap könlümüzü açdı-axı bu Vətən 39-42 paraleldə yerıəşir və  demək o eşşəklərə qoyulan qiymət vasitəsi ilə siz bu Vətəni nə qədər sevdiyinizi sətir altında demisiniz. Əhsən, əhsən və əhsən.

Amma sizin bilmədiyiniz bir problem var ki, yekəxanalıq da çıxmasın onu bircə mən bilirəm.

  A başına dönüm, sən hardan biləsən ki kənd təsərrüfatının inkişafinı əngəlləyən əsas  amil əyalət şairləridi. Vallah doğru sözümdü-məhz əyalət şairləri-and olsun padşahın başına. Əgər sözlərim sənə və yaxud sizə qəribə gəlsə zəhmət çəkib məqalənin arxasını oxuyun və bilirəm ki, oxuduqca deyəcəksiniz-hayıf bu  ayrım balası əla bir kənd təsərrüfatı mütəxəssisi ola bilərdi, getdi şair oldu. Necə ki Mauqli barəsində ayı deyir-hayif, ondan yaxşı bir ayı ola bilərdi.

Çox da çərənləmək istəmirəm, keçək izaha.

Deməli belə-yəqin ki sizə də məlumdur ki  bizim saz-söz yurdu həm də  əla bir kənd  təsərrüfatı rayonudur. Burda ürəyin istəyən qədər mal-qara, qoyun- keçi saxlamaq olar. Həmçinin xiyar, pomidor, yemiş, qarpız becərmək olar. Hələ mən vaxtilə 2000 işçinin çalışdığı Konserv zavodunu demirəm. Hansı ki o konservzavodu məhz ordakı çənlərin dibindəki almaza görə icra başçısı Əsəd  müəllim doğram-doğram elətdirdi.

   Sözüm onda yox.  Bizim öyümüz  onda yıxıldı ki Aparat Qoruyucu (məhz belədi ləqəbi, əziz nazir. Guya Vətən qoruyucusudu. Amma el arasında prezarvativ də deyillər ona-ifadəmə görə üzr istəyirəm) AYB-nin zona filialının sədri oldu. Ondan əvvəlki sədr avara-uvara şairlərin heç birini filialın həndəvərinə də buraxmırdı. Elə ki Aparat keçdi iş başına bizim başımıza əməlli-başlı iş gəldi.   Qarğıdalı tarlasını çayir necə basdı bax bizim rayonu da şair öyləcə basdı . Hətta  möcüzələr baş verdi-70 yaşlı qocaman kommunistlərə də vergi verildi. Xalx dövlətə vergi verəndə Allah da bu şairciklərə vergi verməyə başladı. Hər tədbirdə ki S.Vurgunun heykəli önünə gül qoymaq lazım gəlirdi elə bilirdim mitinqdi. Bir sürü şair çıxırdı tədbirə. Mən özüm də müxalifətçi oldugum üçün ha istəyirdim hoppanib urra-urrrra deyəm, görürdüm yox, bu xına o xınadan deyil.

  Sonra Aparat başladı bu şairlərin kitablarını çıxartdırmağa. Və əsl həngamə də bundan sonra başladı. İndi elə gətirib ki bir bordaq danaya bir kitab çıxartdırmaq olar. Hələ yüksək poliqrafik səviyyədə kitab çıxartdırmaq istəyirsənsə bir dalıbuzovlu inək də bəs edər. Heç qısır inək də pis olmaz.

  Hörmətli nazir deyəsən yavaş-yavaş məni başa düşürsünüz. Təsəvvür edin Aparatın sayəsındə hər kəndində ölən yeri 50 adama Allah vergi verib.Və bu Allahdan vergi alanlar hərəsi ildə 2 kitab çıxartdırsa gör  bu gözəl diyarda  iribuynuzlu mal-qaramı qalar. Qalan olur iribuynuzlu şairlər ki onlardan da nə bala almaq olar,nə süd,nə yağ,  nə də qatıq. Alınan olur qatıq-qatıq şeirlər.

Həə, heyvandarlıq belə getdi. Hələ dalısına qulaq verin.Və burdan beləsini Korrupsiyaya Qarşı Dövlət Komissiyasına, DİN-ə, Ərzaq təhlükəsizliyi üzrə QHT-lərə də bildirin

Bir belə kitabı kim alar. Aparat bu kitabları paylayır kənd icra nümayəndəliklərinə, polis şöbəsinə, maarif şöbəsinə, hərbi hissələrə, baxçalara və s. Nəticədə nə baş verir-kənd icra nümayəndələri bir arayişın üstünə də dədələrinin qiymətini qoyur.

Hələ bir ZAQS-ı elə qiymətə kəsirlər ki sanki Qordi düyünü –zad kəsirlər .Polislər kitaba görə onlardan çıxılan pulları vətəndaşlrdan çıxartmaq üçün doluşurlar bazara. Biri süd satanı soyur, biri xiyar satanı, o biri də pencər satanı.Yazıq süd satanlar da məcbur olur südə su qatır. Yazıq xiyar satan da məcbur olur xiyara sünnət edir.Yazıq pencər satan da məcbur olub pencərin gözünə ot-ələf qatır. Kartofçu əmilər məcbur qalıb kartofa o qədər azot vururlar ki sanki sabun yeyirik və içimiz də beləcə təmizlənir. Həmçinin  atmosferimizin  78 faizi  azot olduğu kimi qidamızın da 78 faizi azot olur.

Hərbi hissə komandirləri başlayır aylığa əsgər buraxmağa. Hərb sahəmiz olur heç nə. Evə gedə bilməyən əsgərlərdə ruh düşkünlüyü baş verir. Sabah müharibə olsa o evə gedə bilən əsgərlər guya Aparatın şeirləri iləmi silahlanacaq?

Baxça müdürləri məcbur olur mannı kaşanı, verməşili evə daşımağa. Genefond da belə getmədimi?

 Məktəb diroktorları məcbur olur müəllimlərin maaşından tutmağa, uşaqlardan süpürgə pulu, xəkəndaz pulu yığmağa. Təhsil də belə hasil olmadımı?

 Ey hörmətli nazir, əlac sizə qalıb. Əgər regionumuzda kənd təsərrüfatınin inkişafını istəyirsinizsə, AYB-nin zona filialını bir yol tapıb ləğv elətdirin.Yoxsa mümkün deyil.
Indi görün neynirsiz-bu şairləri Aparat müəllim də başda olmaqla rayondan sürgün etdirib yerinə beş-on baş damazlıq mal-qara göndərin.
Hələ bu xarabada Aparatın bəyənmədiyi şairlər də var ki, onlar sizlik deyil. Onların da öz yolları var. Metro Tağının xanımı biz tərəfdəndi və həmin şairlər Tağı müəllimin şair qəlbli olmasından istifadə edib onun üstünə gedirlər. Beləcə də Tağı müəllim müflis olub gedib. Adam nə qədər kitab çıxartdırar ona- buna? Axırda da məcbur qalıb metroda gediş haqqını üç dəfə qaldırdı. Axı Bakımız  çox böyük şəhərdi- üç milyon adam yaşayır orda.  O adamların da əksəri metrodan istifadə edir. Indi görün bizim şairlər tək biz tərəfləri deyil, bütün ölkəni nə kökə salıblar.
Amma mən sizdən öz sahənizə aid xahiş edirəm.  Bu bədbəxt rayonda kənd təsərrüfatının dirçəlməsinə yardım edin. Metro məsələsi ilə qoy başqa adamlar maraqlansın. Qırılmayıblar ha- o qədər jurnalist var Bakıda. Qoy biri yazsın dəə, metronun bahalaşmasının səbəbindən
 Hörmətlə:F. İlan Filankəs.
  Bizim şair məqaləni oxuduqca güldü, oxuduqca güldü. Internetklubda bir-iki nəfər də bunun gülməsinə baxıb elə bildi prikola zada baxır
-Qardaş, o prikol nə prikoludu-dedilər.
  Şair də yazının ünvanını göstərdi. Amma baxanda ki adi bir yazıdı çoxu oxumağa həvəs etmədi. Bir-iki nəfər də yazıda  kənd təsərrüfatı nazirinin adını görüb gülüşünü zorla saxladı.
    Həə, indi sizə kimdən deyim, kimdən danışım, bizim bu şairin Murad Əkə adlı bir şair dostundan. Bizim şairin  həmin məqaləsini  şair Murad Əkə də oxudu və bir xeyli qəşş edib güldükdən sonra bu haqda yazmaq qərarına gəldi. Və onda Murad ölkənin ən çox oxunan bir qəzetində köşə guppuldadırdı. Murad Əkə də götürüb "Vətənpərvərlik nümunəsi” adlı bir yazı yazdı ölkənin ən çox oxunan qəzetində.
  Məqalə təxminən bu cür idi:
-Mən heç inanmazdım ki ədəbiyyatın kənt təsərrüfatına ziyanı dəyə bilə. Doğrusu bunu heç xəyal da etməmişdim. Əyalətdə yaşayan şair dostum isə bunu sübut edib əməlli-başlı. əgər bu adamın adamı olsa indi çoxdan müdafiə edib kənd təsərrüfatı üzrə alim olmuşdu. Düzdü, dostum bununçün ədəbiyayt üzrə də alim olmağa layiqdi, amma ədəbiyyat üzrə alim olmaq bizdə o qədər asan məsələdir ki çaxırın ağzını barmaqla açmaq bundan yüz dəfə və bəlkə də min dəfə çətin bir zaddır. Çün ədəbiyyat üzrə alim olmaq üçün biri götürür Mirzə İbrahimovu və başlayır onun yaradıcılığında atalar sözlərinin altından qırmızı xətt çəkə-çəkə qeyd etməyə. Sonra da bunları başqa bir dəftərə köçürür və- Mirzə İbrahimov və atalar sözlərimiz- adlı dissertasiya yazır.  Sonra da alim olub tələbələrə Qərb ədəbiyyatından, Yapon haykularından dərs deyir. O biri də götürür Rəsul Rzanı və başlayır onun  "rənglər” aləminə səyahət etməyə.  Sonra da disssertasiyasının adı olur "Rəsul Rza və göy qurşağı”. O da alim olur və tələbələrə Şekspirdən, Servantesdən dərs deyir. Doğrusu mən bunu şair dostuma layiq bilmirəm.
 Şair dostum sübut edir ki harda şair çoxdu-orda ət və süd məhsulları qəhətə çıxır. Demək belə-bunların rayonunda bir Aparat adında şairbaşı və yaxud vəsairbaşı var. Adam axmaq şairlərə kitab çıxarmaqla hər kənddə, hər şəhərdə hörmət və izzət sahibi olmuşdur. Bir kitab- bir sağmal inəklə əl-əl başa-baş gəlir. Hər kənddə 50 şair varsa və hərəsi ildə iki kitab çıxarırsa gör bu rəqəm AYB-nin üzvlərinin sayını keçir ya yox. Odur ki Aparat müəllim rayonda sağmal inəkləri bay eləyib indi də keçib qısır inəklərə.
 Hardadı bəs bunun ziyanvericilərə qarşı preparatları. Niyə qırmır ziyanverici Aparatları?
   Bu məqalə qəzetdə çıxandan sonra Aparat müəllimə ordan-burdan bir xeyli zəng gəldi ki bəs filan qəzeti oxu. Aparat müəllim elə bildi bu zənglər təxribat xarakteri daşıyır. Çünki o qəzet radikal müxalifətə aid idi və Aparat müəllimin əlində tutulsa imicinə xələl gətirə bilərdi. Nəhayət Aparat müəllimə AYB  sədri zəng edib rayondakı "avara” şairlərin ipini yığa bilməməsinə görə bir xeyli danladı və filan qəzetin filan nömrəsini mütləq oxumalı olduğunu bildirdi. Aparat müəllim də noolar olar deyib o qəzeti oxudu.
Hirs vurdu kəlləsinə. Söyüm-söyüm söyləndi-mən cəhənnəm, gör Anar müəllimə nələr deyir zalımlar-deyə fikirləşdi. Daha sonra yəqin etdi ki bu Murad Əkə deyilən F.İlan Filankəsin yazısından ilhamlanmışdır. Görəsən o yazı nə yazıdır? Tez katibəsini çağırdı:
-İnternetdən başın çıxırmı aaz?
-Elə-belə bilirəm.
-Bilmirəm, necə edirsən et- filan saytda haqqımızda təhqiredici bir yazı çıxıb. Sən bircə o yazını mənə gətir, gör o it oğlunun başına nə oyun açıram. O bilmirmi ki mən bu rayonun fəxriyəm? Bilmirmi ki heykəlimin yeri hazırdı mənim? Bilmirmi ki mən Səməd Vurğunun, Hüseyn Arifin, Zəlimxanın davamçısıyam. Indi estafet məndədi ee, məndə.
 Xülasə, katibə min bir zülmlə o məqaləni printerdən çıxartdırıb gətirib qoydu Aparat müəllimin qabağına. Və Aparat müəllim məqaləni oxuduqca rəng alveri etməyə başladı.  Demək olar ki bütün millətlərin rəngini aldı və həmçinin tər onu elə basdı ki bütün millətlərin iyini də çıxartdı bu  vətənpərvər şair. Tez telefona cumdu-rəislə calaşdırılmasını tələb etdi. Az sonra rəislə danışırdı:
-Rəis, F. İlan Filankəs bütün rayonu təhqir edib. Odur ki sizə zəng vurdum. Axı siz o biri böyüklərdən fərqli olaraq öz yerlimizsiniz. Gör onu neynirsiz-salın qoduqluğa, ağlı gəlsin başına.
-Şair, zəmanə dəyişib ee, F. İlan Filankəs də internetnən əlaqəsi olan adam. Mənim də yerimdə əllisinin gözü var. Birdən yazdı pozdu-düşdüm zibilə.  O məqaləni isə oxumuşam. (Bu yerdə Aparat müəllim hiss etdi ki rəis özünü gülməkdən zorla saxlayıb). Apar ver məhkəməyə-bütün şairləri yığ başına. Mən də məhkəməyə tapşıraram. Başqa yolu yoxdu bunun. Bu saat müxalifət mövzu gəzir. Yüz oyuna girdim sənin o xoruz məsələnin mətbuata çıxmaması üçün. Vallah pis zamanadı- o qədər qəzet var imişkən bu internet də böyürdən çıxdı. Bizim əlimizdə olsa nə vardı, lap interneti yaradanı da mələdərdik. Hayıf deyildi köhnə zamanlar? Ah necə də kef çəkməli əyyam idi.
 Həə, deyirəm burda bir az dincələk və dincələ-dincələ görək bu xoruz məsələsi nə məsələ imiş. Bizim Aparat müəllim əvvəllər yaxşıca gillədərdi. Necə deyərlər vurağan idi. Və hətta sərxoşluğunu da reklam edirdi. Azacıq içdimi "səkkiz yazırdı”  Guya "səkkiz” yazmaqla adam dünyanın səkkizinci möcüzəsini yaradacaqdı.
 Sonra dönüb oldu dindar və başladı dindarlığını reklam etməyə. Guya buna ikinci dəfə vergi verildi. Yəni birinci vergi şairlik vergisidir. Guya yuxusunda hansısa müqəddəs şəxsi görüb və o müqəddəs zat da buna bəzi mətləbləri qandırıb. Bundan sonra arağa elə baxdı sanki keçi afişaya baxır. Hətta bir dəfə:
 Rayonun  başçısı Əsədin qəribə bir şakəri vardı. Hansısa məclis düzənləndimi gərək bütün iribuynuzlu və xırdabuynuzlu məmurları içirdib meymun edəydi. Özü də gərək hamı onun kimi içəydi-yəni çappa stəkanda. Və Əsəd də Əsəddir haa. Adam cöngə olsaydı bir nazir balasının toyunu yola verərdi. Beləsinə nə kar edəcək yazıq araq.
  Nəsə belə məclislərin birində bizim Aparat müəllimin əlindən "qəflətən” çappa stəkan düşür. Guya hansısa bir qüvvə etdi bunu. Qəribədir ki məclis əhli urra-heylə buna inanmışdılar Əsəd qarışıq.
  Bundan sonra Aparat müəllim başladı dindarlığa. Bunun dindarlığı da qəribə idi. Adam həm də tale zad oxuyurdu- gənc şairlərin neçəsinin əlinin içinə baxıb talelərini müəyyən etmişdi. Birinə Nizami yaşı vermişdi, birinə Sədi yaşı, birinə Puşkin yaşı, birinə Səməd Vurğun yaşı və hətta birinə də Aşıq Alı yaşı vermişdi.
 Bu da azmış kimi Aparat müəllim qəribə yuxular gördüyünü iddia etməyə də başladı. Guya Füzuli buna yuxuda qəzəl oxuyub, Xəqani bunu ən yaxşı davamçısı adlandırıb, Markes də danlayıb ki a bala sən niyə nəsr yazmırsan?
Adam az qala rayonun yeni müqəddəs zatına çevriləcəkdi.
Bunun da bir polis qonşusu vardı ki zındeyi zəhləsi gedirdi ondan. Çünki bəzi sirrlərini faş etmişdi o polis. Sən adi polis olasan-Aparat müəllimi biabır edəsən? Həmin polis "efirə buraxmışdı” ki Aparat Musavatçı olanda Musavatın rayon iclaslarını öz kabinetində keçirərək danos toplayırmış və hər şeyi olduğu kimi Əsədə çatdırırmış.
 Beləcə də o vaxtdan bunların arasında intiriqa baş qaldırmışdı. Aparat müəllimin müqəddəsliyin bir addımlığında olan vaxtlarının birində və yaxud günlərin bir günü Saqqallı beçə bu qonşuların arasındakı körpünü insafsızca yandırdı. Belə ki bu Saqqallı beçə Aparat müəllimə məxsus idi. Bir gün adlayıb keçdi həmin polisin bağına. Polis də bağda tut arağı çəkir. Arağın qaynağa düşən vaxtında polisə zəng gəlir. O da işi arvada tapşırıb gedir. Gözünə döndüyüm Saqqallı beçə araq qazanının qırağına çəkilmiş xəmiri başlayır dimdikləməyə.  Polisin arvadı da bir-iki dəfə "kuş-kuş” deyib sonra beçəni yaddan çıxarır. Sən demə xəmir deşilibmiş və spirt uçurmuş Aparat müəllimin xəyalı kimi göylərə. Polis gəlib işi belə görəndə arvadı salır təpiyin altına. Arvad da bildirir ki xəta Aparatın beçəsindən keçib. Polis də başlayır Aparata söyməyə. Aparat müəllim işi biləndə xeyli sevinmişdi. Demək onun beçəsi Alalhın möcüzəsi imiş. Allahın haram buyurduğu arağı beçə məhv eləmişdi. Aparat müəllim bu möcüzəyə mat qalmışdı.  Elə sevinmişdi guya bunun qoyununun üstünə Allah yazılıb. Belə bir şeir də yazmışdı:
       Molla saqqallı xoruz,
           Ağıl-kamallı xoruz
            Allahın möcüzəsi
            Hal əhli, hallı xoruz
  Və bu Saqqallı beçə az sonra el-obada xeyli məhşurlaşdı. Həm də anadangəlmə saqqallı olması da nəsə deyirdi. Aparat müəllim özünü elə aparırdı guya anadangəlmə sünnətli övladı-zad gəlib dünyaya.
O saqqallı beçə sonra xoruz oldu. Amma  çox yaşaya bilmədi-  polisin qapısına aşdığı ilə salaveyin çatlaması bir oldu bir dəfə. Və polis də Aparat müəllimə-apar mərətini baldırına bağla dəə-dedi. Hələ Aparat müəllimin cızdağını çıxaran bir söz də dedi. Sən demə kopolu kinoya zada da baxırmış:
- Camaat şir-pəlng saxlayır, bu da  möcüzəli xoruz. Odur ey, möcüzə Bakıdadı- bir şir qəfəsdə "Allah, Allah” deyir. Daha sənin xoruzun kimi quqqulu-qu demir. Möcüzəyə bax də.
   Aparat müəllim ağır bir sarsıntı keçirdi. Sonra da polisdən sicilləmə bir şikayət yazdı ki bu sicilləmə şikayət o polisə çox baha başa gəldi. Çünki pensiyaya çıxmasına 2 il qalmışdı. Və nə yolla olur-olsun işindən olmamalı idi. Beləcə də xeyli tərləməli oldu polis. Dərdini qəzetə yazmaq istəyirdi ki polis rəisi gözünü ağartdı ona.
  Eləcə bir fürsət gəzirdi ki Aparat müəllimi ilişdirsin. Aparat müəllim isə o boyda möcüzəyə rəgmən hələ də bu polisin araq çəkməsini kafirlik, Saqqallı xoruzu öldürməsini isə manyaklıq adlandırırdı.
 Bax, rəis "xoruz məsələsi” deyəndə bu məsələni nəzərdə tuturdu.
Aparat müəllim sonra bir çox yerlərə zəng etdi. Amma hamısında ağzını boza verdilər. Hələ bir lağ da edirdilər ki nəymiş o qısır inək məsələsi. Hətta Əsəd də dəstək vermədi Aparata:
-Ayə, mənim bir işçim üzümə ağ ola haa, dəli inək balasını çığnayan kimi çığnayaram onu. Çağır qələmini gözünə sox. Sən boyda adam acizmi qalmısan o dılğır gədənin əlində? Bu rayonun müdürü mənəm, bu düz, amma axı sən də şairlərin müdürüsən. Hələ bir əvvəl özün onu başa sal sonra da mən əlimi gəzdirərəm.
 "Dəli inək” Aparatı onsuz da dəlidən betər etdi. Aparat bildi ki Əsəd də onunla məzələnir. Və Aparat onu da bildi ki bu zırrama Əsəd elə bilir hamı ondan asılı olan kimi şairlər də Aparatdan asılıdı. Daha bilmir ki şairlər ayrı cür məxluqlardı. Xüsusən də bu F.İlan kimilər-adamın atasına od qoyarlar.  Və Aparat  Allahdan arzu etdi ki noola F. İlan Əsədə də şunquruq qoşa.
 Bu arada ona zənglər də olurdu-bağışlayın Aparat müəllim, bəs deməzsənmi, filan kənddə bir-iki qısır inək qalıb hələ. Aparat müəllim o qədər hirsləndi ki axırda vurub telefon aparatını qırdı.
  Heç şairlər də ona dəstək vermədilər-mənim adım çəkilməyib ki-dedi hamısı. Sənə qoşularam o Filandı, ilandı nədi mənə də bir şunquruq qoşar-Allahı yox, Tanrısı yox. Səni bzəyən adam məni soyundurub bir də geyindirər. Dalımda hökumət yox, qabağımda katibə.
Aparat müəllim ha Cavad xanın məktubunu yada saldı xeyri olmadı. Guya bu bəla sonunda digər şairlərin də başına gələcəkdi və indi birlik yaratmaq zamanın tələbi imiş.
-    - -
Aradan bir neçə gün keçmişdi. Bizim şair internetklubda öz məqaləsini oxuyurdu. Bütün kompüterlər tutulmuşdu. Ba arada internetkluba bir nəfər də gəldi ki  bunu bizim şairin qulağı çaldı:
-    Xoş gəlmisən şair, 5- 10 dəqiqə gözlə yer boşalacaq –dedilər.
Aha, demək bu xarabada da internetlə əlaqəsi olan şair tapmaq mümkün imiş. Görəsən bu hansı şairdi əcəba?
Maraq bizim şairi duman kimi bürüdü.
Və baxdı ki qapının ağzında dayanan 16-17 yaşlarındakı yeniyetmədi. Özü də üz-gözndən şairlik tökülür.
-Gəl qardaş, burda yer var-dedi.
-Yox sağ olun, gözləyərəm.
--Qolu kəsiyin dilini qolu kəsik bilər, gəl görüm.
Və bizim şair öz yerini həmin yeniyetməyə verdi. Həmin yeniyetmə axsaya-axsaya gəlib oturdu şairin yerində. Və şairin ürəyində dedi ki bu uşaq deyəsən ədəbiyayt yolalrında çıx sürətlə addımlayacaq. Daha sonra da onu söhbətə tutdu.
   Yarım saatdan sonra onlar yaxınlıqdakı çayxanada idilər.
Belə məlum oldu ki bu gənc şairin adı Orhundu. Özü də bu-gün sabaha məhşuri-cahan olasıdı. Yəni kitabı çıxasıdı bu yeniyetmənin və bu kitab çıxandan sonra guya bütün dünya baş əyəcək buna.
 Bu arada Orhun özü haqda danışır, bizim şair isə bir qulağı onda, başlamışdı qovluqdan eşələyib şeirlər çıxarmağa və oxumağa. Və yəqin etmişdi ki bu adamdan şair olar- yəni bir-iki dişədəyən şeirə rastlamışdı. Kitaba yazılan ön sözü oxuyanda isə lap dəli oldu. Ön sözü Aparat yazmışdı- Qəmin hikməti.
Nəhayət bizim şair başladı:
-Qardaş, sənin istedadın var. Amma hələ kitab vaxtı deyil. O Aparat müəllimin ədəbiyyat haqda dediklərini də apar at. Qandığı şey yoxdu onun. Yazıq deyilsənmi, indidən yükləyiblər qəm-kədərnən? Siyavuş Aslan demiş, neçə tondu?
-Nə neçə tondu?
-Qəm-kədəri deyirəm.  Gəl sən bu kitabın başını burax, burda bir-iki şeirin var, onların da çapına kömək edəcəm.
  Amma Orhun kitab söhbətindən vaz keçmədi. Buna baxmayaraq bizim şairlə görüş onun ədəbiyyat barədə düşüncələrini alt-üst etdi.
-Hə qardaşoğlu demək belə. Sən inanırsan ki şeirlə milləti düzəltmək olar, Şuşa nədi ey, Təbrizi də almaq olar. Bunlar hamısı o Aparatın sayıqlamalarıdır. Adam özü qonşu kəndnən kənd söhbəti aparır, amma yazanda Bakıynan Təbrizi birləşdirməkdən yazır. Əslində bilirsən necədi, səni qoy elə kəndçi dilində başa salım-hamımız ayrım adamalrıq. Demək belə- o vaxtlar bizim bir Qaragöz inəyimiz vardı. Bu inəyin təpəl bir balası vardı ki qayadan uçub ölmüşdü. Qonşumuz Məmməd kişi bilirsən neynədi, götürdü o təpəl buzovu soydu. Ətini apardı cırımdartan itləri üçün. Dərisini isə duzlayıb içinə saman doldurdu. Dediyinə görə heyvan balasını iyindən tanıyırmış. O qaragöz inək də balasının saman doldurulmuş dərisini yalaya-yalaya süd verirdi. Hələ ən qəmlisi bilirsən nəydi, Qaragöz inək bu baladan ötrü südünü də eydirirdi. Eydirmə bilirsən nədi?
-Yox.
 
-Aya bə sən nətəri ayrımsan? Qulaq as- demək belə, inək görür ki sağıcı balasına süd qoymayacaq. Ona görə  də südün ən yaral yerini geri çəkir. Yəni sonra balası bu yaral südü əmsin deyə. Amma bir də görürsən sağıcı da bic olur-inək eydirmə edən kimi buzovu ayırır altından, başlayır inəyi sağmağa. Inək daha südünü ikinci dəfə çəkə bilmir. Hə, bax o eydirmə məni çox kədərləndirmişdi. Özü də bilirsən nə var? Dilimizdə söz var ee " ey südü əmmiş”. Mən elə bilirdim bu "el südü əmmiş”deməkdi. Sonra dəqiqləşdirdim ki yox belə deyil. Ey südü əmmiş yəni ən təmiz süd əmmiş deməkdi. Bax ee  bir-birimizi "ey” deyə çağırırıq. Bu da bir-birimizi nə qədər təmiz görmək istədiyimizdən xəbər verir. Amma mənim sözüm onda deyil. Bax o Qaragöz inək hesab elə ki Azərbaycandı. Biz də dərisinə saman doldurulmuş balalarıq. Qaragöz inəyin südündən balasına nə çatırdısa bizə də bu Vətəndən o çatır. Mənim bizə də o Qaragöz inəyə də, bu Vətənə də çox yazığım gəlir. Yazığım gəlir vəssalam.
Indi sənin kitabını çıxarır deyə elə bilirsən ki Aparat yaxşı adamdı. Onun andıraqalmış hesabatları olur ki belə şeylər ona lazımdı.  Həm də bu Aparat müəllimin matahını çıxarmaq lazım deyil. Axı bu zalımın vəzifəsi gənc yazarlara kömək etməkdi, pul alır dövlətdən buna görə. Yoxsa təzə şeir yazan adam şeiri Qaz Emalı Zavodunun direktorunun, dəlixana müdürünün, nə bilim, Sosilal Müdafiə fondunun direktorunun yanına aparası deyil ki. Əlbəttə Aparatın yanına aparasıdır. Özü də xətrinə dəyməsin, səninn kitab vaxtın deyil axı-tez minilən daylaq sonra boy ata bilmir, bala. Indidən bu Aparatdan əl çək. Aparat sənin kitabının çıxmasını da rüblük hesabatda AYB-yə itələyəcək. Vəssalam-adamın istəyi budur. Kitab məsələsi tamam ayrı məsələdi. Yoxsa bu geydirmə şairlər kimi sən də nəşriyaytdan kitabı xoruzun qoltuğuna verilirmiş kimi qoltuğuna alıb sonra da qapı-qapı paylamaq istəyirsən?
Bu xarabada əslində məsələlər çox qəlizləşib. Əvvəllər debil dedikləri indi siyasətdə dembil oldu, qardaşoğlu. Sən əsgərlikdə olmamısan, eşit gör nə deyirəm. Demək orda təzə xidmətə başlayanları yəni "maladoylar”ı  köhnələr, yəni "dembil”lər o ki var incidillər. Sonralar da bu maladoylar dembil olur ki onlar da heyflərini təzə gələnlərdən çıxırlar. Dembillərin evə getməsinə sevinillər yaman. Amma bir də görürsən o dembillərdən bəziləri evə getmir praporşik kimi qalır hərbi hissədə qulluq edir. Yenə də o əsgərlərə göz verib-işıq vermir. Qoymur dembilliklərinin dadını çıxartsınlar. Amma özləri də 25 il praporşik olaraq qalırlar. Ucalmaq onlarliq deyil. Bir də ki neynillər ee ucalıb. Bütün anbarlar əllərindədi. Hətta deyilənə görə əfqanlar o zaman praporşiklərə güllə atmırmışlar ki onsuz da Sovet hökumətini dağıdır bunlar.
Bax indi ədəbiyyatda da belədir. Bu Anarkimilər, Aparatkimilər ədəbiyyatda praporşik kimi qalıblar. Onlarla ədəbiyata gələnlər indi generaldı. Di gəl ki bunlar praporşikdi ki praporşikdi. Gəncliyə, yəni "maladoylar”a isə qənim kəsiliblər. Düzdü hamısına yox. Yanlarında "çumo” gənclik saxlayıllar. "Çumo” bilirsən nə deməkdi?
 -Yox.
-Ruscadı-  mənası Çelovek Meşayuşi Obşestva-yəni cəmiyyətə mane olan insan. Bax o cür gənclik formalaşdırmaq istəyir bu praporşiklər.
Və necə AYB idarə olunur, ölkə də elə idarə olunur. Ölkəni də siyasətin praporşikləri idarə edir. Onlar da yanlarında aftaxadaşıyan çumo gənclik saxlayırlar. Belə gənclər adətən türkçülükdən, Təbrizdən, Qarabağdan dəm vurullar. Təbrizdə bir milli fəalın həbs olunmasına görə vay-şüvən salıllar, amma özləri Bakıda gənclərin həbsinə haqq qazandırıllar. Hətta üzə durub işverənlik və daha nə bilim nə verənlik edillər. Dediyim odur ki sən o gənclərdən olma. Kitabın da artıq çapa gedibsə eybi yoxdu-sonralar yazarsan ki-bu mənim səhvim idi. Inanıram yazacaqsan o yazını.
-    -_
O görüşdən sonra Orhun həqiqətən kitabdan vaz keçmək istədi. Amma Aparat müəllim dəqiqəbaşı  ordan-burdan evlərinə zəng etdirdi ki bəs F.İlan qələt eləyir, Orhunun istedadını görə bilməz o, niyə qoymursunuz uşaq dahi olsun. Axırda kitab çıxası oldu. Di gəl ki 600 manat pul tapmalı idi Orhunun atası.
  Bu gün Orhuna verilən vaxt başa çatırdı. Kitabın pulu verilməli idi. Və bü gün həm də o gün idi ki Aparat müəllimin ürəyi şad olmuşdu. Ürəyi ondan şad olmuşdu ki F.İlan Əsədə şunquruq qoşmuşdu. Əsəd zəncir gəmirirdi. Zəng edib Aparata demişdi ki küçüyünü baldırına bağlaya bilmirsənmi? Aparat da heç ağzını açıb dillənə bilməmişdi. Deyə bilməmişdi ki ay adam axı o mənim işçim deyil, onun çörəyini kəsməyə əlimdə səlahiyyət yoxdu.
Daha sonra F. İlanın məqaləsini oxumuşdu Aparat. Məqalə təxminən belə idi:
  Əsəd rayona başçı gələndən bəri çox haqsızlıqlar edib. Bütün bunlar öz yereində-amma onun etdiyi son biabırçılıq heç Pinoçetin də ağlına gəlməzdi. Demək görün nə baş verib? Bizim kəndin Müzəffər adlı bir fiziki tərbiyə müəllimi var. Adamın dişində hələ Sovetin şirəsi qalıb. Sovetin vaxtında topdan, butsidən, voleyol torundan və sairdən satıb öz gün-güzaranını düzəldib. Daha sonra müstəqil olduq və Müzəffər müəllimin əlindən çıxdı bu qazanc resursları. Buna görə də özünü çox pəjmürdəhal hiss edir. Axır dözməyib prezidentə məktub yazıb ki bəs sizin idmana qayğınız belə, ölimpiya qələbələrində rolunuz belə. Indi mən də sizə dəstək olmaq üçün mənə şərait yaratmanızı xahiş edirəm. Xahiş edirəm ki mənə xeyli top, voleybol toru, butsi, bir sözlə nə lazımdırsa göndərəsiniz.
Prezident də necə olubsa bu məktubla tanış olub. Əsədə deyib bir müəllimi razı sala bilmirsənmi ki məndən tor istəyir, top istəyir. Əsəd də ürəyində deyib indi onu mən tora da salaram, başa da salaram. O saat çaığrıb maarif müdürü Nemət müəllimi  də, Müzəffər müəllimi də. Deyib ay Nemət, bunun toru hanı, get təcili tor al.
-Nə toru, qadanalım?
-Nə bilim, soğan setkası olsun indi də. Tor al, vəssalama. Beş-altı da top al.
Nemət bayıra çıxan kimi Əsəd Müzəffər müəllimi salıb şillə-təpiyin altına. Eşşək sudan gəlincəyə qədər və yaxud da Nemət bazardan gəlincəyə qədər döyüb Müzəffər müəllimi. Yazıq Müzəffər müəllim elə qışqırırmış ki səsindən İcra Hakimiyyətinin böyründəki çinarın başına yığışmış, azad şəkildə qarıllaşa bilən qarğalar da hürküblər.
Və Nemət əlində bir soğan setkası, içində də 5-6 top özünü yetirib. Hələ bunlar harasıdır eey, görün daha sonra nələr baş verib. Əsəd öz mübarək əlləri ilə soğan setkasını asıb Müzəffər müəllimin boğazından. Nemətə "çal” komandası, Müzəffərə də "oyna” komandası verib. Görüb ki Nemət gözünü döyür, deyib-ayə o İsa Qəmbər ki rayona gəlmişdi haa, bax onda  hər əlindən iki barmağını ağzına alıb fışqırıq çalırdın yadındadımı?
-    Hə Əsəd müəllim, yaddan çıxmaz Qarabağ, bağışlayın üzr istəyirəm yaddan çıxmaz fışqırıq.
-    -Bax o havanı çal.
-    O hava deyildi ki eləcə fıyt-fıyt idi.
Tarapp, Nemətə bir şillə:
-    Biz bilmirik hava nədi, fıyt-fıyt nədi? O qədərmi savadsızıq ayə?
-    Atam-anam sizə qurban, baş üsstə bu dəqiqə fışqırıqda bir "Əjdər əmi” qaynadım ki  heç xalq artistlərindən geri qalmasın.
  Nemət bir-iki fıyt-fıyt-dan sonra keçib "Əjdər əmi”yə. Müzəffər müəllim də boğazında soğan setkası, içində də 5-6 uşaq topu başlayıb oynamağa. Əsəd gətirib Müzəffər müəllimin  hər əlinə iki  10-luq da verib şabaş kimi. Daha sonra da deyib indi düüz binanın eşik həyətinə kimi beləcə də gedəcəksiniz, di haydı. Di gəl ki Əsədin özü də bu tamaşaya valeh olub. "Əjdər əmi” havasını Nemət fışqırıqda o qədər gözəl ifa edib ki Əsəd pilləkandan düşəndə ayağının altına baxmayıb, yıxılıb. Adamın başı yarılıb. Odur ki neçə gündü Əsəd işə də çıxmır. Indi rayonumuz düşüb "Əjdəər əmi”nin zibilinə. Əsədin başı sağalana qədər rayon qalacaq başsız.
Aparat  qah-qah çəkib çoxlu-çoxlu güldü. Bəlkə də ömründə belə ürəkdən gülməmişdi.  "Qısır inək”, "bordaq dana” məsələsi tamamilə yadından çıxdı. Və indi-indi fərqinə vardı ki Əsəd elə işdə olmadığına görə evindən zəng edibmiş  filiala.
 Amma Aparatın bu sevinci uzun çəkmədi.
 Həmin gün Orhun əvvəlcə bizim şairlə görüşüb dərdini danışdı ki bəs 600 manat tapılmır ki tapılmır. Aparat da ayağını dirəyib.
Bizim şair ona "ağıllı” bir məsləhət verdi:
-De ki bu həftənin axırını gözləsin. De ki bir qısır inəyimiz var, onu bu bazar günü satıb sənin pulunu verəcəyik.
-Oldu, ağlabatan fikirdi.
Bu an şairə zəng gəldi. Arvadı idi:
-Tez ol gəl uşağa bax, mən bazarlıq eləməliyəm axı.
-Yaxşı, darqursaq olma, indi gəlirəm.
Daha sonra bizim şair Orhuna başqa bir məsləhət də verdi:
-Əşşi, sən çalış ali məktəbə daxil ol. Özü də xarici dillər üzrə bir yer seç. Sonra da çıx get xaricə-burda mənim kimi çürümə. Görürsən də zalım qızını-gəl uşaq saxla bazarlıq edim. Guya mən bazarlıq edə bilmirəm? indi sən baxarsan bir torba ərzağı üç saata alacaq bazardan. Gəl ay yetim şair, uşağı saxla onacan. Guya qazanc edəcək. Cavan oğlansan, get xaricə, bir qız da tap ordan. Ömrün-günün çürüməsin, qədrini bilsinlər. Yoxsa nə var e, bir də gördün düşmüsən tora. Sən öl hökumətlə bacarmaq olur e, arvadla bacarmaq daha çətindi. Inan hökumətə hər sözü demək olur, amma bizim arvadlar hökumətimizdən də qəddardı. Gün-gün, ay-ay, il-il çürüdüllər adamı. Yoxsa hökumətə nə var-tap bir güllə, vəssalam. Canın qurtardı. Di sağ ol, mən getdim.
-Çox sağ ol.
Orhun maytaya-maytaya tərpəndi filiala tərəf. Filial bazara yaxın idi. Orhun filiala çatınca artıq bizim şairin arvadı da bazarın qarşısına yetişmişdi. Aparat müəllimin qonşusu polis də bazarın qarşısında avaralanırdı. Allaha-yalvarırdı ki dava-zad olsun. Bir-iki nəfəri qucaqlayıb şöbəyə aparsın və sonra o şəxslərdən alınan puldan ona da bir tulapayı düşsün.
Elə bu arada Orhun filiala daxil oldu. Aparat otaqda tək idi:
-    Hanı ayə, bəs pul?
-    Aparat müəllim, bir qısır inəyimiz var, bu bazar...
-    -Nəəə? Qısır inək? Dayan kopayoğlu! Səni öyrədib bura göndərənin var yoxuna lənət.
-    Daha sonra da artıq sıradan çıxmış telefon aparatını var gücüylə atdı Orhuna sarı. Orhun  başını əyməsə bir xəta olacaqdı.

Nə baş verdiyini anlamayan Orhun görəndə ki gözü qızmış Aparat artıq yetirhayetirdədi, üstünə qoydu. Orhun maytıya-maytıya pilləkənlərdən enib üz qoydu qaçmağa. Aparat da dalınca "dayan” komandası verə-verə qaçırdı.
Bu vaxt bizim şairin arvadı da mərəkəyə tamaşa edənlərin arasında idi. Orhunun ayağı ilişib yıxıldı və qızıl-ala qana qərq oldu üst-başı. Elə bu vaxt da Aparat özünü yetirdi. Orhun yerdən qalxmaq istəyirdi ki Aparat onu itələyib yıxdı. Səs-küyə cammat da yığıldı. Aparatın qonşusu polis də özünü yetirdi. Və həmin polis Aparatı suç üstə yaxaladı. Aparat bör-bör böyürürdü:
-    Qısır inək, saqqallı xoruz, qısır inək, nazir, ilan...
Camaat yerbəyerdən:
-Qafiyəmi tutur görəsən qışqıra-qışqıra. Dəlidi ki bu.
Aparatın polis qonşusu lap polisşüvənliyinə salmışdı:
-Mən bu Aparatdı, preparatdı nədi, bunu bizim şöbəyə aparardım, amma bunun yeri dəlixanadı.
Bizim polis zəng edincə Orhun :
–Sənin özün də qısır şairsən ay Aparat müəllim deyə-deyə aradan çıxmaq istəyirdi ki bazara xiyar-pomidor satmağa gələn bir-iki kəndçisini gördü. Ölmək ölmək xırıldamaq nə deyibən qayıtdı Aparatın üstünə:
-    Nə deyirsən əəə? Məni uşaq görüb nə qoqrezlənirsən? Sən ol sənə bir dənə draqonu qoyaram gedərsən gurum-gümbaz.
Orhunun kəndçılərinin də yerlilik damarı oyandı. Cumdular Aparatın üstünə:
-    Nə istəyirsən əə xalxın uşağından? Indi şairbaşısan deyə şairlərin başını ha yeyəsi deyilsən. Deyəsən sənnən yaxşı yazır deyə burunlayırsan uşağı. Bunun üstü-başı niyə bu gündədi?
Bu arada Aparatın da bir neçə kəndçisi mərəkə yerinə varid oldu. Aparat bir az ürəklənmişdi, amma onun kəndçiləri sanki sevinirdilər bu durumdan:
-Kənddə də özünü göynən aparır. Elə bil bizim kənddən çıxıb deyə hamı buna qul olasıdı. Özün də Şoloxovla müqayisə edir. Şoloxov uşaq döyməkləmi Şoloxov olmuşdu? Bu heç F nöqtə İlanla bacara bilmir. Kəndi biabır eləyib. Bir inəyi var o da qısır qalıb bu il.
Yerbəyerdən gülüşmə qopdu və Aparat daha da hirsləndi. Ağzı köpüklənə-köpüklənə:
-Saqqallı xoruz,  Qısır inək, Kənd Təsərrüfat naziri, kitab, dəftər, poeziya, Şoloxov ( burda  vurğunu ikinci "o”da dedi) Hamınız rədd olun burdan, heç bilirsinizmi mən kiməm. Hanı o topal kopolu?
Bu an polisdən də, dəlixanadan da bir xeyli heyət gəldi.
Bizim şairin arvadı qalmışdı əli üzündə. Şükürlər oxuyurdu Allaha ki hələ onun əri dəli olmayıb, sadəcə alasəydi.
Bizim polis maşına oturmaq istəməyən Aparatın dalına  yağlı bir təpik ilişdirdi:
--Buna bax əə, gör kimin əlindən qaçmaq istəyir. A bala, camaat məni burdan Bakıya mitinqə aparır, cavan oğlanları sürüm-sürüm sürüyürəm, indi mənim əlimdənmi qaçacaqsan?
Aparat müəllim əyləşdi maşına. Orhun aradan çıxdı ki birdən şahid kimi çağırallar. Bizim şairin arvadı evə zəng elədi:
-Şair, sən çox gözəl insansan. Üzr istəyirəm indiyə qədər səni incitdiyimə görə.
-Aaz, dəlimi oldun. Noolub? Tayfanızdan kimsə məni tərifləyib? Ya tayfanızdan kimsənin yanında bir başqası məni tərifləyib, sən də ona yanıq vermisən?
- Yox ee, Aparat "qısır inək” deyə-deyə bağırırdı. Basdılar it maşınına.
- Qısır inək? Ha- ha-haa. Qısır inək?

- Hə , küçədə bağırırdı. Saqqallı beçə də deyirdi, nə bilim. Bir də kənd təsərrüfat nazirini hallandırırdı. Yəqin ona görə basdılar içəri. Daha nazirdə zadda işin olmasın. Deyəsən nazirdən yazan şairləri yığıllar.
- Əşşi konturun evini yıxma, mən də elə bildim məni başa düşmüsən bir balaca.
 Elə bu arada Aparatın kəndçiləri onu fitə basdılar. Bu səs şairin telefonuna da düşdü.
-Aaz, o nə fıyt-fıytdı elə?.
-Camaat Aparatı fitə basıb. Burda deyillər ki birinci öz kəndçiləri başlayıb. Yox, sən şükürlüsən ona baxanda. Səni tutanda bizim camaat fitə zada basmır, əksinə tərifləyillər, qürur duyullar. Elə mən də qürur duyuram sənnən.
-Yaxşı, bazarlığı tez elə gəl, bir özümü şəhərə çatdırım, görüm nə məsələdi.
-Oldu qadan alım, oldu.
Bu arada F. İlan da fit çaldı və bu səs arvadın telefonuna düşdü. Amma bu fıyt-fıyt deyildi. Sanki ilan fit çalırdı, ilanın kefi qalxmışdı yuxarılara. Daha susuzluqdan mələyən ilanın günü deyildi bizim F. İlanın günü.
Orhun mərəkədən xeyli aralanmışdı. Üst-başını silə-silə kitabının da silirdi Aparatın siyahısından.