Frans Fyuman. Sübh şəfəqinə vurulmuş (Hekayə)

Frans Fyuman. Sübh şəfəqinə vurulmuş (Hekayə)

Frans Fyuman (1922 – 1984) – alman yazıçı, Henrix Mann (1956) və iki dəfə Almaniya Dövlət mükafatı laureatı (1957, 1974). İkinci dünya müharibəsinin sonuna qədər Yunanıstanda və SSRİdə xidmət edib, 1945-ci ildə əsir düşüb. 1949-cu ildə əsirlikdən azad olunub. Almaniyaya qayıdandan sonra yazmağa başlayıb. Çox sayda şeir, hekayə, roman müəllifidir. Həmçinin bəzi klassik əsərləri uşaqlar üçün sadələşdirilmiş şəkildə işləyib.

 

Sübh şəfəqinə vurulmuş


 

Homer, Afroditanın himni 219-239

 

Bir dəfə Eos - sübh şəfəqi ilahəsi Areslə yatdı, o Ares ki, tez, ya da gec, bütün çəhrayı barmaqlı şəfəqləri öz yatağına salmağa müyəssər olurdu.

Və Afrodita onları yaxaladı.

Əlbəttə, o iş ki, onlar Areslə məşğul olmuşdular, Afroditanın gözündə müqəddəs bir şeydi, görünən kəndə nə bələdçi? Amma bir iş də vardı ki, Ares  onun öz əri idi. Buna görə də Afrodita Eosa belə bir lənət oxudu ki, qoy o, ölümlülərin eşqindən yanıb tutuşsun və Eonun ölümlülərə təslim olmaq arzusu utanc hissini aşsın.  Lənət elə həmin gecə dilə gətirildi və Eos buna sadəcə güldü. Nə də olsa, onun əri Astrey idi, Eos ərinə dan  ulduzunu  və okeanı  lərzəyə gətirən  dörd külək doğmuşdu, belə ər isə, onun gözünü doydurmaq üçün kafi idi. Aresə gəlincə isə, o, hər kəs üçün bir istisna idi və onun xatirəsi artıq uzun müddət Eosa bəs edəcəkdi.

Budur, Günü oyatmaq, Gecəni  isə dənizin ardına ötürmək  zamanı gəlmişdi və Eos tələsik dağdan enməyə üz qoydu. Elə burda – yamacdakı əncir ağacının altında o, yatmış çobana rast gəldi. Çoban adyala bürünərək qarnı üstə yatmış və ayaqlarını yüngülcə içəri çəkmişdi, üzünü isə dirsəyinə dayamışdı.

Onun o ankı acizliyi elə təsirli idi ki.

Və Eos onun adyalının altına girmək həzzindən özünü saxlaya bilmədi.

Ah, bu buynuz kimi quru və cadar-cadar olmuş əllər, zeytun rəngli dəri, tərin qoxusu...

Çoban xumarlanırdı, yuxuya və bəxtəvər bir xəfifliyə qərq olmuşdu, oyandığı zaman isə, dağlar qıpqırmızı idi: bu, Eosun utancının rəngi idi, dağları bürümüşdü.

Günü oyadaraq və Gecəni ötürərək o,  öz məkanında gizləndi və özünün ikiqat alçalmasının ucbatından acı-acı ağladı, çünki bütün bu olanlar utancverici idi, utancın özü isə, şirindi. Gecə Astreyi onu təmin eləmək üçün cırnatdı, səhər isə, başqa bir yolu seçdi, lakin bu dəfə də rastına gənc bir oğlan çıxdı. Onun yarıaçıq dodaqları, müdafiəsiz sinəsi... Ovçunun öz ovuna tərəf döndüyü kimi,  Eos dönərək gəncin üstünə uzandı. Sarımsaq və boyat çaxır qoxusu, dırnaqların altında qurumuş qan... Gənc xəcalət içində oyandı - ətrafda dağlar od tutub yanırdılar.

Və hər dəfə bir başqası, hər səhər yeni  bir natəmiz bədən, yeni, fərqli  bir zərafət... Ah, yuxuya qərq olmuş bu qeyri-kamil insan nə qədər gözəldir!.. O, ərindən qaçmağa başlamışdı - bu da onun sevincinə səbəb oldu. Çünki onlar həm bir-birindən soyumuş, həm də  bir-birini bezdirmişdilər. O, ulduzlara xəbər aparmağa getdi, geri qayıdanda isə yolüstü sahilyanı qamışlıqlarda - Peneyada, Skamandrada, Nildə və s.də məskunlaşmış coşqun və yolagəlimli nimfalara baş çəkdi.

Eos onun yoxluğunu hiss etmədi. Utanc hissinin verdiyi əzablardan qıvrılan Eos  dəfələrlə Afroditanın yanına getməyə hazırlaşdı, istədi ona yalvarsın ki, bu lənəti Eosun üzərindən götürsün, lakin hər dəfə fikrini dəyişərək qərarsız qaldı. Ah, bu şirin lənət...

Uzun müddət o, ələ keçmədi, lakin bir dəfə Səhər onu Titonun - qüdrətli Troya çarının əlli oğlundan birinin ağuşunda haqladı. Şahzadələrin hər biri öz yatağında uyuyurdu, lakin Titonun Qanimed adında  bir sevimli qardaşı vardı ki, onun şöhrəti hər yana yayılmışdı, onların yatağını isə, kətandan tikilmiş pərdə ayırırdı. Onların ekiz olduqlarını iddia edənlər də vardı. Qardaşının iniltilərinin səsinə oyanan Qanimed oyanaraq onun üstünə atıldı və Eosu tutub saxlamağa müvəffəq oldu.

Qanimed Eosu bir şərtlə buraxar ki, gələn dəfə də gəlsin, amma onun üçün. Onun başqa yolu qalırdımı? Eos göz yaşları içində boğularaq and içdi - ah, bu üstü açılmış cinayətin doğurduğu acı göz yaşları! - və özünəməxsus coşqunluqla verdiyi anda sadiq qaldı. Qardaşlara söz ola biməzdi - səhər şəfəqinin ehtirasını onlar kin və həsəd hissi olmadan rahatca paylaşırdılar. Hətta öz aralarında vəd verdilər ki, Eosun üstündə dalaşmayacaqlar və nə qədər ki, Eos gəlir, başqa bir qadınla yaxınlıq etməyəcəklər.

Eos isə, hər gün onlara baş çəkirdi: bir gün Titona, o biri gün isə, qardaşı Qanimedə. Onun utancı yavaş-yavaş keçib gedirdi, daha özünü oğru kimi hiss etmirdi, hərçənd, indi də əvvəlki kimi gizlənməli idi. Digər qardaşların heç nədən xəbəri olmasa da, bütün  ev həmişə çəhrayıya - onun od tutub yanan bədəninin rənginə bürünmüş olurdu.

Gecə yarısı sübh şəfəqi? Astrey - əbədi qaranlığın cığırlarında qaçan yorulmaz cəngavər təəccübləndi; orada, Asiyanın lap kənarında nə vardı? Dağların və dənizlərin arasında doğrudanmı  yeni bir ulduz doğmuşdu? O, bunu Zevsə xəbər verdi, Zevs ətrafına nəzər saldı və aldığı həzzdən dolayı əvvəlkindən ikiqat yaraşıqlı görünən Qanimedi gördü. Və Tanrı heyrətə gəldi: sən bu saqiyə bax bir! Aydın məsələdir ki, o, qartal kimi aşağıya şığıyaraq Qanimedi öz yumşaq caynaqlarına aldı və onu Olimpin ziyafət sarayına gətirdi. Rəssamın hər şeyi özünə xas bir şəkildə görməyə haqqı var və bəlkə də, o, yalan danışmırdı, qorxmuş oğlan həqiqətən buludların arasıyla və zirvələrin üzəriylə uçurdu, lakin o, oğlan idimi, burası gerçək deyildi. O, aslanları, vəhşi qabanları öldürməli olmuş, bütün yayı isə, başqasının yox, məhz elə Eosun sönməz ehtirasını yatırmalı olmuşdu.

Eos təlaş içində idi. Nədir, indi yenəmi birindən o birinə getsin? Hərçənd, Titon onu heç məyus da etməmişdi. Payızın hər səhəri gözəllik və dinclik baxş edirdi, bu həm də ona görə şirin bir duyğuya dönürdü ki, onu kimsə ilə bölmək lazım gəlmirdi və bu səhərlər yalnız bir insanın eşqinin tükənməzliyinə göz açırdı.

Amma necə olur-olsun, insan sevgisinin xəyanətkar təbiəti onun ürəyini parçalamağa davam edirdi. Axı ölümlülər natəmiz varlıq hesab olunurdular, onlar ətlə, qanla qidalanırdılar, bədənləri  natəmizliklə dolu idi. Düzdür, ilahlar (kişi tanrılar) bəzən insan tayfasından qəhrəmanlar dünyaya gətirmək üçün Olimpdən enirdilər, lakin ehtirasın doğurduğu bu biabırçılıq hissi onlara aid deyil. İlahələr isə başqa məsələdir, ölümlülərlə görüşlər onları ləkələyir,  çünki ilahələr ilahlardan daha qüvvətli sevirlər və insanın qeyri-kamil olması onları ahənrüba kimi özünə çəkir, elə insanın natəmizliyi də - bu, tilişkə kimidir. Zavallı insanın ömrünün qısalığı onun sevgidəki yaradıcılığını və ehtirasındakı gücü artırır, İnsan ölümsüzlərdən daha incədir. Həm də çox diqqətlidir və bu da mütəəssir edir. Onlar öz xoşbəxtliklərini başqasının xoşbəxtliyində tapırlar. Məsələn, heç bir Tanrı onu, çılpaq beli işıldadığı halda, çiynindən öpməyi ağlından keçirməzdi. Heç bir ölümsüz heç ən son qüvvəsini belə ehtirasın məbədində tükətməzdi. Tanrılar bir-birinə heç nəyi qurban etmirdilər.

Titonla həmişəlik qalsınmı?.. Axı o, ölümlüdür! Onda onunla birlikdə ölsün! Axı bu da ölümsüzdür!

O, Zevsdən mərhəmət diləməyə başladı - qoy ona Titonun qolları arasında yuxuya dalmağa, bir də oyanmamağa izin versin! Tanrıların və insanların hakimi qeyri-ixtiyari olaraq üz-gözünü turşutdu; axı Eos bunun Zevsin ixtiyarında olmadığını bilir - moyralar hər şeyi elə düşünmüşdülər  ki, ölümsüzlüyü dəyişmək mümkün deyildi.

O zaman ona əbədi həyat bəxş et - mərhəmətli bacılar bunu ki qadağan etmirlər. O, Qanimedi ildırım Tanrısının yatağında gördü: o, Eos tərəfə baxaraq nəyə isə gülümsəyirdi, lakin Eosu görmürdü. O saat da yox oldu. O, Zevsin qarşısında diz üstə çökdü:

- Onu ambroziya ilə bəsləmələrinə izin ver! Məni ölümlülərə olan sevginin xəcalətindən qurtar! Başqalarına nə vermisənsə, bizə də ondan ver!

- Əbədi həyatmı?

- Əbədi həyat!

- Neynək, qoy sən deyən olsun...

Və Zevs daha çoxunu etdi: O, Astreyi hər biri on iki insan ömrü qədər olan üç müddətə uzağa, göy qübbəsinin lap kənarına yolladı. Eos isə Titonu öz yanına gətirdi. Onlar sanki bir-biri üçün yaranmışdılar. Üç dəfə on iki insan ömrü müddətinə cənnət həzzi... Bu müddət ərzində Yelena oğurlandı, Troya çökdü, Aqamemnon öldürüldü, Odissey geriyə - öz Penelopasının yanına döndü. Eosun Titona doğduğu oğlanlardan biri - Suza şəhərinin banisi, efiopların çarı Memnon da Troya uğrunda gedən döyüşlərdə Axill tərəfindən parçalanaraq məhv edildi - Axill onun budunu tikə-tikə etmişdi. Titon isə şahzadə olsa da, o döyüşlərdə iştirak etmədi. O, heç şəhərin dağıdıldığını da bilmədi və onun taleyilə heç vaxt maraqlanmadı. O, Eosun dənizin arxasındakı evində onunla bərabər yaşayırdı. Heç oğlunun ölüsünə də ağlamadı. Titon sübh şəfəqinə aşiq idi - vəssalam.

Beləlilkə, o, ölümsüzdü artıq, hərçənd hələ də kamil deyildi, amma daha vicdanı Eosa əzab da vermirdi. Həyat şirinləşdikcə, Eos da kamilliyə əhəmiyyət vermir, öz işinə hər gün bir az daha səhlənkar yanaşırdı. Narazılıqlar, deyinmələr başlayırdı və Zevs qərara gəldi ki, onu nəzarətə alsın. Bəzi günlərdə Gün qəfildən Gecənin üstünə elə düşürdü ki, onun sərt işığı ölümlüləri yataqlarından çıxardırdı, ümumiyyətlə, dəhşətli şeylər baş verirdi. Belə günlərdən birində Titonun qardaşlarından biri olan Hektorun cəsədini Yerə atmışdılar, lakin Titonun bundan heç xəbəri də olmadı.

Gecələrin sonundakı şəfəqsiz gündüzlər Eosun anlaya bilmədiyi bir təlaşın içində keçirdi. Axı ona nə olmuşdu? Nəyi çatmırdı? Nə lazım idi ona? Bəlkə, başqasına göz qoyurdu artıq? Hansısa sirenaya? Ya nereidaya? Gündüzlər də tutqundu, gecələri də, gün boyu da. Saçları bəs nədən belə ağarırdı? Dərisi də qırışırdı, gözləri də sönürdü. Qəfildən, uzun müddət yığılıb qalmış sualların hamısının cavabı bütün  aydınlığı ilə ortaya çıxdı və Eos anladı ki, Titon qocalıb. O, Titon üçün ölümsüzlüklə bərabər həm də əbədi gənclik istəməyi unutmuşdu. Belə hallarda isə, Zevs öz mərhəmətinin bircə dəfə göstərirdi.

Ölümlülərin artıq dünyaya göz yumduğu zaman gəlib çatmışdı. Amma Titon ölmədi. Astrey qayıtdı, yenə getdi, bir dəfə də qayıtdı. Nəhayət, Eos Titonu ona göstərməli oldu.

Gülməli məxluqdur, elə deyilmi, dalğalar onu sahilə atıb, gücsüz, köməksiz idi və onun da ağlına gəldi ki, bu məxluqu götürüb saxlasın. Deyəsən o, həm də danışa bilirmiş, amma sözlərini anlamaq çətin idi. Sanki, siçan ciyiltisi idi, bəzən də qarğa kimi qarıldayırdı. Eos əmr edirdi: "Bir söz de!” Titon gah ciyildəyərək, gah da qarıldayaraq dedi ki, yalnız Eosu sevir. Eos onun nə dediyini başa düşdü, Astrey isə yox. O, güldü və izn verdi ki, Titonu evlə at tövləsinin arasındakı tikilidə saxlasınlar. Və uzun fasilədən sonra yenə birlikdə yatan sevgililər onu ələ salmağa başladılar. Eos hər səhər ona deyirdi: "Rəqs et!” və Titon fırlanmağa başlayırdı. Astrey isə deyirdi: "Kişi olduğunu göstər görüm!” və Titon soyunmalı olurdu.

Bəzən də Eos onu dizi üstə oturdub tüklü çənəsini tumarlayırdı. Zaman isə uçmaqda idi. İkinci Troya, üçüncü, dördüncü, beşinci, altıncı… Titon isə qırışmış, qurumuş, tökülmüş bədəni və çökəyə düşmüş gözlərilə birtəhər yaşayırdı, onun artıq qüvvədən düşmüş günahkar istəkləri isə, hər səhər yenidən baş qaldırırdı. Gecələri demək olar ki, yuxusuz olurdu, bir xışıltı eşitmək ümidilə eləcə uzanırdı. Belə zamanlarda qulağını nazik arakəsmə divarına dayayıb, Eosun ayağa qalxdığını, otaqda gəzindiyini, yuyunduğunu, darandığını, sonra Astreyi öpdüyünü eşidirdi. O, Eosun qoxusunu duyur, səsini eşidirdi, onun bədənini hiss edir, gah qışqıraraq, gah da ciyildəyərək öz varlığını xatırlatmağa çalışırdı. Heç olmasa səhər öpüşəydilər - axı o, hələ də öpüşə bilərdi! Astrey ona yemək gətirərdi - onu hələ də ambroziya ilə bəsləyirdilər. Bəzən Eos da onunla gəlirdi, o zaman Titon onun ayaqlarına yıxılar, onun çəhrayı ayaq barmaqlarını bütün bədənilə örtərdi. Eos isə onu itələyər, sonra uzun müddət - onun ciyiltili səsini eşitmək  dözülməz olana qədər  yanına gəlməzdi.

Və o yenə də balaca, qurumuş erkək dovşan kimi Eosun ayaqları altında sülənərdi.

Bir dəfə Qanimed Astreyin yanına gəldi - o, Zevsdən təlimat gətirmişdi. Sevimli qardaşını o kökdə görüb dəhşətə gəldi və ağladı. Titon onu tanımadı.

Gözlərinin yaşı qurumayan Qanimed Zevsin yanına gəldi: "Onu ölümsüzlükdən məhrum et!” Hərçənd bilirdi ki, bu mümkün deyil. Ölümlü olmaqdan ölümsüz olmağa adlamaq üçün moyraların icazəsi lazımdır, lakin geriyə yol yoxdur. Ölümsüzlükdən atlaya bilməzsən.

Eos da, Titonun halına acıyaraq ildırımlar Tanrısına yalvarmağa başladı ki, onu ulduz eləyib göylərə aparsın, amma əbəs yerə. Zevs aşağıya baxaraq yalnız bircə kəlmə dedi: "Bunumu?”

O, Eosdan Titonu hələ sevib-sevmədiyini də soruşmadı, Tanrılar belə sualları vermirlər.

O, ulduz olmağa yaramırdı, lakin yaxşı bir örnək ola bilərdi. Bəzən Tanrıların qorxusuz sevinclərə qərq olduğu, hər şeyi unutduqları zamanlarda Zevs Titonu onlara göstərərək deyirdi: "Baxın və həzz alın, orada bir ölümsüz ölümlü var”. Belə zamanlarda kimisi qorxudan titrəyər, kimisi isə cingiltili bir gülüşlə qəhqəhə çəkərdi. Apollonun bacısı Artemida isə ona baxmağa belə qorxardı. Bu Titondu - odunlaşmış qulaqları, odunlaşmış burnu, odunlaşmış cinsiyyət üzvü ilə. O, özünün doyurulmayan ehtirasının xiffətini çəkirdi.

Zamanla ətrafındakılar artıq onu məsxərə ünvanına çevirməkdən də usandılar. Yeddinci Troya, səkkizinci... və onlar Titonu yeməkdən də kəsdilər.

Titon artıq daxildən qurumağa başlamışdı, yaş qalan yalnız onun odunlaşmış ağzından axan tüpürcəyi idi. Böyüyən təkcə dırnaqları idi. Onun ac-yalavac iniltiləri ürək dağlayırdı. Bəzən Astrey onun əyri-üyrü pəncərəsindən içəriyə bircə qab nektar qoyurdu.

Bir müddət sonra onun tüpürcəyi də üfunət qoxumağa başladı. Pis qoxu taxta hasarı aşaraq, nəhayət Eosa da çatdı. İndi onu tamam rədd eləsinlər, nədir? Aid narazı bir tərzdə  əlini yellədi: o, kölgə deyil. Olimpəmi yollasınlar? Bu barədə heç danışmağa dəyməzdi. Nə quruda, nə dənizdə, nə dağlarda, nə də adada ona yaxın duran olmadı. Bəlkə suda boğsunlar? Dalğalar etiraz elədilər.

Səhərləri çürüntü iyi lap dözülməz olurdu. Çürüntü qoxuyan hava xəstəlik, qızdırma və bəzi digər bədbəxtliklərin yayılmasına səbəb  oldu. Analar uşaqlarını satır, qardaşlar bir-birinin qanına susayırdılar, ev yiyəsi qonaqları öldürürdü. Hətta Tanrılar arasında da taun xəstəliyi yayılmağa başladı.

O zaman Zevs bunu moyralara bildirdi. Onlardan qaydaları dəyişdirməyi rica etdi, yoxsa ki, tale öz ipinin dolaşığına düşənə oxşayırdı. Və dəhşət saçan mərhəmətli bacılar razılaşdılar. Titona, əgər özü istəyərsə, ölməyə izin veriləcək!

Lakin Titon ölümü istəmədi. Onun səsi küləyin səsi kimi titrəkdi, lakin bu, əbədiyyətin səsi idi. O, yaşayır, sübh şəfəqini də sevir. Qoy o, əmin olsun: Titon hələ də öpüşə bilir, o, buna hələ də qadirdir. O, Eosa xoşbəxtlik bəxş etməyə hazır idi, bircə onu möhkəmcə qucaqlamağa imkan verəydilər. Onun bütün gücsüzlüyü bundan irəli gəlir ki, Eos ondan qaçır! Məgər onun necə olduğunu xatırlamır? Güc və ehtirasla dolu! Doğrudanmı o bunun keçici olduğunu düşünür? Və Titon Afroditanı çağırdı.

Afrodita - Titondan qorxmayan və ona gülən yeganə ilahə gəlib çıxdı. O, Titona tərəf əyildi, onlar nə barədəsə danışdılar. Titon onu eşitdi, anladı və nəhayət,  razılaşdı: O, Eosla bir gecə keçirəcək və səhər də onun öpüşündən öləcək.

- Ah, bu üfunət qoxuyan ağzı selikli! - Eos titrədi. Səndələdi! Yox, Eos bacarmaz! Həm də artıq Gecəni yola salmağın vaxtıdır. Onda Afrodita öz lənətini yenidən təkrarladı.

Zevsin inadkarlığı qaydaları müəyyən qədər pozsa da, bacılar buna barmaqarası yanaşdılar. Onda Zevs Titonu - ölümsüzlərdən birini hər səhər quruyub odunlaşmış ayaqlarını şəhvətlə bir-birinə sürtən balaca cırcıramaya çevirdi. Və  bu cırcırama  arzuları gerçəkləşdirmək üçün göndərilmişdi. Eos hər səhər peyda olur, onun zəfəran rəngli paltarının yellənməsi, onun qoxusu, çəhrayı barmaqların gözəlliyi. Nə baş verməli idisə, o da baş verdi. Titonun səsi yenə cingiltili, bədəni qıvraq, gözləri qızıl kimi işıltılı, ürəyi qüvvətli və gücü tükənməz oldu.

Doqquzuncu Troya, onuncu... Və onun xarabalıqlarından gələn cırcırama səsləri. Hətta Olimpin özündə belə o səsləri məmnuniyyətlə dinləyirlər, xüsusilə də Qanimed. Bəzən moyraların özləri də bu səslərə qulaq verirlər, belə zamanlarda onların bomboz çöhrəsinə bir işıltı gəlir, dəmir kimi əlləri isə qabağa doğru uzanır. O səsi bircə sübh şəfəqi eşitmir. Afroditanın lənəti onda yuxuya dalmış ölümlülərə olan ehtirasdan başqa bütün maraqları öldürüb. O, öz abır-həyasını lap çoxdan itirib, göylərin azğın, hamının nifrət etdiyi, səbatsız bir məxluquna çevrilib. Fərq qoymadan hamının yatağına soxulur, heç kimdən, heç yetkinləşməmiş körpələrdən belə iyrənmir.

Hər sabah o, yeni bir məşuqun yatağına girir və o hələ oyanmamış onu tərk edib qaçır. O zaman həmin insan öz ömrünün ən çəhrayı röyasını görür: saat arzuların gerçəyə dönüşməsi saatıdır, lakin gərəkdir ki, ölümsüzlüyü arzulamağa ehtiyat edəsən...

 

 

Tərcümə: Dinar Həmidova