Furqan. Hamı ölür axı... (Hekayə)

Furqan. Hamı ölür axı... (Hekayə)

Onu uşaqlıqdan tanıyırdım. Bir küçədə yaşayırdıq. Məndən bir sinif aşağı oxuyurdu. Məktəbə bir gedib, bir gəlirdik, dostlaşmışdıq. Dərslərimi oxuyub bitirən kimi düşüb onunla oynayırdım. Gah mənim velosipedimi sürürdük, gah da məhəllədə futbol oynayırdıq.

Dərslərində çox zəif idi. Bir neçə dəfə demişdim ki, gəl sənə bir az kömək edim, get qiymətlərini düzəlt, deyirdi ki, yox e, Ömər, məndən oxuyan çıxmaz. Sən oxu!

"Sən də bacararsan," deyirdim.

"Mən də müəllim oğlu olsaydım, bacarardım," deyib yaxasını kənara çəkirdi.

Atası ağlını itirmişdi, hamı onun atasına dəli deyirdi.

Əslində Muxtar dayı bir çox ağıllıdan daha ağıllı idi. Heç kəsə ziyanı dəymirdi. Ya öz-özünə danışırdı, ya da gözlərini zilləyib uzun-uzadı nəyəsə baxırdı. Öz-özünə danışanda da heç vaxt söyüş söymürdü. Dəlilər adətən söyüşcül olurlar axı, Muxtar dayıda elə şey yox idi.

Məni görən kimi halımı soruşurdu:

"Necəsən, qonşu?"

"Yaxşıyam, Muxtar dayı, çox sağ ol!"

"Müəllim necədi?"

"O da yaxşıdı, salamı var."

"Sağ olsun!"

Bu dialoq demək olar ki, hər dəfə eynilə təkrarlanırdı. Muxtar dayıya görə mən "qonşu" idim, atam da "müəllim!"

Camal atasına "dəli" deyənlərə əvvəllər əsəbləşirdisə də, sonradan artıq əsəbləşmirdi, çünki adiləşmişdi o söz onun üçün.

Bir müddət sonra özü də atasına "dəli" deməyə başladı.

"Elə demə," dedim, "necə dilin gəlir atana dəli deməyə?"

Sözümə hörmətlə yanaşdı:

"Demə deyirsənsə, demərəm. Amma eşitməmək olmur. Hamı dəli deyir atama."

"Sən deyilənlərə fikir vermə."

Susdu, üzümə baxdı. Narazı idi əslində, "necə yəni deyilənlərə fikir vermə?" deyirdi baxışları. Amma etiraz etmədi. Yəqin ki, mənə hörmət etdiyindən.

Mən on birinci, o da onuncu sinifdə oxuyanda atası dünyadan köçdü. Həmin gün gecəyə qədər ağlamadı. Elə bir görünüşü vardı ki, ağlasaydı daha yaxşı olardı.

Hamı dağılışandan sonra evin arxasında gizli bir yerdə mənə söykənib ağladı. Ciblərimə baxdım, tərslikdən dəsmal da yox idi ki, verim, gözlərini silsin. Ağladı, köynəyinin qolu ilə gözlərini siləndən sonra gözlərimə baxdı, gülümsədi:

"Daha "dəli" deməzlər!"

Özümü saxlaya bilmədim, bu dəfə mən ağladım.

Köynəyinin o biri qolu ilə də mənim gözlərimi sildi.

"Ağlama!" dedi, "hamı ölür də, ağlama!"

Sonra biz o məhəllədən köçdük və əlaqəmiz tamamilə kəsildi.

Amma o gündən bəri Camalın sözləri tez-tez yadıma düşür:

"Hamı ölür də..."

Görəsən o məhəllədən köçəndən sonra Camalı niyə axtarmadım?! Yəni mən də öldüm?!

Hamı ölür axı...