
Görün gəlin haqlıdı, yoxsa dodağı sözlü qayınata...
ƏDƏBİYYAT, Proza
- 02.04.2014
- 0 Şərh
- 1059 Baxış
Nəmi pişiyi
(hekayə)
(hekayə)
Sağlam kişi evdə çox oturdu, dönüb olur deyingən qarı. Xəstə Qasım düz buyurmuşdur: "Deyingən qarıdan lotu yaxşıdır”.
O gün qonşumuzun gəlini bizə keçmişdi. O, mənim gəlinimə qayınatasından giley edəndə bir neçə söz qulağıma çatdı. Gəlin elə, yanıqlı-yanıqlı danışırdı ki, az qaldı əlimə yekə bir dəyənək alıb cumam qonşunun evinə, deyingən oölu deyingəni salam dəyənəyin altına. Eşidin-bilin, görün gəlin haqlıdı, yoxsa dodağı sözlü qayınata. Qonşunun gəlini deyirdi: "Kişi adamın canını yığır boğazına”. Hər şeyə qarışır, niyə dolmanın ətini çox, düyüsünü az etdin, niyə çörəyi yekə bişirdin, niyə yağı qaşıqlayıb tökdün qazana, niyə yanacağı çox işlətdin, niyə məni uşaqlara tay tutursan? Uşaq irəli, mən isə geri gedirəm. Mənim yeməyim tutumlu olmalıdır. Bu xarabada mənim körpə uşaq qədər də hörmətim yoxdur. Mən də əsəbləşir, qab-qacağı vururam bir-birinə, dınqıldadıram. Gğtürək sağımda olan qonşumu. Zalım oğlunun böyründən yel ötən kimi başlayır: "öldüm-öldüm” deməyə və oğlundan həkim və dava-dərman tələb etməyə. Anlamır ki, həkim və dava-dərman pulu ceyranın buynuzundadır. Biməmiş olmassınız, ceyranın kökünü kəndimizdə məskunlaşmış qaraçı qardaşlarımız çoxdan kəsiblər. Ceyran olmayandan sonra, onun buynuzu necə olsun!
Dava-dərman da gec olan kimi dönür südəmər uşağa, səsini kəsmir.
Arvadı deyir: "Ay kişi, səsin batsın, daha bəsdir”. Gəlin deyir: "Ölsə idi qulağımız dincələrdi”.
Vallah qonşum özünü hörmətdən salır. Edir urvatsız. Öyüncəklik olmasın, mən qarışqa kimi bütün günü işləyirəm. Elə işlər görürəm ki, qonum-qonşu qalır məəttəl. Qoyun-quzuya baxıram. İki ildən bir keçirilən valideyin iclasına gedirəm. Xəstələnəndə də yorğanı çəkirəm başıma, dinməzcə yatıram. Ona görə də gəlin istəmir ki. Mən tez öləm. Axı bar verən ağacı kəsməzlər. Ey ayağı yer tutan kişilər. Amanın bir günüdür, özünüzü hörmətsiz etməyin. Az yeyin, az danışın. Amma evdə də çox işləyin. Pişik kimi yeyib, evdə xorxaxor yatmayın.
Ramazan bayramı idi. Əlimi dümbəyimə qoyub çıxdım kəndin ortalığına. Xeyli adamla rastlaşdım və bir-birimizi bayram münasibətilə təbrik edib: "Gözə görünməz orucunu ovsanada salsın” – deyib salavat da çevirdik. Cavanlarda bu mərasimə qoşulmuşdular. Nəvəmin yaxın dostu olan xanəndə oğlan mənimlə görüşdü, əlimdən öpüb qoydu gözlərinin üstünə. Mən də onun alnından öpdüm. O da mənə dedi: "Baba sabahdan toylar başlayır. Allah elə etsin ki, çox nəmər verən olsun. Sənə hər gün qəzet alacağam. Oxuyub ləzzət alasan. Mən isə ona gülə-gülə dedim: "Rəsmi qəzetlər al ha! Çılpaq qadın şəkli olan qəzet lazım deyil”.
Ondan yenicə ayrılmışdım ki. əvvəllər partiya komitəsində təbliğat-təşviqat şöbəsinin müdiri işləmiş "allahsız” kimi tanınan, indi mollalıq edən köhnə tanışımla rastlaşdım. O, qəbirstanlığa tələsirdi. Ölülərin ruhuna dua oxumağa. O, gülə-gülə mənə dedi: "Sınamışam, başına and olsun, Ramazan ayında ölənlərin sayı obiri aylara nisbətən on dəfə artır, qazancım da o müqabildə”. O, sözünü bitirər-bitirməz xüdafizləşmədən kənarda dayanmış maşına tərəf götürüldü. Onun arxasınca baxırdım. Kim isə qolumdan yapışıb məni dümsüklədi. Bəli, bircə bu əskik imiş? Kəndimizdə hamı ona "nəmi pişiyi” deyir. O, yaxın adam kimi əhvalımı sordu. Mən də ona "Necəsən” deyə müraciət etdim. O da "Çox yaxşı, mənim üçün fərqi yoxdur. İstər toy olsun, istər yas. Harda aş, bu lələş orda baş” deyib əlini qarnına vurub güldü.
Qiyas Quliyev
Respublikanın Əməkdar müəllimi, Yevlax Ziyalılar Cəmiyyətinin sədri