Həyat Şamıyeva. Milli teleməkan və milli-mənəvi dəyərlər

Həyat Şamıyeva. Milli teleməkan və milli-mənəvi dəyərlər

MTRŞ Ekspertiza, proqramlaşdırma  və analitik şöbənin baş  məsləhətçisi

Televiziya, sadəcə, müəyyən yayım funksiyalarını həyata keçirən kütləvi informasiya vasitəsi olmayıb, həm də düşünən, düşündürən, öz fəaliyyətini məqsədli bir istiqamətdə quran və bu istiqamətin ideya müəllifi, daşıyıcısı, icraçısı və səlahiyyətlisi olan bir qurumdur. Bu qurum milli-mənəvi, milli-mədəni dəyərlərə nə qədər çox söykənərsə, bir o qədər də öz auditoriyasını həmin ruhda kökləyə bilər. Kütləvi informasiya vasitələri, o cümlədən televiziya milli-mənəvi dəyərləri elmi-fəlsəfi dillə deyil, elmi-kütləvi, publisistik dillə, bədii obrazlar vasitəsilə, mədəniyyətin, incəsənətin, ədəbiyyatın bütün mümkün üsul və vasitələrindən istifadə etməklə kütləyə çatdırmalıdır.  Bəs, milli-mənəvi dəyərlər deyəndə nə başa düşülməlidir?

Milli ideologiya, milli tarix, dil, mili mədəniyyət və incəsənət, mili ədəbiyyat, mili özünüdərk, din, milli əxlaq və ailə, bir sözlə, milli olan bütün mənəvi sərvətlər milli-mənəvi dəyərlərdir.  Milli-mənəvi dəyərlər hər bir millətin özünüdərk konsepsiyasından meydana çıxan mühüm amildir. Hər bir xalqın milli-mənəvi dəyərləri onun milli mənəviyyat göstəricisidir. Bu mənəviyyatın qaynaqlandığı mənbə isə milli tarix və onun gerçəklikləri, milli mədəniyyət və incəsənət, milli adət və ənənələrdir. Bu gün mədəni-mənəvi köklərimizə qayıdış yolunda, milli mənəviyyatımızın təkcə forma baxımından deyil, həm də məzmun baxımından bərqərar olması uğrunda aparılan mübarizədə KİV-lərin, xüsusilə də televiziyanın oynadığı rol, dərhal nəzərə çarpacaq dərəcədə çox əhəmiyyətlidir. Buna görə də, televiziya və mətbuatın milli mənəviyyata yad elementlərlə dolduğu bir zamanda milli-mənəvi mühitin qorunması problemi aktual olaraq ortaya çıxır. Həyat, zaman bir yerdə dayanıb gözləmir və davam etməkdədir.

Qloballaşma dönəmində milli televiziyaların, xüsusən də özəl teleşirkətlərin, milli ruhun himayəsindən çıxması televiziya auditoriyasının  milli deqradasiyasına gətirib çıxarmırmı? Bugünkü gerçəklikdə bu məsələ çox mühüm prioritet olaraq qalmaqdadır. Telekanallar yalnız veriliş və proqramlarının yayımı ilə kifayətlənməməli, paralel olaraq bu proqram və verilişlərdə milli-mənəvi dəyərlərin təbliği və qorunmasına xidmət etməlidirlər. Bütün siyasi, ictimai,  mədəni, ədəbi proseslər, o cümlədən yayım prosesləri daim inkişafda və yeniləşməkdədir. İstənilən inkişafın bazasında isə mütləq ümumbəşəri və qlobal elementlər dalğası hökm sürməyə can atır. Bu dalğanın törətdiyi fəsadlar isə istənilən prosesi milli kökündən, milli adət-ənənəsindən, milli mənəviyyatından  uzaq sala bilər. Məhz, buna görə də, kütləvi auditoriyası olan televiziya, mütləq mənada, ümummilli ahəng üstündə köklənməlidir. Televiziyanın daxili potensialı, yaradıcı gücü, işlək qüvvəsi, jurnalist bazası daha çox milli-mənəvi dəyərlər kontekstində yüklənməlidir. Çünki, televiziya istehlakçısının bütün yuxarıda sadalanan prosesləri  necə dərk etməsi və hansı mövqe tutması, xeyli dərəcədə, televiziyanın şəxsi mövqeyinin göstəricisidir.

Telekanalın hansı bucaq altında fəaliyyət göstərməsindən asılı olaraq yayımladığı proqram, veriliş və informasiyalar da həmin aura daxilində hazırlanıb tamaşaçıya ötürülür.
Televiziya verilişləri insanların psixikasına, mənəviyyatına güclü təsir edə bilir. Ona görə ki, o jurnalistikanın bütün üsul və formalarından məharətlə istifadə edir. Məhz buna görə, telekanalların üzərinə, bu mənada, böyük məsuliyyət düşür. İctimai həyatımıza televiziyadan daxil olan yad elementlərdən qorunmaq üçün bu gün izləyici auditoriyasında milli özünümüdafiə instinkti olmalıdır, əks təqdirdə sosial instinkt televiziyanın axınına düşərək  formalaşacaq. Məhz buna görə də, milli-mənəvi dəyərlərin qorunması və ya dağıdılması məsələsi ilk öncə, hər birimizin evinin çağırılmamış qonağı olan televiziyadan başlayır. Deməli televiziya milli-mənəvi dəyərlərin həm qoruyucusu, həm də pozucusu ola bilər. Bu gün Azərbaycan teleməkanında fəaliyyət göstərən telekanalların yuxarıda  söylədiyimiz iki zidd funksiyadan  hansını öz fəaliyyətində tətbiq etməsi çox aktualdır.