Könül Hüseyn. Xəzəl (Esse)

Könül Hüseyn. Xəzəl (Esse)

Bir ağacda doğulmuşdum. Hündür, böyük şaxəli bir ağacda. Hər gün bir az daha yaşıllaşırdı ümüdlərim. Ən gözəl yarpağım sənsən deyirdi mənə saplağımla sarıldığım, tutunduğum budağım.

Budağım da çox, amma çox güclüydü. Heç vaxt qüvvəsini itirməyəcək, məni üzərində saxlamağa daim gücü çatacaq və heç buraxmayacaq kimi idi. Günlər ötdükcə yanıldığımı anlamağa başlayırdım, ona etdiyim bu təriflərdə.

Gedərək zəifləyiridi sevgisi. İncidirdi məni və ümüdlərimdən yaşıllaşmış rəngim solmağa, saralmağa eyni zamanda biraz da qızıllaşmağa başlayırdı.

Güclə tutunurduq bir-birimizə. Qopmaq üzrə idik. İki sevgiliinin ayrılığı zamanı, biri ürəksiz ayrılınca barmaqlarının ucunda ilişib qalan əlləri kimi. Mən tərk edirdim. O da getmə demirdi. Lal olmuşdu sanki. Fısıldaya da bilmirdi sevgisini. Gücdən düşmüşdü. Artıq məni də sevmirdi deyəsən.

Qopmağa can atırdım. Nəhayət budağımdan qopdum və havada süzərək bir dibə düşdüm.

Düşdüm və incitmədi... Sanki, qopduğum an daha rahat, daha gözəl olmuşdum. Çatacağım yerə qədər anlamırdım nələr baş verdiyini. Bir sevinc vardı içimdə. Sıxıntılardan sıyrılıb xoşbəxtliyə yol alar kimi. Yuxu deyildi, doğruydu bütün hiss etdiklərim.  Qopub düşdüyüm yer eşqin qucağıymış.

Torpaq. Qüvvətli torpaq. Məni özünə valeh edib, eşqinə çatmağım üçün saraldıb xəzəl edən torpaq.

Budağımı qınamışdım. Bağışla budağım. Mən səni sevgi, eşq sanmışdım. Torpağa düşüb ona qarışmağa başladıqca anladım sevginin, eşqin tutunmaq deyil, kimsələrin ayıra bilməyəcəyi qədər bir-birinə qarışmaq olduğunu. Qarışdıqca qarışdıq torpaqla. Bir cismdə bərabər olana qədər.

Sevgiyə çatacağımın işarəsiymiş saralmam, solmam.  Bu soluşların ardından narıncının ən tündündə eşqə qovuşmağım oldu mükafatım.

Mən  xəfif payız küləyi ilə qopub, eşqə düşmüş bir qızıl yarpaq idim.Torpağın eşqindən daha da qızıllaşıb,yanaraq, ona qarışıb, onda yox olan.