Malik Məmmədli – XX əsr Azərbaycan ədəbiyyatına dair qeydlər - 60-70-ci illər (II yazı)

Malik Məmmədli – XX əsr Azərbaycan ədəbiyyatına dair qeydlər - 60-70-ci illər (II yazı)

M.Bağırovdan sonrakı mərhələdə Azərbaycan SSR-in ictimai-siyasi həyatındakı əsas meyillərdən biri milli məsələlərin tədricən gündəmə gətirilməsi idi. Həmin illərin əhəmiyyətliliyinə görə ən mühüm hadisələrini müəyyənləşdirməyə çalışsaq, yəqin ki, ilk növbədə 30-cu illərin bir qisim repressiya qurbanına bəraət verilməsi ilə Azərbaycan dilinin dövlət dili kimi hüquqi statusu məsələninin mətbuatda açıq müzakirəyə çıxarılmasını qeyd etməliyik. Dil məsələsinin ictimai müzakirəsi və xüsusilə, o dövrdə Azərbaycan rəhbərliyində təmsil olunan yazıçı Mirzə İbrahimov, İmam Mustafayev kimi şəxslərin səyi onunla nəticələndi ki, 1956-cı ilin 25 avqustunda Azərbaycan SSR Ali Soveti ölkə Konstitutsiyasına dövlət dilinin Azərbaycan dili olması haqqında maddə əlavə edilməsi barədə qanun qəbul etməli oldu. 1937-ci il Azərbaycan SSR Konstitutsiyasına edilmiş bu dəyişiklikdən sonra rəsmi dövlət dili ilə bağlı qeyri-müəyyən vəziyyət aradan qalxdı, Azərbaycan dili hüquqi status aldı, dövlət idarələrində, ictimai və mədəni sahələrdə rus dili əvəzinə rəsmən Azərbaycan dilindən istifadə edilməyə başlandı. Buna qədər, bədii üslub və mətbuatın sayəsində Azərbaycan dili rus dilini üstələsə də, ölkə ərazisində dövlət dili statusu bu və ya digər şəkildə rus dilinə məxsus idi. Bu dəyişikliklə bağlı bir qrup tarixçinin ümumi rəyinə görə, qəbul edilən qanundan sonra "... respublikada güclənən milli ideya milli irsə və mədəniyyət xadimlərinə münasibətdə milli təssübkeşlik meyillərini doğurdu" (Cəmil Həsənli.)

Heç şübhəsiz ki, dil kimi milli bir məsələdə həyata keçirilən bu islahat elə həmin illərdə yetişməkdə olan və 60-70-ci illər ədəbiyyatının ideya, məzmun və estetik keyfiyyətini müəyyən edəcək bir nəslin dünyagörüşünə, mənəviyyatına təsirsiz ötüşə bilməzdi. Həmçinin, sənət və ədəbiyyatın üfiqlərində görünməyə başlayan yeni istiqamətlər güclənən millilik meyillərinin və bu konteksdəki yeni ədəbi mərhələnin ilkin işartıları idi. Belə ki, bu dövrə qədər istər nəsr, istərsə də poeziyada, necə deyərlər "formaca milli, məzmunca yad" xarakterə malik Azərbaycan sovet ədəbiyyatı artıq özünün milli nəsr ənənələrini formalaşdırmağa başladı. Bu isə, heç şübhəsiz ki, onun indiyə qədər əldə etdiyi ən böyük nailiyyəti hesab edilə bilərdi. "Şamo" kimi bir roman nümunəsi və cəmiyyət həyаtının, sоsiаl-siyаsi prоblеmlərin əks olunduğu onlarla digərlərinə baxmayaraq, 30-50-ci illərin nəsr ənənələrində insаn tаlеləri bir çox hallarda аrха plаndа qalmışdı. Bu baxımdan, 60-70-ci illər nəsri həm də ona görə əhəmiyyətli idi ki, ədəbiyyаtı "öz prеdmеtinə qаytаrmаq, insаn tаlеyi ilə bаğlаmаq üçün оnu sоsiаl-siyаsi prоblеmlər müstəvisindən çıхаrıb mənəvi-əхlаqi ахtаrışlаr müstəvisinə, yəni insanın üzərinə gətir"di (Təyyаr Sаlаmоğlu.) Bundan əlavə, bu yeni mərhələdə millilik məsələsi ilə insan taleyi bədii məzmunda çuğlaşmağa başladı: artıq nəsrin sətirləri arasından boylanan tale tək formaca deyil, həm də məzmunca Azərbaycan insanının idi. Elə həmin on illiklərin ədəbiyyat üçün yeni mərhələ xüsusiyyətlərini müəyyən edən də əsasən bu amillər olmuşdu. Buna qədər olan roman və digər nəsr təcrübələrini isə, ümumiləşdirsək (Məməd Səid Ordubadi, Süleyman Rəhimov, Mehdi Hüseyn, Əli Vəliyev, Əbülhəsən, Manaf Süleymanov və.s), onları bədii məzmun cəhətdən zəif və sosial sifarişdən doğmayan nümunələr adlandırmaq daha doğru olar.

60-70-ci illərin bədii nəsrindən danışarkən, həmin dövürdə siyasi sistemin təbiətindən qaynaqlanan məsələləri də nəzərə almaq lazımdır. Belə ki, ümumittifaq səviyyəsində yaranan yeni siyasi vəziyyət, həyatın bir çox sahələri üzərindəki total nəzarətin müəyyən qədər zəifləməsi, sovet bürokrat təbəqəsinin formalaşması, kommunist ideologiyasına inamın azalması və bir sıra lokal amillər əsil təbiətcə qiyamçı olan nəsrin əl-qolunu xeyli açdı. Bütün bu proseslər və birinci mərhələ ilə müqayisədə ədəbiyyat üzərindəki avtoritar diktənin nisbətən yumşalması fonunda yazıçıların müstəqilliyinin artması, nəsrin özünü ifadə imkanlarına və potensialını ortaya qoymasına, xüsusilə təbii inkişaf məcrasını tapmaq meylinə xeyli şərait yaratdı.

Bununla belə, artıq 1950-ci illərin sonlarından başlayaraq nəsrin tədricən ön plana çıxmasına baxmayaraq, öncəki üç onilliyin "sovet gerçəkliyi”ni və sosialist zəfərlərini özünəməxsus canfəşanlıqla tərənnüm edən poeziya, xüsusilə ədəbi tənqidçilər tərəfindən ənənəvi və ya Səməd Vurğun məktəbi adlandırılan istiqamət (Bəxtiyar Vahabzadə, Nəbi Xəzri, Hüseyn Arif, Nəriman Həsənzadə, Məmməd Araz, Qabil) öz mövqeyini yenə də qoruyub saxlayırdı. Əlavə olaraq, daha bir istiqamət, Rəsul Rzanın adı ilə bağlı olan modern məktəb (Əli Kərim, Fikrət Qoca, Fikrət Sadıq, Vaqif Səmədoğlu, Ələkbər Salahzadə) də formalaşmağa başlamışdı.

Beləliklə, kommunist ideologiyasının cəmiyyət üçün məşruluğunu getdikcə itirməsi fonunda 60-70-ci illər Azərbaycan ədəbiyyatına xas xüsusiyyətləri ümumiləşdirsək, bu konteksdə aşağıdakıları qeydləri edə bilərik:

-ədəbiyyatda yeni, məzmunca milli "ideya axtarışlarının" baş qaldırması;

-"təsvirdə, təhkiyədə, dil-üslub sərbəstliyinə meydan verilməsi, neytral, artıq təsirliliyini itirmiş ədəbilikdən, ifadə normativliyindən qaçılması, eksperimentçilik" (Nizami Cəfərov);

-milli təssübkeşlik meyillərinin güclənməsi ilə irsə, dilə və yaddaşa müraciətin intensivləşməsi;

-ədəbiyyatın predmetinə münasibətdə makro səviyyədən mikro səviyyəyə keçilməsi yaxud ümumbəşəri mövzulardan adi insanın, onun əxlaqi-mənəvi dünyasına gəlinməsi.

***

Bütün bu proseslərin arxa fonunu təşkil edən hadisədən, Azərbaycan dilinin rəsmi status almasından bir qədər sonra, yeni mərhələnin qeyd edilən başlıca xüsusiyyətləri bədii nəsrin kifayət qədər özünəməxsus və daha çox eksperimental xarakteri daşıyan nümunələrində özünü göstərməyə başladı.

Əgər Bəxtiyar Vahabzadənin "Gülüstan" poeması yeni ədəbi mərhələ üçün ilk siqnal idisə və bu kənaraçıxma həmin dövrə qədər və sonrakı poeziyası üçün əsasən spontan xarakter daşıyırdısa, bədii nəsrin vəziyyəti bir qədər fərqli idi. Belə ki, elə həmin illərdə, "Gülüstan" poeması ilə təxminən yaxın tarixdə meydana çıxan İsa Hüseynovun "Yanar ürək" povesti ilə İsmayıl Şıxlının "Dəli Kür" romanı artıq qətiliklə Azərbaycan nəsrinin sovet reallığındakı millilik cəhətdən ilk şüurlu nümunələri sayıla bilərdi. Və çox keçmir ki, 60-cıların ortaya qoyduğu digər nəsr nümunələri (İsa Hüseynov, Anar, Elçin, Əkrəm Əylisli, Vaqif Səmədoğlu, Mövlud Süleymanlı və digər.) bu tendensiyanın poeziyada olduğu kimi spontan xarakter daşımadığı, sözü gedən ədəbi-bədii təfəkkürün ciddi əsaslara, dayaqlara malik olduğu və davamlı olacağı qənaətini təsdiq edir.

Bununla yanaşı, 60-cıların nəsri yalnız bədii-estetik cəhətdən deyil, həm də sovet insan və cəmiyyət modelinə yeni münasibət, yanaşma gətirməsi, "milli-ictimai təfəkkürün yenilənməsi"nə verdiyi təkan baxımından əhəmiyyət daşıyırdı. Sovet cəmiyyətindəki mövcud ideoloji mifin əsasını təşkil edən idealizə edilmiş sovet insanı və onun sənət və ədəbiyyat vasitəsilə təkrar istehsalı prosesi yeni mərhələdə faktiki olaraq süquta uğramaqda idi. Bundan belə, ciddi nəsrin səhnəsinə çıxan həyatlar artıq "xırda adamlar"ınkı olacaqdı və ədəbiyyat sosial gerçəkliyin sürətini çıxarmağa daha yaxın, öz barışmaz qiyamçı təbiətini göstərməyə daha iddialı idi.

Nəticədə, bədii nəsrin ruhunun dövrün ruhu ilə müəyyən uzlaşma içinə girməsi nəinki milli nəsr ənənələrinin formalaşmasına, həmçinin 80-ci illərin milli şüur və sosial gerçəkliyi daha yaxşı əksetdirən roman nümunələrinin ortaya çıxmasına şərait yaratdı. Deyildiyi kimi, 60-cı illər əsasən eksperimental nümunələr, bədii-estetik axtarışlarla keçdi və həmin "illərdə nəsrə gələn yаzıçılаrın rоmаn təfəkkürü və təcrübəsinin də əsаsən 80-ci illərə düşməsi" (Təyyаr Sаlаmоğlu) heç də təsadüfü deyildi; belə demək mümkünsə, 60-cı illərin hazırlıqları 80-ci illərin öz təbiəti etibarı ilə sоsiаl, ictimаi inkişаfla sırf bağlı olan romanları üçün idi. Bu prosesi ən yaxşı İsa Hüseynovun "Yanar Ürəy"inin "İdeal"a çevrilməsi simvolizə edir. Mərhum yazıçının öz sözləri bizə bu barədə daha aydın təəssürat verə bilər: "Tarixçilərdən, tənqidçilərdən bir qismi "İdeal"ı nisbətən doğru təhlil etsə də, ikinci qism nəinki sadə oxucuları, hətta ən hazırlıqlı ziyalıları da çaşdırır. Mən deyirəm "Yanar ürək"dən imtina eləmişəm, çünki bəsitdir. Tənqidçi qardaşım deyir, bəsit deyil, çünki burda böyük, ciddi sosial məsələ qaldırılıb, Stalinin şəxsiyyətinə pərəstiş ifşa olunub. Deyirəm, ... şəxsiyyətin dəhşəti hələ də sizi dəhşətləndirir. Bunun səbəbi nədir, kökü hardadır? "Yanar Ürək" açırmı o kökü? Açmır! "İdeal" isə əvvəlcə şəxsiyyətin müsibətlərini göstərir - qıyma-qıyma təsvir edir, sonra deyir: "dəhşətin kökü tarixin dərinliyində, bütün bəşəriyyət üçün qapalı olan keçmişin zülmətindədir..." (ardı var...)


Malik M
əmmədli