Mapmavi səma və ağappaq buludlar (hekayə-rekviyem)
- 30.07.2007
- 0 Şərh
- 587 Baxış
Aslan Quliyev
Günəşli yaz günü, səma mapmavi olanda, mapmavi səmada ağappaq buludlar ağır-ağır süzəndə öləcəyəm. Gözlərimi dərhal qapamazsan. Məni qucağına götürüb gedərsən üzü gündoğana. Birinci təpəni aşar, ikinci təpəni aşar, üçüncüdə dayanıb qəbrimi qazarsan. Günəş doğanda günəşin şüaları ilə birlikdə məni qəbrə qoyar, gözlərimdə donmuş mapmavi səmaya, mavi səmada ağır-ağır süzən ağappaq buludlara son dəfə baxıb, üstümü torpaqlarsan.
***
Mavi səmada ağappaq buludlar süzür, buludlar aşağı enir, yellənir, qəsəbənin qırmızı kirəmitli damlarına toxunub mayallaq aşırlar. Yeni yazdığım roman məni çox yorub, uzanıram pambıq tayası kimi yumşaq, sərin buludun üstünə, əllərimi başımın arxasında çarpazlayıb dincəlirəm.
İçmək istəyirəm. Dükançının mənə nisyə veriləsi mümkün olmayan mallarının siyahısında ilk yerləri spirtli içkilər tutur. Guya mən israfçılığa yol verirəm, su əvəzinə araq, kampot əvəzinə şərab içirəm, onun da dədəsinin şərab zavodu yoxdu, babası araq istehsal eləmir, xaricdəki qohumlarından miras qalmayıb, qəfil ölüblər, vəsiyyət eləməyə macal tapmayıblar. Bu tərəfdən də mən bunu müflisləşdirirəm. Top vursan dağılmaz, amma bir şüşə şərabı nisyə verən kimi müflisləşir, az qalır çarəsizlikdən əl açıb dilənsin, qarşısına çıxan ilk telefon dirəyindən özünü assın.
Şkafların yeşiklərini axtarır, bir banka kofe tapıram. Neyləməli, kofe ilə keçinəsi olacağam. Bankanı açmaq asan deyilmiş, açılmır, bir sıra alətlərdən istifadə eləyirəm, mümkün olmur. Döyüşürük, vuruşuruq, tənəkə banka mənə qalib gəlir, döyüşdən qalib çıxır. Əlimin üstü doğranıb, üzümdə aypara şırım açılıb. Banka, deyirəm, sən insana qalib gəldin!
Bir az düşünüb texniki yenilikdən istifadə eləməyi qərara alıram, texniki yenilik də ibarət olur dəmir kəsən mişardan. Bankanı mişarlayıb açıram və texnika əsrində yaşadığım üçün qürur hissi keçirirəm.
Qəlbimdəki qürur hissi bilmərrə yoxa çıxır, bankada kofe əvəzinə qapqara daş var. Dükançı, indi buna insan demiş olarsam planetin beş milyardlıq əhalisini təhqir eləmiş olaram. Heyvan əsla demək olmaz, belə təhqiri heyvanlar mənə bağışlamazlar. Dovşanlar evimin yanındakı yamacda otlayır, qaranquşlar pəncərəmə çırpılıb məni yuxudan oyadır, bülbüllər bağda cəh-cəh vururlar, gürzələr arxda su içir, sürünüb biçənəyə gedir, orda öz qorxulu nəğmələrini oxuyurlar. Bilsələr buna heyvan demişəm, tufan qopar, əməlli-başlı inciyərlər. Sadəcə olaraq tip demək olar, belə də deyirəm. Tip, sən nə cürətlə romanını tamamlamaq üzrə olan yazıçıya əsrin əvvəllərində ölkəyə gətirilmiş kofeni sırıyırsan? Tip mızıldayır, yazıçı və onun romanı haqda ədəbsiz ifadələr işlədir. Yaxasından yapışıram, son dərəcə mədəni şəkildə iki-üç dəfə çəkirəm, tipin divara qarşı allergiyası var imiş, huşunu itirir. Üzünə soyuq su vururam, ağlı başına gələndən sonrra təzədən daş dövrünün istehsalı olan kofeni nə cürətlə yazıçıya sırıdığını soruşuram. İnanılası deyil, tip yenə də burnunun altında mızıldayır, yazıya alınası mümkün olmayan ifadələr işlədir. Yaxasından yapışıram, amma çəkməyə macal tapmıram. Polis gəlir, işin nə yerdə olduğunu öyrənir, məlum işdir, batdım, roman yarımçıq qaldı, polis qardaşımızla rastlaşdınmı, üç-beş ay əlinə qələm götürə bilməzsən.
İnanılası deyil, vah bə, olurmu….u?! Polis qardaş, özcə qardaşımız nə desə yaxşıdı, sənin vətəndaşlara zay məhsul satmağa ixtiyarın yoxdu! Fürsətdən istifadə eləyib vurduğu zərərin əvəzini tələb eləyirəm. Tip çarəsiz halda başqa bir kofe bankasını götürüb mənə uzadır, dəhşətdən sifətim əyilir, bankayla vuruşmaqdan qorxuram, bankalar mənə qalib gəlirlər! Deyirəm, o qiymətə bir şüşə şərab ver, yenə mızıldanır, amma şərabı da verir. Söz yox, dədəsinin şərab zavodu olmadığını, babalarının araq istehsal eləmədiklərini xatırlatmağı da unutmur. Qara çörək, pendir də istəyirəm. Çarəsiz verir, əyilib qulağıma pıçıldayır:
- Haçan?
- Sabah, - deyirəm.
- Sabahların sonu yoxdu axı!
- Yanılırsan, - deyirəm, - insan ömrü əbədi deyil.
- Sabahlar isə əbədidi!
- Bizə nə dəxli? Biz sabahların yox, ömrümüzün hesabını aparmalıyıq.
Tip dükandan çıxır, polisin getdiyini görüb bağırır, romanım haqda xeyli ədəbsiz sözlər işlədir. Qışqırır, asıb kəsir, saçları dağılıb, dağınıq saçlarını külək oynadır, köynəyinin yaxası açılıb, tüklü sinəsi tərdən işıldayır.
Şərab şüşəsi də açılmır, lənətə gəlmiş şüşə verir ayağını yerə, dirəşir! Şüşə mən səni məğlub eləyəcəyəm, deyirəm! Şüşə isə bir az da qaralır, başıma dönməsən, deyir. Vuruşuruq, dəmir çəngəl əlimə batır, ağrıdan ürəyim göynəyir, ancaq döyüşü yarımçıq buraxmağı özümə sığışdırmıram. Daha əzmlə, qətiyyətlə döyüşə girişirəm, çəngəl də daha əzmlə sinəmə batır. İndi sinəm deyəndə, birbaşa ürəyimə. Şüşə mənə qalib gəlir! Lənətə gəlmiş şüşə məni məğlub eləyir.
Sən insan öldürdün, şüşəyə deyirəm.
Şüşəninsə vecinə deyil. Ölmək istəmirdinsə, mənə toxunmamalıydın, deyir.
Qonşunun qızı atasının belə şüşələri çox açdığını deyir, qaçıb gedir və balaca bir alətlə qayıdıb gəlir, şüşəni ikicə dəqiqədə açıb mənə verir. İlahi, bu qızın necə gözəl qəlbi var!
Süfrə açır, qara çörəyi, pendiri doğrayır, şərabı içirəm. Şüşə boşalandan sonra dükançının romanım haqda dedikləri yadıma düşür. Gedirəm dükana, tipi başa salmağa cəhd eləyirəm, deyirəm, mən çiynimi Azərbaycan ədəbiyyatının ən ağır yükünün altına vermişəm, ədəbiyyatımızın irəliyə inkişafını təmin eləyirəm. Sən əbləhin ucbatından isə zaman-zaman axsayıram, nəticədə ədəbiyyatımız da axsayır, yanpörtü yeriyir, irəli yox, arxaya gedir. Sən istərsənmi başqaları baxıb ədəbiyyatımızın soncuqlayaraq yeridiyini görsünlər? Başa sala bilmirəm, Azərbaycan ədəbiyyatı qabağa getsin, ya arxaya, tip üçün fərqi yox imiş! Yaxasından yapışıram, yüngülcə dartıram, məlum işdi, orda divar var. Neyləyim, divara qarşı allergiyası var deyə yaxasından yapışmayımmı? Çəkməyimmi? Üz-gözünə su çiləyirlər, gec ayılır, yenə həmən ifadələri işlədir, hardansa iki-üç satıcı qız gəlir, fəhlələr də onlara kömək eləyirlər, qollarımdan yapışıb bayıra atırlar. Konserv və turş şərab qoxuyan bu orduya məğlub oluram. Həyat bu, məğlub olmağa başladınmı, hələ çox məğlub olacaqsan.
Rəssam dostum gəlir, bir şüşə araq gətirib. Bostandan kartof çıxarır, göy soğan yığır, kartofu qaynadırıq, qara çörək üçün dükana rəssam gedir. Çörək alıb gəlir, deyir dükançı romanın haqqında senzuradan kənar ifadələr işlədirdi, təkcə deməklə kifayətlənmir, rəssamdı, bol fantaziyası, təxəyyülü var, təsvir də eləyir. Sözləri mənə təsir eləmir, təsvirisə yandırır, cızdağımı çıxardır. Həm də təsvir əndazəsiz uzun olur.
Cökə ağacının kölgəsində oturub arağı içirik, rəssam keflənir, gözləri gülür. Bağda oxuyan bülbüllərdən xoşu gəlib, bülbüllərin kimin olduğunu soruşur. Mənim olduqlarını deyirəm. Bülbüllərdən almaq istəyir, könülsüz halda razılıq verirəm, yaxşı, deyirəm, amma bir bülbülü əlli manatdan aşağı satmaram, indi heç bu qiymətə alacəhrə də ala bilməzsən. Bu isə on manat təklif eləyir, sonda birini iyirmi manatdan razılaşırıq, qırx manat verir, hələlik iki bülbül almaq istəyir. Alverdən razı qalıb, gözləri işıldayır.
- Bülbüllərimi ver, - gedəndə deyir.
- Ordadılar, - ağaca qonmuş bülbülləri göstərirəm.
- Mən tutmalıyam? - gözlərini bərəldir.
İndi də bunu başa salmağa cəhd eləyirəm, mən bülbülləri satmışam, bülbülü kimin tutacağı haqda isə danışmamışıq. Cəmisi iyirmi manata bülbül alırsan, həm də bülbülləri tutmağımı istəyirsən. Mən sənin üçün bülbül tutanam? Bu da başa düşmək istəmir, deyir, məni aldadıbsan, meşənin, çölün bülbülünü mənə satıbsan! Bir təhər yola salıram.
Ağappaq buludlardan aşağıda hava ilğımlanır, evlərin kirəmit damları qızarır. Buludların üzərində uzanıb dincimi alıram, bəxtimə dəcəl bulud düşüb, mayallaq aşır, ləngər vurur, yıxılmamaq üçün buludun boynunu qucaqlayıram.
***
Darıxıram, hekayələrimdən birini götürüb rayon qəzetinə gedirəm, rayon qəzeti həftədə bir dəfə çıxır, yazılarıma görə mənə qonarar vermirlər, əslinə qalsa qəzetin hansı durumda olduğunu bildiyimdən, heç özüm də nəsə ummuram.
Özünü məsul katib kimi təqdim eləyən, saçlarını qısaca vurdurmuş, şalvar geymiş nərmənazik, mavi gözlü gözəl qız redaktorun olmadığını deyir, iş üçün şəhərə gedib. Qız o qədər gözəl, suyu şirindi ki, özümü saxlaya bilmir, qızı öpürəm. Qız sifətini turşudur, mavi gözlərində çaşqınlıq ifadəsi canlanır:
- Sizə nə xidmət göstərə bilərəm? - soruşur.
- Yəni istərdinizmi?
- Nəyi?
- Xidmət göstərməyi.
- Hə də, - qız başıyla təsdiqləyir.
- Çox xidmət göstərə bilərsiz. Hansını deyim?
- Əsasını deyin.
Əsasını deyirəm və qız burda problem olmadığını deyib qapını bağlayır. Qız soyunandan sonra bir anlığa özümü itirirəm, ilk dəfədi belə gözəl qız görürəm, çılpaq qız gözəlliyi ilə məni sehrləyir. Qızın dərhal razılaşacağını, heç bir söz demədən soyunacağını təsəvvür belə eləməzdim. Bir müddət ayaq üstəcə donub qalır, qıza yaxın düşə bilmirəm.
Balaca otağın pəncərəsi çaya açılır, pəncərənin qabağını kəsmiş fısdıq ağaclarının yarpaqları arasından içəri süzülən günəş şüaları qızın üz-gözündə, saçlarında, yumru çiyinlərində, döşləri üstə oynaşır. Daşlara çırpılan suyun şırıltısı içəridə aydın eşidilir, hardansa uzaqlardan yasəmən qoxusu gəlir. Qıza deyirəm Rusiyanın cənubundan şimalına kimi gəzmişəm, həyatımda çoxlu qızlar, qadınlar olub, amma sənin kimisini ilk dəfədi görürəm. Qız qəh-qəhə ilə gülür, deyir, elə mən də sənin kimisini ilk dəfədi görürəm, dedim yəqin ilk dəfəndi. Bir anlığa belə qızın sifətindən təbəssüm əskik olmur, gülümsəyir, yaşıl yarpaqlar arasından süzülən günəş şüası qızı təpədən-dırnağa kimi qızılı rəngə boyayır.
Evə qayıdıram. Axşam düşür, buludlar üfüqlərə doğru sürətlə uzaqlaşırlar, bülbüllər bağda oxuyurlar, gürzələr arxa su içməyə gəlirlər, bir azdan aşağıdakı biçənəkdən qorxulu nəğmələri eşidiləcək.
Ay doğur, ağacların arasından ay işığı süzülür. Bəyaz ay işığında arxın kənarındakı gur çiçəkləmiş itburnu kolu ağappaq paltarlı gəlinə, cökə ağacı qara kostyumunu geymiş bəyə oxşayır, sanki indicə bəy gəlinin qoluna girib, bəyaz işığa bürünmüş çöllərlə aparacaq.
Boyun-bağızında, saçlarında, çiyinlərində, döşləri üstə yaşıl yarpaqların arasından süzülən günəş şüası oynaşan qızı xatırlayıram, qəlbim həsrətlə çırpınır.
***
Pulum var, dükana inamla gedirəm, tip məni qaşqabaqla qarşılayır, dədəsinin, babasının zavodları, fabrikləri olmadığını xatırlatmaqdan özünü saxlaya bilmir, ancaq pulu görəndə gözləri gülür. Xırda-para borclarımı sildirirəm, araq, qara çörək, bir banka duza qoyulmuş xiyar, alma şirəsi alıram, ödəmə nağd olduğundan arağa qoyulan veto qüvvəsini itirir.
Həyətdə qonşu məni gözləyir, ona mavi səmadan, ağappaq buludlardan, dovşanlardan və gürzələrdən danışmağı artıq hesab eləyirəm. O isə problemlərinə məni şərik eləməyi artıq hesab eləmir. «Qaz məktəbin həyətində otlayırmış, oğlum da məktəbə gedirmiş. Qaza baxır, qaz da ona baxır, sonra da oğlum qaza baxır…» «Sözünü deyəcəksən, ya yox? - onun sözünü kəsirəm. - Qaz oğluna baxıb, oğlun qaza baxıb! Sonra nə olub?»
Çiyinlərini oynadır, qəti qərar alıram, bir də oğlunun qaza, qazın da oğlunu baxdığı haqda bircə kəlmə də desə su dolçasını başına vuracağam. Alnıma qonşu qatili olmaq yazılmayıbmış, qazla oğlunun bir-birinə baxışmasından danışmır. Eynən tip kimi mızıldanır.
- Oğlum onu minib…
- Neyləyib?
- Minib.
- Qazı? - inamsızlıqla səslənirəm.
- Hə də, orda minməyə başqa şey yox imiş axı.
- Ağlını itirdin? Qazı da minərlər. Başqa şey olmayıb! Demək, olsaymış, tutub onu da minəcəkmiş?
- Ağlını itirən oğlumdu. Qazı o minib, mən yox.
Boynunu bura-bura danışır, qazı minir, qaz da uçub girir sinf otağına, jurnalları dağıdır, müəllimənin gözünü zədələyir, on yeddi uşağa xəsarət yetirir, sinif otağına təzəcə gətirilən kompüterləri stolun üstündən yerə salıb eləyir heç nə. Rayonun gözü olan məktəb qazın ucbatından işini dayandırmalı olub. İşlər şuluqdu, mən neyləməliyəm? «Oğlun onu mindiyi üçün qazdan üzr istəməlisən! - deyirəm. - Səni minsələr yaxşımı olar? İndi mən səni minsəm, üzr də istəməsəm, xoşunamı gələr?»
Qonşu deyir, işlər dolaşır, belə getsə məni doğrudan da minəcəklər. Başa sala bilmirəm ki, məktəbi dağıdan, məktəbliləri, müəlliməni yaralayan oğlum deyil, qazdı! Nəyə görə uçub sinfə girməliydi, dərəyə uçsun, çölə uçsun! Bu isə bir başa sinfə soxulur, lənətə gəlmiş qanadları ilə otağı dağıdır! Sən birbaşa sinif otağına uçun qazı harda görübsən? Qaz şimala uçar, cənuba uçar, məktəbə yox!
Rəssam gəlir, bülbüllərini tutmaq üçün bağa gedir. Mən isə buludların üzərində uzanıb dincəlirəm. Bulud ağappaqdır, yumşaq, sərindir, məni mavi səmada fırlayır, gəzdirir, gözlərim önündən intəhasız mavilik keçir, mavi səma sonsuzdu, sonsuzluğa qədər uzanır.
Rəssam bir əliylə belindən yapışıb, bir əliylə də qarnından. Bağda bülbülləri tutmaq istəyirmiş, kolun içindən çıxanda qonşu tülkü olduğunu zənn eləyib, ağacı nıxçayıb belinə. Onurğa sütunu qırılmasa da, zədələnib, bülbüllər arxayın ola bilərlər, belini çəkən rəssam onları tuta bilməyəcək. Qonşunun tülkünü rəssamla dəyişik salması mənə inandırıcı görünmür, rəssamla haqq-hesabı var imiş. Qonşu ağacı gözlədiyindən artıq nıxçadığını güman eləyib, rəssamın könlünü almaq üçün iki şüşə şərab gətirir, onun bu hərəkətini rəssam razılıqla qarşılayır, amma bizimlə bir stolda oturmasına icazə vermir. Hələ bir müddət gözünə görünməməyi tapşırır.
Şərab içirik, gündüz aldığım arağın da axırına çıxırıq. Rəssam deyir, başıma iş gəlib. Hinduşka orda otlayırdı, inanmazsan, qoç boyda hinduşkaydı.
- Olmaya sən onu mindin?
- Hə, - yazıq-yazıq təsdiqləyir.
- Hinduşka da uçub girdi sinif otağına?
- Yox, - başını yırğalayır, - prokurorun otağına.
Sən bir fikir ver, birdən bağırır və mən onun əlini-ayağını kəsdiyini zənn eləyirəm, çöl qalıb, yol qalıb, lənətə gəlmiş quş uçub prokurorun otağına girir. Prokuroru otağı qarışıq eləyir heç nə! «Düz də eləyib! - deyirəm. Hinduşka qazdan ağıllı imiş. Səni minsələr hara gedərsən, prokurorun yanına, ya sinif otağına? Gedib şikayətini eləsin də! Prokuror yaxşı qarşılamayıb, quş da hirslənib! Sən nəyə görə onu minməliydin? Ağlın artıqlıq elədi?» «Dedim, görüm hinduşkanın gücü çatacaqmı?» «Çatdı?» «Hə, ikimiz də minsəydik, yenə gücü çatardı!» «Səfehləmə! Bir elə hinduşka minməyim çatmırdı!»
Rəssam gedəndən sonra romanımı yazmağa başlayıram, sərxoş düşüncələrimi bir yerə yığmaq heç də asan olmur.
Günəş yandırır, ağacların yarpaqları öləziyib, bülbüllər oxumurlar, dovşanlar gözə dəymir, bir azdan gürzələr su içməyə gələcəklər. Buludlar isə zirvələrə doğru çəkiliblər, ağappaq pambıq tayaları kimi mavi səmada ağır-ağır süzürlər.
***
Tip dükanın qabağında alabəzək dirək basdırır, məni çağırıb deyir, bu ərazi mənimdi. Kimsə məndən icazəsiz ərazimə ayaq basa bilməz, ilk növbədə də sən! Girsən öləcəksən, mən ət baltası ilə doğrayıb öldürməyi qərara almışam. Ancaq sən başqa cür ölməkdə təkid edərsənsə, müzakirə eləməyə hazıram. Ehtiyatda başına çəkiclə vurmaq, qarnına şiş soxmaq, bıçaqla boğazını kəsmək, arxadakı tut ağacından məftillə asmaq kimi variantlar var. Hansını seçərsən, ondan da istifadə elərik, seçməzsən, gündəmdə ət baltası qalmış olur. İndiyə kimi mənə yalnız spirtli içkiləri nisyə verməyi qadağan eləyən qanun qüvvədəydi, bu gündən isə onun ərazisinə icazəsiz girmək qanunu da qüvvəyə mindi. Sərhəddi nə vaxt keçə biləcəyimi soruşuram. Pulun olanda, deyir, gəlirsən sərhəd dirəyinə qədər, durursan orda, məni səsləyir, pulunu göstərirsən. Hətta bu halda da qərar qəbul eləmək mənim səlahiyyətimdədi. Əlində iri əskinasların olacağı halda istisnalar mümkündü. Sözünü deyəndən sonra ət baltası ilə döyüş rəqsi eləyir, neyləməli, istəməsəm də, sərhəd qanunları ilə hesablaşmalı olacağam. Lənətə gəlmiş baltası ilə məni doğrayıb öldürəndən sonra tipin necə rəqs eləyəcəyini aydınca təsəvvür eləyirəm.
Araq almaq istəyirəm, artıq bu elə də sadə məsələ deyil, bunun üçün sərhədi keçməyə icazə almalıyam. Sərhəd dirəyinə qədər gedirəm, dayanıb tipii səsləyirəm, boylanır. Gələ bilməzsən, deyir, əlimdəki pulları göstərirəm. Xırda əskinaslardı, deyə etiraz eləyir və bununla da söhbətə yekun vurulur, mənə sərhəddi keçmək üçün viza verməkdən imtina eləyir.
Sərhəddi keçib dünya nemətlərindən dadmaq üçün pulum olmalıdı. Qıl körpüsünü keçib cənnət meyvələrindən dadmaq üçün də əməlim. Heç biri yoxumdu, yollar üzümə bağlı…
Axşam düşür, günəş dağların arxasına əyilir, üfüqlər qızarır, zirvələrə çəkilən buludlar da qızarıb alov rəngi alırlar, sanki üfüqlərdə nəhəng tonqal çatırlar.
Elə həyətdəcə oturub romanımı yazıram, bir azdan işıqlar sönür, ay işığında yazmağa davam eləyirəm, ay işığında daha yaxşı yazır, yorulmuram. Gürzələrin qorxulu nəğmələri, bülbüllərin cəhcəhi belə mənə mane olmur.
***
Gizli bir qüvvə məni redaksiyaya doğru çəkir, getmək istəmirəm, amma ayaqlarım iradəmin əksinə olaraq o istiqamətə doğru addımlayır. Ağappaq buludlara əl eləyirəm, gur çiçəkləmiş itburnu kollarının yanında ayaq saxlayıb çiçəklərin qoxusunu ciyərlərimə çəkirəm.
Qız məni soyuq qarşılayır, sanki ilk dəfədi görüşürük.
- Mənə yardımçı ola bilərsizmi? - soruşuram.
- Nədə?
- Qəlbimdəki odu söndürməkdə!
- Mən neyləməliyəm, odunuzu söndürməliyəm? - qız qaşlarını çatır.
- Hə də.
- Nəyə görə?
- Yanıram, ona görə.
- Yan, lap külün çıxsın! Mən yanğın söndürənəm?
- Keçən dəfə söndürdüz axı! - böyük ümidlə deyirəm.
- İndi söndürmürəm. Səni söndürmək haqda öhdəçilik götürmüşəm?
Donub qalıram, otaqdan ayaqlarımı sürüyə-sürüyə çıxıram, bircə günün içində insan evladı bu qədər dəyişə bilərmi? Özünü elə aparır guya heç mən bunu tanımıram. Pilləkənlərlə düşürəm. Birdən ayaq saxlayıb geri qayıdır, bu dəfə inamla qızın otağına girirəm.
- Yəqin unudubsuz, dünən mən sizi…
- Neyləmişdin məni? - qız heyrətlə soruşur.
- Soyundurmuşdum, - başqa söz tapa bilmirəm, daha doğrusu tapdığımı deyə bilmirəm, dilimin ucundan qaytarıram.
- Sonra neyləmişdin?
- Deyimmi?
- De.
- Yaxşı deyil axı, - pərt halda dillənirəm.
- Yaxşı olmayan nədi? Günün günorta çağı camaatın qızını soyundurursan, yaxşı olur, amma neylədiyini deyəndə yaxşı olmur?
Neylədiyimi də deyirəm, qız ürəkdən gülür, deyir, mən azad insanam, istədiym vaxt soyunaram, daha sən istəyəndə yox. Sən isə bunun fərqində deyilsən. Bir dəfə soyundurubsansa, xətrin haçan istədi, onda da soyundura biləcəyini düşünürsən. Bilməzsən! Bir halda qəlbindəki od səni narahat eləyir, «Dağlar» turist mərkəzinə get, orda ölkənin hər yerindən gələn qəşəng qızlar var, odunu söndürməyə razılıq verənlər tapılar.
Od tutub yansam da «Dağlar»a getmirəm. Evə gəlirəm, gülləri, ağacları, ardıc kollarını, koların arasındakı alayonca çəmənliyini suvarıram. Su şlanqı deşilib, yüksək təzyiqlə gələn su deşikdən püskürür, günəş şüalarının altında rəngdən-rəngə düşən su damcıları üç rəngli göy qurşağı yaradır. Suda çimən ağaclar, kollar, çəmənlik üzə gülür.
***
Mən küçənin ortasında daynmışam. Əllərimi açıb qışqırıram.
- Quşları minmək olmaz! Onlar minilmək üçün yaranmayıblar!
- İnsanlar da minilmək üçün yaranmayıblar, - qarı astadan deyir.
- Elədi, - təsdiq eləyirəm.
- Amma minirlər, - qarı deyir.
***
Gözləmədiyim halda rayon qəzetində işləyən qız gəlib çıxır, həmişəki yandırıcı təbəssümü ilə gülümsəyir, sanki deyir, mən səni asanlıqla söndürə bilərəm, amma söndürmürəm. Qəzet üçün intervü götürməyə gəlib, blaknotunu, diktafonunu çıxarır, soruşur, cavab verirəm, gəzdiyim ölkələr, adamlar, ədəbiyyat, hətta ilk məhəbbətim haqda da danışıram.
- Mənə kömək eləyə bilərsizmi? - soruşuram.
- Nə kimi?
- Qəlbimdəki odu söndürmək kimi.
- Yox! - deyir. - Mən çox qəlbə od salmışam, hamısını söndürə bilmərəm axı.
- Amma mənim qəlbimdəki odu söndürə bilərsiz.
- Bilərəm, - təsdiq eləyir.
- Elə isə söndürün! - acizanə xahiş eləyirəm.
- Yox! - razılaşmır.
Dükana getmək məcburiyyətindəyəm, sərhəd dirəyinə kimi gəlib, tipi səsləyirəm, tip əlimdəki xırda əskinasları görsə də dükanın ərazisinə girməyimə icazə verir Bir şüşə şərab, qara çörək, pendir, bir kilo da pamidor istəyirəm, daş atıb başını tutur. Şərab qəti olmaz, babamın şərab zavodu yoxdu, ona görə, o birilər də olmaz, pulunu vermirsən, ona görə. Deyirəm, əyər dediklərimi verməsən həyətimdə bir dirək basdırıb, üzərinə lövhə vuracaq, yazacağam ki, bu dükanda dana yox, eşşək əti satılır, şərabı, arağı isə özləri doldururlar. Hər gün onlarla bu kimi mətnlər tapıb lövhəyə yazmaq, bir sözlə səni müflisləşdirmək mənim üçün problem yaratmayacaq.
Tip göyərir, sonra qaralır, dodaqları əsir, huşunu itirmək üzrə olduğunu görüb, üzünə su çiləyirəm, yaxşılıq başa düşmür, romanım haqda ədəbsiz ifadələr işlədir, mən də qollarımı çırmalayıb bunun əcdadlarını, daxildəki və xaricədki bütün rəhmətliklərini bir-bir sürüyüb qəbrdən çıxarıram, təhlükəsizlik tədbirlərinə əməl eləmirəm, babasını çıxaranda başı qəbir daşına ilişir, tikələnib səpələnir. İşin böyüdüyünü görən tip dediklərimi verir. Şərab şüşəsiylə problem yaşamayım deyə şüşəni burdaca açdırıram. Çıxanda yenə soruşur:
- Pulunu haçan verirsən?
- Demişəm də.
- Sabah?
- Hə, - təsdiq eləyirəm.
- Axı bu sabahların…
- Haqlısan, sonu yoxdu sabahların.
Qız mənimlə şərab içməkdən imtina eləməsə də, qara çörəkdən xoşlanmır, onun üçün ağ çörək alası oluram, aydın işdi, bu dəfə sərhədi icazəsiz keçirəm. Qız şənlənir, iş yerində başına gələn maraqlı əhvalatlardan danışıb gülür, gülmək ona çox yaraşır. Qəlbimdəki od yenidən özünü hiss elətdirir, cürətsiz halda deyirəm.
- Əvvəlki söhbətə qayıdaqmı?
- Hansı söhbətə?
- Kömək haqdakı.
- Qayıdaq, - etinasız halda deyir.
- Siz hələ də qəlbimdəki odu söndürməməkdə israrlısınız?
- Deyiləm.
- Onda neyləyək?
- Səncə neyləyə bilərik? Bəlkə odunu elə burda, həyətin ortasındaca söndürməliyəm? Otağa keçək də.
İçəri keçirik, qız məni yaxın buraxmadan soyunur, kənarda dayanıb soruşur. Hə, necəyəm? Misilsiz olduğunu deyirəm və qızı qucaqlayıram. Sonda qız məndən qəlbimdəki odun sönüb-sönmədiyini soruşur, nəinki qəlbimdəki odun, özümün də söndüyümü deyirəm. Qız gülür, deyir səndə nəsə bir ekzotika var, bir növ Afrika çəngəlliklərində yaşayan dikarları xatırladırsan. Belə bənzətmədən inciyəcək halda deyiləm.
Geyinib çıxırıq, rəssamla şair gəlirlər. Şairin pulu var, dükana gedib dana əti, qara ciyər, pamidor, acı bibər, bir şüşə də araq alır. Manqalı yandırır, samovarı odlayıram, kabab bişirir, çay dəmləyirik. Yeməkdən sonra çay içirik, keflənmiş şair xırıltılı, batıq səsiylə mahnı oxuyur: «Niyə məni, niyə məni soyuq suyla yuyurlar, ay anacan?» Qız da ona qoşulur. «Bu sənin bəy hamamın, çim balacan, get badacan!» Sonra da xorla oxuyurlar. «Avara, can ay nəşəxor bala, biçarə, can ay qumarbaz bala!» Qızın cingiltili, ürək didən saf səsi şairin səsindən kəskin seçilir, pərdə-pərdə, dalğa-dalğa ilğımlanan havaya yayılır, qəsəbəni ağuşuna alır.
Bir azdan qız tələsdiyini deyib gedir, biz də iki iri zənbil götürüb çaya gedirik. Şəlalənin aşağısındakı göldə zənbilləri suyun içinə qoyur, su aparmasın deyə içərisinə daş yığırıq. Burda daha beş zənbil var. Balıqlar dağ çayı ilə üzü yuxarı üzür, şəlaləyə qədər gəlir, tullanıb şəlaləni keçir, çayın mənbəyinə doğru üzürlər. Balıqlardan bəziləri isə tullanır, amma şəlaləni aşa bilməyib geri qayıdır, çox vaxt da suyun kənarında düzülmüş zənbillərə düşürlər. Əvvəlki zənbillərdə artıq bir qədər balıq var, tərpənir, atılıb düşürlər.
Şəlalənin altında dayanırıq, yuxarıdan gurultu ilə tökülən su zərblə vurduğundan suyun altında çox qala bilmirik. Kənara çəkilib nəfəsimizi dərir, dincimizi alır, təzədən su masajı qəbul eləyirik. Su başıma, çiyinlərimə, belimə döyəclədikcə yüngülləşirəm, fikirlərim aydınlaşır, bədənimdəki ağrı-acı çıxır. Çayın sahilindəki qumluqda uzanıb özümüzü gündə yandırırıq, ancaq dağ günəşinin altında çox qalmaq qorxuludu, dərini tez yandırır, günəşdən qorunmaq üçün suya giririk.
Axşamçağı hər zənbildə altı-yeddi balıq olduğunu görürük. Zənbilləri də götürüb evə gəlir, təzədən manqal yandırır, samovarı odlayırıq. Balıqları yarıb içlərini təmizləyir, şişlərə keçirib manqalın üzərinə düzürük. Şair araq alır, ay işığında ağacların arasında oturub çay balığı yeyir, araq içirik, balıq olduqca ləzzətlidi. Şair şeirlərini oxuyur, şeirlərindən barıt və qan qoxusu gəlir.
- Mən neyləyim? - soruşur.
- Qaç! - deyirəm. - Başını götür, qaç!
- Hara?
- Hara olsa! Qaç, canını qurtar! Qaç, qardaş!
- Bəs Vətən, torpaq?
- Qaç, qardaş, qaç!!!
***
Qırmızı kirəmitli damları üzərindən keçib gedir, ağappaq buludların arasıyla dolanıb mavi gölün sahilinə çıxıram. Göl mapmavidi, mavi gölün kənarındakı gömgöy otluqda ağappaq qazlar otlayırlar, bir qədər aralıda nəhəng bir qaz dayanıb, məğrur baxışları ilə məni nifrətlə süzür.
Mavi səma altdakı mavi göl, göm-göy çəmənlik, ağappaq qazlar gözəlliyi ilə məni sehrləyirlər. Uzanıb gedən gömgöy çəmənlik, çəmənlikdə otlayan ağappaq qazlar eynən ağappaq buludları süzən mavi səmanı xatırladır. Sanki hansısa dahi rəssam yerdə göyün şəklini çəkib. Geri qayıdıram, yollar tozludu, biçənəklərdə ot biçirlər, biçilən otun qoxusu düzü-dünyanı götürüb başına.
***
Qazla, hinduşkanın məhkəməsi olur, mən quşları müdafiə eləyən dərin məzmunlu, təsiredici çıxış eləyirəm, bəzi məqamlarda gözlərim yaşarır, özümü ağlamaqdan güclə saxlayıram. Uzun, toz basıb bozarmış pəncərənin qabağına gələn şən buludlar mənə əl eləyir, ürək-dirək verirlər və mən də özümü ələ alıb danışıram. «Cənab hakim! Quşlar insanlara xidmət eləmək üçün yaranıblar. Yumurtalarını, ətini yeyir, lələklərindən istifadə eləyirik. Azmış kimi, hələ bir onları minirik də! Cənab hakim, sizi minsək, yox, sizi yox, sizi əsla minmək olmaz! Cənab prokuroru minsək, yox, prokuroru da minmək olmaz! Lənət şeytana, bəs onda kimi minək?» «Nəyə görə də minməlisiz? - hakim müdaxilə eləyir. - Siz çıxışınızı tamamlamaq üçün mütləqmi kimisə minməlisiz? Mütləqdisə, birilərini çağıraq, minin». «Yox, - deyirəm, - sadəcə olaraq sizləri başa salmaq istəyirəm, əyani surətdə. Hə, tapdım, bizim dükançını minsək, neyləyər? Heç olmasa deyəcək, məni minə bilməzsiniz, mən minilmək üçün yaranmamışam! Tələb eləyirəm, quşlara bəraət verəsiniz! Məhkəmə zalındanca sərbəst buraxasınız! Qoy uçsunlar!»
«Nə…ə?! - prokuror bağırır. - İyrənc hinduşka məni ələ salsın, alçaq surətdə təhqir eləsin, bizsə ona bəraət verək?! Ürəyimi üzüb, elə bildim şeytan əlində də süpürgə divi minib otağıma soxuldu. Zəhrim yarılıb, ürəyimə üç yerdən çat düşüb, beyin damarlarım on-on beş yerdən dolaşıb. Aləmi bir-birinə vurub, otağı dağıdıb, iyrənc qanadları, qoxumuş pəncələri ilə mənə xəsarət yetirib!»
Sonra şahidləri dindirirlər, müəllimə, rayonun gözü olan məktəbin şagirdləri, arıların sancdığı zərərçəkmişlər danışır, hamısı da bir ucdan qazı günahlandırırlar, qazınsa vecinə deyil, razılıqla qaqqıldayır. Prokuror da ilhamlanır, yerindən dartınıb qaza on beş il iş istəyir.
«Belə olurmu? - mən yenidən ayağa qalxıram. - Qanuna görə dilimizi bilməyənin məhkəmədə tərcüməçisi olmalıdı, əks halda onu mühakimə eləmək olmaz! Nə qaz, nə də hinduşka insanların dilini bilmirlər, quş dilini bilib onların dediklərini tərcümə eləyən olmadığı halda onları mühakimə eləyirsiz! Bu ədalətsizlikdi!»
Hakim fakt qarşısında qaldığından udqunur, nəhayət quş dili bilən birisi tapılana kimi məhkəməni təxirə saldığını deyir.
***
Ağappaq buludlara doğru qaçıram, mapmavi kövşənliklərin, gömgöy biçənəklərin arasıyla. Mən qaçdıqca buludlar uzaqlaşır, əlimi atsam tutacağımı zənn eləyirəm, amma nədənsə əlim çatmır. Gürzələr narahat olurlar, onları tapdalayacağımdan ehtiyat eləyirlər, özlərini qorumaq üçün başlarını otlardan yuxarı qaldırıb, yırğalanır, mənə yol göstərirlər. Buludlara çata bilməyib yaşıl təpənin üzərində uzanıram.
Başım üzərində mapmavi səma yırğalanır.
Dincimi alandan sonra geri qayıdıram. Küçənin ortasında dayanıb qışqırıram:
- Quşlar heç vaxt insanların dilini öyrənə bilməyəcəklər!
- Elədi, - qarı təsdiq eləyir.
- Demək məhkəmə olmayacaq, onlar quşları mühakimə eləyə bilməyəcəklər.
- Eləyəcəklər! - qarı mənimlə razılaşmır. - Quş dili bilən adamı tapacaqlar.
***
Adam gəlir və quş dilini bildiyini deyir. Məhkəmədə deyilənləri quşlara, quşların dediklərini də bizlərə tərcümə eləyir. Quşlar əməllərindən zərrəcə də peşiman olmadıqlarını, insanları sevmədiklərini deyirlər. Hinduşka isə lap dərinə gedir, deyir, yalnız belə iyrənc varlığı öldürə bilmədiym üçün peşmanam, çaynağımla onun gözlərini çıxartmalıydım!
- Soruş onlardan, insanları niyə sevmirlər? - hakim deyir.
Adam soruşur və qazın dediklərini tərcümə eləyir.
- Biri sənin başını kəssə, səni yesə, onu sevərsənmi?
- Sevmərəm, - hakim etiraf eləyir.
- Elə isə biz niyə sevməliyik? - qaz deyir.
- Azmış kimi bizi minirlər də, - qəzəbli hinduşka əlavə eləyir. - Hələ bunları sevəcəyimizi də güman eləyirlər!
Məhkəmə hökm çıxarır, quşların hər ikisinin edam edilməsinə qərar verir. Başları kəsilsin, ətləri şişlərə çəkilib kabab bişirilsin və məhkəməyə dəvət edilənlərə paylansın.
Mən quşlarla vidalaşıram.
- Əlvida, quşlar!
- Əlvida, insan! - qaz deyir.
Hinduşka isə mənimlə vidalaşmağı artıq hesab eləyir.
***
Rəssamı gölün sahilinə aparıram, gömgöy çəmənliyi, ağappaq qazları, mapmavi səmanı və ağappaq buludları ona göstərib deyirəm, görürsənmi, göyün rəsmini yerdə necə çəkiblər? Rəsmi çəkən belə çəkər. Sən necə, çəkə bilərsənmi? Rəssam deyir, çəkərəm, amma bunun üçün minlərlə ton boya, hektarlarla tablo lazımdı. İlk növbədə baş, istedad lazımdı, hirslə deyirəm, hökməndi səmanı olduğu böyüklükdə çəkəsən? Dənizlərin, okeanların rəsmini çəkənlər necə çəkirlər?
Rəssam həyətin ortasında molbertini qurur, səmaya baxır, yerə baxır, səmanı çəkir, sonra da həyətdəki dəmir çarpayıda uzanıb yatır, enerjisini bərpa eləmək istəyir. O gözlərini yuman kimi külək başlayır, külək tozu, böyürtikan, itburnu çiçəklərini gətirib yağlı boya ilə çəkilən rəsmi bozardır, boyayır. Sonra da sərçələr, qaratoyuqlar molbertin üzərinə qonub tabloya öz əlavələrini eləyirlər.
Rəssam oyanır, enerjisini bərpa eləyib eləməyib bilmirəm, amma əvvəl xərclədiyi enerji boşa gedib, atılıb düşür, kətanı molbertdən çıxarıb cırır, tullayır, külək qonşunun həyətinə aparır, qonşu həyətində kətan parçalarını qovur, əyilir, bükülür, saçlarını yolur, indi də bu atılıb düşür.
Rəssam təzə kətan qoşub yenidən çəkməyə başlayır, bu dəfə işi yaxşı gedir, çox çəkmədən tablonu çəkib qurtarır, çərçivəyə keçirib mənə göstərir, necə alındığını soruşur. Yaxşı olduğunu deyirəm. Həvəslənir, özünü dünyanın ən böyük rəssamı adlandırır, mübahisə eləmək istəməsəm də, onunla razılaşmıram, deyirəm, olsa olsa ortabab əyalət rəssamısan, hardan olursan dünyanın ən böyük rəssamı? İnciyir, tablonu satmaq qərarına gəlir. «Dağlar» turist mərkəzinə gedirik, çaydan mərkəzə doğru qalxan daşlı-çınqıllı cığırın kənarında dayanıb başlayırıq müştəri gözləməyə. Boyun-boğazı dağ günəşində yanmış, çimərlik paltarında olan qəşəng bir qız tablonu görən kimi bəyənir, qiymət üstə çənə döymədən tablonu beş yüz manata almağa razılaşır.
Qızın tünc rənginə çalan bədənindən, üz-gözündən, danışığından, gülüşündən ehtiras yağır, bu qızda həyat eşqi qaynayır, aşıb-daşır, adamı özünə maqnit dəmiri cəzb eləyən kimi cəzb eləyir. Ağzımı açmağa macal tapmıram, rəssam məni qabaqlayır.
- Sizinlə vaxt keçirmək olarmı?
- Olar, - gözləmədiyim halda qız razılaşır, - ancaq havayı yox.
- Nə qədər? - rəssam qorxa-qorxa soruşur.
- İki yüz manat.
- Çoxdu! - rəssam etiraz eləyir.
- Sən iki-üç saatlıq zəhmətinin bəhrəsi olan əsərini beş yüz manata satanda kimsə bunun çox olduğunu demədi. Amma on doqquz illik əzab-əziyyətin, zəhmətin bahasına başa gələn, sənin əsərindən dəfələrlə gözəl olan canlı əsərə sahib olmaq istəyəndə isə, iki yüz manatın çox olduğunu deyirsən.
- Dünyanın ən böyük rəssamı üçün belə hallarda güzəşt nəzərdə tutulmayıbmı?
- Tutulmayıb! Əksinə, dünyanın ən böyük rəssamı əsərləri qiymətləndirəndə daha ədalətli olmalıdı. Beş yüz manat!
Rəssam etiraz eləyərsə, qızın qiyməti yenə də qaldıracağından qorxur, fikirləşmədən razılaşır. Sözün əsl mənasında əsərə, özü də gözəl və canlı əsərə qoşulub gedir. Qızlar öz qəribəlikləri ilə məni növbəti dəfə çaşdırırlar, elə gözəl qızın arıq, çəlimsiz, yapışıqsız rəssamla vaxt keçirməyə razılıq verməsi mənə hədsiz qəribə gəlir.
Qaldım tək-tənha daşlı-çınqıllı cığırda, darıxıram, vaxtımı necə keçirəcəyimi bilmirəm. Cığırla çimərlik paltarında olan bir qız da gəlir, inanılası deyil, belə çıxır bu turist mərkəzinə ancaq dünya gözəlləri dincəlməyə gəlirlər. Qız idmançıya oxşayır, baxışlarında özünə inam var, günəşdə yanmış sirsifəti, dolu çiyinləri, çimərlik paltarından yarısı çöldə qalan döşləri onu daha gözəl göstərir. Burda qızların vaxt keçirmək üçün çox baha qiymət tələb elədiklərini bilsəm də, bəxtimi sınamağı qərara alıram.
- Sizin bəz istiqamətlərinizə əlimi toxundura bilərəmmi? - qıza deyirəm.
- Hansı istiqamətlərimə? - qız qaşlarını çatır.
- Saçlarınızdan tutmuş… - qızın gözlərinin alışıb yandığını hiss elədiyimdən, dərinə getmirəm. - Göbəyinizə qədər ərazilərə.
- Nə mənası?
- Ruhum dincələrdi.
- Yəni dincələcəkmi?
- Hə!
- Olmaz! - qız etiraz eləyir.
- Niyə?
- Təkcə toxunmaqla kifayətlənrməyəcəksən, ona görə.
- Kifayətlənəcəyəm! - and-aman eləyirəm.
- Söz?
- Söz!
Qız razılıq verir, qızı qucağımda oturduram, əslində buna qız demək olmaz, sanki bir topa alovu qucağıma götürmüşəm, insan evladında bu qədər od, alov, atəş olarmı? Məni yandırır, yəni mən od tutub yanıram, sözün əsl mənasında. Əvvəlcə qızın yumşaq, ətirli saçlarını sığallayıram, sonra əllərimi boynuna, çiyninə endirir, bir az da aşağı, döşlərinə kimi düşürəm. Daş kimi bərk döşlərinə toxunmağıma, həm də bir az kobud tərzdə, qız kəskin reaksiya verir, müqaviləmizi onun yadına salıram, müqaviləyə görə göbəyindən yuxarıdakı sahəyə toxunmaq səlahiyyətim var, döşlərin də məhz o ərazidə yerləşdiyindən cığallıq eləyə bilməzsən. Qız anlaşmamızı xatırlayır və cığallıq eləmir, mən də əllərimə daha çox meydan verirəm və bir azdan anlayıram ki, əllərimlə qəlbimdəki yanğını azacıq da olsa söndürə bilməyəcəyəm, əksinə, bir az da alovlanıram. Qızsa bunu zərrəcə anlamır, dodaqlarını, döşlərini öpməyimlə razılaşmır. Hirslənir, bəs nə oldu, təkcə toxunmaqla kifayətlənəcəkdin? Siz kişilərə bələdəm, istədiyinizi büsbütün almayınca kifayətlənənizi görməmişəm. Onu başa salmağa çalışıram, neyləyim, özüm də kifayətlənmək istəyirəm, amma qəlbimlə bacarmıram. Qız şərab almağa pulum olub olmadığını soruşur, şərab yox, heç tum almağa pulum olmadığını eşidib, hirslənir. Düşünüb məni öz qaldığı üstü kirəmitli balaca evə dəvət eləyir, yolumuzun üstündəki dükandan, şərab, meyvə də alır.
Otaqda isə müqaviləni bir tərəfə qoyur, bütün qadağalara son veririk, bu qız ehtirası, yanğısı ilə məni çaşdırır, bəzən mənə elə gəlir burdan salamat çıxmayacağam, qız məni yandırıb külə döndərəcək, yəni yanmaq ehtimalı çox yüksəkdir.
Şərab içib, meyvə və çörək yeyəndən sonra yenidən yatağa giririk. Gecəni də burda qalıram. Həyatımda uzun, qısa gecələr, xoşbəxt, bərbad gecələr var, bu gecə həyatımın ən xoşbəxt gecəsidi! Başa düşmədim, niyə xoşbəxt gecələr qısa olur, bərbad gecələr isə bərbadlığı az imiş kimi uzanıb gedir, qurtarmır, vaxt keçmir.
Təkcə bu gecəyə görə həyatın və yaşamağın gözəl olduğu qənaətinə gəlirəm. Yaşamağa dəyər!
***
- Canlı əsəri oxudunmu? - rəssamdan soruşuram.
- Oxudum.
- Necəydi?
- Düz deyirmiş, mənim çəkdiyim rəsmlərin hamısından gözəldi!
- Hə, elədi. Mən də orda canlı bir əsərin bəzi istiqamətlərinə toxundum.
- Vəssəlam?
- Yox, sadəcə, hər şey toxunmaqla başladı.
***
Tip deyir, sən sabahların birində borcunu ödəməyib gedəcəksən. Mən borcumu almaq üçün gələcək, qapını döyəcəyəm, ancaq qapını açan, cavab verən olmayacaq. İçəri keçib sənin döşəmədə uzanıb öldüyünü görəcəyəm, yaxınlaşıb gözlərini qapayacağam. Yox, deyirəm, gözlərimi qapamazsan. Məni qucağına götürüb gedəcək üzü gündoğana. Birinci təpəni aşacaq, ikinci təpəni aşacaq, üçüncüdə dayanıb qəbrimi qazacaq. Günəş doğanda günəşin şüaları ilə birlikdə məni qəbrə qoyacaq, gözlərimdə donmuş mapmavi səmaya, mavi səmada ağır-ağır süzən ağappaq buludlara son dəfə baxıb, üstümü torpaqlayacaq. Pulunu verə bilməsəm, qəbrim üstə gələr, deyərsən, bu adam mənə borcludu, pulumu vermədi, getdi. Tip qışqırır, mənim nəyimə lazımmış düşəm dünyanın yollarına, qəbrini axtaram? Lap elə tapdım, dedim, nə olasıdı? Dirindən bir şey ala bildim ki, ölündən ala biləm?
Şairlə mavi gözlü qız gəlirlər, şair şərab, qara çörək, pendir alır. Batan günəşin qızılı şəfəqləri qızılı qanadlarını balaca qəsəbənin üzərinə gərəndə fıstıq ağaclarını arasında oturub şərab içirik. Şair keflənir, mahnı oxuyur: «Niyə məni, niyə məni ağ kəfənə bükürlər, ay anacan?» Qız da ona qoşulur: «Bu sənin bəy kostyumun, gey balacan, get balacan!» Sonra da xorla oxuyuruq: «Avara, can ay nəşəxor bala, biçarə, can ay qumarbaz bala!» Qızın saf səsi mis kimi cingildəyir, bizim səslərimizdən kəskin fərqlənir, heç vaxt belə səs eşitməmişəm, elə təsirlənir, həyəcanlanıram ki, başımda tüklərim qalxır.
Bir azdan şair gedir, qıza deyirəm:
- Gecəni mənimlə qala bilərsənmi?
- Bilərəm, - deyir və dünyanı mənə bağışlayır.
***
Rəssam yaşamaq istəmədiyini deyir. Həyat mənasızlaşanda insan ölmək haqda düşünməlidi. Mənim həyatımın artıq mənası yoxdu, bircə o canlı əsər ruhuma qida verirdi, ancaq onun da dəyəri pula ölçüləndə həyat tamam gözümdən düşdü. Belə olan halda onu fikrindən yayındırmaq təşəbbüsündə bulunmuram, ölməyi vacib oldu. Hələ bir ölməyinə yardımçı da olmaq istəyirəm. Deyirəm, başını əzərəm, istəyinə qovuşarsan.
Yaxasını kənara çəkir, belə nə mənası, deyir, mən romantik ölümlə ölmək istəyirəm, uzanasan, başın üstə mavi səma, ağappaq buludlara son dəfə baxıb gözlərini yumasan. Deyirəm bir halda ölmək istəyirsən, həm də romantik şəkildə, çıx evin damına, ancaq ehtiyatlı ol, kirəmitləri yerindən eləmə. Qollarını aç, denən, insanlar uçmaq üçün yaranmayıblar, amma mən son dəfə quş kimi uçmaq istədim. Uç, dəy yerə, mavi səmaya bax, ağappaq buludlara bax, canını romantik şəkildə tapşır.
Başına batır, dırmaşıb dama çıxır, qollarını geniş açır, külək uzun saçlarını oynadır, yaxasından girib köynəyini qabardır və rəssam indi eynən uçan quşa oxşayır. «Mən uçmaq üçün yaranmamışam! - təntənə ilə deyir. - Amma həyatla vidalaşdığım son anda quşlar kimi uçmaq istədim!»
Deməyinə deyir, amma uçmur. Həyatında heç olmaya bircə yol quş kimi uça bilmir. Sürünmək üçün yaranıbmış, əlinə uçmaq şansı düşdü, uçmadı. Ehtiyatla damdan düşür.
Zənbilləri götürüb çaya gedirik, şəlalənin ətəyindəki göldə suyun kənarına zənbilləri düzür, şəlalənin altına girib çimməyə başlayırıq. Şəlalə rəssamın arıq çiyinlərinə təzyiqlə vuran kimi rəssam ağzı üstə yıxılır, başı daşa dəyir. Qaldırıram, adam haçan ölüb, ölmək istəyirdi, öldü, özü də romantik şəkildə, yəni bundan daha romantikini düşünüb tapmaq olmazdı. Dünyanın ən böyük rəssamını şəlalə öldürmüşdü. Götürürəm qucağıma, aparıram. Arıq, cılız adamdı, aparmaq mənim üçün çətinlik törətmir. Rəssamın uzun saçları yerlə sürünür. Anası qabağıma qaçır, qadın üz-gözünü cırıb, saçları dağınıqdı, qıçlarına, baş-gözünə döyür.
- Oğlumu kim vurdu?
- Su vurdu, - deyirəm.
Molla, mən, qadın gedirik qəbrstanlığa doğru, qəbr qazıram, rəssamı basdırmaq istəyəndə anası qoymur, tələsməyin deyir və gedib indiyə kimi çəkdiyi bütün rəsmləri gətirir. Rəsmlərini də qəbrə qoyuruq, qızaran üfüqləri, dalğalanan çöl lalələrini, buludlu səmanı, qızaran dağ zirvələrini, çiçəkləmiş alayonca çəmənliyini də dəfn eləmək mənə ağır gəlir. Xüsusən də təzəcə doğan, aləmi nura qərq eləyən günəşi heç cür basdırmaq istəmirəm, ancaq qadın günəşi əlimdən alıb qəbrə atır. Üstünü torpaqlayırıq, molla oturub balaca kitabçasından nəsə oxuyur. Qocaman qarağacın quru budaqlarında oturmuş qarğa qarıldayır.
***
Gedib qəbrini tapdım, tip deyir. Dayandım qəbrinin üstündə, dedim, eşidənlər, qulaq asın, bu qəbrdə yatan, mənə borcludu, pulumu vermədi getdi. Gürzələr sürünüb gəldi, ağappaq qazlar uçub gəldi, qarğalar, göyərçinlər, çöl heyvanları, quşları, sürünənləri, qaçanları, uçanları ətrafımda dövrə vurmağa başladılar: «Ey, insan! - dedilər. - Bu qəbirdə yatanın bir kimsəyə borcu yoxdu. Əyil, ondan üzr istə. Yoxsa səni əzabla öldürəcək, param-parça eləyəcək, murdar bədəninin hər tikəsini yer üzünün bir tərəfinə aparacağıq». Əyildim, səndən üzr istədim, mənə borcunun olmadığını dedim. Quşlar, ilanlar, heyvanlar çəkilib mənə yol verdilər.
***
Şairin dalğın baxışları arayıb axtarır, qollarını geniş açıb şeir deməyə başlayır. Gözəl şeirlərdi, gözəl də deyir. Gürzələr qulaq asmaq üçün biçənəklərdən sürünüb gəlirlər, dovşanlar, qaranquşlar, bülbüllər, qarğalar tədricən şairi dövrəyə alırlar. Şair ilhama gəlir, şövqlə oxuyur. Ona qulaq asdıqca həyatın puç, mənasız olduğu qənaətinə gəlirəm. Belə həyatı yaşamağa dəyməz. Şair yorulub ara verir, dinləyiciləri də tədricən dağılışırlar.
***
Edam günüdü, qazla hinduşkanı gətirir, edam meydançasına çıxarırlar. Quş dilini bilən adam quşların dediklərini tərcümə eləyir.
- Bir sözünüz varmı? - hakim soruşur.
- Yoxdu! - hinduşka nifrətlə deyir. - Boş-boş danışıb zəhləmi töküncən işinizi görün. Onsuz da nə desəm başımı kəsəcəksiz, elə isə boş yerə niyə danışmalıyam?
- Sizlərə nifrət edirəm! - qaz deyir.
- Məğrur quş! - hakim həsədlə pıçıldayır.
Prokuror dartınır, hinduşkanı, qazı lənətləyir, hakimi, cəlladı tələsdirir. Hakim işarə verir, cəllad əvvəlcə hinduşkanın başını kötüyün üstünə qoyur, baltasını bircə dəfə vuran kimi, hinduşkanın başı sıçrayıb xeyli kənara düşür. Boğazından qan fışqıran hinduşka çırpınır, çapalayır, nəhayət ruhu bədəninin tərk eləyir, son dəfə gərilib sakitləşir. Sonra qazın başını cəllad kötüyünün üstünə qoyur, baltanı endirir, qazın da başı uçub kənara düşür. Əl çalırlar, ədalət zəfər çaldığı üçün, bir-birlərini təbrik eləyirlər.
Evə gəlirəm. Arxın kənarında oturub başımı qucaqlayıram. Qızın səsi məni xəyaldan ayırır, mənimlə söhbət eləməyə gəlib. Əhvalımı hiss eləyir.
- Kədərlisən - deyir.
- Hə, - təsdiq eləyirəm, -qəlbim qan ağlayır.
- Niyə?
- Edam günüdü, - deyirəm, - bu gün quşları edam elədilər.
Qız dükandan şərab, ağ çörək, pamidor alıb gətirir. Şərabı səssiz-səmirsiz içirik, şərab ovqatımı düzəltmir, kədər qəlbimi sıxır. Qızın isə kefi kökəlib, gülümsəyir.
- Qəlbindəki odu söndürə bilərəm.
- Yox, - başımı yırğalayıram.
- İstəmirsən? - inamsızlıqla səslənir.
- Qəlbimdə od yoxdu, nəyi söndürəcəksən? Az öncə başların necə kəsildiyini öz gözlərimlə gördüm.
Qız mənimlə vidalaşmadan çıxıb gedir. Fıstıq ağaclarının kölgəsində qoyulmuş dəmir çarpayıda uzanıram. Arxın kənarındakı böyürtikan, itburnu kollarına arılar qonub şirə toplayırlar, arılar o qədər çoxdu ki, vızıltıları yüksək gərginliklə işləyən dəzgahın səsini xatırladır.
Şair gəlir, deyir, mən ona dedim, bu torpaq mənimdi, bu xalq mənimdi! Mən öz xalqımın yanına gedəcək, sözümü xalqıma deyəcəyəm! Sənin xalqın hardadı, məndən soruşdu. Cavab verə bilmədim.
Səndən soruşuram. Mənim xalqım hardadı?
***
Mavi gölün sahilinə gedirəm, qazlara deyirəm, uçun gedin! Yoxsa sizi yeyəcəklər. Artıq yeməyə başlayıblar, birilərini yeyirlər, növbədə sizsiniz.
Ağappaq qazlar havalanır, mavi səmadakı ağappaq buludlara doğru uçurlar, uçub buludlara qoşulurlar, bir azdan ağappaq qazlar ağappaq buludlardan seçilmirlər. Yer üzündə gömgöy çəmənlik qalır, amma çəmənlikdə daha ağappaq qazlar otlamırlar.
***
Alabəzək sərhəd dirəyinin yanında dayanıb tipə deyirəm, mən artıq insan basdırmaq sahəsində təcrübə toplamışam. Düşüb qəlb rahatçılığı ilə ölə bilərsən, səni necə lazımsa, elə də basdıracağam. Molla da çağıracağam, qəbrinin yanında oturub balaca kitabçasından nəsə oxuyacaq, qarağaca qonmuş qarğa da qarıldayacaq. Tip razılaşmır, əyər bilsəm məni sən basdıracaqsan, ölmərəm, əbədi yaşaram.
Qəbrstanlığa gedirəm, oturub tipin nə vaxt gətiriləcəyini gözləyirəm. Vaxt keçir, külək əsdikcə qocaman qarağacın quru budaqları əcəl zəngi çalır, qarğalar hardasa qarıldayır. Ağappaq buludlar aşağı enir, başımın üstündə dövrə vurub, məni yandırıcı günəş şüalarından qoruyurlar. Tip isə gəlmir.
Mən oturmuşam, inadla gözləyirəm, saçlarım uzanır, saqqalım ağarır, zaman keçdikcə ağ saqqalım uzanıb dizlərim üstə düşür, ordan da torpağa doğru uzanır. Saqqalımın torpağa kök atıb göyərəcəyimdən, burdakı qarağac ağaclarından birinə dönəcəyimdən ehtiyat eləyirəm.
Adamlar hər dəfə çiyinlərində basdırmağa birilərini gətirəndə bunun tip olduğunu güman eləyirəm, hər dəfə də ümidlərim boşa çıxır. Tipi yox, arzumu dəfn edəsi oluram. Ayağa qalxıram, gəlmək istəyəndə külək saçımı, saqqalımı oynadır, saqqalım qarağac ağaclarına dolaşır, dartınıram, qarağacları da sürüyüb aparıram. Qarağacları apara bilməzsən, molla deyir, aparsan, qəbrstanlıqda əcəl zəngi çalan olmaz. Qarğalar uçub qəbrstanlığa gələndə qonmağa quru budaq tapa bilməzlər.
Geri qayıdıb otururam, molla bütün günü gəzib dolaşır, saqqalımı ağaclardan açır, bu onun vaxtını çox alır.
Başımın üzərindən ağappaq buludlar çəkilir, gün işığına çıxıram. Ağ saçım, ağ saqqalım günəşin şüaları altında tədricən yoxa çıxır, əvvəlki görkəmimi alıram. Qayıdıb tipin dükanda şıdırğı alver elədiyini görürəm, qəbrstanlıqda keçirdiyim vaxta heyfim gəlir, haqlıymış, bu ölən deyil, dünyanı tutub gedəcək.
***
Məni məxsusən şairin əlli illik yubileyinə dəvət eləyirlər, üzümü qırxır, geyinib gedirəm. Qəsəbənin mərkəzindəki yaşıl parkda, nəhəng çinar ağaclarının arasındakı mədəniyyət evində xeyli adam var. Rayonun bütün başbilənləri, şairə hörmətlərini, sənətə olan böyük sevgilərini, illah ki, məhəbbətlərini bildirmək üçün sanki yarışa giriblər. Natiqlər danışır, şairi tərifləyib dağ başına qaldırır, dünyanın ən böyük şairi adlandırırlar. Mənə də söz verirlər, mən də tərifləyirəm. Deyirəm, siz bircə şairin gürzələr üçün oxuduğu şeirlərə qulaq assaydınız, inandırıram sizi həyatımda qulaq asdığım ən gözəl şeirlər idi! Səlahiyyət sahibi yerdən dillənir, bizim üçün də oxusun o şeirlərdən, bir halda gürzələr üçün oxuyursa, bizim onlardan nəyimiz əksikdir?
Əl çalırlar, şairi alqışlayırlar, küncdə büzüşüb oturmuş şair ayağa qalxır və mən dəhşətlə hiss eləyirəm ki, şair sərxoşdu. Səntirləyə - səntirləyə qalxıb tribunanı qucaqlayır. Salona göz gəzdirir, udqunur, nəsə demək içtəyir, deyə bilmir, adam şer oxumaq, danışmaq iqtidarında deyil. Gözləri axtarır, baxışlarını adamların üzərində gəzdirir, nəhayət astadan, boğuq səslə dillənir:
- Burda məni təriflədilər, şeirlərimi oxuduqlarını dedilər. Yalandı, bezdim yalanlardan, riyakarlıqdan! İllərdi kitablarımızı oxuyan yoxdu. Oxumurlar, bundan sonra da oxumayacaqlar. Oxumayın, icazə vermirəm! - Udqunur, tez-tələsik əlavə eləyir. - Məni öldürməyin!
Nəsə əlavə etmək istəyir, ancaq bacarmır, ehtiyatla tribunanı buraxıb düşür, səntirləyir, hər an yıxılacağından qorxuram.
- Öldürməyin məni! - təkrar eləyir.
Oturduğu yerə yox, çıxışa doğru gedir, qapını açır, içəri gür işıq düşür, qapıdan süzülən günəş şüası tozlu döşəmədə, adamların sir-sifətində, üst-başında oynaşır. Şair üzü işığa doğru dayanıb, çaydan əsən sərin meh ağlı-qaralı saçlarını oynadır. Ağır-ağır geri dönür.
- Toxunmayın mənə! - deyir, səsində sanki yalvarış var, özünü ələ alıb qətiyyətlə əlavə eləyir. - Sizi görüm lənətə gələsiz!
- Amin! - deyirəm.
Mən də çıxıb turist mərkəzinə gedirəm, çayın sahilindəki göldə çimən qızı çətinlik çəkmədən tapıram.
- Bəzi istiqamətlərinizə toxuna bilərəmmi?
- Bilməzsiniz! - deyir.
- Niyə?
- Təkcə toxunmaqla kifayətlənməyəcəksən, ona görə. Məni bir dəfə aldadan, ikinci dəfə aldada bilməz!
- Sabah gəlsəm necə, toxuna bilərəmmi?
- Yox, sənə yox deyildiyinin fərqində deyilmisən?
Evə qayıdıb ardıc kollarını, kəkotuları, qoyunqıran çiçəklərini suvarıram. Ardıc kolları su içdikcə canlanır, silkələnir, üzə gülür, sanki beləcə minnətdarlıqlarını bildirirlər.
Günəş qüruba enir, eynən nənəmin bişirdiyi qıpqırmızı, gipgirdə gömbəyə oxşayır. Qonşu deyir, gəl gedək, günəşi tutub torbaya salaq. Mənasız işdi, amma bekarçılıqdan darıxdığım üçün razılıq verirəm. İri bir torba götürüb gedirik, qızılı rəngə boyanmış buludların üzərinə çıxır, buludların üzəriylə günəşə doğru qaçırıq. Zirvədə dayanıb əllərimizi uzadır, günəşi tuturuq, sönmək üzrə olsa da istidir, əllərimizi yandırır. Çətinliklə, əllərimiz bişib pörtsə də, günəşi torbaya salırıq, torbanı qonşu dalına şələləyir, geri qayıdırıq. Deyir, əla oldu, bundan sonra sabahın açılması bizdən asılı olacaq, nə vaxt istədik, sabah açılacaq, nə vaxt istədik, gecə olacaq.
Günəş çox istidi, qonşu kürəyinin od tutub yandığından şikayətlənir, kürəyi də olmasa torba od tutub yanır, günəş yanan torbadan çıxıb yellənə-yellənə zirvəni aşıb, dağların arxasında yox olur. Yanan torba buludun üzərinə düşür, bulud əriyib suya dönür və biz buludun üzərində dayana bilməyib suyla birlikdə yerə gəlirik. Ağacların üzərinə düşürük, budaqları qıra-qıra gəlib yerə elə dəyirik, yer titrəyir.
Haçandan-haçana ayağa qalxıb ufuldaya-ufuldaya geri dönürük. Zülmət qaranlıqdı, ağacların sıx çətirləri arasından ay işığı süzülmür, budaqlar, tikanlı kollar üz-gözümüzü cırır, yalnız günortaya yaxın əzgin-yorğun halda gəlib evə çıxırıq, üst-başımız da görməli gündə deyil.
***
Pəncərənin qabağında dayanıb yağışa baxıram, gümüşü yağış yağır. Allah, Allah isti günlərdə yağan ilıq yağışları necə də sevirəm! Yağış ağacları, gülləri səylə çimizdirir, çəmənliyi suvarır. Adamlar qaça-qaça gedir, harasa tələsirlər. Şair yenicə çapdan çıxan kitabını başının üzərində tutub qaçır, yağış damcıları kitabı elə döyəcləyir, sanki nağara çalır. Satıcı qız balaca dəri çantasını başının üzərinə tutub, yağış damcıları çantaya dəyib boğuq səslər çıxarır. Mavi gözlü qız gəlir, qız yağışdan qorunmur, saçlarıyla, üz-gözüylə yağış suyu süzülür, islanıb bədəninə sıx yapışmış güllü donu bədəninin bütün cizgilərini qabarıq biruzə verir, ağappaq dişlərini göstərərək ürəkdən gülür.
Məni səsləyir, gəl təpəyə gedək, deyir, ordan göy qurşağına baxaq. Çölə çıxıram, dərhal da yağış məni ağuşuna alır, təpədən dırnağa kimi islanıram. Qızla əl-ələ tutub təpəyə doğru qaçırıq, ayağımızın altından ətrafa su sıçrayır, qaçdıqca yağış bizi döyəcləyir, bizsə qaçır, gülürük.
Təpədəki qara daşın üstündə yanaşı oturur, mavi üfüqlərə qovuşan göy qurşağına baxırıq, göy qurşağı rəngbərəngdi. Qızın çiyinlərini qucaqlamışam, başını çiynimə qoyub, yaş saçlarından çiynimə, üzümə duzlu yağış suyu axır. Üzü istidir, nədənsə yüngülcə titrəyir.
- Həyat gözəldimi? - qız soruşur.
- Gözəldi! - deyirəm.
- Niyə?
- Təkcə elə bu anlara görə!
- Elədi, - qız təsdiq eləyir, -gözəllik yanımızdan keçib gedir, duya, görə bilmirik.
***
Məhkəmədi. Qonşuyla mən dəmir barmaqlıqlar arasındayıq. Tip alovlu çıxış eləyir. «Mən bunları gördüm, buludların üzəriylə zirvəyə kimi getdilər, orda dayanıb başladılar günəşi zorla torbaya salmağa. Günəş heç cür torbaya girmək istəmirdi, daş qəlblilər axır məqsədlərinə nail oldular. Günəşi torbaya saldılar, bir anlığa dünya zülmətə qərq oldu. Mənə elə gəldi, axirət zamanı gəldi, dünyanın sonudu! İnsanlığ əleyhinə cinayət işləyən vəhşiləri edam eləmənizi tələb edirəm!» Prokuror necə olsun, deyir, ilk dəfədi günəşi oğurlayan birilərini mühakimə eləyirik. Cinayət məcəlləsində günəşi oğurlayanlara qarşı hansısa cəza növü nəzərdə tutulmayıb. Tip əl çəkmir. «Vur-tut otağınıza uçduğuna, qanadını, çaynağını sizə yüngülcə toxundurduğuna görə hinduşkanı edam elədiniz, amma bəşəriyyəti işıqsız qoymaq istəyənləri edam eləmək istəmirsiz?! Birdən bunlar məqsədlərinə çatsaydılar, təsəvvür eləyirsizmi nələr olacaqdı? Sabah açılmayacaqdı, qaranlıqda yaşayacaqdıq, dövlət məcbur qalıb çöllərə, meşələrə də işıq çəkəcəkdi».
Şair tribunya qalxır, bizi müdafəi eləməyə çalışır. «Onların günəşi oğurlamaq fikirləri olmayıb, sadəcə bilmək istəyiblər, görsünlər günəşi torbaya sala bilərlərmi? Sala bilməyiblər, daha doğrusu salıblar, ancaq günəş torbalarını yandırıb, çıxıb gedib. Yəni günəş oğurlaynmayıb, baxın, yerindədi! - pəncərədən içərini gur işığa qərq eləmiş günəşi göstərir. - Sizlərsə oğurlanmayan şeydən ötrü günahsız adamları mühakimə eləyirsiz! Onların niyətləri baş tutsaydı, bütün dünyada məşhurlaşacaqdıq. Deyəcəkdilər, Azərbaycanda iki nəfər günəşi torbaya salıb, gizləyiblər. Torbadakı günəşi görmək üçün milyonlarla adam axışıb ölkəmizə gələcəkdi!»
Bir xeyli müzakirələr aparır, nəhayət bizi azadlığa buraxırlar. Dəmir barmaqlıqlı qapını açıb, gedə bilərsiniz, deyirlər, siz azadsınız! Uçmağa qanadım yoxdu, mən azadam! Birbaşa evə gedirəm, ağaclar, kollar qabağıma qaçır, yaşıl budaqları, tikanlı kolları sığallayıram, gülləri qoxulayıram.
- Mən azadam! - deyə qışqırıram.
Biçənəyə doğru qaçıram, gürzələr yenə də onları tapdalayıb əzəcəyimdən ehtiyatlanıb başlarını yuxarı qaldırır, mənə yol göstərirlər. Gürzələrin pulcuqlu enli başlarını sığallayıram. Yaşlı gürzə nədənsə narazı qalır, donquldayır, deyir, biz sığallanmaqdan xoşlanmarıq. Ehtiyatsızlıq eləyir, gürzələrdən birinin quyruğunu tapdalayıram. Qollarımı geniş açıb qaçır, qışqırıram.
- Azadlıq!!!
- Axmaq insan! - quyruğunu tapdaladığım gürzə nifrətlə deyir.
- Aza…a..ad….lı…ıq!!! - yenə də qışqırıram.
- Axmaq! - gürzə dediyini deyir.
***
Dovşanlar qonşunun bostanına girib kələmini yeyiblər, gürzələr tipin hininə girib toyuqlarını sancıblar, yeddi toyuq ölüb. Qonşu yarısı yeyilmiş kləmləri götürüb silkələyir, dovşanları lənətləyir, tip toyuqları səkiyə düzüb gəlib-gedənə göstərir, necə müflisləşdiyinə millətin şahid olmasını istəyir. Dovşanları danlayıram, heç utanırsız, xəcalət çəkirsiz, oğurluq eləmək sizə yaraşarmı? Kələm istəyirdizsə, mənə deyə bilərdiz, sizin üçün nisyə bir kisə kələm alardım, ləzzətlə yeyərdiz. Dovşanlar əməllərindən xəcalət çəkirlər, uzun qulaqlarını sallayıb gözlərini elə yazıq-yazıq qırpırlar, daha onları danlamaqdan vaz keçirəm.
Gürzələr isə mənim məzəmmətlərimi veclərinə də almırlar, biçənəyin kənarındakı daşların üzərində uzanıb özlərini günə verirlər, pulcuqları günəşin şüaları altında işıldayır.
***
Qonşu deyir, gəl ayı oğurlayaq. Qonşunun fındıq kolunun dibinə yıxıb əzişdirirəm. Sənin işin-gücün qurtarıb, ya günəşi oğurlamaq istəyirsən, ya da ayı. Belə görürəm, məni cəllad kötüyünün üzərinə çıxarmayınca sakitləşməyəcəksən.
Axşam isə qonşu ayı təkbaşına oğurlamaq fikrinə düşür, torbasını da götürüb qaçır zirvəyə doğru, qara buludun üzərinə çıxır, əlini aya uzadır. Bu adama bələdəm, isti, od kimi yanan günəşi torbasına sala bildisə, ayı da salacaq. Yer üzünü aysız, bəyaz ay işığı olmadan təsəvvür eləyir, qorxub qışqırıram. Qonşu diksinir, qara bulud ayağının altından qaçır, kəllə mayallaq yerə gəlir. Qıçı sınıb, onu həkimə aparırıq.
- Hardan yıxılıbsan? - həkim soruşur.
- Göydən.
- Neyleyirdin göydə?
- Ayı tutmaq istəyirdim, - qonşum zarıyır.
- Niyə?
- Torbaya salmaq üçün! - qonşum bağırır.
- Sən ayı nəyə görə torbaya salmaq istəyirdin?
- Səfeh suallarına son verməsən, səni də torbaya salacaq, ağzına yeddi tikiş vuracağam! Qiyamətə kimi torbada qalacaq, ordan çıxa bilməyəcəksən!
Həkim özünü itirir, işə başlayır, ayı torbaya salmaq istəyən insan evladının qıçını sarıyır, amma sifətində çaşqınlıq ifadəsi var, hələ də başa düşmür, ayı torbaya salmaq insanın nəyinə lazımmış?
***
Mən həyətdə dağ çiçəkləri əkmişəm, qaraqınıq, qoyunqıran, kəkotu, çobanyastığı, solmazçiçək. Təbii çiçəkləri çox sevirəm, ona görə. Ətri ilə adamı bihuş eləyən çiçəklərdən iri bir dəstə bağlayıb redaksiyaya gedirəm. Qız məni heyrətlə qarşılayır. Çiçəkləri ona verib:
- Mən səni sevirəm! - deyirəm.
- Necə…ə? - qız inamsızlıqla səslənir.
- Sevirəm!
- Elə bunu deməyə gəldin? - qızın yanaqları ilə göz yaşları süzülür.
- Hə, - deyirəm, - çox sevdiyim gülləri çox sevdiyim qıza bağışlamaq üçün!
- Vəssəlam? Nədənsə danışmayacağıq?
- Yox, - deyirəm, - bu gün sənin günündü! Sən nə istədin, o olacaq! Nədən istədin, ondan danışacağıq!
Qız yenə ağlayır, göz yaşları dayanmır.
***
Mən dəmir barmaqlıqlar arxasındayam. Qonşu qıçını çəkə-çəkə ayağa qalxıb alovlu çıxış eləyir. «Cənab hakim! Çox əziyyətlər bahasına qara buludun üzərinə çıxmışdım, ayı tutub torbaya salmaq üzrə olanda, bu qışqırdı. Mən də buludun üzərindən yıxılıb qıçımı sındırdım. Əyər bu geridə qalmış xalq düşməni olmasaydı, mən ayı tutub gətirəcəkdim. Ay təkcə bizim ölkəyə məxsus olacaqdı!» «Bəs o biri ölkələr? - şair yerindən dillənir. - Günəşin, ayın işığı, istisi hamıya çatır, torbaya salmaq nəyə lazım?» «Başqa ölkələrin dərdini çəkmək sənə qalıb?! - prokuror onun üstünə çımxırır. - Hardan hamıya çatır? Şimalda gün istisinə həsrətdilər, bizdə isə çoxluq eləyir. Öz əlimizdə olsaydılar, istədiyimiz kimi tənzimləyərdik. Başqaları ay işığı olmadan keçinərlər. Pulları var, çöllərini, şəhərlərini işıqlandıracaqlar. Bizsə uşaqlarımıza, nəvələrimizə, xarici turistlərə ayı göstərərdik, toxunardılar aya. Edam edilsin!» «Edilsin! - qonşu da ona qoşulur. - Bunu edam eləyin, qoy elə mənim pulum batsın, lap dükanım da batsın, müflisləşim, əl açım dilənim, qarşıma çıxan ilk telefon dirəyindən özümü asım, təki bunun edam edildiyini görüm!»
Hakim boynunun dalını qaşıyır, necə olsun? Son vaxtlar hara gedirəmsə, bu ikili qarşıma çıxır. Sizin başqa iş-gücünüz yoxmu? Oğurlamağa ölkədə bir şey tapa bilmirsiz? Bəs tapanlar necə tapırlar?» Hakim çox danışır, nəhayət iclası bir həftəliyə təxirə salır.
Mavi gözlü qız dəmir barmaqlığa yaxınlaşır.
- Danışa bilərikmi? - ümidlə soruşuram.
- Nədən?
- Xatirələrimizdən.
- Bilərik, amma nə mənası? Əlvida!
- Əlvida! - deyirəm.
- Yağış yağanda yağışlı çöllərlə qaçıb təpəyə gedəcək, orda qara daşın üzərində oturub göy qurşağına baxacaq, səni yad eləyəcəyəm.
- Bunun üçün də sağ ol!
- Mən də səni sevirdim!
Qız gülümsəyir, ancaq onun təbəssümündə sonsuz qüssə var. Pəncərəsi çaya açılan balaca otağı, fıstıq ağaclarının yaşıl yarpaqları arasından süzülən günəş şüasının təpədən dırnağa kimi qızılı rəngə boyadığı qızı xatırlayıram. Başım hərlənir, əzici kədər qəlbimi didir.
***
Məni bir həftədən sonra buraxırlar, çünki heç cür qərar qəbul eləyə bilmirlər, ayı oğurlayanlar, ya da ayı oğurlamaq istəyənə mane olanlar üçün cinayət məcəlləsində cəza nəzərdə tutulmayıb.
Mən azadam! - qışqırır, azad olduğumu, barmaqlıqların arasından çıxdığımı hamının bilməsini istəyirəm.
Daşlı, çınqıllı torpaq yolla qaçıram, torpaq, xırda çınqıllar sarı rəngə çalır, yolun kənarındakı kəkotuların, üzərrik otlarının arasıyla sırayla düzülən gipgirdə gəvən kolları eynən kirpiyə oxşayır. Yollar gədiklərin belinə dolanır, dağın ətəyindəki yaşıl çöllərdə qıvrılıb sonsuzluğa qədər uzanır. Gədiklərə göyərçinlər qonub, biçənəkdən havalanan torağaylar həyat eşqi aşıb-daşan nəğmələrini oxuyurlar, sarı yolların üzərində hava ilğımlanır. İlğımlar məni səsləyir, çağırır. Mən sərxoşam, yollar, çöllər sərxoşdu, sarı yolların üzərində titrəşən ilğımlar, yellənən, yırğalanan ağappaq buludlar, yer, göy, otlar, çiçəklər sərxoşdu. Sərxoş havadan ciyərlərim dolusu udur, qaçıram…
***
- Mən gəlmişəm,
- Niyə?
- Niyəsini bilmirsən?
- Bilirəm.
- Onda niyə soruşursan?
- Sənə yox deyildiyini bilmirsən?
- Bilirəm.
- Onda niyə gəlibsən?
- Yox deyən, hə də deyə bilər.
- Bilər, amma demir.
- Deməsi üçün neyləməliyəm?
- İki şüşə şərab almalısan.
- Pulum yoxdu.
- Şərab almağa da?
- Hə.
- Çıx get, qapını arxanca bağlamağı unutma.
***
Qarşısı alınmaz bir istəklə içmək istəyirəm. Sərhəd dirəyinə qədər gedib, dirəyin yanında dayanır, tipi səsləyirəm. Tip sərhəddi keçməyimə icazə versə də, həmişə olduğu kimi məni aqressiv qarşılayır, edam edilməməyim onu cinləndirib, ona hədsiz xoşbəxtlik bəxş eləyəcək edam səhnəsini görə bilmədiyi üçün hirsindən alışıb yanır. Pulsuz olduğumu biləndə isə dişlərini qıcamağa başlayır. Bir gözü də ət baltasındadı, yəqin düşünür, məni dərhal doğrasın, ya bir qədər sonra. Mən başa salmağa çalışıram, bu isə babalarının istehsal obyektləri haqdakı cansıxıcı məlumatlarını təkrarlayır, romanım haqda senzuradan kənar ifadələr işlədir, hələ bir ət baltasına doğru da dartınır. Onun bu alçaq hərəkətinin qarşısını alır, yaxasından yapışıram, amma çəkməyə macal tapmıram, satıcılar, fəhlələr tökülüşüb gəlir, məni çölə çıxarırlar, bu işi o qədər də səliqəli görmürlər.
Gombul bir arvad gəlir, gombul deyəndə yəni yarımdünya, küçənin yarısını tutub, tipin arvadıymış. Vah bə, qardaş! Yarımdünya guruldayır, gurultusu göy gurultusundan zərrəcə də fərqlənmir. «Ay belə sənin romanını…. Ay belə sənin romanına filan şeyimi…. Ay belə sənin romanına…!» Başımda tüklərim vız durur, arvad yorulmur, əsim-əsim əsir, filan şeylərini dəfələrlə romanın üzərinə endirir. Qardaş, yorulmur bu arvad! Qulaqlarımı tutub ordan gedirəm.
***
Mən küçəylə gedirəm, ağacı özümdən xeyli qabaqda tutmuşam, adamlar ağaca, ağacın ucunan sallanan sellafon torbaya heyrətlə baxırlar.
- Bu nədi? - soruşurlar.
- Romandı, - deyirəm.
- Onu özündən niyə belə aralı tutubsan?
- Murdarlanıb, ona görə.
Günəş yandırır, buludlar zirvələrin üstündə yatıblar, şosse yolunun üzərində yay kədəri ilğımlanır.
***
Redaktor məni sevinclə qarşılayır, adam həmişə məndən yazı istəyir, deyir sənin yazıların olmayanda qəzetimiz oxunmur. Romandı, deyirəm, götür çap elə, qoy qəzetinizi oxusunlar.
Mən ağlayıram.
Mənə nə baş verdiyini soruşur, romanı niyə bu vəziyyətdə gətirmişəm, ağac, torba nə üçündü? Romanı arvad zay elədi, deyirəm, bir illik zəhmətim oldu heç nə! Day mən ona əlimi vura bilmərəm. Redaktora arvadın romanı nə cür zay elədyini danışıram. Dəli olur, bizi nə hesab eləyirsən, sən əlini vura bilməzsən, biz vuraq? İndiyə əndamını qaldırar romanın üzərindən, yəni bəzi əzalarını. Redaktor göyərir, sonra qaralır, boğazından yüngülcə yapışmışam, amma niyə qaralır, başa düşmürəm. Adamın kağızlara allergiyası var, romanı yeməkdən ən axırıncı əclaf kimi boyun qaçırdır.
Aşağıda polis qardaşımız məni gözləyir. Qardaşımız qoluma girir, mavi səmaya baxıram, göy ənginliyi, intəhasız maviliyi məni təsirləndirir, ağappaq buludlar lap yaxınlıqda mayallaq aşırlar. Polisə deyirəm.
- Burax gedim.
- Hara?
- Buludların yanına.
- Nəyinə lazımmış ora getmək? - soruşur.
- Buludların üzərində uzanıb dincəlmək istəyirəm.
- Yox,- deyir, - dincələcəyin yer buludların yanında, göylərdə deyil.
Qırmızı kirəmitli evlərin, buludlara toxunan çinar ağaclarının arasında yay sevincləri ilğımlanır, havada uçan akasiya çiçəklərinin ətri adamı sərxoş eləyir. Buludlar lap aşağı düşür, evlərin qırmızı kirəmitli damları arasından boylanıb mənə əl eləyirlər. Mavi səmaya, ağappaq buludlara baxır, ağlayıram.
- Sənə bir işmi oldu? - polis soruşur.
- Yorulmuşam, - deyirəm.
Yenə ağlayıram.
***
Qızılı rəngə boyanmış zirvələrin üfüqlərlə qovuşduğu yerdə şairlə mavi gözlü qız ələ-ələ tutub rəqs eləyir, mahnı oxuyurlar. «Niyə məni, niyə məni qara torpağa basdırdılar, ay anacan?» Şairin batıq səsi güclə eşidilir, qızın saf səsi isə dağlarda, səmada, dərədə-təpədə əks-səda verir, dalğa-dalğa sarı yollar boyunca yayılır.
***
Yağışlı yaz günü öldün, gözlərini qapamadım. Səni qucağıma götürüb getdim üzü gündoğana tərəf. Birinci təpəni aşdım, ikinci təpəni aşdım, üçüncü təpədə dayanıb qəbrini qazdım. Basdırmağa macal tapmadım, qəbrin suyla doldu. Təpədə oturub yeddi gün gözlədim, yeddinci gün günəş çıxdı, sular çəkildi, səma tərtəmiz, mapmavi oldu, mapmavi səmada ağappaq buludlar ağır-ağır süzürdü. Səni qəbrə qoydum. Gözlərində donub qalan mapmavi səmaya, mapmavi səmada ağır-ağır süzən ağappaq buludlara son dəfə baxıb üstünü torpaqladım.