Marqaret Ətvudun şeirləri Cavanşir Yusiflinin tərcüməsində

Marqaret Ətvudun şeirləri Cavanşir Yusiflinin tərcüməsində

YANMIŞ EVDƏ SƏHƏR

 

Yanıb kül olmuş evdə səhər yeməyi.

Bildiyiniz kimi: burda nə ev var, nə səhər

yeməyi,

amma hələ də burdayam o vaxtdan.

 

Fincanın içində cırmaq yerləri,

qaşıq bir də,.. amma əriyib yoxa çıxıb

elə fincan da;

ətrafda kimsə yox.

 

Hara getdi

qardaş, bacı,

ata, ana? Hara?

Bəlkə, üz tutub sahil boyunca üfüqdb görünmbz

oldular,

paltarları hələ də asılqanda,

boşqablar hələ də su çanağının böyründə

düzülü, köndələn,

hə, odun peçinin o tərəfində

üstündə torlu qara çaynik olan ocağın,

 

hər şey, hər bir detal apaydın,

dəmir fincan, kələ-kötür, üstü dalğalı güzgü...

Gün yandırıcı, amma nəğməsizdir.

 

Göl mavi, meşə tətikdə,

şərq tərəfdə buludların karvanı

susqunca qalxır, qara çörək misalı...

 

Müşəmbədə burulğan görürəm, girdab yəni,

şüşələrdə çat yerləri

o işartılar… günəşin

istisi düşür ordan oğrunca.

 

Ancaq təkcə öz əl-ayağımı görmürəm...

Deyin, bu bir tələdi, yoxsa xeyir-dua əlaməti,

hər şeyin çoxdan bitdiyi evdə

özümü görmək,

çaynik və güzgü, qaşıq və qazança,

elə mənim bədənim də

yoxdu burda,

 

yəni o zamankı bədənim,

elə indiki cismim də...

O zaman bu stolun arxasında təkcənə və

xoşbəxt oturardım,

 

yalın uşaq ayaqları taxta döşəmənin üzərində

(görürəm, əlbəttə, dinməyin,)

yanmış paltarlarımda, nazik yaşıl şortlarda...

 

Bir də çirkli sarı tenniska –

artıq mövcud olmayan

bir ovuc külü

közərib yanmış

köz-köz olmuş canımı hələ də tutub saxlayan…

 

YUXU SÖZÜNƏ VARİASİYALAR

 

Sənə yatarkən baxmaq istərdim,

Baş tutmayacaq bir şeyə.

baxmaq istərdim sənə

yatdığın zaman. Səninlə

birgə yuxulamaq, yuxuna

girmək istərdim, onun sürüşkən qaranlıq

dalğası

başımın üstündən keçirmiş kimi

mışıl-mışıl...

 

Səninlə həmin şəffaf

mavi-yaşıl yarpaqların həyəcandan

titrəşən meşəsindən

keçərək

üzündən su damcılayan günəşi və üç parça

ayıyla birgə

enməli olduğun mağaraya,

ən dəhşətli qorxuna düşmək istərdim...

 

Sənə bu gümüşü budağı

vermək istərdim, bu kiçik ağ çiçəyi;

elə bir söz ki, səni

yuxunun tən ortasında qüssədən

qorusun,

düz orda

baş verəcək kədərdən, o uzun

nərdivan boyu səni

izləmək,

ardınca düşüb gəlmək istərdim

bir daha, avar çəkib

səni geriyə gətirəcək qayıq olmaq istərdim...

 

Sakitcə, ehtiyatla,

yana açılmış ovuclarında alov...

Mənimlə birgə uzandığın yerdə

nəfəs alıb-vermək kimi asandı hər şey...

 

Bir az hava olmaq istərdim,

yalnız bircə anlığa

nəfəsinə dolam. Mən bax belə,

sezilməyən,

bilinməyən bir şey olmaq istərdim.

 

SEVGİ SÖZÜNƏ VARİASİYALAR

 

Bu sözlə biz

hər dəlmə-deşiyi tıxamaq istəyirik, çünki

bu, nitqdəki ipisti boşluqları doldurmaq üçün

ən ideal bir ölçüdür.

Səhifədə misralar arasında bir ovuc ürək – kül

olmuş...

Atlas lentlə sarıyın, satışa qoyun, istəsəniz.

Onu anketlərdəki boşluqlara sıxıb doldurun.

Dünyada nə qədər jurnal

onunla aşıb-daşır: götür, bədənini sil,

yaxud şam hazırla özünə.

Sizcə bu,

bir parça cırıq kartonun altında ilbizlərin

cütləşməsinə bənzəmirmi?

Alaq otları da tamahkar sifətlərini bir-birinə

dirəyib

Bu sözü qışqırıb dururlar:

sevgi, sevgi! – deyə

əsgərlər oxuyur,

par-par yanan bıçqılarını havaya qaldıraraq.

 

Budur

Sən və mən. Bu söz

çox qısadır bizimçün,

ikicə hecası var.

Deyən kimi qurtarır, havası çəkilib gedir

ulduzlar arasındakı işıqda batan

bizi öz karlığında boğan

yarğanları doldurmaq üçün.

İçində itmək itsədiyimiz şey sevgi deyil,

ancaq ondan başqası da yox. Daş kimi ağır

sakitliyin içində

bu ikicə saitdən biri səsləndimi,

intizarda qalırsan

ağrın, iztirabın,

nəfəs alıb verincə,

yəni barmağın

qayanın bir yerinə ilişib qalıb,

tuta, yaxud buraxa bilərsən...

 

 

KƏDƏRLİ UŞAQ

 

Kədərlisən, çünki kədər var,

qəlbinlə bağlı bir şeydi. Yaşınla bağlıdı.

Kimyadı olan, bitən nə varsa,

psixiatra get, yaxud həb iç,

ya da kədərini gözü çıxmış gəlincik kimi qucaqla,

bas bağrına.

 

Yaxşı, bütün uşaqlar kədərlidir onsuz,

ancaq bəzisi canını qurtara bilir bundan.

Barmaqlarını qatdala, nə qədər xoşbəxtsən.

Ancaq ən yaxşısı,

bir şlyapa al.

Palto, ya da ev heyvanı, hansı olsa.

Unutmaq üçün oyna, rəqs elə.

 

Ancaq nəyi unutmaq?

Kədərini, kölgəni.

Başına nə gəldisə,

evin bağçasındakı qonaqlıqda gəldi.

Ora girəndə pörtmüşdün, gün vurmuşdu sanki,

incə ağzın şəkərə bulaşmış

şəridli təzə paltarında

Üstündə dondurma ləkəsi,

hamamda özünə dedin ki,

mən sevimli uşaq deyiləm.

 

Əzizim, iş bu yerə

gələndə

işıqlar sönür, dumansa qatılaşır

və sən alt-üst edilmiş qəlbinin

tələsinə ilişib düşəndə

odeyalın altında, ya da yanan maşında

 

qırmızı alov səndən keçib hər yana yayılanda

başının düşdüyü asfaltı deşib gedəndə

ya döşəmə, ya da balınc olsun,

bu, bizdən biri olmayacaq;

yaxud hamımız birdən düşəcəyik o oda.

 

POÇT AÇIQCALARI

 

Səni düşünürəm. Başqa nə deyim?

Qarşı tərəfdə palma ağacları

ilğımdır; elə o çəhrayı qum kimi.

Əlimizdə olan adi şeylərdir

sınmış kola butulkası, bir də

ehtiyat pivənin qoxusu

çox şirin,

çürüntünün lap dibindəki manqo kimi

bu da var, əlbəttə.

Hava şəffaf, tərdi, ağcaqanadlar

bir də qoyduqları izlər; quşlar və efir.

 

Zaman bura dalğalarla axır, xəstəlik kimi,

hər gün bir az da becid, sürətli;

yuxarı qalxıram, bunun adı oyanmaqdır,

Sonra aşağıya, təlaşlı gecələrə, ancaq bir damcı

da irəli

getmirəm.

Xoruzların banı

ta sübh açılana qədər eşidilir,

sonra uşağın ağlamaq səsi məktəb yollarını

cırmaqlayır.

 

Həbsxanada iki məhbus

Başları süngüylə qırxılıb... Bir də on yeşik

ətcəbala cücə. Hər yaz gələndə

məktəbdən düz kilsəyə qədər

şil-küt, çolaq adamların qaçdı-qovdusu.

Bu bir növ

üstündə gəzdirdiyim cır-cındırdı;

bir də yerli qəzetdən

demokratiya haqda yazının kəsiyi.

Pəncərədən o yanda

lənətə gəlmiş otel tikilir

Mismar-mismar, kiminsə

puç olmuş, dağılmış arzusu. Sizin də

içində olduğumuz dünya

Heç də pis olmamalıdır, ancaq...

Elədirmi? Burdan baxanda

siz ilğımsınız, cilalı, təmiz;

son dəfə sizi gördüyüm

görkəmdə.

Bir çevril, bax, ünvan üçün yer var.

Burda olmağını istərdim, məhəbbət

okean kimi dalğalarla gəlir, yaxandan əl

çəkməyən

xəstəlik kimi,

başında

tərk edilmiş mağara

dolur, sonra boşalır,

sonra… ovxalanıb tökülür…

 

BU, MƏNİM ŞƏKLİMDİ

 

Əvvəllər çəkilib, bir neçə il əvvəl.

Əvvəlcə elə bildim,

bulaşıq çap edilib: dumanlı xətlər, boz ləkələr

yayılıb kağıza...

 

Bir az da baxsanız,

sol küncündə də nəsə dəyəcək gözünüzə

budağa oxşayan bir şey: ağac parçası

(balzam və ya iynəyarpaq bir ağac)

üzə çıxıb, sağ tərəfdə isə az maili eniş, bir də

karkaslı ev...

Yanında,

arxa planda göl,

ordan o üzdə isə bir neçə alçaq təpə.

 

(Foto mən orda

batdığım günün səhəri çəkilib).

 

Mən gölün içindəyəm,

şəklin tən ortasında, səthində.

 

İndi dəqiq harda olduğumu

demək çətindi,

yaxud orda necə böyük, yaxud kiçik

göründüyümü:

işıq şüalarında

suyun effekti

təhrif yaradır dayanmadan.

 

Ancaq uzun-uzadı,

gözlərini heç ayırmadan baxsan,

məni orda görərsən…

 

 

 

İngilis dilindən tərcümə: Cavanşir YUSİFLİ