Mehman Qaraxanoğlu. Afroditanın boynu (Ədəbi sezintilər)

Mehman Qaraxanoğlu. Afroditanın boynu (Ədəbi sezintilər)

Paradoksa diqqət edin: Mətnin açarı gözümün önündə - stolun üstündədir. Onu əldə etmək üçün xeyli çarpışdım. Əziyyətimin sevincini yaşamaq istəyirdim ki, yenidən qapını alternativ açarla kimsənin açdığının şahidi oldum.

- Salam, siz burdasız?

- Bəli.

- Mən gedirəm, lütfən, deyin, sizdə mətnin qapısını bağlamağa açar varmı?

- Bəli, var.

O, təbəssüm göstərib getdi...

 

 

***

 

Lənkəranda dairəvi bir zindan vardır. Tarixi mənbələrdə 1744-1786-cı illərdə inşa edildiyi göstərilir.

Bizi bir sual çox ilgiləndirir:

Niyə dairəvi? Görəsən, vaxtilə oradakı məhbuslar bu haqda nə düşünüblər?

Özümü xəyalən məhbusların birinin yerinə qoyuram və içimə qəribə bir yüngüllük dolur – bir böyük dairədən ikinci kiçik dairəyə düşməyimin sərməstliyini yaşayıram: Həə, nə qədər fırlanırsan, fırlan indi...

 

***

 

Əruz çox koloritli və ötkəm bir kişi obrazıdır. O, sözləri uzada-uzada danışmağı sevir.

 

***

 

Velosiped təkərlərini deformasiyadan qoruyub saxlayan mis millər mənə rəssam Salvador Dalinin bığlarını xatırladır. O bığların ucluqları deyir ki, dünyanı ciddiyə almayın, deformasiya da olacaq, hələ üstəlik başqa şeylər də...

 

***

 

Mətnin sənin üzərində öz hakimiyyətini bərqərar edəcəyinə inanmırsan?! Sənin bir yolun vardır; qəddar Kron kimi öz balalarını – cümlələrini udmaq...

 

                                              

***

 

Biz totalitarizmi ildırımsaçan Zevsə, proletar ədəbiyyatını isə onun önündəki iki mifik qaba bənzədə bilərik. Qabın birində təltif, mükafat, hədiyyə, sovqat, digərində isə qorxu, təhdid, şər, böhtan, repressiya vardır. Hər iki qab Zevsin nəzarətindədir...

***

 

Yuyunan Afroditanın mərmərdən tökülmüş gözəl heykəlinə hər dəfə baxanda dodaqlarımdan məzəmmət və sevgi dolu ixtiyarsız bir sual qopur:

- Sən yuyunursan, yoxsa hər iki əlinlə saçlarını yığıb, misilsiz dərəcədə zərif boynunu bizə göstərirsən?!

 

***

 

Şərq miniatür sənətinin unikal nümunələrinə, xüsusən, Təbriz miniatür məktəbinin banisi Sultan Məhəmmədin və onun şagirdlərinin əl işlərinə baxarkən daxilimdə həmişə özümə bəlli olmayan qəribə bir qüssə başa qaldırıb. Niyə? Cavabım olmayıb. Ta Qəyyur Yunusun rəsmləri ilə tanış olana qədər...

Kainatın, bizi çevrələyən bütün predmetlərin, bütövlükdə kosmosun, o cümlədən, insanın kiçildilmiş obrazları imiş məni qüssələndirən... Başqa cür desək, böyüklərin kiçildilimiş obrazları dəhşətli dərəcədə qüssəlidir. Amma təsirin əks təsirə bərabər olması qanunu burada da özünü göstərir. Ən azından, kiçildilən predmetlərdə də hər hansı bir xarakterik cizgi durmadan böyüyür. Atın başı, obrazın üzündəki heyrət, çiçəklərin "danışmayan” "böyük” kölgələri, gözlər, rənglərin "partlayış” məqamına qədər "böyüdülmüş” parlaqlığı və s. Qrammatik aspektdən bu halı azaltmanın çoxaldılması kimi də simvolizə etmək olar. Miniatürlərimizdə, Cavad Mircavadovda, digər böyük rəssamlarımızda, həmçinin Qəyyur Yunusda olan mistizm və sirli qüssə də zənnimizcə, bununla ilişkilidir...

 

***

 

Oxuduqlarım, əldə etdiyim təcrübə, uğur və məğlubiyyətlərim mənə bir həqiqəti anlatdı: Dünyada Xeyir və Şər əbədidir! Anladım ki, sıralanmada Xeyir həmişə əvvəl gələcək. Minillərdir ki, Şər bütün gücünü səfərbər edib, "və”nin üstündən Xeyirin yerinə keçmək istəyir. Amma bacarmır!

Göründüyü kimi, yeni heç nə dəmədim, amma öz Həqiqətimlə xoşbəxtəm...

 

***

 

Bizə Dionisin sirli qablarında nə müqəddəs su, nə də yemək veriləcək. Amma unutma, çətinliyə düşəndə Dionis də öz qablarını qoyub qaçır...

 

***

 

Borxesin mətnləri Aidin zülmət səltənəti kimidir. Geriyə qayıdışın mümkünsüz olduğu bu səltənətdə yeganə işıq yeri müqəddəs Stiks çayının məhz oradan axmasıdır...

Bizm üç yolumuz vardır: 1. Çayyuxarı getməliyik. 2. Çayaşağı qaçmalıyıq. 3. Sadəcə, dayanıb onun sularına and içməliyik.

Bu sözləri Coys haqqında da deyə bilərik. Hər üç yolu sintez eləməklə nəyəsə nail olmaq olar. Amma bir həqiqət də vardır ki, burada sintez tutmur. Ona görə də həm Borxes, həm də Coys haqqında saysız-hesabsız kitablar yazılır. Və bütün müəlliflər geriyə yol arayırlar....