Mehman Qaraxanoğlu. Podiuma hazırlaşan model (Ədəbi sezintilər)

Mehman Qaraxanoğlu. Podiuma hazırlaşan model (Ədəbi sezintilər)


Uşaq çağlarında böyüklərimiz bizə dönə-dönə xəbərdarlıq edərdilər: Açarı qıfılın üstündə saxlamayın! Hər hansı gözəl bir mətn də o qıfıl (kilid) kimidir. Məhz ona düşən o açarla (dillə) onu açmaq olar. Tutaq ki, açdın, bəs onda dilini nə edərsən, onu harada gizlədərsən? Elə o mətnin içərisində! Amma hələ də böyüklərin o xəbərdarlığının sirrini tapa bilmirəm...

***  

Mövsüm qurtarandan sonra balıqçılar torlarını yığışdırır, sahilə yaxın yerdə basdırdıqları dəmir armaturları çıxarır, ehtiyatsızlıq üzündən suyun dibində qırılıb qalmış armatur ucluqlarına isə plastik butulkalar bağlayırlar, necə deyərlər, öz aləmlərində çimərlik dövrünə hazırlıq görürlər. Amma günəş şəfəqləri altında o plastik qablar balıqçıların bağışlanmaz suçu kimi par-par parlayır. Yerinə düşməyən, lakin müəllifin cidd-cəhdlə ört-basdır etmək istədiyi söz və cümlələr də mətndə o cür "bərq vurur...”.

***  

Balıqqulaqları öz başlarını ləyaqətlə quma əyib, Tanrının ən xırda hərflərdən – qum dənəciklərindən yaratdığı sonsuz mətnləri ehtirasla oxuyurlar...

***

Bənzərsiz hekayətlər danışan dənizi aylarla, günlərlə, saatlarla dinləməsən, sevə bilməzsən. Dənizin hekayə quruculuğunda günəşin, xırdaca bir qum dənəsinin, küləyin, ləpədöyəndə gəzişən ördək balalarının, ağacların, göydə uçuşan quşların, sularına baş vuran o uşaqların, bir sözlə, hər bir nəsnənin  özünəməxsus missiyası vardır. Dəniz əbədi harmoniyanın ən canlı mücəssəməsidir. Ən qədim tekstlər də belədir. Götürək "Dədə Qorqud” eposunu. Bir anlıq düşünək ki, minilliklərin o üzündən vur-tut bircə boy gəlib çatıb bizə. Və ya bircə qoca, yorğun külək! Lap olsun 6, 8, 10, 11... Azdır, çox azdır! Yarımçıq harmoniya yoxdur! Əgər 12 boyun cəmini yazıçı Kamal Abdulla intiutiv olaraq "Yarımçıq əlyazma” adlandırırsa, hansı harmoniyadan danışmaq olar?! Həmin harmoniyasızlığın altşüurdakı ilkin aclığı idi ki, romana "On üçüncü boy” deyənlər də oldu. Bu arada tarix bizi sensasion bir xəbərlə də müjdələdi: Gerçəkdən eposun 13-cü boyu da tapıldı! Qoy bir xəbər də mən verim; ehtimal var ki, "Yarımçıq əlyazma”nın mabədi də yazılsın. Çünki yenə  boşluqlar vardır, yenə də nəsə çatmır. İndilikdə romanın eposdan çox oxunma səbəbini də burada axtarmaq lazımdır. Müəllif özünü "natamamlığın bütövlüyü”nə inandıra bilib. Özgə yolu yoxdur, bu inam olmasaydı, roman yazıla bilməzdi. Amma hər bir "söküntü” (dekonstruksiya) daha çox boşluqların yaranmasına səbəb olur... Bənnaların köhnə evlərə münasibəti də belədir. Onlar ev sahiblərinə təkidlə deyirlər: "Özünüz bilərsiz, amma köhnəni bərpa etmək təzəni tikməkdən çox çətindir”. Amma və lakin... göstərilən çabaların özü də nəhayətsiz boşluqlara atılmaq deyil, bəs nədir?! 

***

Sanki Bakı podiuma hazırlaşan modeldi. Çılpaq budaqlar dırnaqlarını boyayandan sonra bulaşmasın - deyə yuxarı qaldırıblar. 

***

Mən mələk deyiləm! Amma mələk olmaya-olmaya Tanrı mənə çox şeylər verdi. Görəsən, mələk olsaydım, daha nələr verərdi?!

***

Sənə yalvarıram: Bircə dəfə özün ol! Sən özün olanda dünya öz maskasını çxaracaq!

***

Yaradıcılıq prosesi rezin təkərlər altda qalıb yüksək sürətlə ətrafa sıçrayan xırdaca bir daşın xaotik uçuşuna bənzəyir. Sən daşın hansı istiqamətə gedəcəyini öncədən bilmirsən. Hər şey anidən baş verir - kompüterdə nəyisə tıklamaq kimi. Ekran açılıb... 

***

Əksəriyyət deyir: Tənqid yoxdur! Mən də deyirəm: Yoxdur!!! "Yoxdur”u iki əlavə nida ilə tündləşdirirəm ki, mənə inanasan! İndi yenidən başlayaq. Əvvəl sən de, ardınca da mən. Sonra da xorla deyək: Yoxdur! "Yox” ların başın üstdə necə dövrə vurduğunu görürsənmi? Nə gözəl! O "yox”lardan biri səni "görüb” mətninə çox "gözəl” eniş edir. O "yox” sənin üçün oldu "var!”. İndi özün israr edirsən ki, təzədən başlayaq. Başladıq! Sən: - "Tənqid vardır!”. Mən də: - Vardır! - deyirəm. Alındı!!! Oyun alındı! İndi qaldı oyunun şərtlərini qəbul edib davamlılığını təmin etmək! Di tərpən! Sən hələ də ədəbiyyatın bir oyun olduğunu qəbul eləmirsən? Yazıqlar olsun sənə!

***

Həyatda pullu kişilərin gözəlçələr (Ürəyin istəsə, "fahişələr”lə əvəz elə!) saxlamağı hamıya bəlli... Sənin xəbərin varmı ki, ədəbiyyatın da öz gözəlçələri vardır. Onlar pullu, imkanlı, vəzifəli məmurlara öz xidmətlərini təklif edirlər; "başlıcası”, onlar  üçün mətn yazırlar! Qarşılığında nə alırlar?! Fahişələr qarşılığında nə alırsa, onlar da onu alırlar. Bir az da artığını... Bu da sənin müqəddəs hesab elədiyin ədəbiyyat!

***

Dostum deyirdi: "Tələbəlik illərində mənim rəncbər atam təqvimdəki qırmızı günlərə görə mənə on manat da əlavə göndərərdi”.

***

Görürsən gənc bir yazıçı (Olsun lap yaşlı!) bir hekayə yazıb. Oxuyursan və təsadüfi bir xatirənin doğurduğu "universial” sayıqlamalar olduğuna əmin olursan. Adlar var, amma obraz yoxdur. Unutma: Əridilmiş metal hansısa bir qəlibə dolanda məna kəsb edir. Belədə xammaldır!

***

Obraz mətndən bayıra sıçramağı bacarmalıdır. Sizin "avam” hesab elədyiniz Novruzəlilər, "gerizəkalı” Usta Zeynallar, "ağıldan bəla” çəkən Mirzə Səfərlər, zoğal dəyənəkli Xudayarlar, müsəlman Əli və xristian Ninolar... mənsub olduqları mətnlərin sınırlarını çoxdan aşıblar. Onlar "başqa” adlarla aramızda gəzirlər...