
Mətanət İM - "Düşüncələrimizi qapayan pərdə" (+18)
- 26.12.2015
- 0 Şərh
- 2364 Baxış
İsmayıl Rizvanoğlunun "Gözümüzə pərdə
olan ..." hekayəsi məncə bizim cəmiyyət üçün kifayət qədər xoş
qarşılanmayacaq , qalmaqallı nüanslarla doludur. Oxuyanlar güman ki, mənimlə
razılaşacaq. Gənc yazar gündəmdən düşməyən
əxlaq, namus məsələlərinə çox az qism insanın razılaşa biləcəyi bir nöqteyi nəzərdən
yanaşıb. Sərhədli düşüncələrə, sorğusuz sualsız dədə-babadan görüb mənimsədiyimiz, həqiqiliyi üzərində düşünmədiyimiz bir çox məsələlərə
də fərqli baxış bucağından, əslində "belə imiş deməli" olduğumuzu bu
hekayə vasitəsi ilə insanlara çatdırmağa
çalışıb. Yazıya əsasən qənaətə gəlmək
olar ki, bəli, əxlaq anlayışı yalnız insanın düşüncələrində olmalıdır. "Əxlaq
ayaqların arasında deyil düşüncədədir"
aforizmi onun özünə məxsus düşüncələrini müdafiə etdiyinin bariz nümunəsidir.
Yazıçı bir çoxunun "bu fahişədir ki", deyə düşünəcəyi bir obrazı Nanə
obrazını yaradaraq insanın hətta ölümə belə səbəb yaradan bakirəlik, əxlaq
anlayışını o qədər önəmsəməməyi müdafiə edir. Nanənin Nəsimi ilə olan dioloqunda
Nanə onda ruhi xəstə olan biri, yaxud əxlaqsız təəssüratı yaradır. Nanənin "səndə
qəhbə təəssüratı yaratdım?" sualının qarşısında Nəsiminin əslində
düşündüyünün əksini deməyə nə vadar etdi bilmirəm. Cəmiyyət olaraq qarşımızdakı insan haqqındakı əsl
düşüncəmizi gizlədərək onu qane edəcək şəkildə cavab vermək qanımızda
olduğundan Nəsimi də Nanəyə "yox, öz həyatındır" deyərək əsl düşüncəsini
gizlədib cavab verir. Yazıçı, Nanənin Nəsiminin
əlindəki bağlamanın içərisindəki kitabları gördüyündə Nəsiminin dodaqlarına xəfif
bir öpüş qondurması səhnəsi ilə doğurdan da mənəviyyatın, insanlığın kitab
oxumaqla elmə yiyələnməklə, öz başı ilə düşünməyin digər "məsələlərdən
" daha önəmli olduğunu oxuculara çatdırmağa çalışıb. Yazıda olan bu səhnə,
"sevgilisini sevdiyi halda Nəsimi bəzi ehtiyaclarının qarşılanmadığı üçün,
həm də içkili olması səbəbindən Nanə ilə
bir yatağı paylaşması, Nanənin onun sevgilisi ilə əlaqə saxlayaraq həmin məkana gətirtməsinin
açıqlaması, əslində bir münasibətin əsas qidası olan cinsi əlaqənin vacibliyini
bildirmək , həmçinin bunlar olmadığı təqdirdə
fərdlərin münasibətdə xəyanətlə qarşılaşacaqlarının
labüdlüyünü göstərərək, sevdiyinə sahib çıxmağı, bu ehtimalı aradan qaldırmağı
tövsiyyə edir. Cahil bir toplum təbii olaraq bu düşüncələri mənimsəyə bilməz. Onların
öncə elmə yiyələnərək geniş düşünməyə çalışmaları lazım, silkələnmələri lazımdır.