Mirmehdi Ağaoğlu. ƏFV (Hekayə)

Mirmehdi Ağaoğlu. ƏFV (Hekayə)

İsmayıl evin arxa tərəfindəki çardağın altında çömbəlmə oturub əlindəki kəndirlə qurcalanırdı. Atası ilgək düzəltməyi tapşırmışdı. O da kəndirin bir ucun gətirib düzəltdiyi halqanın içindən keçirir, sonra nəyisə bəyənməyib kəndiri açaraq yenidən əməliyyatı təkrarlayırdı.
Atasının kənd yolunun üstündə balaca bir sexi var idi. Tornaçılıq edirdi. Eyni zamanda qəssablıqla da məşğul idi. Çox vaxt kəndin heyvanlarını o kəsirdi. Heyvanın başı kəsildikdən sonra kəndirdən hazırlanmış ilgəyi heyvanın arxa ayaqlarının birindən vətərlə sümüyün birləşdiyi hissədən bağlayaraq asırlar.
Qonşu atasının səsləyib qapıya çağıranda o tut ağacının enli gövdəsinə söykənib siqaret çəkirdi. Evin pilləkənlərindən aşağı düşən atası gəlib onun qabağında dayananda heç bilmədi ki, nə etsin. Dinməzcə qulaqlıqları çıxarıb günahkar nəzərlərlə atasının gözlərinə baxaraq qulağının dibinə gələcək şilləni gözlədi. Atası isə yalnız “get bir kəndir hazırla gəlib səni asacam” deyib qapıda gözləyən qonşunun yanına getdi.
Onun gözəl əl qabiliyyəti vardı. Oxumağa həvəsi olmasa da cihazları təmir etməyə həvəsi vardı. Az yaşı olmasına baxmayaraq evdəki bütün nasaz cihazları özü təmir edirdi. Atası çox üstünə getmir, oxumamasına göz yumurdu. Ümüd edirdi ki, oxumasa belə böyüyəndən sonra bir sənət sahibi olub ailəsini dolandıra biləcək.  Elə indidən beşinci sinifdə oxuyan oğlunu peşə məktəbinə qoymağı planlaşdırmış, keçən ay rayon mərkəzinə gedəndə peşə məktəbinin direktorundan bəzi tövsiyələr almışdı.
O dərsdən sonra vaxtını adətən ya atasının sexində, ya da evin dalında çardaqda özü üçün düzəldiyi xudmani emalatxanada keçirirdi. Velosipedi, maqnitofonu xarab olan təmirə onun yanına gəldiyindən emalatxana  həmişə qələbəlik olardı.
Bu dəfə yanında heç kim yox idi. Günorta olduğu üçün hamı  öz evində  ventilyatorun qabağında dincəlirdi. O isə səylə ilgəyi hazırlamağa çalışırdı. İsmayıl həmişə belə idi. Velosiped təmir edəndə də, maqnitofon və ya qapağı xarab olmuş nasosu düzəldəndə də işini məharətlə görməyə çalışır, özü işindən razı qalmayana kimi əl çəkməzdi. Atası onun bu xasiyyətini bəyənsə də heç vaxt ilgək düzəltməyindən xoşu gəlməzdi.
Bu dəfə möhkəm və qalın kəndir seçmişdi. Bir neçə cəhddən sonra nəhayət ilgəyi özü bəyəndiyi kimi hazırlayıb atasının gəlməyini gözləyirdi. Atası onu çox nadir hallarda danlayardı. İsmayıl da buna səbəb yaratmazdı. Lakin bu dəfə məsələ tamamilə başqa idi. Atasının siqaretdən zəhləsi getdiyindən oğlunu bir neçə kərə tənbeh edib siqaret çəkməməyi bərk – bərk tapşırmışdı.
Oğlan düzəltdiyi ilgəyi əlində çevirərək orasına  - burasına baxırdı. Ata gəldi. Ayağa qalxıb əlindəki kəndiri ona uzadaraq dinməzcə dayandı. Onu indi asılmağından daha çox atasının yenə ilgəyi bəyənməyəcəyi qorxudurdu. Ata götürdüyü  kəndiri əlində tarazlayaraq bir xeyli ilgəyə tamaşa elədi. Sonra ilgəyi bir neçə dəfə oğlunun başına yüngülcə vurdu.
- Heç heyvan kəsəndə ilgəkləri bu cür etibarlı düzəltmirsən.
Ata daha heç bir söz demədən oğlunu da yanına alıb qonşuya heyvan kəsməyə getdi.