"Ozan" rok qrupu Türkiyəyə səfərdən qayıdıb- Fotolar

Nurlan Kərimov: "Biz türkləri heyrətləndirə bildik"

Bu günlərdə tanınmış rok qrupu "Ozan" Türkiyədən səfərdən qayıdıb.
Azərbaycan rok qrupları nadir hallarda xarici ölkələrdə çıxış etdiyini nəzərə alaraq, qrupun solisti Nurlan Kərimovla görüşüb, səfər haqqında oxucularımıza geniş məlumat verməyini xahiş etdik.
Qeyd edək ki, "Ozan" qrupu digər yerli qruplardan fərqli olaraq, əsasən azərbaycan dilində oxumağa üstünlük verirlər. Onların repertuarında öz bəstələri ilə yanaşı, bir çox xalq mahnılarının da rok versiyaları daxildir.

- Nurlan, yenicə Türkiyə səfərindən geri dönmüsüz. Təəssüratlarınızı bölüşərdin.
- Türkiyədən ən xoş təəssüratlarla dönmüşük. Bir daha əmin olduq ki, Türkiyə ilə müqayisədə Azərbaycan roku hələ geridədir. Məsələn, dünya səviyyəli studiyalarda məşq edirdik, çıxış etdiyimiz klublarda səs aparatı istənilən böyük konserti səsləndirə bilərdi. İnsanların roka münasibəti fərqlidi. Stilindən asılı olmayaraq, hər kəs rok dinləyir. Metal dinləyənlərin öz məkanı var, türk rokunu dinləyənlərin öz məkanı və təbii ki, hər qrupun da öz dinləyiciləri. Rok gənclərin musiqisidi. Gənc deyəndə yaşı deyil, ruhən gənc olanları nəzərdə tuturam.
- Orda neçə konsert verdiz? Bir qədər bu haqda məlumat verərdin.
- İki konsertimiz baş tutdu, ikisi də İstanbulda. Bizi dinləməyə gözlədiyimizdən çox adam gəlmişdi. Dəqiq say deyə bilmərəm, ançaq gözlədiyimdən çox adam gəlmişdi konsertlərə. Azərbaycanlı tələbələr demək olar ki, orada idilər. Qürbət ölkədə konsert verəsən, həmvətənlərin Azərbaycan bayraqları ilə gələlər... Çox qürurverici bir hal idi. Mən o vaxt anladım ki, bu qədər zəhmət, əmək hədər getmir. Çünki səsləndirdiyim bütün mahnıları demək olar ki, sona kimi dinləyicilərlə bir yerdə oxudum. Türklər də yox deyildi. Hardasa gələnlərin 30 faizini türklər təşkil edirdi. Onlara da musiqimiz çox maraqlı gəlirdi. Hətta “Ayrılıq”, “Ay qız” kimi mahnıları mənimlə bərabər oxuyurdular. Bundan başqa konsertin təşkilatçısı Kamil Hacıyevlə bir neçə akustik mahnı hazırlamışdıq. Mahnılarda Kamil bizi skripka ilə müşayət edirdi. Çox gözəl və maraqlı alınmışdı.
- Türk mətbuatı və ya türk rok çevrələri sizinlə maraqlandımı?
- Bizim konsertlər oradakı universitetlərdə böyük əks-səda doğurdu. İnsanlara qəribə gəlirdi, Azərbaycandan rok qrup gəlsin və İstanbulda konsert versin. Bunları nəzərə alaraq, deyə bilərəm ki, bəlkə də mətbuat maraqlanmışdı. Amma bizi İstanbulda tapmaq asan məsələ deyil. Yəni nə telefon nömrəmiz vardı, nə qaldığımız yeri kimsə bilirdi. Növbəti dəfə bu məqamları mütləq nəzərə alacağıq. Bizim Türkiyə mediasına çıxmağımız qrup üçün böyük təkan olardı.
- Gələcək səfərlər üçün dəvətlər aldınızmı?
- Konsert bitən kimi dəvətlər yağmağa başladı. İstanbul, İzmir, Antalyaya yay konsertlərinə dəvət aldıq. Amma bu elə də asan məsələ deyil. Çünki yol pulu, digər xərcləri qrup ödəməli olur. Kömək edən, əl tutan insanlar və təşkilatlar da yoxdur. Təşkilatçılarla bu məsələləri həll edəndən sonra mütləq oradakı festivallara qatılacağıq. Bu arada Kiprdən də dəvət gəlib. Amma yuxarıda sadaladığım məsələlərə görə qatıla bilmirik.
- Dedin ki, səfər eləmək üçün yol və digər xərcləri özünüz ödəmisiz. Bəs maddi problemi həll etmək üçün hansısa quruma müraciət edibsinizmi?
- Azərbaycanda mədəniyyətə, xüsusi ilə də alternativ mədəniyyətə göstərilən qayğı göz qabağındadı. Ona görə də heç bir quruma müraciət eləmədik. Əgər muğan oxusaydıq, bizi ovuclarının içində saxlayardılar…
- Bir az da türk rokuyla və bizim rok mədəniyyətimiz müqayisə edərdin...
- Müqayisə deyəndə ki, Türkiyədə rok sözün əsl mənasında var. Məşhur rok qrupları yaxşı şəraiti olan məkanlarda çıxış edir. Məsələn, şənbə günü “Do Rock” adlı məkanda “Murder King” deyilən metal qrupunu dinləmək olar. Bizdə bu mədəniyyət hal-hazırda yoxdur. Azərbaycanda bu işin təməlləri hələ təzə-təzə atılır. Türkiyədə insanlar çox ciddiyyətlə musiqi ifa edir. Burda isə çıxış etdiyimiz yerlərdə ciddi musiqi ifa edəndə məkanın sahibləri narazılıq edirlər ki, daha çox oynaq mahnılar ifa edin. İnsanlar əylənsin. Əlbəttə, əyləncə də lazımdır, amma özünüifadə, yaradıcılıq kimi məsələlərin üstündən xətt çəkmək olmaz. Biz orda türkləri sözün əsl mənasında heyrətləndirə bildik. Konsertdən sonra çox insan yaxınlaşıb Azərbaycanda bu cür rok musiqisinin olduğundan xəbərsiz olduğunu bildirirdi. Mən də zarafatla "bizi rokda 3-cu dünya ölkəsi olaraq bilməyin" dedim.

Elvin Kazımlı, Kultaz