ÖZBƏK ƏDƏBIYYATI VƏ ƏDƏBIYYATŞÜNASLIĞINDA NIZAMI, NƏSİMİ VƏ FÜZULİ ƏNƏNƏLƏRİ

ÖZBƏK ƏDƏBIYYATI VƏ ƏDƏBIYYATŞÜNASLIĞINDA NIZAMI, NƏSİMİ VƏ FÜZULİ ƏNƏNƏLƏRİ

Almaz ÜLVİ,
filologiya elmləri namizədi

Nizami Gəncəvi

Azərbaycan və özbək ədəbi əlaqələrinin kökü tarixin çox dərinliklərindədir. Nəvai Nizamini öz ustası və ilhamvericisi hesab etmiş, ona səcdə qılmış, onu “pir”, “Xızr” adlandırmışdır. Nizaminin “Xəmsə”sini “Beş xəzinə” deyə şərəfləndirmişdir. Nəvai hər dastanının başlanğıcında Nizamiyə məhəbbət və hörmət əlaməti olaraq xüsusi səhifələr yazmışdır. Azərbaycanın böyük oğlu Nizamini tərifləyir, ona layiq əsərlər yazır. Nəvai qəsidələrinin birində belə deyir: “Gəncəli Nizami şeirini öz gövhərləri ilə bəzədi. O, dünyanı cəvahiratla doldurdu. Onun cəvahirləri göyün ulduzları kimi saysız-hesabsızdır. Elə adam tapılmaz ki, böyük Gəncəlinin incilərini qiymətləndirməsin. Qulaqlarda cingildəyən ləl – cəvahirat ağızlarda dolaşacaq, o, heç vaxt torpağa düşməyəcəkdir. Onlar qulaqdan ürəyə keçəcək, ürəyi zənginləşdirəcəkdir. Eh! Nizami, mən səninlə müqayisə etmək üçün sənə bərabər adam tapmadım”. Başqa bir yerdə: “Nizami elə bir mədəndir ki, onun yatağı Gəncədir. Bu mədənin qəlbi inci yatağıdır. Fikri, amalı və xəzinədarı Nizamidir. Onun dili bu xəzinədən incilər çıxarır...”. Akademik Bahid Zahidovun “Nizami Gəncəvi və özbək ədəbiyyatı” məqaləsindən götürdüyümüz bu düyğular ədəbi faktor kimi də ədəbiyyatşünaslığımızda qiymətlidir.
Heç də təsadüfi deyil ki, Əlişir Nəvai "Heyrət ül-Əbrar" ("Nəciblərin heyrəti") əsərində Nizamini yüksək, ali sözlərlə tərifləyir, mənəvi sirlər xəzinəsinin açarı onun əlindədir - deyir. "Leyli və Məcnun" poemasında isə öz ustadı haqqında danışarkən belə demişdir:

Sal daşdan o qurdu beş uca qala,
Beş gizli xəzinə çıxdı aşkara,
Qala dövrəsində bu tikdi qəsr, –
Zinəti deyilsin əsrbəəsr.
Həm çölünə vurdu incə naxışlar,
Həm də içində zər parladı par - par.
Ecazla sehrdə var bir təfavüt:
Birinci - Kəbədir, ikincisə - büt.

Bertels öz tədqiqatında Nəvainin Nizami ecazına dair fikirlərini belə şərh etmişdir. "Şəriətdə ecaz peyğəmbərin öz peyğəmbərliyini sübut üçün göstərdiyi möcüzəyə deyilir. Məsələn, Məhəmməd üçün belə bir sübut Quran hesab olunur. Nizami poemasını Quranla müqayisə etməklə Nəvai həmin əsərin misli-bərabəri olmadığını etiraf etmiş olur". Özbək ədəbiyyatşünası Məhəmməd Əli "Ecazkar Gəncəvi" məqaləsində Nizaminin özbək ədəbiyyatına təsirindən, Nizami irsinin özbək ədəbiyyatşünaslarının tədqiqində xüsusi yeri olduğunu etiraf etmişdi. Nizami irsi Özbəkistanda Nəvai dövrünə qədər də geniş yayılmışdır, sevilmişdir. Nizami və Füzuli əsərləri özbək oxucuları arasında qədimdən bəri şöhrət tapmışdır. Müasir dövrümüzdə də bu iş ənənəvi olaraq daim davam etdirilibdir. Özbəkistan Dövlət Nəşriyyatı 1947 – ci ildə şairin poemalarından parçaları «Güldəstə» adı altında ayrıca kitab halında çap etmişdir. Özbəkistan dövrü mətbuatında da Nizami Gəncəvinin qəzəlləri, «Yeddi gözəl», «Leyli və Məcnun», «İsgəndər və çoban» və s. əsərləri, böyük şair haqqında bir çox yazılar dərc edilmişdir.

Yazıçı- dramaturq Kamil Yaşen qeyd edir ki, “Azərbaycan - özbək ədəbi münasibətləri Nizami Gəncəvinin yaşadığı dövrdən qol-budaq atmaqdadır. Minillik tarixi olan Nizami "Xəmsə"si Özbəkistanın da qiymətli ədəbi xəzinəsi sayılır. Böyük şairin vəfatından on illərlə sonra, Orta Asiyanın monqollar tərəfindən işğal olunduğu dövrdə Xarəzmdə naməlum özbək müəllif "Müftah ül - ədl" adlı bədii əsər yaratmışdı. Bu əsərin əsasını Nizaminin şah və iki bayquş haqqında hekayəti təşkil edirdi. Özbək ədəbiyyatına Nizaminin təsiri belə başlamışdı. XIV əsrdə özbəklər Nizamini ana dilində oxuyurdular. Məşhur Xarəzm şairi Qütb "Xosrov və Şirin" poemasını tərcümə etmişdi. O, tərcümə zamanı poemaya təzə hadisələr daxil etmişdi və buna görə də Nizami əsərinin özbək variantı bir növ orijinal kimi səslənir". Beşcildlik "Özbək ədəbiyyatı tarixi" kitabında da Nizaminin özbək ədəbiyyatının inkişafındakı müsbət təsiri xüsusi qeyd edilmişdir. Cığatay (özbək) "Xosrov və Şirin"inin müəllifi Qütb Xarəzmi Nizamidən öyrəndiyini etiraf edərək  yazmışdır –

Qazantək qaynayıb sevda yetirdim,
Nizami balından halva bişirdim.

XIV əsr ədəbi tarixini vərəqlərkən, akademik Həmid Araslının bir qeydini xatırlamaq yerinə düşər - "bütöv yaradıcılığı gəlib bizə çatmayan Azərbaycan şairi Həsənoğlunun öz ana dilində yazdığı yeganə qəzəlinə özbək şairi Seyfi Səranın tərcümələr məcmuəsində təsadüf olunmuşdur. Müəllif bu kitabda həm Həsənoğluya yazdığı nəzirəni, həm də şairin öz qəzəlini vermişdi. Bu fakt elm aləminə məlum olsa da, lakin şairin "Süheyl və Güldürsün" poeması ilk dəfə "Özbək ədəbiyyatının tarixi" (I cild) kitabında geniş şərh olunmuşdur".

XV əsr ədəbiyyatı nümayəndələri Lütfi, Xarəzmi, Durbək, Gədai, Ətai, Səkkaki kimi görkəmli sənətkarların əksəriyyəti Azərbaycanla, onun ədəbiyyatı və mədəniyyəti ilə bağlı olmuşdular. Heydər Xarəzmi isə ilk dəfə Nizaminin "Sirlər xəzinəsi"nə müraciət etmiş və bu adda özü də "Məxzən ül - əsrar" əsərini yazmışdır. Xarəzmi Nizamini özünə ustad sayır və əsərin müqəddiməsində deyir:

Şeyx Nizami nəfəsindən can tapıb,
Mənasından hökmlə - fərman tapıb.
Dünyada mən Heydəri - sahib hünər,
Əldə etdim bu qədər dürrü - gövhər.

1987-ci ildə Özbəkistanda çap olunmuş "Nəvai antologiyası"nda Heydər Xarəzminin bu əsəri də daxil edilmişdir. Özbək ədəbiyyatşünası Məhəmməd Əli yazır ki, "XIX yüzilliyin ikinci yarısında böyük özbək şairi Məhəmməd Rza Agahi Xivə xanı Firuzun sifarişi ilə Nizaminin "Yeddi gözəl" poemasını nəsrlə tərcümə etmişdir». 1983-cü ildə Nizaminin özbəkcə yüz minlik tirajla yeni bir kitabı-«Seçilmiş əsərləri» nəfis tərtibatda çapdan çıxmışdır. Burada qəzəl, rübai, qəsidələr, eləcə də "Sirlər xəzinəsi"ndən, "Yeddi gözəl"dən parçalar təqdim olunur (tərcümələr Şahislam Şahməhəmmədovundur). Kitaba tərcüməçi, filologiya elmləri doktoru, Firdovsi adına respublika mükafatının laureatı, professor Ş. Şahməhəmmədov müqəddimə yazmış, kitabın sonunda izahlı lüğət vermiş, illüstrasiyaların götürülmə mənbəyini qeyd etmişdir.
Nizami növator düha olub. Tədqiqatçı Y. Bertels bildirir ki, "Nizami sənətinin müxtəlif ədəbiyyatlarda doğurduğu əks-səda intəhasız və misilsizdir. Bunu bir çox ədəbiyyatlarda Nizamiyə bolluca yazılan nəzirələr də təsdiqləyir: - məsələn, farsca - qırx iki, özbəkcə - iki, türkcə iki və s. Eyni zamanda Nizami qüdrətidir ki, sözü-sovu dünyaya yayılmışdır. Nizami elmi ilə dünyaya bələd idi. Xarəzm şahzadəsi Nazpəri surətinin bədii tərənnümü təsdiqləyir ki, şair o xalqın tarixini, etnoqrafiyasını, adət-ənənəsini, mədəniyyətini, coğrafiyasını gözəl bilirmiş ".

Daşkənd Pedaqoji İnstitutu Nizaminin adını daşıyır. Özbəkistan Əlyazmalar İnstitutunun zəngin muzeyinin ilk otağı böyük şairə həsr olunub. Hətta Nəvai əlyazmasını əldə edən bu muzeydəki həmin otaqda Nizaminin şəkli, əsərlərindən illüstrasiyalar, ilk "Xəmsə" müəllifinə həsr olunan tablolar, döymə işləri, xalça, bədii yazılar, kitab vitrinləri və başqa eksponatlar vardır. Akademik Vahid Zahidov qeyd edir ki, "Azərbaycan xalqını vəsf eləmək mənim üçün çox çətindir. Çünki, o, hər cəhətdən kamal zirvələrinə çatmış, tarixin sınaqlarından üzüağ və mətin çıxmış əzəmətli bir xalqdır. Bu xalqın bədii dühasından danışmaq istəsək, böyük Nizaminin dünyaşöhrətli "Xəmsə"sini xatırlamalıyıq. "Xəmsə" – Azərbaycan möcüzəsidir. Sənətin və bədiiliyin dünya tarixində yeni və parlaq mərhələsidir, bəşəriyyətin şah əsəridir". Maqsud Şeyxzadənin yetişdirməsi olan filologiya elmləri doktoru, professor, Daşkənddə yaşayıb-yaradan özbək alimi Natan Mallayevin "Nizami Gəncəvinin irsi və onun təlim-tərbiyəvi əhəmiyyəti" adlı elmi monoqrafiyası xüsusi əhəmiyyət kəsb edir. Professor Əli Saləddin adı çəkilən həmin kitab haqqında qeyd edir ki, monoqrafiyanın "əsas məziyyəti ilk mənbələr, naməlum qaynaqlar əsasında yazılmasıdır. Kitab Nizaminin fəaliyyətinin və ədəbi irsinin tədqiqi tarixi, həyatı və yaradıcılığı bölmələrini özündə birləşdirən "Nizami Gəncəvi", "Şairin lirikası", "Xəmsə" ədəbi irsinin dünya miqyasında əhəmiyyəti" və «Nizami ədəbi irsinin dünya miqyasında əhəmiyyəti» hissələrdən ibarətdir. Bu hissələr arasında qırılmaz əlaqə vardır". Kitabın maraqlı cəhətlərindən biri də odur ki, müəllif dünya xalqlarının ədəbiyyatşünaslığında Nizaminin tədqiq tarixinə toxunur və bu tədqiqatların əhəmiyyətini aydınlaşdırır. "Əsərdə ən maraqlı cəhətlərdən biri də budur ki, görkəmli alim Nizami irsinin tədqiqatçılarına yeni səpgidə yanaşır, onun ədəbi məktəbini davam etdirdiklərinin səciyyəvi əlamətlərini açıb göstərir. Xosrov Dəhləvinin, Əbdürrəhman Caminin, Əlişir Nəvainin, Məhəmməd Füzulinin, İohan Hötenin və başqalarının Nizami irsindən nə məqsədlə istifadə etmələrini təhlil edir və bu "təlim-tərbiyə məktəbi"nin çoxsahəli, bəşəri, dünyəvi elementlərini bir sistemə salır... Kitabda həmçinin Özbəkistan ədəbiyyatşünaslığında Nizami Gəncəvi ilə bağlı tədqiqatlar təhlil olunur, eləcə də Nizami əsərlərinin tərcümə, təbdil və nəşr prinsiplərindən bəhs edilir".

İmadəddin Nəsimi

Azərbaycan ədəbiyyatının klassikləri – Xaqaninin, Nizaminin, Nəsiminin, Füzulinin. . . əsərləri, ümumiyyətlə həyat və yaradıcılıqları Şərq poeziyasında, Şərqin filosof və ədiblərinin yaradıcılığında dərin izlər buraxmışdır. Filologiya elmləri doktoru Cənnət Nağıyevanın «Azərbaycanda Nəvai» monoqrafiyasında da qeyd edildiyi kimi, özündən əvvəl yaşamış Azərbaycan, fars-tacik və özbək sənətkarlarının yaradıcılıqları Nəvai üçün böyük məktəb olmuşdur-Nəsimi, Lütfi, Səkkaki, Ətayi, Müqimi və bu kimi türkcə yazan sənətkarlardan bəhrələnmişdir. Azərbaycan şeiri-Nizami, Xaqani, Nəsimi, Füzuli… kimi mütəfəkkirlərin əsərlərinin əlyazmaları Şərq ölkələrinin saraylarında böyük ehtiram və izzətlə yayılmış və böyük sənətkarların yaradıcılıqlarına öz yüksək və əvəzsiz təsirini göstərmişdir. Mövzuya uyğun olaraq özbək ədəbiyyatına bu klassiklərin təsirini tədqiqatçıların araşdırmaları nöqteyi -nəzərindən diqqət yetirək. Təkcə öz xalqının deyil, həm də bütün Orta və Yaxın Şərq xalqlarının şairi olmuş Nəsimi şeirlərinin əlyazma nüsxələri hələ sağlığında ikən Türkiyədə, İraqda, Suriyada, Hələbdə geniş yayılmışdır. Nəvai kitabxanasında bu mütəfəkkirlərin ən nadir və mükəmməl əlyazma nüsxələrinin olduğu məlum faktlardır. Tədqiqatçı alim Qulamhüseyn Beqdeli 70 –ci illərin sonunda yazır ki, Səmərqənd Əlyazmalar fondunda Xaqani, Nizami, Nəsimi, ələxüsus 20 – dən artıq Füzuli divanının qədim əlyazmaları ilə tanış olub, onların şifrələrini gətirdik. Bəzilərinin isə foto-surətini sifariş verdik. … Aşqabad əlyazmaları fondunda böyük Azərbaycan şairi Nəsiminin divanının Aşqabad variantını əldə etdik. Bu qiymətli əsərin foto – surətini və Nəsimi barədə Daşkənddə rast gəldiyimiz iki poemanın foto – surətini də gətirmişik. Bu kimi qeyd və faktlar özü sübutdur ki, Nəsimi irsi bütün Türküstan boyunca yayılıbmış.
Nəsimi (Seyid Əli. 1369, Şamaxı - 1417, Hələb) böyük Azərbaycan şairi, mütərəkkiridir. O, yaşadığı dövrün elmlərini, dinlərin tarixini, məntiq, riyaziyyat və astronomiyanı öyrənmişdir. İlk şeirlərini Hüseyin təxəllüsü ilə yazan Nəsimi sonralar (XIV əsrin sonlarında) hürufi təşkilatları ilə əlaqə saxlamış və hürufiliyin banisi Fəzlullah Nəiminin görüşlərini, onun mənsub olduğu təriqətin fikirlərini qəbul edərək şeirlər yazmışdır. Onun poeziyasında insan gözəlliyinin bədii ifadəsi ali duyğulara söykənir. Hələ sağlığında şeirləri əldən-ələ gəzən şair böyük şöhrət qazanmışdır. Eyni zamanda bu şöhrət onu əsrlərin unuda bilmədiyi ölüm hökmünə-Misir sultanının əmri və ruhanilərin fitvası ilə diri-diri dərisinin soyularaq öldürülməsinə gətirib çıxarmışdır. Həmin vaxt şairin bədahətən dediyi şeirlər də onun ölümsüzlüyünə bir daha şəhadət vermişdir. Nəsiminin əsərləri bütün Şərqə yayılmışdı. Ümumiyyətlə, XV əsrdən türkdilli xalqların ədəbiyyatında onun poeziyasının təsiri duyulmaqda idi. Şah Xətai, Füzuli kimi Azərbaycan dühaları Nəsimi irsindən faydalanmış və ona bəşəri dəyər vermişdilər. Nəsiminin şeirləri qeyd etdiyimiz kimi, hələ sağlığındakən əlyazma şəklində özbək ədiblərinin əlinə keçmişdir. Nəvai yaradıcılığında Nəsiminin təsiri xeyli qüvvətlidir. Böyük özbək şairi Lütfinin də adını xüsusi qeyd etmək lazımdır. Söhbət açdığımız bu mövzu ətrafında qeydlər apararkən özbək tədqiqatçısı, 1933-cü ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunu bitirmiş, sonralar Nizami Gəncəvinin yaradıcılığı haqqında, Azərbaycanın görkəmli mütəfəkkir şairi İmadəddin Nəsiminin ədəbi- bədii yaradıcılığı barəsində bir sıra əsərlər yazıb nəşr etdirmiş professor Vahid Zahidovun xidmətlərini xüsusi ilə qeyd etmək yerinə düşər. Tanınmış özbək alimi, filologiya elmləri doktoru Erqaş Rüstəmovun "Sevilən poeziya" və filologiya elmləri namizədi Qulamhüseyn Əliyevin "Nəsimi və özbək ədəbiyyatı" araşdırmalarını diqqətə çəkmək istərdim. Hər iki müəllif Nəsiminin özbək ədəbiyyatına olan təsirindən, özbək ədəbiyyatında Nəsimi irsinin rolundan danışırlar. Erqaş Rüstəmov tədqiqatında bu mövzu üzərindəki qeydlərini konkret faktlara söykəmişdir. Qulamhüseyn Əliyev isə həmin faktları xeyli geniş səpgidə oxucuya yetirir. Özbək alimi H. Məhəmmədxocayevin «Qardaşlıq duyğuları» monoqrafiyasında Nəsimi və Nəvainin yaradıcılıq əlaqələrindən az da olsa, danışılır. Bu kitab haqqında tənqidçi, filologiya elmləri namizədi Yaşar Qasımov öz münasibətini bildirərək qeyd etmişdir ki, “Şərqdə siyasi və fəlsəfi lirikanın nadir nümunələrini yaradan Nəsimi yalnız özbək ədəbiyyatına deyil, XİV-XV əsr özbək ictimai-fəlsəfi fikrinə də təsirsiz qalmamışdır. XV əsr özbək şairləri Nəsimi poeziyasına yaxından bələd olmuş, onun yaradıcılığının qayəsinə, məfkurəvi mübarizəsinə rəğbət bəsləmişdir. Babarəhim Məşrəb (XVİİ əsr) Nəsimiyanə şeirləri ilə məşhur olmuşdur. Sonralar XVİİİ-XİX əsr Xarəzm şairləri də Nəsimi yaradıcılığına xüsusi maraq göstərmişlər”.
Nəvai Nəsimini türkdilli xalqların ədəbiyyatlarına mənsub sənətkarların ən qüdrətlisi adlandırmış, onun şeirində həqiqətin və maarifin xüsusilə qüvvətli ("həqayit və maarif beqayət gop (çox) mündəricdir") olduğunu ayrıca qeyd etmişdir. O, bu fikrini yaxın dostu və müasiri Pəhləvan Məhəmməd Güştigir ilə söhbətlərində-bioqrafik səpgidə yazdığı "Haləti-Pəhləvan Məhəmməd" əsərində vermişdir. Bu məsələyə tədqiqatçı alim Qulamhüseyn Əliyev də «Nəsimi və özbək ədəbiyyatı» məqaləsində toxunmuşdur.
Dahi mütəfəkkir Nəvai 750 sufi şeyx haqqında yazdığı «Nəsaim ül-məhəbbət» əsərində Nəsimi haqqında, onun yaradıcılıq fəlsəfəsi haqqında yüksək fikirlər söyləmişdir. Nəsimini türkdilli xalqlar ədəbiyyatının ən qüdrətlisi hesab edirdi. Nəvai Nəsimi soyularkən bədahətən dediyi, amma hər kəsin bildiyi -

Zahidin bir barmağın kəssən dönüb həqdən qaçar,
Gör bu miskin şairi sərpa soyarlar, ağlamaz.

– misralarını yox,

Ey Nəsimi, çün müyəssər boldi iqbali - vüsal,
Qoy dərini soysa soysun bu nəlid qəssablar.

– beytini təqdim etmişdir. Qulamhüseyn Əliyev bu nüansı öz məqaləsində belə izah edir: "Əlbəttə, Nəsiminin faciəli ölümü haqqında saysız-hesabsız rəvayətlərə nəzər yetirsək, Nəvainin də öz fikrində haqlı olub-olmaması məsələsi tədqiqatın diqqət mərkəzində durmalıdır. Nəsiminin ölüm ayağında məhz hansı şeiri yazdığı, hansı sözü dediyi orta əsrlərdən bəri dondan-dona girmiş, rəvayətlər formasında zəmanəmizə gəlib çıxmışdır. Nəvai şöhrətli bir şair kimi tanınarkən, Nəsiminin ölümündən 50 ilə yaxın bir vaxt keçmişdi. Bu isə zaman etibarilə çox uzaq müddət deyildi. Nəsiminin ölümü haqqında Nəvai daha çox şey deyə bilərdi. Nəsiminin günahsız ölümü uğrunda mübarizə apardığı ideyanın daha geniş təbliğinə səbəb olmuşdur. "Ənəl-həqq" ideyası Herat ədəbi mühitinə də təsir göstərmişdir. Şair və fazil insan Məhəmməd Küştigiri də Nəsimiyə bağlayan həmin bu ideya idi. Özbək ədəbiyyatında Nəsimi yaradıcılığı Sultan Hüseyn Bayqaraya da tanış idi. Hüseyn Bayqaranın Nəsimi irsinə olan rəğbətinin nəticəsi idi ki, onun tapşırığı ilə yazılan "Məcalis ül - üşşaq" adlı əsərdə "Haqq aşiqi" Nəsimi haqqında, xüsusən onun faciəli ölümündən ayrıca danışılır.

Əsəri Əmir Kəmaləddin Hüseyn yazmışdır. Nəsimiyə aid olan bölümündən professor Mirzəağa Quluzadə misal göstərərək qeyd edir... "Nəimi nəfəsindən gələn nəsimləri qoxulayan Əmir Seyid İmadəddin Nəsimi adı ilə məşhurdur. Qərib bir aşiq idi. Cavanlıqda aşiq olmuş, bilikli və incə sözləri dərk edən bir adam idi. . . şairin sözünü anlamadılar. Onu cəzalandırmaq istədilər. Hələbdə zahiri üləmadan bir münkir ondan soruşdu: bu cavanın üzündə nə görürsən ki, bu qədər həyəcan və məstlik göstərirsən? Cavab verdi ki, onun üzünün aynasında haqqın (Allahın) surətini müşahidə edirəm. Münkir dedi: biz də o cavanı görürük, bəs nə üçün o surət bizim gözümüzə görünmür. Şair dedi: bu dövlət quşu sizin qabiliyyətinizi özünə yuva etmədi. . .. " Bu fəsil Nəsiminin bir qəzəli misal gətirilərək yazılmışdır.
XV əsr Cığatay (özbək) şair və mütəfəkkirləri arasında çox böyük şöhrət qazanan Nəsimi və onun yaradıcılığı "öz zamanında "Məlik ül-kəlam" adı ilə tanınan şair Mövlana Lütfinin də nəzərindən qaçmır. Nəvainin "söz mülkünün sultanı" adlandırdığı, cığatay dilində ən yaxşı şeirlər yazan Mövlana Lütfi Nəsiminin bir sıra şeirlərinə nəzirə yazmış, fəlsəfi-hürufi məsləkinə sadiq qalmış və onun şeirdə işlətdiyi istilahlar əsasında qəzəllər yaratmışdır».

Ey hüsnü camal, əhli xadimlərə sultansan,
İnsan sifəti birlə sən surəti-rəhmansan!

– misralarında da göründüyü kimi Lütfi də Nəsimi təsirindən doğan eşqlə insanı Allah surətində ucaldır. Mövlana Lütfi dövrünün dərin zəkalı şairi olmuşdur. Hətta «Füzuli də onun "Ey əzəldən ta əbəd könlüm giriftarın sənin"-misrası ilə başlanan qəzəlinə təxmis yazmışdır. Onun şeirlərinin səsi-sorağı Azərbaycana gəlib çatmışdır. «Şahrux və Uluğbəy sarayını tərk edərək Krıma və Azərbaycana səyahətə çıxan Lütfi şeirlərinin yayılmasında bir yol da bu olmuşdur. "Yer üzünün allahı insandır" – deyən mövlana hürufi ideyaları ilə daha yaxından səyahət zamanı tanış olmuşdur. Nəsiminin "Susadı" rədifli qəzəlinə Lütfinin eyni rədifli "Susadi" nəzirəsi də diqqəti cəlb edir. Bu qəbildən onun başqa şeirlərini də göstərə bilərik.

XV əsrdə yaşamış məşhur Şeyxzadə Ətayinin qəzəllərində Nəsimi üsyankarlığı aydın görünür. Bu əsrdə yaşamış bütün şair və alimlər arasında Nəsimi heyranlıqla qəbul edilmiş və iqtibas mənbəyi olaraq ondan ruhlanmış, gözəl əsərlər yaratmışlar. Azərbaycan-özbək ədəbi əlaqələri tarixində Nəsimi xüsusi bir səhifədir. Ürgənc şairi Əsiri 1775-ci ildə Nəsimi haqqında ayrıca bir dastan yazmışdır. Tədqiqat mənbələrində göstərilir ki, əsər - "Nəsimi" dastanı özbək folklorşünası mərhum Hadi Zərifovun şəxsi kitabxanasındadır. Əsər maraqlı və orijinal məzmuna malikdir. Əsərdəki bütün hadisələr Nəsiminin həyatı ilə həmahəngdir. XVII əsrdə Nəsimi təsiri ilə yazan digər özbək şairi Babarəhim Məşrəb olmuşdur. Məşrəb gənc yaşlarında Özbəkistanın iri şəhərlərini dərvişanə gəzərək din xadimlərinin iç üzlərini, onların cəhalət oyunlarını tənqid etmiş, insanlığın ali hisslərini təbliğ etmişdir. Məşrəb də Nəsimi kimi din fitnəkarlarının fitvası ilə ittiham olunmuşdur. Onun "Qisseyi-Məşrəb" dastanındakı hürufilik əqidələrini ittihama əsas tuturaq Bəlx hakiminin hökmü ilə 1711-ci ildə kafir kimi dar ağacından asmışdılar. Göründüyü kimi, Nəsimi şeiriyyətinin gücü özbək poeziyasında dərin izlər açmaqla bərabər, Azərbaycan-özbək əbədi əlaqələrinin tarixində də böyük və mühüm rol oynamışdır.

Şair, yazıçı Mirmöhsün yazır ki, “Azərbaycan həmişə sonsuz məhəbbətlə yad etdiyim doğma ocaq deyil, həm də mənim tükənməz mövzumdur. Ömrüm boyu onu vəsf etməkdən, şəninə-şöhrətinə, qəhrəmanlığına əsərlər yazmaqdan yorulmaram. Hələlik bu müqəddəs borcu ancaq bu əsərdə-«Memar» romanımda qaytarmağa çalışmışam. Romanda görkəmli mütəfəkkir, ölməz şair, söz sərrafı Nəsiminin surətini yaratmaq istəmişəm. Bu təkcə yazıçı borcum deyil, həm də böyük tarixə, mədəniyyətə malik olan ulu xalqa, qardaş torpağına-Azərbaycana bəslədiyim sonsuz hörmət və məhəbbətin yeni ifadəsidir”.

Məhəmməd Füzuli

«Füzuli təkcə Nizamidən sonra yazıb-yaratmış şair və yazıçılarının ləyaqətli varisi olmayıb Nizami məktəbinə mənsub olan Nəvai, Cami, Hafiz, Əbu Nüvas, Yasəvi və başqalarının da varisləri idi. «Şərqdə parlayan günəş» (Gibb) olmaq üçün Füzuli Şərqin bu günəşlərindən ziya almışdır. Füzuli irsinin cığatay (özbək) ədəbiyyatına təsirindən və müasir özbək füzulişünaslığının inkişafından söz gedəndə daha çox Azərbaycan və özbək ədəbiyyatşünaslıq elmlərinin qarşılıqlı əlaqə və təsirinə aid bir məsələ də ayrıca diqqət cəlb edir. Bu isə özbək füzulişünaslarının yaradıcılığına Azərbaycan ədəbi-estetik fikrinin təsirindən ibarətdir. Biz bu məsələdə konkret olaraq görkəmli Azərbaycan ədəbiyyatşünasları Mir Cəlal Paşayev və Həmid Araslının işlərini nəzərdə tuturuq. Həmid Araslının özbək ədəbi-elmi ictimaiyyəti ilə 70-80-ci illərdə əlaqələri nisbətən sıx olduğundan onun əsərlərinin Özbəkistandakı rolu haqqında müəyyən təsəvvürlər var və bunu yeri gələndə qeyd edirlər.

Ancaq onu da vurğulamaq lazımdır ki, Azərbaycan füzulişünaslarından özbək ədəbiyyatşünaslığına daha erkən və daha güclü təsir göstərəni Mir Cəlal Paşayevdir. Burada ilk növbədə onun 1958-ci ildə nəşr olunmuş məşhur “Füzuli sənətkarlığı” adlı tədqiqatı böyük rol oynamışdır. Monoqrafiyada ilk dəfə klassik poesiyanın, xüsusən Füzuli lirikasının yalnız Qərb ədəbiyyatşünaslığının ölçüləri əsasında deyil, daha çox Şərq poetikasının qaydaları və üsullarına əsasən tədqiq olunması özbək ədəbi-elmi mühitində də böyük maraq yaratmış, bu yeniliklər Maqsud Şeyxzadənin tədqiqatlarında təbliğ olunmuş və sonralar özbək füzulişünasları və nəvaişünaslarının elmi yaradıcılığında geniş şəkildə istifadə edilmişdir.

Füzuli yaradıcılığında bədii təsir məsələsindən Azərbaycan alimləri H. Araslı, Azadə və özbək alimi Erqaş Rüstəmov («Özbək poeziyası XY əsrin birinci yarısında» monoqrafiyasında) ayrıca fəsildə bəhs etmişlər. Fəlsəfə elmləri doktoru Naim Qaibov Azərbaycan – özbək ədəbi əlaqələrinin növbəti səhifəsinə toxunaraq qeyd edir ki, Özbəkistan Elmlər Akademiyasının akademikləri - fəlsəfə elmləri doktoru, professor Vahid Zahidov və filologiya elmləri doktoru, professor Vahid Abdullayev Azərbaycan ədəbiyyatının, onun görkəmli nümayəndələrinin yaradıcılığını tədqiq etmək, özbək və Azərbaycan xalqlarının mədəni əlaqələrini öyrənmək və təbliğ etmək sahəsində uzun illərdən bəri səmərəli iş aparırlar. Professor Vahid Abdullayev isə «Füzuli və özbək ədəbiyyatı» məqaləsinin, Azərbaycan ədəbiyyatına və mədəniyyətinə həsr edilmiş bir çox əsərlərin müəllifidir. 1958 – ci ildə Bakı Dövlət Universitetinin elmi şurasında «XYII – XYIII əsrlərdə Xarəzmdə özbək ədəbiyyatı» mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.

«Füzuli və özbək ədəbiyyatı» səhifəsinə dair araşdırmalar apararkən görkəmli Azərbaycan alimlərindən H. Araslının, Q. Əliyevin, C. Nağıyevanın və s., özbək ədəbiyyatşünaslarından isə V. Zahidovun, V. Abdullayevin, N. Qaibovun, H. Məhəmmədxocayevin, Ş. Turdıyevin, A. Hayıtmətovun adlarını xüsusi ilə qeyd etmək lazımdır. Görkəmli özbək yazıçı-dramaturqu Kamil Yaşen ədəbi əlaqələrimizdən yazarkən qeyd etmişdir: «Özbək xalqının vurğunu, XYI əsr Azərbaycan şairi Məhəmməd Füzuli Nəvainin, Lütfinin və digər özbək şairlərinin bədii-estetik prinsiplərini diqqətlə öyrənmiş, öz yaradıcılığında bunlardan bəhrələnmişdir. Füzuli özündən sonra gələn şairlərin yaradıcılığına güclü təsir göstərmişdir». Bu mənada XY-XIX əsrlər Azərbaycan-özbək ədəbi əlaqələrini dərindən elmi təhlil və tədqiqata cəlb edən filologiya elmləri doktoru Cənnət Nağıyevanın «Özbək ədəbiyyatında Füzuli ənənələri» əsəri xüsusilə diqqətəlayiqdir. Bu əsərdə özbək ədəbiyyatşünaslığında, özbək ədəbiyyatı səhifələrində Azərbaycan ədəbiyyatının dahi klassiki Füzuli ədəbi irsinin yerini, təsirini tədqiqatçı nöqteyi – nəzərincə dərindən işləmişdir. C. Nağıyeva daha çox Nəvai irsinin araşdırıcısı kimi misilsiz xidmət göstərmişdir. Lakin bu kitabın - «Özbək ədəbiyyatında Füzuli ənənələri» başlıqlı araşdırmasında isə Füzuli ədəbi irsinin özbək ədəbiyyatına təsirindən və bu sahədəki özbək füzulişünaslarının elmi xidmətlərindən söhbət açılmışdr. Kitabın maraq doğuran cəhətlərindən biri də buraya daxil edilmiş «Özbək şairlərinin Füzuli ənənələrinə təxmislərindən nümunələr» hissəsidir. Qısa müəllif qeydindən sonra Məhəmməd Rza Agahi, Qazi, Dövran, Zakir Namanqani, Züyyür, Əmiri Ömərxan, Əndəlib, Məyus Xocəndli, Müqimi, Müstəqfir, Üveysi, Raqim, Sultani Seyyid Nəsircan, Təbibi Xarəzmi, Sadır Erkin kimi klassik və müasir özbək şairlərinin Füzuli qəzəllərinə təxmisləri ilk dəfə toplu halda oxucuya təqdim olunur. «Qaynaqlar» bölümündə isə özbək ədəbiyyatı və ədəbiyyatşünaslığı səhifələrində xüsusi elmi sanbalı olan əsərlərin (kitab və məqalələrin) siyahısı verilmişdir. Nəvaişünas Cənnət Nağıyevanın Füzuli-özbək ədəbiyyatı mövzusuna toxunması elə Nəvai irsinin öyrənilməsi sahəsində növbəti və ya bu işin davamı olan yeni bir addımdır. Nəvaini sevə-sevə tədqiq edən tədqiqatçı alim Füzuliyə də böyük məhəbbətlə bağlanmışdır. Tədqiqatçı bunu həm də onunla əlaqələndirir ki, "XV əsrdən bu yana nə qədər müəllif varsa, hamısının Nəvainin yaradıcılığı ilə bağlılığı var. Nəvai Nizamidən, Nəsimidən böyük heyranlıqla istifadə edibsə, XVI əsrdə Füzulinin elə bir beyti yoxdur ki, Nəvainin təsiri duyulmasın. Nəvai XV əsrdə bütün türk aləminə təsir edən bir şair olub. Amma lirizmin ən yüksək nümunələrini yaradan Füzuli olub. Nəvaidən istifadə etsə də, lirizmi inkişaf etdirib. Nəvaini tədqiq etsəm də Füzuliyə biganəmi qalmaq olar?!». Füzuli "Görgəc" rədifli qəzəlində yazır –

Könlüm açılır zülfü-pərişanını görgəc,
Nitqim tutulur qönçəyi-xəndanını görgəc.

Baxdıqca sənə qan saçılır didələrimdən,
Bağrım dəlinir navəki-müjganını görgəc.

Rənalıq ilə qaməti-şümşadı qılan yad,
Olmazmı xəcil sərvi-xuramanını görgəc?

Çox eşqə həvəs edəni gördüm ki, həvasın
Tərk etdi, sənin aşiqi-nalanını görgəc.

Kafər ki degil, mötərifi-nari-cəhənnəm,
İmanə gələr atəşi-hicranını görgəc.

Naziklik ilə qönçeyi-xəndanı edən yad,
Etməzmi həya ləli-dürəfşanını görgəc?

Sən hali-dilin söyləməsən nola, Füzuli,
El fəhm qılır çaki-giribanını görgəc.

Nəvai də vaxtilə «Görgəc» rədifli qəzəlini yazmışdır. Sonrakı dövrlərdə də, məsələn, Heyran xanımda da, çox şairlərdə də "Görgəc" rədifli şeirlər var. Tədqiqatçılar deyirlər ki, hamısı Füzulidən istifadə edib, Füzuli isə Nəvaidən təsirlənib. Deməli, onlarda Nəvai ilə Füzuli təsiri üst-üstə düşür. Ancaq lirizmdə Füzuliyə heç kim çata bilməyib. Füzuli zirvəsi hələ ki, fəth edilməyib. C. Nağıyeva qeyd edir ki, «Azərbaycan Əlyazmalar Fondunda Füzuli divanının birinci redaksiyasını müəyyən eləmişəm. Burada maraqlı bir nüans var ki, bununla sonrakı çox məsələlərə də aydınlıq gəlir. Məsələn, Füzuli divanındakı qəzəllərdən götürüb "Leyli-Məcnun"u yazarkən ona əlavə edib. Əsəri tamamlayandan sonra "Divan"ı yenidən tərtib edərkən poema üçün götürdüyü qəzəllərin yerinə əlavə qəzəllər yazıb. Bununla da, "Divan"ın I və II redaksiyaları arasında fərqlər yaranıb. Məlumdur ki, Füzuliyə bütün müəlliflər tərəfindən çoxlu təxmislər yazılıb-müxəmməslər bağlanıb. XX əsrin əvvəllərində yaşayan Nobəri adlı şair Füzulinin bütün qəzəllərinə müxəmməslər bağlayıb. Həm də bu iş üzərində çalışarkən Füzuli "Divan"ının ilk redaksiya nüsxəsini götürübmüş. Təxmislər-üç misra müəllifin, iki misra (bir beyt) isə kimin qəzəllərinə müxəmməs bağlayırsa onun olur».
C. Nağıyeva "Nəvai və Füzuli", eyni zamanda "Nəvai və Qövsi", "Azərbaycan klassiklərinin əsərləri Nəvai kitabxanasında" və s. maraqlı elmi mövzular üzərində işləyib. Qeyd etdik ki, Azərbaycan Əlyazmalar Fondunda Nəvainin ən qədim nüsxələri var. XVII əsrə aid olan-Nəvai və Füzulinin bir yerdə "Divanlar"ı var. Bu o deməkdir ki, xalq onlara eyni qiyməti verib. Məsələn, bu gün də (qədimdən bəri davam edən) özbək toylarında Nəvai və Füzulinin qəzəlləri birgə oxunur. Elə toy məclisi yoxdur ki, orada Füzulinin qəzəli oxunmasın. Bütün bunlar elmilikdən başqa, həm də xalq qəlbinin yaşantısı, əsrlərdən bəri qorunan sevgidir. Füzuli bizim və bütün türk dünyasınındır. Nəvai də, Füzuli də, Cami də tək öz xalqı üçün yox, bütün xalqlar üçün, insanlıq dünyası üçün yazıb-yaradıblar. Əski əlifbayla oxuyanda Nəvaini Azərbaycan şairinin əsəri kimi oxuyursan. Füzuli necə oxunursa, Nəvai də elə oxunur. Tarixin amansızlıqlarından biri də əlifba məsələsidir.  … Nizami də, Nəsimi də, Füzuli də, Vaqif də, Heyran xanım da bizimdir, onları isə bir çox hallarda və ya çox zaman oxuya bilmirik. Orijinaldan oxumağın təbiiliyini, gözəlliyini duya bilmirik.

Nəvai və Füzuli irsinə olan sonsuz ehtiram, maraq daim ədəbiyyatşünasların diqqət mərkəzində olmuşdur. Tanınmış özbək ədəbiyyatşünas alimi Həsənxoca Məhəmmədxocayevin "Qardaşlıq duyğuları" monoqrafiyası ədəbi əlaqələrimizin vacib mərhələ və dövrlərindən bəhs edir. "Qardaşlıq duyğuları" monoqrafiyasındakı tədqiq və təhlillər "Nəvai və Azərbaycan ədəbiyyatı" ilə "Füzuli və özbək ədəbiyyatı" kimi iki əsas mövzu ətrafında cərəyan edir.

Nəvainin özünün də bunu dəfələrlə etiraf etdiyi kimi, əsərlərində dönə-dönə ustadları, xüsusən Nizami irsinə hörmət və məhəbbətini bidirmişdir. Bu kitabda da tədqiqatçı alim maraqlı faktlar əsasında bir daha təsdiq edir ki, XV əsr özbək ədəbi-fəlsəfi və ictimai fikirlərinin zirvəsi sayılan Nəvai yaradıcılığına Azərbaycanın Xaqani, Nizami, Nəsimi kimi mütəfəkkir şairlərinin böyük təsiri olmuşdur. Nəsimi irsinə özbək ədəbiyyatşünaslarının diqqəti barədə yazımızın əvvəlki bölümündə müəyyən qeydlər yazmışdıq. Nəsimi lirikasının XIV-XV əsr ictimai-fəlsəfi fikrinə, o cümlədən XV əsr özbək şeirinə təsiri məlumdur. Bu təsir XVII, XVIII, XIX əsrlər ədəbi mühitində də görünürdü. Nəvai yaradıcılığında Azərbaycan klassiklərinin təsirindən danışarkən, unutmayaq ki, Nəvai yaradıcılığının hələ şairin öz sağlığındakən Azərbaycan ədəbiyyatına xüsusi təsiri olmuşdur. Akademik Həmid Araslı bu məsələdən yazarkən Nəvai-Kişvəri münasibətlərindən xüsusi söhbət açmışdır: «Kişvəri üzərində məşhur özbək şairi Əlişir Nəvainin qüvvətli təsiri olmuşdur. Şair həmişə Nəvaini nümunə götürmüş, onun qəzəlləri səviyyəsində əsərlər yaratmağa çalışmışdır».

Həsənxoca Məhəmmədxocayev Azərbaycan ədəbiyyatında Nəvai ənənələrindən danışarkən, XV-XVIII əsrlər poeziyamızdan tutarlı misallar gətirmiş, maraqlı ədəbi paralel və müqayisələr aparmışdır. XIX əsr şeirimizdəki Nəvai təsiri də monoqrafiyada ətraflı şərh edilmişdir. Bu məqamı akademik Firudin bəy Köçərli də öz qeydlərində xüsusi olaraq bildirmişdir. Müəllif monoqrafiyasında eyni ilə Füzulinin klassik irsinin özbək ədəbiyyatına təsirini əlaqəli şəkildə geniş təhlil etmişdir. Lütfi-Füzuli xəttinin müqayisəli təhlili də monoqrafiyada maraq doğuran cəhətlərdəndir. Monoqrafiyanın özbək ədəbiyyatında Füzuli ənənələrinə həsr olunmuş yerlərində yeni fakt və mülahizələr ədəbi elm üçün maraq doğurmaya bilməz. Müəllif qeydidir ki, «XVII-XIX əsrlər özbək poeziyasının Nişati, Məşrəb, Agahi, Təbibi kimi nümayəndələri Füzuli dühasının cazibəsindən çıxa bilməmişlər. XIX əsrin axırları və XX əsrin əvvəllərində yazıb yaradan Müqimi, Firqət, Kamil Xarəzmi, Zövqi və Həmzə kimi bir çox sənətkarlara da Füzulinin qüvvətli təsiri olmuşdur.

Monoqrafiyada özbək ədəbi mənbələrində Nəvai ilə bərabər Füzulidən də bəhs edilmişdir. Füzuli irsinin özbək ədəbiyyatının müxtəlif inkişaf dövrlərində, ayrı -ayrı sənətkarların yaradıcılığında rəngarəng təzahürü ədəbi əlaqə və təsirin çoxcəhətliliyi ilə bağlıdır. Onların Füzuli qəzəllərinə yazdığı saysız-hesabsız nəzirə və təxmislər bunu sübut etməkdədir. H. Məhəmmədxocayevin «Həft cam» əsəri özbək dilində» (1964), «Füzuli və Firqət» (1972) kimi sanballı, elmi dəyərli orijinal əsərləri ədəbi əlaqələrimiz baxımından böyük əhəmiyyətə malikdir. «... XVII-XIX əsrlər özbək ədəbi dilində Azərbaycan dilinə məxsus bir sıra leksik qrammatik xüsusiyyətlərin təzahürü... Füzuli ədəbi dilinin təsiri ilə bağlıdır... Füzuli ideyaları onun əsərlərindəki ictimai etiraz dövr və zəmanədən şikayət, insanın cismani və mənəvi əsarətinə, haqsızlığa və ədalətsizliyə, insanı qul və kölə vəziyyətinə salan orta əsr feodal qanun-qaydalarına qarşı üsyan motivləri özbək şairlərini ilhamlandırırdı. XVII-XIX əsrlər özbək ədəbiyyatında ictimai-demokratik məzmunun, realist tendensiyanın inkişafına Füzulinin təsiri böyükdür...». Həsənxoca Məhəmmədxocayev tədqiqat zamanı ədəbi xaraktercə əhəmiyyətli görünən yeni faktlar aşkara çıxarmışdır. Bu sıradan, naməlum əndicanlı müəllifin Füzulinin "Bəngü badə" alleqorik poemasına nəzirə şəklində yazdığı "Çay və Xaşxaş" («Çay ilə Köknar») əsəri haqqında Daşkənd Universitetinin professor-müəllim heyətinin elmi- tədqiqat işlərinə dair hesabat konfransında təqdim etdiyi tədqiqatı ilə müəllif ilk dəfə məlumat vermişdir. Bu barədə müəllifin «Füzuli və özbək ədəbiyyatı» monoqrafiyasında (Daşkənd, 1972) xüsusilə geniş yazılmışdır. Müəllif kitabın sonluğunda və eləcə də yeri gəldikcə ədəbiyyatşünasların qarşılıqlı xidmətlərini dəyərli hadisə adlandırmışdır. H. Məmmədxocayevin "Qardaşlıq duyğuları" monoqrafiyası (özbək dilində, Daşkənd, 1976) ədəbiyyatşünaslıq tariximiz üçün böyük xidmətdir. Özbəkistanda yaşayıb-yaradan azərbaycanlı ədəbiyyatşünas alim Yaşar Qasımovun "Ədəbiyyat və incəsənət" qəzetində dərc olunmuş "Dostluq duyğuları" məqaləsində bu kitab haqqında müfəssəl yazılmışdır. Daşkənd Dövlət Universitetinin özbək klassik ədəbiyyatı kafedrasının dosenti, filologiya elmləri namizədi Həsənxoca Məhəmmədxocayevin Azərbaycan ədəbiyyatını belə bir dəyərli töhfə ilə təbliği ürəkaçan faktdır. Vaxtilə (1979-cu ildə) bu böyük alimin dediklərində məhəbbət hissləri çox səmimidir. "Mən Azərbaycanda olmamışam, lakin bu o demək deyil ki, mən bu xalqı, onun adət-ənənəsini böyük ədəbiyyat və mədəniyyətini tanımıram. Füzuli, Axundov, Vidadi, Vaqif, Vurğun, Mehdi Hüseyn yaradıcılığı mənim üçün də doğmadır. Bu doğmalıq hələ orta məktəb illərindən başlayıb. İnstitutda isə bir az da artıb. İlk diplom işimdə Füzulinin "Leyli və Məcnun"u ilə Nəvainin "Leyli və Məcnun" əsərini müqayisə etmişəm. Füzuli məhəbbəti məni dinc qoymayıb, qəlbimi yandırıb, illər keçə-keçə onu dərindən öyrənməyə, dönə-dönə mütaliə etməyə başlamışam. Bir də gördüm ki, "Füzulinin özbək ədəbiyyatına təsiri" mövzusunda namizədlik dissertasiyam hazırdır. Son yeddi-səkkiz ildə isə ədəbiyyatlarımızın dostluğundan, əməkdaşlığından onlarca yazılar yazıb, elmi məcmuələrdə vaxtaşırı çap etdirmişəm. Füzulinin yubiley tarixləri bir çox Şərq ölkələrində olduğu kimi Özbəkistanda da həmişə yüksək səviyyədə qeyd edilmiş, əsərləri tərcümə olunaraq nəşr olunmuşdur. Məsələn, Füzulinin anadan olmasının 400 illiyi ilə əlaqədar olaraq vaxtilə şairin «Divan»ı 5 min nüsxə tirajla özbək dilində çap olunmuşdur».

Beləliklə, tədqiqata cəlb olunan materiallar və ortaya qoyulan məsələlər ətrafında aşağıdakı xülasəyə gəlmək mümkündür:
– Azərbaycan klassik ədəbiyyatının, ilk növbədə, Nizami, Nəsimi, Füzuli kimi bədii söz bahadırlarının, cığatay (özbək) ədəbiyyatının tərəqqisinə və yeni-yeni ənənələrlə zənginləşməsində danılmaz rolu və böyük təsiri özbək ədəbiyyatşünasları, yazıçıları və mətnşünasları tərəfindən də tədqiq edilmişdir. Bu tədqiqatlar isə öz növbəsində Azərbaycan ədəbiyyatı mütəxəssislərinin təcrübəsindən və sözü gedən sahədəki uğurlarından istifadə etmişlər və özbək ədəbiyyatşünaslığının üfüqlərini xeyli genişləndirmişlər. Nəticədə Azərbaycanda Nəvaişünaslıq elmi ayrıca sahə olaraq formalaşdığı kimi, Özbəkistanda da Nizamişünaslıq, Nəsimişünaslıq, Füzulişünaslıq ənənələri böyük vüsət almağa başlamışdır.

[email protected]
[email protected]