Qan Turalı. Kimdir elita?

Qan Turalı. Kimdir elita?

Bakı haqqında yazı

Azərbaycanda elita olmayıb. Daha doğrusu o fiziki cəhətdən məhv edilib. Söhbət 30-cu illərdən gedir. O zamanlara qədər çox güclü aydınlar vardı. Milli dildə məktəb demək olar ki, yox idi, amma milli ziyalılar vardı. Onları bir daha xatırlayaq: Mirzə Fətəli, Mirzə Cəlil, Cavid, Məmməd Əmin, Əli bəy Hüseynzadə və başqaları.


Sovet dönəmi bu elitanı fiziki olaraq məhv etdi. Onların bir qismi xaricə getdi, (Əhməd bəy Ağaoğlu, Əli bəy Hüseynzadə), bir qismi susmağa məcbur oldu (Üzeyir bəy, Mirzə Cəlil), bir qismi məhv edildi (Müşfiq, Əhməd Cavad), Yusif Vəzir, Cavid isə sürgün olundu.

Sovet hökumətinin məqsədi öz elitasını formalaşdırmaq idi. Lakin bu asan şey deyildi. Çünki elita süni şəkildə yaranmır. Elitanı sözün bütün mənalarında xalq yaradır. Elitanı ictimai şərait yaradır.

Orta Əsrlərdə elitaya aristokratiya sinfi mənsub idi. Bu elitanın əsas cəhəti onun irsi olmağı idi. Belə ki, bu dönəmlərdə heç kim sinif, zümrə dəyişdirmirdi. Şah oğlu şah olurdu, rəiyyət oğlu rəiyyət.

Amma Yeni Dövrdə mürəkkbələşən ictimai münasibətlər aşağı təbəqələrin yüksək siniflərə keçməsinə şərait yaratdı. Çünki artıq cəmiyyət şah qanunlarıyla idarə edilmirdi, sənaye, mətbuat, təhsil sahələri intellektual əmək qüvvəsi tələb edirdi.

Bəli, Sovet hökuməti elitanı məhv etdi. Özünə yeni elita yaratdı. Bu elitanın bəzi üzvləri qırılmış bəylərin, xanların övladları idi. Misal üçün, Anar Rzayevin babası Xudadat bəy Rəfibəyli Gəncə qubernatoru olmuşdu. Onun övladlarının bir qismi repressiya olundu, digər qismi isə Türkiyəyə qaçdı. Xudadat bəyin elə övladları da tapıldı ki, əli ailələrinin qanlarına batmış Sovet hökumətinin məddahlarına çevrildilər. Elitanın əsas hissəsi isə rəiyyətlərdən formalaşdı.

60-cı illərdən Bakıda yeni elitanın ilk əlamətləri formalaşmağa başladı. Onlar erməni, rus və şəxsiyyətlərini, milli xarakterlərini itirmiş Azərbaycanlılar idi. Onların heç biri Azərbaycan dilini bilmir, bu dildə danışan adamlara “çuşka” deyirdilər.

Lakin onlarla “çuşka”adlandırdıqları kəndli balalarının mübarizəsi elə də asan olmadı. Çünki kəndli balaları oxuyub ali təhsil aldılar, yazıçılar yetişdirdilər, ortaya alimlər çıxartdılar. Bakı mühiti isə qısır idi.

Nə yazmağından asılı olmayaraq yazarlar ordusuna fikir verin: İsa Hüseynov, İsmayıl Şıxlı, Əkrəm Əylisli, Səməd Vurğun, əvvəllərdən götürəndə Cavid, Cabbarlı, Üzeyir bəy və daha onlarlası Bakılı deyildilər. Qılman İlkinə isə “İlkin” təxəllüsü Bakıdan çıxan ilk yazıçı olmağına görə verilmişdi.

O günkü Bakının o zamankı mənəvi-intellektual səviyyəsi ilə öyünənlərin yadına Bakı kəndlərini, Kubinkanı, Sovetski küçəsini salmaq pis olmazdı. Bakı elə təhsilli, mədəni idisə, Bakının mədəni səviyyəsi o qədər yüksək idisə elə öz ətrafını mədəniləşdirərdi, təhsil verərdi. Təsəvvür edin ki, Füzulinin istənilən kəndində olan ali təhsilli adam sayı Bakının istənilən kəndindəki ali təhsilli adam sayından dəfələrlə artıq idi.

Elitanın əsas xüsusiyyətlərindən biri də xalqa güclü təsir imkanlarının olmasıdır. Çünki məhz öz bağrından çıxartdığı övladlarının əli ilə bütün xalq qurtuluş tapır, maariflənir.

Bakıda formalaşmış mədəniyyət kütlə mədəniyyəti idi. Bakının elita mədəniyyəti olmadı. Bu mədəniyyətin əsas əlamətləri “Dolya Vorovskaya”, “Madam Papuqay” sayıla bilərdi. Bu mədəniyyətin kökü Bakıda formalaşmış hibrid mədəniyyət idi, onun heç bir milli kökü yox idi. Onun daşıyıcıları isə Aşura estetikasını daşıyan savadsız, cahil insanlar idi. Bu reallığı Rüstəm İbrahimbəyov “Bir cənub şəhərində” filmində yaxşı göstərib, lakin onun həsrətini çəkdiyi obyektin özü xeyli dərəcədə primitiv və bayağıdır. Azərbaycanın heç bir yerində bu cür mədəniyyət yox idi və Azərbaycanın heç bir yerində maarifə, elmə, oxumuş adama Bakı məhəllələrində olan qədər dərin nifrət yox idi. Və belə bir mədəniyyət də Cingiz Abdullayev yetişdirməli idi, onun İsa Hüseynov yetişdirməyə taqəti yox idi.

Amma onlar bəzi rıçaqları ələ keçirtdilər. Bir qisim əyalətlilər də rus dilini öyrənib onların tərəfinə keçdilər.

Sovetlər dağıldıqdan sonra Bakı sürətlə başqa millətlərdən təmizləndi. Bakı estetikası darmadağın edildi. Köhnə məhəllələri buldozerin qabağına verib orda göydələnlər tikdilər. O məhəllələrdə yaşayanların hərəsi bir yerə dağıldı. Tamaşa başa çatdı.

Bəli, bizim elitamız yoxdur. O hələ yeni-yeni formalaşır. Kənddən gələnlər də yeni elita formalaşdıra bilmədilər. Çünki elitanı ilk növbədə ictimai şərait formalaşdırır. Əli hökumətin cibində olan adamdan nə elita? Elita ilk növbədə kapitalizm dövrünün məhsuludur. Bu gün hakimiyyətin yalını yeyib bir-biriylə “elita“ davasına çıxanlara baxanda ürəyim bulanır. Onların heç bir hissəsi elita deyil. Onların elitaya heç bir aidiyyatları yoxdur. Elitaya mənsub olan adam hər şeydən əvvəl müstəqil olmalıdır. Yaltaq yox.

Bəli, nə dünən müsavatçı, bu gün YAP-çı olan Nizami Cəfərovun elitaya dəxli var, nə də İbrahim Bayandurlunun dediyi kimi Elmar Hüseynov öldürüləndə susan Rüstəm İbrahimbəyovun. Hər ikisi xalqın ağır günlərində susublar, ona görə də elita üçün gərəkli olan xarakter tələbini heç minimum şəkildə ödəmirlər.

Rüstəm İbrahimbəyova gəldikdə isə onun müsahibəsi ətrafında şou düzəltmək lazım deyil. Düzdür, o nə qazanıbsa öz istedadı hesabına qazanıb, onun indiyənə qədər susmağını da mən satılmış ziyalı mövqeyi saymıram, sadəcə olaraq ona görə ki, Rüstəm bəy üçün bu xalq, onun problemləri heç bir halda maraqlı deyil.

Elitaya mənsub olan şəxs sözün bütün mənalarında xalqın içindən çıxmalı, yüksək savada, dərin intellektə malik olmalı və xalqın bu halı üçün ürəyi parçalanmalı, xalq üçün çalışmalıdır. Bax, elita, Qənimət Zahiddir, Mirzə Sakitdir, Eynulladır, Xaliq Bahadırdır, Zamin Hacıdır, Seymur Baycandır, Xaliq Kazımlıdır, Murad Köhnəqaladır, Hikmət Sabiroğludur, Hüseynbala Səlimovdur, Rafiq Tağıdır, Şahvələd Çobanoğludur.

Başqa sözə gərək yoxdur.