Rafiq Ələkbər. Şeirlər

Rafiq Ələkbər. Şeirlər

1964-cü ildə Yardımlı rayonunun Alar kəndində doğulub. Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. 2006-cı ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. İndiyə kimi on kitabı,-o cümlədən İstanbulda "İrfan-ı aşk” adlı şeirlər toplusu nəşr olunub.  

NƏSİMI TALEYİ-VƏTƏN TALEYİ
(Azərbaycanda 2019-cu il ölkə başçısı  cənab İlham Əliyev tərəfindən Nəsimi ili elan edilmişdir)
                 
Şairlər ruhudur qoca tarixin,
Tarixin özünə şairlər hakim.
Faciə anıdır şair ölümü,
Görün asılan kim, güllələnən kim.

Qəfil qarşıladı gülləni Müşfiq,
Vaqifin "günahı”  şirin diliydi.
Puşkini dueldə öldürən Dantes,
O vaxtın daş qəlbli bir qatiliydi.

Böyük Fizulinin ilahi ruhu,
İlahi eşq ilə danışdı, dindi.
Turan böyük haqqın özüdür elə,
"Turan-haqq” - qışqırdı Cavid əfəndi.

Ədalət axtardı dahi Nizami,
Qəlbində haqq-Tanrı bəsləyən şair.
Bütün sarayları,hökmdarları,
Haqqa-ədalətə səsləyən şair.

Günah toxumudur dünyanın özü.
Bu toxum göylərdən cəzatək axdı.
Haqqı axtarmağa bir gərək varmı,
Ən mütləq həqiqət Cənabi-Haqdı.

Kimsə arzuladı bir anlıq haqqı,
Fələyin qarğışı tutdu o kəsi.
Kimlərsə lal olub haqqı danarkən,
Dünyanı bürüdü  "Ənəlhəqq " səsi.

Bu səs qeybdən gələn insan səsimi,
Bu sirdən halıdır yalnız Yaradan.
İlahi səsdirsə elçisi hanı,
İnsansa bu səsin yurdu harada?

Şahlar, hökmdarlar təşviş içində,
Onların taxt-tacı bitirmiş sanki.
Həmişə zalımlar bəsləyən dünya,
Bu səsdən başını itirmiş sanki.

Bu səsin sədası qüdrətli idi,
Bu səs vicdan səsi, bu səs gələn haqq.
Dünyaya nur verən iki səs vardı,
Azan sədaları, bir də "Ənəlhəqq”

Cəlladlar xəbərsiz idi bu səsdən,
Bu səs yeri-göyü silkələyirdi.
Nəsimi çarmıxa çəkilən zaman
Bu səs çoxlarının qəddin əyirdi.

Sığmayan kimdir ki, iki cahana,
Ruhuna bir sərhəd qoyulsun gərək.
Şahlar fətva verdi şair Nəsimi,
Təpədən dırnağa soyulsun gərək.

Tarix görməmişdi belə faciə,
Tarix yaddaşlarda belə qalmayıb.
Nə qədər şairlər öldürülüblər,  
Dərisi soyulan hələ olmayıb.

Şair, axı nəydi günahın sənin?
Hələbdə gör, kimə qıydılar, Allah!.
Vətəndir insanın cismi, bədəni,
Onu uzaqlarda soydular, Allah!

Yurdun o ucundan qalxan bu haray,
Sal daşı, qayanı əridəsiydi.
Elə bil Dərbənddən Hələbə qədər,
Hönkürən yurdumun xəritəsiydi...

Tarix utandımı sən soyulam gün,
Sənə yas saxladı min illik Vətən.
Vətən də soyulur o gündən bəri,
Kərküklü, Təbrizli, Ərbilli Vətən.
 
Belə tüğyan edən bir ruh olmayıb,
"Ənəlhəqq” haraylı o qəlb yox oldu.
Şirvandan Hələbə üz tutan, şair,
Dərbəndi itirdik, Hələb yox oldu...

Düşməyib heç zaman adın dilimdən,
Ulu bir diyarın haqq səsi idin.
Qorxmadın vədəsiz gələn ölümdən,
Susmayan azadlıq nəğməsi idin.

Özün də bildin ki, bir ərən kimi
Haqqın dərgahına gedən yaşayır.
Sənin soyulduğun gündən, ay şair,
Qəmli taleyini Vətən yaşayır.
 
     GÖYLƏRDƏ EV UCALT
      SƏVAB DAŞINDAN

Ömür dediyimiz qaraçı köçü,
Beşiyi məlumdur, məzarı harda?
Sonda barışırıq taleyimizlə,
Onu biz yaşadıq, Yazarı harda?

Harada gizlədək sevincimizi,
Həyat itirməsin bu incimizi.
Vuraq qayalara külüngümüzü,
Görək, qəm-kədərin azarı harda?

Ruhum dil açmasa sərtləşir ürək,
Ağır əzablara qatlaşır ürək.
Yatdıqca yuxuda yadlaşır ürək,
Bilinmir gileyi-güzarı harda

İki əllə yapış ömür yaşından,
Bəzən o ayırmır yazı qışından.
Göylərdə ev ucalt səvab daşından,
Soruşma bu yerin bazarı harda

     ÖMRÜN  NİŞANLARI

Vergülü sevmədim, cümlələrim də
Sözə yamaq vuran, söz saxlayandır.
Bəzən düşündüyün yarımçıq qalır,
Fikri-düşüncəni buxovlayandır.

Vergülü süvmədim həyatımda da,
Durğunluq anıdır ömrümə onlar.
Mənə kədər verən, mənə qəm verən,
Çox vaxt iztirabdır vergüllü anlar.

Onsuz da bu həyat qısadır, qısa,
Onda xoşbəxtlyə bəs necə çataq?
Cümlələr vergülə məhkumdur, bəlkə,
Ömürdən vergülü biryolluq ataq.

Bilirik gözəldir sevib-sevilmək,
Hardasa həyatın xoş anlarıdır.
Cümlələrdə durğu işarələri,
Elə bil ömrün də nişanlarıdır.

Həyatda cürbəcür oyunlar olur,
Udmaq şansın varsa bəxtə qoyulur.
Oynayıb qurtarcaq sən öz rolunu,
Oyun sona çatır-nöqtə qoyulur.
Sən ömür yolunda zirvəyə qalxsan,
Burada mütləqdir Tanrı diqtəsi.
Çalışın zirvədən uçurulmayın,
Uçmaq təhlükəsi nəzər nöqtəsi.

Cümlədə vergülə rəqibdir nida,
Cümlədə vergülü nidalar udur.
Əgər fəth etmisən qız ürəyini,
Deməli qalibsən bax, nida budur.

Bir  yola köklənib yol gedən kimi.
O yolda nə qədər ağrı-acı var.
Bizi bu dünyaya bağlayan nədir,
Yəqin ki, yəqin ki, bağlayıcılar.

Günah buraxmayın həyatınıza,
Onlar cəhənnəmə təlaş səsidir.
Ömür dastanında nöqtəli vergül,
Sevinclə kədərin bölüşməsidir.

Tirelər vergülün doğmalarıdır,
Əzablı bir ömür daşımısan sən.
Gör, əgər ömrünüzdə nidalar çoxsa,
Deməli uğurlu yaşamısan sən.

Dünyaya göz açan, doğulan körpə,
Onun ilk gülüşü dan  nöqtəsidir.
Ölümü nidaya qatmayın dostlar,
Ölüm bü dünyanın son nöqtəsidir.

     
O QIZIN GÖZLƏRİ YOL ÇƏKİR HƏLƏ

Belə tənhalığa yovuşa bilmir,
İçindəki qəmdən sovuşa bilmir.
O qız sevdiyinə qovuşa bilmir
O qızın gözləri yol çəkir hələ.

Hələ boynu bükük gülə bənzəyir,
Sözünün üstündə durub gözləyir.
Ürək üsyan edir, ağıl "döz” deyir,
O qızın gözləri yol çəkir hələ.

Sevənlər son məktub yazıb gedirlər,
Bəxtdən gileylənib, susub gedirlər.
Qapıdan elçilər küsüb gedirlər,
O qızın gözləri yol çəkir hələ.

Eşqin atəşində yanıb bişəcək,
Üç il belə getdi, gözlər beşəcən,
Bəxti göy zənbillə göydən düşəcək,
O qızın göləri yol çəkir hələ.
                                                          
       GÖZÜMDƏN DÜŞƏRSƏN, GÖZƏL

Yelləmə o yan, bu yana,
Gül kimi saçı, sevdiyim.
Baxmağı da günah bildin,
Olma xırdaçı, sevdiyim.

Deyəsən gözüm açıldı,
Çəkən tək ona tətiyi.
Gəl gir gözümə indi də
Qorusun səni kirpiyim.

Qorxma gözümün odundan,
Uzağı bişərsən, gözəl.
Sözümü yerə salma ha...
Gözümdən düşərsən, gözəl.