Rahid Ulusel. Tozanaq (Şeir)

Rahid Ulusel. Tozanaq (Şeir)

Əli bizim, Vəli bizim
Guya maşın düzəldirik
Hissələri gəlmə, bircə
Təkərində yeli bizim

Hamam bizdən, tası bizdən
Kosmosa peyk buraxırıq
Detalında payımız yox
Alnının qaşqası bizdən

Lələ bizdən, şələ bizdən
İçimiz bayır kimidir
Yunumuz çayır kimidir
Qırxacaqlar hələ bizdən

Bal bizimki, yal bizimki
Guya özgür yolumuz var
Yad siyasət qafasında 
Cəh-cəh vuran dil bizimki

Önü bizim, dalı bizim
Bütün ölkə bir əldədir
Nəyə dəysən sənin deyil
Paçasında xalı bizim