Rasim Ziya - İSTƏK VƏ MARAĞIN YARANMA MEXANİZMİ

Rasim Ziya - İSTƏK VƏ MARAĞIN YARANMA MEXANİZMİ

Nə istədiyini bilməmək – çox ciddi problemdir. Get-gedə məqsədlərimiz müəyyənsizləşir, arzulamaq qabiliyyətimizi itirib cansıxıcı heyvanlara, yolunu azmış yolçulara çevrilirik... Bu sözləri məşhur fransız yazıçısı Frederik Beqbeder özünün böyük qalmaqala səbəb olan "Kömək edin, bağışlayın!” romanında qələmə almışdır. Doğrudan da insan oğlu nə istəyir?! Nələri arzu edir?! Bu sual əsrlərdir ki, aktuallığını itirmir. Bir çox başqa mövzular kimi düşünürəm ki, bu mövzuda da münasibət fərdidir. Bu səbəbdən cavabların fərqlilik təşkil etməsi bəlkə də qaçılmazdır. Lakin gəlib-keçmiş fərdlər içərisində insandan insana, səbəbdən səbəbə dəyişməsindən asılı olmayaraq həyati məsələlərə münasibətdə subyektiv meyarlarını bütün insanlığa görə etalon səciyyəli ölçüyə çevirməyə cəhd edən şəxsiyyətlər də az olmayıb. Onlardan bəziləri bunu xoşməram və sevgilə, bəzilərisə güc və zor tətbiq etməklə həyata keçirməyi məqbul görüb. Lakin biz bu yazıda insan iradəsinə zidd getmədən onun istəklərinin nədən ibarət olduğunu müəyyənləşdirməyə çalışacağıq. Dahi Çin filosofu Syan Tszı bu məsələnin əhəmiyyətini qabardaraq hesab edirdi ki, insanların ən çox bilmək istədikləri şey, həyatdan əslində nə istəmələridir... Bu konsepsiyada da məhz insanların ən çox bilmək istədikləri şeyi – istəyin müəyyən edilməsi texnikasını öyrənməyi qarşıya məqsəd qoymuşuq. Gəlin bu sualın cavabını birgə tapmağa çalışaq.

XIX əsr Amerika ədibi Lourens Klark Pauellin məşhur bir sitatı var idi: "Başa düşülmək üçün yaz, eşidilmək üçün danış, böyümək üçün oxu!” Bu sitatda yazmağın başa düşülmək üçün nə qədər vacib amil olduğunu anlayırıq. Lakin bildiyimiz kimi ən yaxşı öyrənmə metodu, öyrətməkdir. Bu səbəbdən yazı yalnız başa düşülmək üçün deyil, həm də başa düşmək üçün istifadə edilən vasitə hesab olunur. Yəni yazı təkcə oxucunun deyil, həm də yazıçının öyrənmə prosesidir. Nə istədiyini başa düşmək istəyən insan anlamadığı bir çox şey ətrafında düşünüb yazmaqla gizli, basdırılmış arzularını aşkara çıxara və qeyri-müəyyən istəklərini kəşf edə bilər. Ümumiyyətlə, hər insanın daxilində kəşf olunmamış bir dünya var. Əfsuslar olsun ki, əksər hallarda insan o dünyanı fəth edə bilmir və o möcüzəli dünya insanla birlikdə məhv olub gedir. Lakin ağla gələn bütün sözləri, düşüncələri, fantaziyaları gözəl, düzgün, aydın və inandırıcı sözlərlə ifadə etdikcə gizli, naməlum fikirlər sanki altşüurdan sıçrayaraq operativ şüura, fəal yaddaşa keçir. Yazı prosesində ideyaların sözə transformasiyası ilə bərabər fikirlərin sistemləşdirilməsi və bu sistemləşdirmə nəticəsində özünü proqramlaşdırma, təlqin funksiyası da təmin edilir.

Bu dünyada insan üçün ən əhəmiyyətli şəxs elə onun özüdür. Bu səbəbdən istəklərin müəyyənləşdirilməsi eksperimenti də bilavasitə fərd üzərində aparmalıdır. Geriyə dönüb baxdıqda hər birimiz həyatın müəyyən mərhələlərində qərarlı olduğumuz və nə istədiyimizi dəqiq bildiyimiz məqamların olduğunu aşkar edirik. Bu məqamlarda sanki insan ağlına gün doğur və bütün zehni sahələr aydınlanır. Doğrudan da bəzən istəklər suda boğulan insanın oksigen istəməsi qədər aydın və şiddətli olur. Məsələyə tam aydınlıq gətirmək üçün yaxın keçmişə səyahət etməyi, mənən güclü olduğumuz və nə istədiyimizi yaxşı bildiyimiz məqamları xatırlamağı məqsədəuyğun görürəm. Kömək üçün yaşadığım bir hadisəni nümunə gətirmək istərdim.

Bu hadisə ən çox əsər yazılan, ədəbiyyatın və həyatın ən şirin və ən duzlu mövzularından olan sevgi ilə bağlı idi. Kitabxanada işlədiyim ilk vaxtlarda bizi sıx-sıx ziyarət edən bir xanım oxucumuz vardı. Bu qız olduqca cazibəli, şıltaq və qılıqlı xanım idi. Həyat eşqi ilə parlayan göy gözləri, üzünü tamamlayan orta, dalğalı dodaqları, qismən qalın, kaman qaşları və enli burnu olan bu qeyri-adi qız xüsusi nəvaziş və diqqətlə insanları özünə aşiq etməyi bacarırdı. Çox keçmədən bu xanım növbəti qurbanını – məni özünə hədəf seçərək tez bir zamanda qəlbimi fəth etdi. Və bununla da sevgi oyunu iqdam edildi. İndi araşdırma mövzusu olan bu hadisə o zamanlar mənim üçün tam bir həyati məna kəsb edirdi. Xanıma qarşı duyduğum sevgi hissinin yaranma prosesi barədə dəqiq bir şey deyə bilmərəm. Çünki, zənnimcə bu şüurlu bir proses deyil. Bu daha çox fövqəltəbii səbəblərlə izah oluna biləcək mövzulardandır. Məhz elə bu səbəbdəndir ki, insanlar nə istədiklərini müəyyənləşdirməkdə bu qədər çətinlik çəkirlər. Sanki istəklər fövqəltəbii şəkildə qəlbimizə dolaraq bütün şəxsiyyətimizi ələ keçirib həyatımıza istiqamət verir. Lakin bir faktı da istisna etmək olmaz ki, insan görmədiyini arzu edə bilməz. İstəklər ya bizi əhatə edən maddi aləmdən, ya da xəyallarımızdan qəlbimizə süzülərək istəmək və daha sonra isə sahib olmaq hissini yaradır. İstəklərin mənbəyi, qaynağı sanki bizim şüurumuzun hüdudları xaricindədir. Fikrimcə, hansısa predmeti bütün varlığımızla istəməyimiz şüurumuzun ənginliklərində qorunan genetik informasiyalar ilə bənzər reallıq arasında yaranan assosiasiya nəticəsində meydana çıxır və beynimizdə adi halda fəaliyyətsiz və ya passiv olan mərkəzlərin aktivləşməsi ilə özünü biruzə verir. Bu aktivləşmə nəticəsində bədənimizdə gedən müvafiq fizioloji dəyişikliklər psixikamızda özünəinam və özgüvən xüsuslarının artmasına səbəb olur ki, bu da həyatda böyük uğurlar qazanmaq və tarixə iz qoyub getmək istəyən hər kəs üçün başlıca amillərdən hesab olunur.

Gördüyünüz kimi istəklərin müəyyən olunması reallığın bənzər genetik informasiyalarla assosiasiya yaratması prosesidir və bu assosiativ proses adi halda passiv və ya fəaliyyətsiz olan mərkəzlərin oyanması ilə müşahidə olunur. Bu səbəbdən daim axtarışda olmalı, yeni-yeni mövzulara maraq göstərməli və qeyri-tanış situasiyalarda iştirak etməliyik. Sanki biz axtardığımız sualların cavabını ilahi bir hissiyyatla əzəldən bilirik və məhz bu cavabı tapdıqda "Allaha and olsun ki, cavab elə budur!" kimi düşünərək eyforiyaya qapılırıq. Bu mücərrəd axtarış əslində xaricdə deyil, insanın daxilində - şüurun sonsuz ənginliklərində gedir. Beləliklə, daim axtarışda olmaq istəklərin müəyyən olunması ehtimalını artıraraq insanın özünü kəşf etməsi prosesini sürətləndirir. Maraq yaratma texnikası isə çox sadədir. Sadəcə olaraq entuziazma qədər özünü məcbur etməlisən. Entuziazma çatdığını isə qəlbində duyduğun qeyri-adi fərəh, hədsiz şövq və həvəslə müşayiət olunan ruh halından anlayacaqsan. Həmçinin bu vaxt insan sanki zaman və məkan hüdudlarını aşaraq haradasa çox uzaqda – sosial problemlərdən azad, maneəsiz, əngəlsiz bir dünyaya səyahət edir...

Yazımı görkəmli fransız filosofu və riyaziyyatçısı Rene Dekartın sözlərilə bitirmək istərdim: "Hər zaman axtarışda olun, bir gün qızıl axtararkən mis, sabah mis axtararkən qızıl taparsınız...”