Rauf Qaraişıq. 2100. Mənim bir günüm (Fantastik hekayə)

Rauf Qaraişıq. 2100. Mənim bir günüm (Fantastik hekayə)

…Dədə-babadan qalma qədimi mexaniki saatın zəngiltisi məni yuxudan oyatdı. Gözlərimi ovuşdurub mobil kompu, nazik kitab boyda olan aləti (həm mobil telefon, həm də kompüter - ikisi birində) - mokompu açıb emailimi yoxladım.

"Yes!" - icazə vermişdilər mənə, bu gün çölə çıxa biləcəyəm, özü də istədiyim marşrutla. Bir gün öncə hara, niyə, hansı yolla, hansı nəqliyyatla, kimlə gedəcəyini və orda nə qədər olacağını yazmalısan. Hər şeyi yazmasan, olmaz. Ən əvvəl öz pasport nömrəni yazırsan, sonra sosial nömrəni və i.a.

 

...Alimlərin dediyi baş verib artıq. Havanın orta illik temperaturu 8°F artıb.

Biz artıq səhərlər yuxudan durub pəncərələri açmırıq, çünki çöldəki hava həddindən çox çirklidir.

Pəncərələrimiz artıq ikiqat yox, dördqat şüşədən düzəlib. Şüşələrin arasında da xüsusi qatlar var, temperatur artan kimi tündləşir, günəş şüalarını içəri buraxmır. Nə isə, bu da təzə biznesdir. Bütün pəncərələri dəyişirlər. Elektrik  enerjisi o qədər bahadır ki, qışda evdəki istiliyi qoruyur, yayda isə çöldəki istilikdən qorunuruq. Çünki nə isitmə sobasını, nə  də kondisioneri işlətməyə pul yetmir.

Nə isə, bir saata evdən çıxmalıyam.

Tualetə gedib hermetik qaba pəşov etməliyəm. Orda o maye təkrar emaldan keçib içməli su olan qaba yığılıb olacaq içməli. Özü də ilıq, öz sidiyimdən süzülən sudan ödüm ağzıma gələ-gələ içəcəm. Astranavtlar yüz illərdir kosmosda bu cür su içir.

Amma mən astranavt deyiləm axı. O da var.

Qaynar çay, kofe içmək ancaq varlıların qismətinə yazılıb. Heç soyuq sudan danışmağa dəyməz.

Soyuq su lap bahadır. Hələ mən bulaq suyu demirəm. Bulaq suyu qızıl qiymətinədir.  Otuz illik viski qitmətinədir bir şüşə bulaq suyu. Onu da  elə içki dükanlarında satırlar.

Ərzaq dükanlarında satılan isə yağış suyu ilə dəniz suyunun qarışığından düzəlmiş və xüsusi emaldan keçmiş sudur.

Mən son dəfə bulaq suyunu iki il bundan əvvəl bir varlı pasiyentimin evində içmişəm. (Hə, sizə deməmişəm axı, mən psixoterapevtəm. Freelance işləyirəm.)

Hə sudan danışırdım axı…

Pəh… Dünyada içdiyim ən gözəl içkiydi. Dadı hələ də ağzımdan getməyib. Babamgilin bağında içdiyim suyun dadı vardı  o suda… Təzə biçilmiş otun,  təndirdən çıxan isti çörəyin, akasiya çiçəyinin iyi gəldi burnuma, nə isə… Ağzım sulandı…

Qırx il bundan qabaq, kimə desəydin ki, vaxt gələcək bulaq suyu görəndə ağzın sulanacaq, ağzını marçıldadacaqsan, sənə dəli deyərdilər, yəqin ki…

Vaxtdır, gedim bir az çiyələk tozu qatım o "su" ya, bir az da yumurtalı kartof var onu yeyim, gedim "dava paltarı"mı hazırlayım.

Çöl paltarına "dava paltarı" deyirəm, çünki xüsusi materialdan hazırlanıb; sipəri var, həm də sərin olur, istiliyi, tozu keçirmir. Udduğun havanı da təmizləyir. Əla şeydir.

Qlobal istiləşmədən sonra yüzlərlə yeni növ (geni dəyişmiş) cücü-mücü peyda olub şəhərdə.  Xəstəlikləri bir dəfə sancmaqla yaya bilirlər.

Havalar istiləşdikcə, çirkləşdikcə bunların sayı da artır. Pəncərələri həm də o qaniçən həşəratlara görə aça bilmirik.

Bayaq  astranavtları yada saldım ha, bax bir növ onların geyiminə, ya da skafandra oxşar bir şeydir, sadəcə yığcamdır bir az. Dövlət lazım bildiyi adamlara verir bu cür geyimləri, adətən. Dükanda da satırlar, ama çox bahadır. Adi adamlarda yoxdur bu geyimdən.

Mənim bəxtim gətirib, varlı-karlı xəstələrim var, mənə son model geyim bağışlayıblar.

Hə, deməli belə, çöl qapısı ilə içəridəki qapının arasında bir tam hermetik kamera var, çöl paltarını orda geyinəcəm. Dezinfeksiya olunub çıxacam həyətə.

Qonşularımla yaxın deyiləm. Bircə onu bilirəm ki, Texasdan, dəhşətli quraqlığın əlindən qaçıb gəliblər bura. Əlaqəm yoxdur heç kimlə. Hər axşam həm sağ, həm də sol qonşularım içib, çəkib qışqırırlar, mahnı oxuyurlar, bəzən də dalaşırlar.

 

Ailə, uşaq da yoxdur, artıq. Heç kimdə yoxdur, yəni, tək mənim məsələm deyil. Dövlətin qanunları belədir. Və çox sərtdir.

21-ci əsr ən başıpozuq, məsuliyyətsiz, tərbiyəsiz və guya "azad", əslində isə vecsiz insanlar yetişdirdi və sonunda faşist bir quruluş yarandı.

Hə, uşaq demişkən, kim uşaq oynatmaq istəyirsə, qədimdəki heyvanxanalar kimi yerlər var, yarı həbsxana, yarı xəstəxana kimi; və ya yarısı məktəb, yarısı hərbi kazarmaya oxşar bir yerlər var, ora gedir. Təbii ki, əvvəldən appointment almalısan. İlk əvvəl səni  altı ay yoxlayırlar. Dövlət Təhlükəsizlik Komitəsindən təmiz çıxsan gedib uşaqlarla oynaya bilərsən, amma öz cinsindən olan uşaqla ancaq. Yəni mən, kişi cinsindən olduğum üçün oğlan uşağını oynada bilərəm. Niyə?

Bilmirəm, qanun belədir. Deyilənə görə müxtəlif cinsdən olan münasibətlər uşaqartırma həvəsi yarada bilər, seksual istəklər oyada bilərmiş, guya… Ki, bu da dövlət siyasətinə ziddir. Sevmək-sevilmək yasaq yani… İnsanlıq yasaq, yani…

Uşaqlar dövlətin himayəsindədir bütövlükdə. İnkubatorlar var. Orda yetişdirilir və ordan lazımı yerlərə çatdırılır. Ata-ana söhbəti yoxdur. Süni mayalanma ilə genetik sağlam, istiyə, aclığa, təhqirə, ədalətsizliyə, əclaflığa qarşı dözümlü "robotcuq"lar hazırlayırlar.

 

Bu da belə.

Həə… O iki qapının ortasında qalmışdım axı. Çöl paltarımı geyinib, nağıllarda deyildiyi kimi, altdan-üstdən qıfıllanandan sonra hermetik dəmir qapı açılacaq və mən o kirli-paslı blokun içiylə gedib çölə çıxacam.

Və mənim iki saatlıq piyada səfərim başlayacaq. Növbəti pasiyentimin həyatından bezməsi və sui-qəsd etmək istəməsi, bu həyatın heç bir məna daşımaması haqqında olan söhbətlərinə qulaq asıb, hipnotik istedadımdan və natiqlik bacarığımından istifadə edərək onu sakitləşdirəcəm. Ezoterik bilgilərimi onunla bölüşəcək, xoş sözlərlə, gözəl ibrətamiz hekayətlərlə onun ruhunu oxşayacam.

Beynindəki virusları təmizləyib təzə proqramlar yükləyəcəm başına.

Onu restart edib, payi-piyada düzələcəm yoluma - gedəcəm evə.  

 

Sizə bir sirr olaraq deyim ki, neçə illərdir ki, mən yazda, payızda gizlincə gedib şəhər kənarındakı zibillikdə ağac əkirəm. Tutsalar cəza verəcəklər, bilirəm.Yaxşı ki, ara-sıra yağışlar yağır, ağacları qurumağa qoymur. Artıq min dənə ağac əkmişəm. Bilmirəm  bu işimlə planetə olan oksigen borcumu  ödəyə biləcəm, ya yox?

 

Hayıf ki, dövlət icazə vermir  günəş batareyaları quraşdırıb həm kölgəlik yaradaq, həm də elektrik istehsal edək. Külək, dalğa generatorları qurmağa da icazə vermir. İnsanlara xeyir verə biləcək heç bir şeyə icazə vermir bu lənətə gəlmiş totalitar rejim. Keçən il evimizin damını ağ rənglə rəngləmək istəyirdim ki, yayda qızmasın bina, icazə vermədilər.

 

Dövlətlər  böyük karporasiyalarla birləşib insanlara əziyyət verməklə, onları çirkli su, hava, süni qida ilə qırmaqla məşğuldur. İstəsəydilər biz bu bədbəxtliklərin qarşısını hələ 2050-də ala bilərdik.

Götür elə 2020-ci ili, koronovirus olan vaxtı deyirlər, ikicə ay zavod-fabriklər  dayanıbmış. Hava 20 faiz təmizlənibmiş; çaylar, dənizlər balıqlarla dolubmuş, sular durulubmuş.

Nə bilim, deyirlər babam deyirmiş ki, gözüylə görüb. Babamgil Azərbaycanda yaşayırmış o vaxt, sonralar quraqlıq olub dəhşət, su-zad tapılmırmış, ona görə köçüb gəliblər ABŞ-a, bura yəni.

 

Nə isə…

Gəldim çatdım evə. Gedim bir az dincəlim…

 

R.Q.

25/05/2100