Rəsul Rza və qrupbazlıq haqqında

Rəsul Rza və qrupbazlıq haqqında

Anar Rzayev atası barədə ilk dəfə gün işığına çıxan bu fakta nə deyəcək, görəsən?

Bu yaxınlarda Anar Rzayevin yarımsəhifəlik bir müsahibəsinə rastladım. Müsahibəni Türkiyədən gəlmiş hansısa xanım yazar götürmüşdü. Uzun müddətdir Anar müəllimin mənasız söhbətləri üçün qəribsədiyimdən həvəslə oxudum. Və o yarımsəhifəlik müsahibədə Anarın dilindən 12 dəfə «atam» sözü ilə qarşılaşdım. Hələ beş-altı dənə də «Rəsul Rza» adı vardı.
Sonra da Anar müəllim «davanız mənimlədirsə, atamla nə işiniz var?» deyə gileylənir. Ay Anar müəllim, əgər siz ağzınızı açan kimi ancaq Rəsul Rzadan danışırsınızsa, bəs biz neyləyək? Özü də dəqiq bilirəm ki, AYB sədrini özündən çox, atası haqqında yazılanlar əsəbləşdirir. Çünki Rəsul Rzanın Azərbaycan sovet poeziyasında ən zəif halqa olduğunu bilir. Doğrudan da, Mikayıl Müşfiq, Əli Kərim olan yerdə mərhum R. Rza çox kiçik görünür. Hətta Süleyman Rüstəm, Səməd Vurğun, Məmməd Rahimlə müqayisədə də Rəsul Rzanın istedadı xeyli şübhəlidir. Anar müəllim də bunu yaxşı bildiyi üçün atasını hər addımda müdafiə etməyə, yeri gəldi-gəlmədi, onun adını çəkərək, ön plana çıxarmağa məcburdur.
Oğlu da başda olmaqla, əksər adamlar yoldaş Rzanın yaradıcılığından danışarkən adətən «Rənglər» silsiləsinin üstündə dayanırlar, bu silsilənin guya nəhəng fəlsəfi məzmuna malik olmasından bəhs edirlər. «Rəngləri» mən də oxumuşam, özü də yalan olmasın, üç dəfə. İnanın, heç nə başa düşməmişəm. Əslində Rəsul Rzanın ən dişədəyən əsəri «Lenin» poemasıdır. Amma nədənsə həm Anarın özü, həm də başqa rəsulsevərlər bunu dilə gətirməkdən çəkinirlər. Yəqin Lenin haqqında olduğuna görə. Oysa Anar və bütün rəsulsevərlər camaatı yoldaş Rzanın həqiqətən də istedadlı şair olmasına inandırmaq istəyirlərsə, «Lenin» poemasından möhkəm yapışmalıdırlar. İnsafən, Rəsul müəllim doğrudan da, «Lenin»i xüsusi şövqlə və zövqlə yazıb.
Rəsul Rzanın ədəbiyyatda yerini böyütmək istəyənlərin ən böyük arqumenti isə budur: guya mərhum şair daim gəncləri öz himayəsi altında saxlayıb, onlara diqqət və qayğısını bir an da olsun, əsirgəməyib. Amma yoldaş Rza haqqında indi diqqətinizə çatdıracağımız bir fakt bunun heç də belə olmadığını söyləməyə əsas verir. Daha doğrusu, Rəsul müəllimin ədəbi mühitdə daim kimlərisə öz himayəsində saxladığı danılmaz faktdır, ancaq bu, heç də onun qayğıpərəstliyindən irəli gəlmirdi. Bu «himayəçilik missiyası»nda onun öz maraqları vardı.
Öncə gəlin anons etdiyim faktla tanış olaq, sonra həmin maraqların nədən ibarət olduğuna qayıdarıq. Söhbət 1934-cü ildə keçirilən Azərbaycan Şura yazıçılarının birinci qurultayının axşam iclasında «Şura nəsrinin vəzifələri haqqında məruzə üzrə mübahisələr» zamanı Rəsul Rzanın etdiyi çıxışından gedir. O vaxtki «Gənc işçi» qəzetində nəşr olunan materialda bu çıxış barədə elə beləcə də deyilir: «Rəsul Rza məruzə haqqında danışdıqdan sonra prinsipsiz qrupbazlıqla bağlı öz səhvlərini boynuna almış və AO (b) F MQ-nin qərarlarını özü üçün bundan sonra hərəkət və iş proqramı edəcəyinə söz vermişdir».
Göründüyü və özünün də etiraf etdiyi kimi, hələ uzaq 30-cu illərdə Rsul Rza qrupbazlıqla məşğul olmağa başlayıb, iş o həddə çatıb ki, hətta Mərkəzi Komitə səviyyəsində ona bununla bağlı xəbərdarlıq edilib. İnsafən, uzun müddət Rəsul müəllim Şura yazıçılarının birinci qurultayındakı vədinə sadiq qalıb. Zatən başqa yolu da yox idi. Stalinin və Bağırovun qılıncının dalının da, qabağının da kəsdiyi bir vaxtda bu, ona baha başa gələ bilərdi. Amma elə ki, Stalin öldü, Bağırov güllələndi, Sovetlər sistemində nisbi yumşalma müşahidə olunmağa başladı, Rəsul Rzanın qrupbazlıq mərəzi yenidən baş qaldırdı. «Altmışıncılar» adlanan nəslin ən istedadsız nümayəndələrini (kiçik istisnalar əlbəttə ki, vardı, amma bu, qaydanı dəyişmir) himayə etməklə ədəbiyyatdakı mövqelərini gücləndirmək üçün qollarını suvadı. Məhz bu da ilk dəfə olaraq, ədəbi mühitdə qazaxlı-şirvanlı qarşıdurmalarının alovlanmasına gətirib çıxardı. Sonradan prosesə xalq yazıçısı Süleyman Rəhimovun və ətrafının qoşulması ilə qarşıdurmanın miqyası genişləndi: qazaxlı-şirvanlı-qarabağlı. Beləcə, bölgəçilik, yerlibazlıq, klançılıq kimi iyrənc ənənə ədəbiyyatın vasitəsilə bütün cəmiyyətin ruhunu sardı və sarsıtdı.
Bir sözlə, bu gün Rəsul Rzanın «gənclərə qayğı» kimi təqdim olunan yalançı himayədarlığının arxasında onun kökü 1930-cu illərə gedib çıxan «prinsipsiz qrupbazlığı» dayanırdı. Əksini iddia edənlər buyursunlar, ilk dəfə gün işığına çıxardığımız və yuxarıda diqqətinizə çatdırdığımız faktın qarşısına fakt qoysunlar.
Mövzu polemikaya açıqdır.

Cəbhəni qoyub qaçanlar

«Azadlıq» qəzetinin iki gün əvvəlki sayında deputat, keçmiş cəbhəçi, tarixçi Cəmil Həsənlinin yazısını oxudum: «Yazıçı Anar haqqında payız düşüncələri». Az qala iki qəzet səhifəsini məşğul etmiş yazıda həqiqəti əks etdirən bircə dənə də cümlə yoxdur. Nəinki yazıda, hətta yazının adında da. Bəs necə, axı payızın gəlməsinə hələ 20 gün var…
Bunun üstündən «nə isə» deyib keçək.

Cəmil müəllim yazıya belə başlayır: «Anar haqqında çoxdan yazmaq istəyirdim, amma hər dəfə yazıya başlamaq istəyəndə özümü bu bənzərsiz ziyalı haqqında söz deməyə hazır hesab etmirdim». Hörmətli professorun xətrinə dəyməsin, amma belə görünür ki, o, Anar haqqında söz deməyə hələ də hazır deyil. Yoxsa bayram deyil, seyran deyil, durub-dururkən, AYB sədrindən «dahi» və «dissident» obrazı düzəltməyə çalışmazdı. Anar dahidirsə, Markes kimdir? Bu adam, yəni Anar, olsa-olsa, iki-üç ortabab əsər yazıb, onu da fransız ədəbiyyatının təsiri ilə. Cəmil Həsənli nəinki peşəkar, heç həvəskar ədəbiyyatçı da olmadığından «dahilik» söhbətini bəlkə də ona bağışlamaq olar. Amma qos-qoca kommunist rejiminin  çöküşünü az qala Anarın ayağına yazmağa çalışmaq bir tarixçi üçün, yumşaq desək, biabırçılıqdır. Bu gün hər hansı yaptokrat nə qədər demokratdırsa, Anar da Sovet vaxtı o qədər dissident idi. Cəmil müəllim, camaat qoyun-zad deyil, hamı çox yaxşı görür ki, Anar bütün qəlbi ilə kommunist quruluşuna bağlı adamdır. Ən azı ona görə ki, o quruluş yox yerdən bu adamı yazıçı eləyib, karyera sahibi eləyib. Bu gün Anar niyə AYB-dən ikiəlli yapışıb? Niyə AYB-ni Sovetdənqalma ənənələrlə idarə edir? Çünki qəlbinin ən dərin yerində imperiyanın çöküşü ilə barışmır və AYB-nin varlığı ilə təsəlli tapır.
Ümumiyyətlə, mənim Cəmil Həsənlinin quru, mücərrəd, daha çox tamada sağlığına oxşayan yazısını sözbəsöz, cümləbəcümlə təhlil etmək fikrim yoxdur. Anarın və onun kimi uydurma ziyalıların əsl üzünü artıq hamı tanıyır. Sadəcə, cənab Həsənlinin diqqətinə iki məqamı çatdırmaq istəyirəm.

BİR: Cəmil müəllim, belə yazılarınızla lütfən, bir daha  «Azadlıq» qəzetinin səhifələrini məşğul etməyin. Zatən, ortada üç-dörd azad qəzet qalıb. İmkan verin, heç olmasa, onlar ölkənin taleyüklü problemlərinə ayırsınlar səhifələrini. Unutmayın ki, sizin yazınızın yerində bir vətəndaşın şikayət məktubunun çap olunması daha funksionaldır, daha əhəmiyyətlidir. Ən azı adı «Azadlıq» olan bir qəzetdə diktatura aşiqinə, «Qalib gəldi, qalib getdi» kimi sabun publisistikasının şedevrini yaratmış bir adama ucuz tərif oxumaq isə heç kimə başucalığı gətirməz. Həmçinin də sizə. Növbəti yazılarınızda bunu nəzərə alın. Nə çoxdu ölkədə mədhiyyə mətbuatı, gedin kimi və nə qədər istəyirsiniz vəsf eləyin, səsini çıxaran köpəyoğludur.

İKİ: Cəmil müəllim, öyüb-öyüb bitirəmədiyiniz o Anar Azərbaycanda ikinci demokratik hakimiyyət qurulan kimi ölkəni tərk etdi. Bununla Cəbhə iqtidarının timsalında demokratik idealların qələbəsinə tüpürmüş oldu. YAP despoitzmi bərqərar olan kimi isə ölkəyə qayıtdı. Səbəb aydındır: Anarın şəxsi maraqlarını ictimai mənafeyə qurban verməkdə əvəzi yoxdur. Siz də artıq Cəbhəni tərk etmisiniz. «AXCP, yoxsa deputat mandatı» seçimi qarşısında ikincini üstün tutmusunuz. Ona görə də yazınız məni zərrəcə təəccübləndirmədi, təəssüfləndirmədi. Əksinə ortada bir qanunauyğunluq olduğunu düşündüm.

Doğrudan da, sözün bütün mənalarında CƏBHƏni qoyub qaçanların bir-birinə bəytərifi oxumasından təbii nə ola bilər həyatda?