Şərif Ağayar. 7 hayku (ŞEİRLƏR)

Şərif Ağayar. 7 hayku (ŞEİRLƏR)

Dostum Qismətə

1.

Divara söykənmiş
qırıq və tozlu şüşədə
günəşin əksi

2.

Qəfil bir damcı düşdü
yarpağının üstünə
diksinib ətrafa boylandı yaşlı çinar

3.

Külək xoş xəbər gətirib
pıçıltıyla biri-birinin qulağına
nəsə deyir qovaqlar...

4.

Çay nə eşidibsə
qabağına çıxanı
qucaqlayıb öpür

5.

Səhər alatoranlığı
düzənlikdə yuxuya getmiş kənd
səsini içinə qısmış dağ çayı...

6.

Çovğun
qorxudan xaç çevirir
cavan armud ağacı

7.

Həqiqətin dalınca düzü-dünyanı dolaşan dərviş
bir söyüdün kölgəsində tapdı:
- ağac kimi məsum və təmənnasız olmaq...