Təbriz Tağızadə - Əgər Tanrı olsaydım

Təbriz Tağızadə - Əgər Tanrı olsaydım


Yarandığı gündən daxilində tanrı inancı ilə doğulmaq, bütün həyatı boyu bu inanc qarşısında baş əymək və hər keçən gündə ona daha çox bağlanmaq, sevmək, ona itaət etmək. Içindəki inanca sayğı duymaq, heç vaxt ona şübhə etməmək, bütün varlığıyla onu sevmək. Gördüyü hər gözəllikdə tanrı mükəmməlliyini axtarmaq, onun böyüklüyünü dərk etmək. Gördüyü hər zülmət qaranlıqda tanrı işığının bir gün yenidən güclənəcəyinə ümid etmək, ona dua etmək. Bu qaranlığın bir gün bitəcəyinə heç vaxt şübhə etməmək, işığa-tanrıya səcdə etmək, onunla, onun nuru ilə  öz daxilini işıqlandırmaq, mənəvi rahatlıq tapmaq və sadəcə onu sevmək..

Bir gün onunla birləşməyə, onun bitib-tükənməyən parlaq zərrəciklərindən biri olmağa həyatı boyu can atmaq, tanrılara laiq bir həyat yaşayıb heç vaxt tanrı olmamaq. Insan kimi yaşayıb tanrı kimi ölmək. Tanrı kimi ölməyi gözə almaq.. Onun qaydaları ilə yaşamaq, onu istədiyi kimi olmaq və ölmək. Kiçik bir tanrı kimi doğulmaq uğruna bütün bir insan həyatını ibadətə həsr etmək, tanrı günahsızlığının bir parçası olmaq, tanrıya çatmaq, ona qovuşmaq və öz həyatının tanrısı olmaq. Tanrının yaratdığı tanrılar cənnətində kiçik bir  tanrı olmaq. Günahlardan arınmış bir tanrı, savabları ilə həyatını qazanmış bir tanrı, ölümsüzlüyü qazanmış bir tanrı, ölümsüz bir tanrı. Ibadətin olmadığı bir yerdə tanrı olmaq, tanrılığın bir dəyəri olmayan yerdə tanrı olmaq. Sadəcə tanrı olmaq. Tanrıların gördüyü bir tanrı. Insanın olmadığı yerdə tanrılıq etmək, həyatları qurban verəcək qədər müqəddəs və həyatların olmamağı qədər dəyərsiz. Ölümün olmamağı qədər dəyərsiz, doğumun olmamağı qədər mənasız. Tanrının istədiyi kimi bir tanrı. Sadəcə ölümsüz bir tanrı.. Ölməyi belə bacarmayan bir tanrı, öldürə bilməyən bir tanrı. Hamının olmaq istədiyi, bütün insanların can atdığı bir tanrı. Insanın ola biləcəyi ən yüksək zirvədəki üfüqsüz bir hakimiyyət. Tanrının yaratdığı ən yüksək sıfır nöqtəsi və ya yaradılmış ən dərin yüksəklik. Kor bir hakimiyyət..

Mən tanrı olsaydım görünəbilən olardım, əgər bütün insanlar kor olsaydı...