Turxan. Avaralar üçün

Turxan. Avaralar üçün "Avatar"

Rekordlar qıran film, yoxsa oğurluq rəsmlərin bəhrəsi?

Hər zaman ədalətdən danışılan Amerikada Ceyms Kameronun rejissorluğuyla "çəkilmiş" məhşur "Avatar" filmi bütün dünya izləyicilərini dolamaqdan başqa bir şey deyil. Müasir, ağıllı, savadlı görünmək istəyən, filmi müzakirə edən insanlar xeyli saydadır. Sənət baxımından"Avatar"ı film adlandırmaq isə qeyri-etikdir. 3D qrafikasıyla işlənmiş görüntülərdən savayı filmdə elə də ciddi bir şey yoxdur. Filmin arxasında güclü qərb informasiya təbliğatı durduğundan film bütün dünyada "şöhrət" qazanıb.

"Avatar" kinoteatrlarda nümayiş edilib milyonlarla dollar pul qazanan ərəfədə Rusiya kommunistləri filmin ideyasının sovet elmi fantastikasından oğurlandığını ictimaiyyət üçün açıqladı və filmin rejissoru Ceyms Kameronun həbsini tələb etdilər. Daha sonra  dünya mətbuatı bu xəbəri gündəmdə saxladı. Bütün dünyada filmin ideyasının oğurluq olmasını yazdılar, dedilər. Amma Ceyms Kameron deyilənlər barədə bir açıqlama vermədi. Əsas ideyası oğurluq olan filmi öz məhsulu kimi insanlara təqdim etdi.

"Avatar"a baxanlar gərək bilsinlər ki, oğurluq filmə baxırlar. Elə bu mövzuya toxunmaqda da məqsəd budur.

Türkiyəli məhşur rejissor Okan Baygülən də türk televiziya kanallarında verdiyi müsahibələrdə "Avatar"ın oğurluq, saxta bir film olduğunu qeyd edib: "Filmdə gördüyünüz effektlər əslində illər öncə çəkilmiş rəsmlərdən oğurlanıb. "Avatar" Roger Deanın rəsmlərindən oğurlanmış bir fikirdir. Bizlər onun oğurluğuna qarşı çıxıb "ayıb olsun" demək əvəzinə onun filmini dəstəkləyib, ən yaxşı filmlər sırasına salırıq. Kimsə yerindən qalxıb bu adamın oğurluq filmə görə «Oskar»a sahib olmasına əngəl ola bilmir! Biz niyə axmaq kimi burda otururuq? Bizim yazıçılarımız niyə danışmır? Bu qədər susub yaltaqlanmağa səbəb nədir?"

Ceyms Kameronun Roger Deanın rəsmlərindən oğurluq etdiyini təsdiqləyən fotoları da çox çətinliklə tapa bildim. Filmdə həqiqətən də rəssam, dizayner olan Roger Deanın illər öncə mavi rəngdən gen bol istifadə edərək çəkdiyi rəsmləri görəndən sonra çox güman hər şey sizə aydın olacaq.

Atalar yaxşı deyib, yalanın ömrü 40 gün çəkər. Düzdür, "Avatar" ın nümayişindən aylar keçib. Amma necə də olsa filmin oğurluq olmasını hamı bildi. Əsas da budur.
"Avatar"ı zibil yeşiyinə atmağın zamanı gəlib. Çünki Amerikada yenicə istehsal edilən "Dear John" filmi rekordları qırmağa başlayır.

2009-cu ilin dekabrında premyerası olan "Avatar" 2,2 miyard dollardan çox pul qazanan ilk və hələlik yeganə ekran işidir. Filmin büdcəsi 237 milyon dollar olub.