Uzaqlarda bir ev var

Uzaqlarda bir ev var

Nihat Piriyev

Uzaqlarda, lap uzaqlarda bir ev var. Bütün çirkinliklərdən, bütün çirkablardan uzaq bir ev. O evin divarları, tavanı, damı, döşəməsi, pəncərələri, qapısı- hamısı səmimiyyət elçisidir. O evdə pəncərələr hər gün silinər. Ki bayırdakı bütün pisliklər daha təmiz görünsün. 

O evdə hamı doğmadı, o evdə hamı yaxındı, o evdə bütün sevinclər ortaqdı, o evdə bütün gülüşlər içdəndi. O evdə axan göz yaşları bütünlüklə gülüşdə boğular, o evdə ağlayan hər kəsin saçına bir doğma sığalı çəkilər, bir doğma nəfəsi isidər boynunu-boğazını.

Uzaqlarda, lap uzaqlarda bir ev var. Hansıki yağışlar da tez-tez yağar oralara, yağışın qoxusu da bir başqa olar o evdə. Yağış özü ilə elə bir sevinc gətirər ki... Hər kəsin üzünə əbədi gülüş çökər, yuyar o gülüşü yağış damlası, hər dəfə yeniləyər o gülüşü. Orada yağışdan heç kəsin cırıq ayaqqabısı islanmaz, orada heç kəs dəyişik köynəyi olmadığı üçün xəstələnməz. Orada yağış ancaq xoşbəxtlik yağdırar hər yerə...

Uzaqlarda, lap uzaqlarda bir ev var. Bütün ayrılıqlardan uzaq bir ev. Sevənlərin heç dalaşmadığı, heç küsülüşmədiyi, ataların övlad yanında utanmadığı, övladların atalarını utandırmadığı, sevginin, hörmətin, qayğının, insanın, insanlığın rahatlıq tapdığı evdir o ev.

Orada atalar evə həmişə əli dolu gələr, orada uşaqlar atalarının yolunu illərlə, həsrətlə gözləməz. Orada ana qayğısı ilə böyüyər uşaqlar, orada abır-həya beşikdən hopar qızların canına, qanına. Orada ər qadınına xəyanət etməz, orada uşaqlar yanıqlı- yanıqlı ağlamaz, ata-ana basar bağrına övladını. Orada ən kasıb süfrə belə ən ləzzətli damaqla yeyilər, oradakı bütün sabahlar Şükürlə açılar, hər kəs Şükürlə gedər yuxuya. Orada yuxular da vicdanlıdı, arzular da. Əlçatmayan heç nə duaya sığdırılmaz, çarəsiz buraxmazlar Tanrını. Bir sözlə, hamı vicdanlıdı o evdə.

Uzaqlarda, lap uzaqlarda bir ev var. Zibil tullantılarının da çiçək qoxuduğu, pişik balalarının yağışın altında büzüşüb islanmadığı, itlərin ac-susuz gün altında buraxılmadığı, ən ağır işlərin belə bir gülüşlə yaddan çıxdığı evdir həmin o ev. 

Orada darıxmaq da gözəldir, ən az sevilmək qədər gözəl. Bu gözəllik bütün darıxmaqların sonunda sevgi və qayğı dolu bir barış olduğu üçündür. 

Uzaqlarda, lap uzaqlarda bir ev var...