Vaqif İbrahimoğlu “YUĞ”un gələcəyi haqda nə demişdi?

Vaqif İbrahimoğlu “YUĞ”un gələcəyi haqda nə demişdi?



Azərbaycan Dövlət "YUĞ” teatrının binasının söküləcəyi haqqında media orqanları və sosial şəbəkələrdə xeyli yazılar yazılır. Məsələnin başqa tərəfi "YUĞ”un tam fərqli bir düşüncə, ruh halı ilə mövcudluğu və bunun yerləşdiyi məkana da təsiridir. "YUĞ”çular özü demiş, "YUĞ” nə teatrdı, nə binadı, sadəcə olaraq bir ruh halıdı, bir yaşam tərzidir. Böyük rejissor Vaqif İbrahimoğlu ruhunun maddiləşmiş formasıdır. 1989-cu ildə böyük çətinliklər hesabına yaratdığı teatrın poetikasını müəyyənləşdirən və onu ruhun hikməti səviyyəsinə qaldıran Vaqif İbrahimoğlu uzaqgörən  bir şəxs idi. Hələ ölümündən əvvəl teatrın nə zamanda üzləşəcəyi problemlər barəsində "qeybdən dürlü xəbərlər söylərdi”. 

Vaqif İbrahimoğlunun xatirəsinə həsr olunan "Ağın qardaşı” filmində rejissorun arxiv səs yazılarından da istifadə olunur. O səs yazılarının birində V.İbrahimoğlu əsasını qoyduğu "YUĞ”un poetikası və gələcək taleyindən danışıb.

Həmin arxiv materialını təqdim edirik:

YUĞ-un poetikası

"Tərtib etdiyimiz poetikanı psixosof poetikası adlandırırıq. Psixosofiya- yəni, ruhun hikmətləri. "Düşüncənin hikməti” demirəm, çünki düşüncəmiz bizi aldadır. 10 il bundan qabaq nəyi düşünmüsənsə indi eyni düşünmürsən. Terminə diqqətlə baxsaq burada teosofiyanı yəni –ilahi hikmətləri də görə bilərik. Teosoflar Allahın sirləri öyrənmək istəyirlər. Füzuli deyir ki, "əndişeyi zat qılmaq olmaz. Bilmək yetər ki, bilmək olmaz”. YUĞ-un başlıca məqsədi tamaşaçının yarım saat, 40 dəqiqə, bir saat  və sairə davam edən tamaşa müddətində öz ruhu ilə təmas yaratmasına kömək etməkdi. Təsəvvür elə ki, sən sənət nədir, tamaşa nədir bilmirsən. Amma bizdən biri olursan. Necə ki, axar çaya, bulağa saatlarla baxırsan. Amma baxandan sonra soruşsaq ki, sən ordan nə əxz etdin, hansı düsturu çıxardın, buna cavab vermək çətin olacaq. Amma eyni zamanda ruhunla tamaşa müddətində  sənə bu məqamda lazım olan bütün mətləbləri, bilgiləri intuitiv olaraq qəbul edirsən. 

Məsələlər var ki, onların haqqında düşünməliyik. Düşünürk ki, onları sabah, ya biri gün həll edək. Amma məsələlər də var ki, onlar əbədi və əzəlidir. Bu məsələlərlə məşğul olduqca, düşündükcə sən insan olursan. Odur ki, məsələlər var ki, onu mən də, sən də, o da həll etməlidir”.

"YUĞ”un gələcəyi

"Heç kim heç kimə hamar bir yol vədə edə bilmir. Yollar enişli-yoxuşludur. Əgər biz istəyiriksə evimiz ünvanımız teatrımız həm özünü realizə etsin, həm milli köklərin üstündən qopmasın, həm dünyada baş verən proseslərə qoşulsun, onda əski vaxtlardan fərqli olaraq gənclərə özlərini daha çox sınamağa, təsdiqləməyə, yıxılıb başını qolunu əzsə də də yenidən qalxmağa şərait yaratmalıyıq. Bu şərtdi. 

"YUĞ”-u dövr yaratdı. Dövrə "YUĞ" lazım olmasa heç bir vasitələrlə, tədbirlərlə onu ayaq üstə canlı bir orqanizm kimi saxlamaq mümkün deyil. Hələ ki, canlılıq göz dəyməsin, yaxşıdır. Amma həm də  bədii yaradıcılıq baxımından həll olunmamış bir çox poblemlər var. Amma gənclər də var. Mən irəliyə baxanda YUĞ-un gələcəyini görürəm. Necə olacaq, bunu artıq dediyim gənclər həll edəcək”.

//moderator.az