Vera Pavlova. Ərə getmək... (Şeir silsiləsi)

Vera Pavlova. Ərə getmək... (Şeir silsiləsi)

Vera Pavlova — müasir rus poeziyasının tanınmış nümayəndələrindən biri, incə lirizmi, qadın təcrübəsinin dərin psixoloji ifadəsi və ironik poetik dili ilə seçilir. O, 1963-cü ildə Moskvada anadan olub. Musiqi təhsili alıb, bəstəkar və musiqi nəzəriyyəçisi kimi də fəaliyyət göstərib. Sonradan ədəbiyyata yönələn Pavlova XX əsrin sonlarından etibarən Rusiya və beynəlxalq ədəbi çevrələrdə tanınıb.

Onun şeirləri tez-tez qadının daxili dünyası, sevgi, bədən, analıq və ölüm mövzularını özündə əks etdirir. Sadə, lakin emosional yüklü dilə malik olan bu şeirlər həm də gündəlik həyatın kiçik detallarında poetik məna axtarır.

Vera Pavlovanın əsərləri dünyanın bir çox dillərinə tərcümə olunub; xüsusilə ingilis, fransız və italyan dillərində geniş oxucu kütləsinə çatıb. O, həm də müasir dövrün feminist poetikası ilə səsləşən nadir rus şairələrdəndir. ABŞ və Rusiyada yaşamış, müxtəlif beynəlxalq festivallarda çıxış etmişdir.

Veranın şeirləri bir neçə dəfə Azərbaycan dilinə də tərcümə olunaraq, jurnal və qəzetlərdə dərc olunub.

"Ərə getmək" 

1
mən öz gözəlliklərim barədə rəy kitabıyam
mən ərə getmək təklifləri kitabıyam
mən kişilər və iqlim barədə şikayətlər kitabıyam
mən səhvlərlə dolu talelər kitabıyam

2
Cavanlıq necə də bacarıqlıdır —
hər şeyi qocaldır:
bir gündə ayaqqabını köhnəldir,
çorabı cırır geymədən,
əl yazısına qəhvə tökür,
anaya zəng etmir,
sevgilisinə ərə gedir.

3
nə vaxt iş(l)əmək istəmirsənsə-
dənizə getmək, 
boş kinoteatrda
biletə uyğun yerə oturmaq,
bazar gecəsi
trolleybusda gediş haqqı ödəmək,
sevgiliyə ərə getmək —
sənət sənət üçün.
 


4
Səmavi lakrofag*lar üçün
bayram ziyafəti:
üç arvad
sənin ölümünə ağlayacaq.
Ölümə ərə getmişəm — üçüncü dəfə.
Bilirəm: ölüm boşanmanı tanımır.
Mişa öldü. Mişa öldü. Mişa
öldü. Zərif danışan, quş ovçusu,
mən sənin keçmiş
arvadlarından biri idim.
Amma heç vaxt keçmiş dul olmur.

5
Mən? Heç nə, primusu təmir edirəm.
Ona görə də, Ey Vaiz, daş atma artıq.
Əgər biri əlli yaşında diş düzəltdirirsə,
altmış səkkizində ərə gedir,
yetmiş doqquzunda parkda
dovşanlara şirniyyat yedirir.
Köhnə, uşaq vaxtı öyrənilən dərs:
ən dadlını sona saxla —
qocalığı uşaqlığa bənzətmək üçün.

 
6
Söhbət dodaq boyasından və
bər-bəzəkdən getmir.
Qadın — elə bir insandır ki,
hər zaman ərə getmək istəyir,
sanki fırtınalarda sakitlik var.
Və bundan qaçmaq mümkün deyil.
Hətta səninlə evlənsəm də,
yenə sənə ərə getmək istəyəcəm.

7
Mən gəlinlik paltarında 
doğulmuşam—
məhz o paltarda
ərə getmişdim
dördüncü dəfə

8
Kitab dizaynı, son iki vərəq,
başqa işlər — mənlik deyil.
Kitab çıxır — elə bil qız ərə gedir
axmağın birinə

9
Məni sevənlər
ikiqat çox idi
sevgililərdən,
onlar isə ikiqat çox idi
ərə getməyi təklif edənlərdən,
onlar isə ikiqat çox idi
ər olanlardan,
onlar isə ikiqat çox idi
uşaqlarlardan.
Uşaqlarsa — cəmi ikidir.
Daha olmayacaq.
Artıq gerçəyə çevrilməyəcək
sənə oğul doğmaq arzusu,
ey yeganə sevgilim.

10
Çıxdı üzüm axtarmağa 
üzük aldı amma 
xəyali Terentyev Kolka-
kədərdən xali cəngavər.
Ərə getmək? Olsun. 
Amma axmaqlar, şorgözlər, 
yalançılar və talançılar krallığında 
qızlarımıza 
hardan tapaq ağıllı oğlan?
Onların arzusudursa yalnız
ağatlı oğlan?

11
gündə bir dəfə
sevişmək,
həftədə bir dəfə
orkideyə su vermək,
ayda bir dəfə
kirayə ödəmək,
ildə bir dəfə
qəbir ziyarət etmək,
hər dəfə bir dəfə
ərə getmək,
ömürlük bir dəfə
dost olmaq,
həyatda bir dəfə
ölüb dirilmək —
və heç nədən
heç vaxt
peşman olmamaq.

12
Sol əl — zərif,
sağ əl — zəhmətkeş.
Sağda — bez və qələm,
bıçaq və bayraq dirəyi.
Ərə? Ancaq Ştoltsa!**
Xoşbəxtlik sağ əllə yaranır, yaşayır.
Sol əl isə barmağında üzük
və biləyində qırmızı lent daşıyır.
 


13
Toy süfrəsinin cah-calalı.
Acı mı? Acı. Şirin mi? Şirin.
Qızını ərə verdi —
tam, son damlasına qədər.
Pıçıltı ilə dedi: "Axır ki!”
Paltarının qırışlarını düzəltdi.
Qaçdı nikaha —
dönüb baxmadan, dönüb baxmadan...

*Lakrofag - başqalarının acısından bəslənən varlıq

**Andrey Ştolts İvan Qonçarovun "Oblomov" adlı məşhur romanının qəhrəmanıdır. O, fəal, məqsədli, çalışqan, rasional və qərb tipli mütərəqqi fikirlərə malik insandır. Müəllif onu "tənbəl, passiv, həyat eşqi sönmüş" Oblomovla ziddiyyət təşkil edən ideal kişi modeli kimi təqdim edir. Ştolts həmçinin İlyanın (Oblomovun) yaxın dostudur və roman boyu onu ayıltmağa, həyata qaytarmağa çalışır.

Çeviri və izahlar: Z.Rəhimov