Yaşar Bünyad. Atamın ayaqları (HEKAYƏ)

Yaşar Bünyad. Atamın ayaqları (HEKAYƏ)

"Tapp..!”

Yuxu aparıbmış, küt səsə diksindim.Əvvəl elə bildim yer tərpəndi,  damın köhnə dirəkləri uçub yerə töküldü. Onsuz da amanabənd  evimiz cüzi yer silkələnməsinə tab gətirməzdi. "Bir gün uçub başımıza töküləcək!”- deyirdi anam. Köhnə idi, təmirsiz. Müharibə başlamasaydı, atam əl gəzdirib abıra salacaqdı.  Belə getsə abıra salınası heç nə qalmayacaq. Yaxşı ki sənədləri qaydasındaydı, yoxsa bank girovla  kreditverməzdi.Buna da şükür...

Durdum,  kəllə otağa yüyürüb işığı yandırdım. Şükür, dam uçmamışdı.  Amma atam yerində yox idi. Ürəyim əsdi. Boş çarpayıya yaxınlaşmağa cəsarət etmədim. "Ata.. ay ata... har-da-san?” -  pıçıldaya bildim. Səsim elə eybəcər çıxdı ki,lap  özüm iyrəndim. Bilmirəm belə vəziyyətdə niyə vahimələnirəm. Anam hər dəfə gecə növbəsinə gedəndə: "Ayıq yat, qulağın otaqda olsun”- deyib bərk-bərk tapşırmağından gözümün yuxusunu qovurdum. Yatağanam. Neçə dəfə demişəm ki,nolar,ana evdə olmayanda  qoy böyründə  uzanım, bir şey istəyəndə, dümsüklə, duracam,  razı olmayıb. 

Döşəməyə sərələnmiş yorğanın altından başını qaldırdı. Bir xeyli gözlərimin içinə baxdı. Heç nə olmayıbmış kimi çarpayının kənarına dirsəklənib dartındı, altdan-altdan, fağır-fağır  üzümə baxdı. Gözlərindəki kədəri gizlətməyə çalışırdı. O belə baxanda az qala bütün dünyanı lənətləmək, qurban olum, elə baxma, demək istəyirdim! "Səni zəlil qoyanın evi yıxılsın!..Dava qızışdıran,  görüm,  əziz balan qabağına döşənsin! Heç ağ gün görməyəsən!” –Anam hər dəfə bu ağır qarğışları yağdıranda anlamaq olmurdu kiminlədi,hər dəfə  üzünü naməlum istiqamətlərə tutub ağızdolusu qarğıyır, deyinir, bir də boğazını qəhər boğanda  hönkürüb sakitləşirdi.Sakitləşirdi ona görə ki, sözü nəm havaya qarışıbdörd divar arasında qalır,çölə ayaq açmırdı, onsuz da qarğış sahibinə çatmırdı -  kar olmuşdu...

- Qorxma,-dedi.

Əvvəlcə büzüşmüş döşəkağını sahmanladım, yorğanı yerdən yığışdırıb çarpayının üstünə atdım.

 - Qorxmuram ki, -deyib ona yaxınlaşdım.- Sən... sən  burdasan...

 İndi gördüm, alnı döşəməyəmi, dolabın tininəmi dəyib, azca göyərib  şişmişdi. "Bircə bu çatmırdı.”  Elə istəyirdim ki, beş-on yaş böyük olam, belinə girib qucaqlayam, göz qırpımında qaldırıb çarpayısına qoyam! Əllərimi uzadanda gücüm çatmayacağını duyub qollarını boynuma doladı,  mənə sarı dartındı, ya Allah deyib var gücümlə onu yuxarı qaldıra bildim. Ağırdı.Boğuq səslə ufuldadı. İlahi,  ikimizdə bir boydayıq ki?! Çarpayıya uzatdım, başını yastığa söykəyəndə ah çəkdi...Onu  özüm kimi  balaca, aciz və köməksiz görmək istəmirdim. "Əvvəllər  daha məğrur, cəsur görünərdi!”Gözlərim doldu. Fikirləşdim, görəsən neçə il yaşamalıyam ki,onun itirdiyi  ayaqları boyda böyüyəm...

Hamama cumdum, təmiz dəsmal isladıb  otağa qayıtdım, alnındakı şişin üstünə qoyub:"İndi keçər,”-dedim. Məmnun göründü.Nəsə demək istədi, amma susdu.Əvvəldən çox danışan deyil atam.

- İncidir?
Başını tərpətdi, "hə”. Mən alnını soruşuram, o isə sağ əliylə ayaqlarının kəsilmiş yerini ovuşdura-ovuşdura  deyir:
- Sızıldayır...

İki il keçib əməliyyatından, amma ayaqsız olduğuna öyrəşə bilmir. Mən də.Kim öyrəşər ki? Ayaqla doğulasan, otuz  yeddi il üstündə yeriyəsən və bir gün...mərmi qəlpələri ayaqlarını parça-parça edə. Neçə döyüş yoldaşının tikəsi də ələ gəlməyibmiş. "Buna da şükür” deyirdi hamı.Təsəlliyə bax!..Həkimlər vaxtında ayaqlarınıdizqapağından iki barmaq aşağıdan kəsməsəydi, qanqrena olacaqmış, yəni çürüyəcəkmiş.  

Neçə ay  hospitalın yolunu ölçdük. Anam hara, mən də yanıyca. Qabağa düşən, dərdimizə yanan kimsəmiz yox idi. Yarası gec sağalırdı. İynə-dərman baha, pul çatmırdı. Bir yandan da qonşu dükanların nisyə dəftərinə ad yazdırmaqdan xəcalət çəkirdi anam. Həyətin bir küncünə qısılıb ağlamağı bir yana, nisyə aldığı ərzaqları evə gətirənə kimi ölüb-dirildiyini dəfələrlə görmüşəm. Küçədə dükançılarla üz-üzə gələndə  başını aşağı salıb ötürdü, elə bilirdi indicə salam verib borcu istəyəcəklər. Bəzi dükançılar, sağ olsun, atama görə hörmət edib pul götürmür, inşallah, sağalar, ayaqa durub işləyər, borclu qalmaz deyə ürək-dirək verir, bəziləri "dəftərə yazın” eşidəndə ağız büzürdü. Hiss edirdim ki, ağız büzənlərin də bizə yazığı  gəlir.  Bəzən düşünürdüm ki, yəni atam ancaq mənə, anama görə ayaqlarını itirib? Çoxlarına qismət olan firavanlıqdan  bizə ovuc içi boyda pay düşməmişdi.

Gecələr sübhə kimi  dözülməz ağrılardan ufuldayanda,  əlli-ayaqlı kişilərlə rastlaşmasın deyə küçəyə çıxmayanda, təbii ehtiyacını ödəmək üçün altına qab  qoyulanda,  çiməndə... necə əzab çəkdiyini görüb bu dünyaya necə nifrət etməyəsən? Görəsən bəla yanından ötən bəxtigətirənlər nədən özgələrə qarşı biganədirlər? Bəxt həmişə gətirmir axı?!

Yəqin ki, atam əlil olmasaydı qaçıb dünyanın o başına gedərdim. Hara olur olsun! Mənə elə gəlirdi ki, olmadığım, görmədiyim yerlərdə insanlar daha azad, daha xoşbəxt yaşayır...

Sən demə sevincin, kədərin də rəngi, dadı olurmuş! Onları  atamın üz cizgilərində görüb  tanımışam.Uşaqkən  boynuna mindirib otaqboyu fırladanda, yıxılmayım deyə gur saçlarından bərk-bərk tutanda istər-istəməz boynumu əyib onun üzünə baxar, dünyanın ən bəxtəvər atası olduğunu işıq kimi yanan gözlərindən, şaqraq gülüşlərindən, qollarımı sıxan güclü biləklərindən hiss edərdim. Onda atam xoşbəxt idi! Kədər sonralar gəldi və onu mən də tanıdım. Evimizə sevinc  yerinə kədər adlı sırtıq, üzlü qonaq gəlmişdi, getmək istəmirdi...

Arada başqa qonaqlarımız da gəlirdi; hündür ağ, qara "cip”lərdə. "Qızıl aypara”dan, hansısa partiyadan, bir dəfə də  televiziyadan gəlmişdilər. Atama dedilər ki, verilişin sponsoru,- tanınmış adamdı, -  sizin üçün ən müasir protez ayaqların alınmasına yardım edəcək.Son döyüşdən, dostlarından  danışdı atam. Rejissor  kövrəlmişdi, iki dəfə ürək dərmanı içdi. Aparıcı qız son sualını  verdi ki, əmi, inşallah, ilk dəfə ayaq üstə sərbəst dayananda nə etmək istərdiniz? Yəqin ürəyinizdən çox şeylər keçir?..Atam çox fikirləşmədi.Elə bil sualı çoxdan gözləyirmiş, cavab verdi: "Rəqs edəcəm!” Hamı heyrətlə gülümsədi, inşallah dedi. Anam, öz toyunda belə əl qaldırıb oynamayan atamın cavabına təəccüblənsə də,  arzusuna çatacağı günə qurbanlıq əhd elədi.
Televiziya işçiləri gedərkən bildirdi ki, həftəiçi vətənpərvərlik verilişində göstəriləcək, mütləq baxın.

Heç yadımdan çıxmaz, səhərdən axşamacan, düz iki həftə televizorun qənşərindən qopmadıq. Verilişlərin heç birindən vətənpərvərlik iyi gəlmirdi. Anam dedi,bəlkə, kanalı səhv salırıq.Allah bilir, göstəriblər, ötürmüşük...Boyat xəbərlər, təkrar-təkrar hava proqnozu, müğənnilərin qayğısız, dəbdəbəli həyatı, yeyib-içmək məclisləri, şit-şit əyləncələrdən, seriallardan  savayı heç zad göstərilməyən həmən kanal atamı yaman məyus etmişdi. Onu  göstərmədiklərinə görə yox ha, o boyda kanalın dərdimizə, problemlərimizə beş-on dəqiqə yer ayırmadığına görə. Neçə gün dinib-danışmadı. "Tfuu!... Balaca gədə (rejissoru deyirdi) necə şeyinə doladı bizi?!” deyib, anama tapşırdı ki, televizoru otaqdan çıxartsın.Və o vaxtdan  biz televizordan "küsdük”. 
Atam daha davadan söhbət açmadı...

Evimizi girov qoyub kredit götürəndən sonra borcların çox hissəsini ödədik.Anam bir qucaq sənəd toplayıb atamın pensiyasını düzəltdirdi. "Qan puludu bu, qan pulu!” –anam hər dəfə pensiyanı  alanda  belə deyir, əlləri titrəyə-titrəyə  pulu  atamın ovucuna basır, sanki baxışlarıyla deyirdi: "Olmayan ayaqlarına baxa-baxa bu pula alınan çörəyi necə yeyə bilərəm? İrinə-qana dönər ki?!” Neçə dəfə görmüşəm, ataminadla pulları geri itələyib,səsi titrəyə-titrəyə, borcları vaxtında qaytar ki,  qapıma o-bu gəlməsin deyirdi...

Bərpa mərkəzində ələngə bir əlil arabası vermişdilər. Allah bilir neçənci ildən qalmaydı. "Bundan Xruşşovun iyi gəlir ki.”-demişdi anam. Kim olduğunu bilməsəm də,başa düşmüşdüm ki, yaxşı adam olmayıb Xruşşov...Bayır-bacağa çıxmağa yararlı olmasa da, küçənin tininəcən apara bilirdim, əsasən də camaatın əl-ayağının çöldən  kəsilən vaxtlarda. Atam, dizdən aşağı içi boş şalvarının balağını külək yelləyəndə əlləriylə elə tuturdu ki,  kənardan baxan yad baxışlar onun ayaqsız olduğunu  bilməsin... Bilinirdi...

Doqquz aydı  protez  ayaqları gözləyirik. Oğlu kantujenni  qonşumuz Ağasadıq əmi "pul verməsən, ayağları gözləmə, nemesdər dəqiq millətdi,söz versəydilər, çoxdan göndərərdilər” deyib anamın başını doldururdu. "Zalım uşağı, öyrəşib, medsestrasından qlavvraçınacan xəstə, özü də ağır xəstə görəndə,  elə bil çiçəkləri çırtlayır, əllərinin içi  qaşınır. Oğluma görə maşınımı satmasaydım dəlixanalıq edəcəkdilər uşağı. Allahımız haqqı, düz deyirəm, yiyəsi olmayan xəstənin vay halına! Əşi, qapıçısı da rüşvət alır ee!..”- Bunu da o deyirdi. Çoxu danışırdı ki, Ağasadıq əmi həyatda pisdən başqa heç nəyi görmür. Bəlkə görmək istəmir.Amma anam başıyla onun sözlərini təsdiq edəndə anlayırdım, deməli, pis yaxşıları üstələyib ki, gözə girir...

Deyəsən Ağasadıq əminin proqnozu düz çıxmadı. Mərkəzdən anama zəng eləmişdilər ki, iki günə protezlər gəlir. Anam elə sevinirdi, sanki, şəhərin mərkəzində beş otaqlı mənzilə order vermişdilər!...

- Ayaqyoluna istəyirdin, ata?-Qəfil soruşdum.Dinmədi.Baxışlarını gizlətməyə çalışırdı. Əlacsızlığından,  möhtac olduğundan darıxırdı, sıxılırdı məncə. Əlbəttə, arabaya mindirib ayaqyoluna apara bilərdim. Bəs sonra? Sonrasını anam yaxşı bilirdi. Birdən  çarpayının altına qoyduğu qab yadıma düşdü. Yəqin onu qaldıranda yıxılıbmış. Əyilib götürdüm.
- Niyə çağırmırdın? - Cavab vermədi. Məcburi, könülsüz gülümsədi. Bir böyrü üstə çevrilib şalvarının zəncirbəndini açanda  başıyla işarə elədi ki, üzünü çevir. Utanırdı. Qabı özünəsarı çəkəndə  uzaqlaşdım.Çox çəkmədi ki, isti sidik iyi otağa yayıldı...

On dəqiqə qapı dalında gözlədim; qoy rahatlansın."Bircə anam tez gələydi!”

İstəklərini anamdan yaxşı kim bilərdiki? Evdə olanda atamı uşaq kimi qucağına alıb divanın bir küncündə oturdar, özü də böyrünə qısılıb dərdləşərdilər. Belə vaxtlarda otaqdan çıxardım; qoy xısınlaşsınlar.Neçə dəfə hiss etmişəm ki, onu stula, ya da divana əyləşdirəndə atam anamın belinə sarılaraq pıçıldayıb: "Nolar, heç yana getmə, yanımda qal.” Gecə növbəsinə hazırlaşanda da, "bəlkə getməyəsən?” -deyirdi. Bunu başqa yerə yozur, onları birlikdə buraxıb bir bəhanəylə evdən çıxır, məhəllədə veyillənirdim.Sonralar başa düşdüm ki, hər dəfə anam işə gedəndə atam qorxurmuş. Onu atacağından, bir daha geri dönməyəcəyindən qorxurmuş. Tənha qalmaqdan, küçələrdə insanların gur yerində kəsik ayaqlarını nümayiş etdirə-etdirə dilənməkdən qorxurmuş. 
Bilirdim ki, onun  gecə növbəsində işləməsiatamı çox darıxdırır.Yuxusu gözündən tökülsə də yatmırdı, anam  evə qayıdanacan rahatlanmırdı.O qapıdan girəndəqonur gözləri parıldayırdı. Dava başlayana qədər  işləməsinə razı olmamışdı. Ev-eşiyə, uşağa, özünə bax, bəsdi, hələ ölməmişəm,deyərdi. İndi də ölməmişdi atam, ancaq anam işləyirdi; gündüzlər varlıların evində sil-süpürdə, gecələr də çörək sexində.Gecə növbəsində ikiqat pul verirlər, deyirdi, dörd  çörək də əlavə.Çörəyin üçünü  qonşu Zəhra xalaya satırdı, biri qalırdıbizə.

Bir-iki həftə qabaq atam,  işlədiyi məmur evindəki şəraitdən ağızdolusu danışan anama söz vermişdi ki, inşallah, nemesski ayaqlarım çatsın  əlimə, əfəl deyiləm, işləyəcəm, qəşəng  kuxna mebeli, paltaryuyan, lap qabyuyan da alacam sənə. Anam:
- Təki sən ayağa dur, yeri, mən paltarı əlimlə də yuyaram, ölmərəm,-demişdi. Bu, atama ləzzət eləmiş, yanına çağırıb  anamın əllərindən öpmüşdü...

...İçəri keçib qabı götürdüm, aparıb ayaqyoluna boşaltdım, su şırnağında yaxalayıb otağa qayıtdım. İcazə istəyib yanında uzandım. Duyğulu idi. Divardan asılmış toy şəklinə baxıb  qüssələnirdi.Yəqin ötən xoş günlərinə qonaq düşmüşdü.Gah ona, gah da  şəkilə nəzər yetirdim. Mənə elə gəldi ki, şəkildəki atam daha xoşbəxt görünürdü.

- Anan gec gələr, -dedi,-hələ saat ikidi.
- Nəsə istəyirsən?- Soruşdum.
- Hə,-cavab verdi,- bir az yuxulayaq... Həyacanlıyam, sabah ayaqlarımla görüşəcəm axı.
Dodağı qaçdı. Alnından öpüb çarpayıdan sıçradım, üstünə yorğanı atıb otağıma keçdim. Yerimdə uzanıb atamın  sabahdan  ömrünün sonunacan doğma sanacağı protez ayaqları barədə  düşünürdüm. "Görəsən öz ayaqları  kimi görünəcək?”

Qulağıma səs gəldi. Deyəsən onun çarpayısı həzin-həzin cırıldayırdı. Adətən anam evdə olanda bu cür səslər  gələrdi... Maraq məni yuxumdan ayırdı. Qalxıb barmaqlarımın ucunda yataq otağının yarıaçıq qapısına yaxınlaşdım. Çarpayı həqiqətən asta-asta cırıldayırdı; onun ayaqları yorğanın altında  gah sağa, gah sola hərəkət edirdi. Əgər yuxusunda mərmilər vıyıldasaydı, minalar partlasaydı belə rahat olmaz, qışqırıb ayılardı. Neçə dəfə tərin-qanın içində oyanıb qışqırdığını, saatlarla özünə gəlmədiyini görmüşdüm axı. 

Xeyli  gözlədim. Hələ də ayaqları hərəkətdəydi.Mənə elə gəldi ki, o yatmayıb, yata bilmir, guman ki,həyatını həmişəlik dəyişəcək sabahına "xoş gördük” demək üçün  hansısa həzin melodiyanın ritminə uyğun  rəqsini məşq edirdi. Bəlkə də yuxudaydı və yuxusunda uşaq idi; başının üstündə ulduzlar sayrışır, sevinə-sevinə  ağappaq  buludların üzəriylə asta-asta atılıb-düşür, seçdiyi nəğməsinin ritminə düşmək istəyirdi, ayaqları da özününküydü... 

Atam yuxusunda xoşbəxt idi.

Onu öz dünyasıyla baş-başa buraxıb yerimə girəndə fikirləşdim, görəsən, atamın oynamaq istədiyi sevimli melodiyası hansıdı?