Zahir Əzəmət. Şərif Ağayarın romanı haqqında
Tənqid
- 08.08.2011
- 0 Şərh
- 1126 Baxış
İyulun son günlərində Şərif Ağayarın "Haramı" romanı işıq üzü gördü. Kitab çıxar-çıxmaz bir çox yazar dostumuz roman haqqında xoş sözlərlə dolu yazılar yazdılar.
İşin və istinin bol olduğu bu günlərdə mən də həftəsonuna salıb, kitabı birnəfəsə oxudum. Dolğun təəssüratla ayrıldığım kitab haqqında fikirlərimi oxucularla paylaşmalıyam, deyə düşündüm.
"Haramı" romanının qəhrəmanı Səməndərdir. Ona "Qoç Səməndər" də deyirlər. Laçın işğal olunandan sonra ailəsi ilə birlikdə Ağcabədinin Haramı düzünə sığınır.
VACİB HAŞİYƏ
Şərqli, Qərbli dünya ədəbiyyatının bütün böyük əsərlərində bir labirint anlayışı var. Qəhrəmanlar simvolizə edilmiş labirintdən keçirilir və bu labirintdən necə çıxacağı sualına cavab axtarılır. Labirintin Qərb variantı meşədir, şəhərdir, qapalı məkandır. Burada insanın həqiqətə çatmasına mane olan, gözlə görünən sonsuz əngəllər (maddi dünya) var. Kafkada bu labirint Qəsrdir, Kamyuda tauna yoluxan və buna görə də qapanmış şəhərdir, Folknerdə bütün yaradıcılığı boyu hissə-hissə təsvir edib tamamladığı bütün bir şəhərdir. Orxan Pamukda qarla örtülü və bütün yolları bağlanaraq, ətraf aləmə qapanmış Qars şəhəridir. Siyahını uzatmaq da olar.
Labirintin Şərq variantı isə səhradır, çöldür, ucsuz-bucaqsız düzəngahdır. İlahi kitablarda peyğəmbərlərin səhradan keçməsi təsadüfi deyil. İsa Peyğəmbər kürəyində çarmıx səhraya gedir. "Bibliya"da məhz bu məqamda Allah İsa peyğəmbərə deyir: "Mən səhrada olduğu qədər sənə heç yerdə yaxın deyiləm". Çünki səhrada insanla həqiqət (Allah) arasında gözlə görünəcək heç bir əngəl (maddi dünya) yoxdur. Musa Peyğəmbər xalqını götürüb 40 il səhranı dolaşır. Məhəmməd Peyğəmbər ilahi mərtəbəyə yüksəlməzdən əvvəl neçə müddət ticarət karvanıyla səhranı keçir. Məhəmməd Füzuli, Nizami Gəncəvi Məcnunu səhraya göndərir, Qurban Səid "Əli və Nino"da meşə adamı (Nino) ilə səhra adamını (Əli) qovuşdurmağa çalışır (Şərq-Qərb dialoqu?), amma əldə etdiyi faciə olur.
Orxan Pamuk da "Qar" romanında labirintin Şərq və Qərb modellərini eyniləşdirməyə çalışır. Təbii fəlakət nəticəsində "Qars" 3 günlük ətraf aləmdən təcrid olunur. Qapalı şəhər Qərb modelidir. Amma yağan qar bu şəhərdə hər şeyin səthini örtür və bərabərləşdirir- bu da sənə səhra modeli. Müəllif həqiqət axtarışı üçün qapalı məkana - labirintə öncə bir şairi göndərir. Şeir Şərqin simvoludur. KA adlandırdığı (Kərim Alakuşoğlu) şair həqiqəti kəşf etsə də onu "sahilə" çıxara bilmir. Onun tapdığı həqiqət qar kimi Qarsın hər qarışına hopur, əriyir. Sonra müəllif bura romançını- özünü göndərir. Roman Qərbin simvoludur. Romançı Ka-nın tapdığı həqiqəti bərpa edib, sənədləşdirir və roman kimi qarşımıza qoyur. Şərq-Qərb dialoquna Orxanın yeni yozumuydu bu: Həqiqətin ruhuna varmaq üçün öncə Şərq yola düşməlidir, amma o, qar kimi əriməyə məhkumdur, Qərb ən sonda gedib Şərqin mahiyyətinə vardığı həqiqəti əldə edib, realizə etməlidir.
Bir çox Qərb yazıçıları da yaradıcılıqlarında labirintin Şərq modelinə üstünlük veriblər. Məsələn, Heminqueyin "Qoca və Dəniz" romanında məkan olaraq, dənizi seçir. Dəniz səhranın simvolizə edilmiş variantıdır. Dənizdə səhra kimi ucsuz-bucaqsızdır, burada insanla həqiqət arasında maddi dünya dayanmır.
Cek London da "Həyat eşqi" romanında qarla örtülü çölü - səhranı model seçir. İstər Heminqueyin, istərsə də Cek Londonun qəhrəmanı axtardıqlarını tapsalar da, onu "sahilə" çıxara bilmirlər.
Şərq ədəbiyyatında səhradan-labirintdən keçən qəhrəman adətən müdrikləşir, ilahi həqiqətə qovuşur. Qərb ədəbiyyatında isə həmişə belə olmur. Çünki Allahın olduğu yerdə Şeytan da var. Bir çox hallarda labirintdə sınaqdan keçə bilməyən qəhrəman Şərə qovuşur.
Haşiyənin sonu.
Şərif Ağayarın Haramı düzü artıq öz adıyla bizə bəribaşdan işarə verir. Burada Şərin - Haramın izi ola bilər.
Laçın dağlarından haramı düzünə sığınan igid, kobud, heç bir qanuna, qaydaya boyun əyməyən, qorxunun-hürkünün nə demək olduğunu bilməyən Qoç Səməndərin taleyi sanki öncədən bəllidir. Əsərin qəhrəmanının Səməndər adlandırılması da bizə artıq ikinci işarəni verir: O bir Səməndər quşudur, özü-özünü məhv edəcək, özünü yandırıb kül olacaq... amma öz külündən doğula biləcəkmi?
Səməndər obrazını necə xarakterizə etmək olar? O, təzadlı şəxsiyyətdir, haradasa onu Cahandar ağanın deqradasiyaya uğramış versiyası da adlandırmaq olar. Onda Cahandar ağanın ağayanalığı yoxdur, kobuddur, söyüşlə danışır, hətta anası və arvadıyla da çox kobud davranır. Amma eyni zamanda mərddir, cəsarətlidir, qorxmazdır. Bu ipə-sapa yatmayan yekəpər sanki Orta Əsrlərdən atlanaraq, gəlib XXI əsrə düşüb.
XXI əsr onu qəbul edəcəkmi?
Əsərdə bu sualın cavabı sayıla biləcək iki paralel qat var: 1. Əgər Koroğlunun o zamankı igidliklərini bügünki Cinayət Məcəlləsi ilə mühakimə etsək, ortaya hansı mənzərə çıxar? 2. Təbiiliyi, səmimiliyi, kobudluğu və cəsarəti bir arada tutan belə qərəmanların yeri uzaqbaşı kinodur. Nümunə də var- əsərdə bir an görünüb-itən Rəcəb Evedikt.
Əsərin daha bir açarı isə yunan mifologiyasına gedib çıxır. Müəllif usta oxucu üçün burada da açıq qapı qoyur.
Romanın strukturu da maraqlıdır. əsərdə xronoloji ardıcıllıq bilərəkdən pozulub. Bu yanaşma Haramı düzünün - səhranın xaosuna uyğundur.
12 əhvalat, həm də 12 boydur. Qəhrəmanlıq dastanlarımızda olduğu kimi. Amma bu dəfə biz dastanlarımızın XXI əsrə çevrilmiş tərs üzünü - qaranlıq tərəfini oxuyuruq.
Söz gəlişi onu da qeyd edim ki, Şərifin ilk kitabı "Səhra məsnəvisi" adlanırdı. Şərqli şairin duaları idi bu. İkinci kitabı "Aftavalı antrakt" idi. Antrakt. Fasilə. Aftava Şərqin simvolu idi, Antrakt Qərbin. Fasilə bitdi, bu dəfə Şərif Ağayar Şərq labirintinə Qərb ruhu yükləyir. Səhradan keçib kamilləşməyən qəhrəman məhvə məhkumdur, deyir. Ya da demir, bunun bir çıxılmaz olduğunu göstərir.
Əsər haqqında çox yazmaq olar. Bu çaparaq yazıda bilərəkdən süjetlə bağlı detallara toxunmadım. Oxucu üçün də oxumağa nəsə qalsın deyə.
Zahir Əzəmət
ANN.Az