Ağalar Məmmədov. Belənçi Niyazi Mehdi – 60
FƏLSƏFƏ
- 26.02.2011
- 0 Şərh
- 7585 Baxış
Fəlsəfə sevgidir, ancaq yoldaşlıq, dostluq etmək sevgisi kimi. Başqa sözlə, qurtaracaqsız, varacaqsız sevgi. Məsələn, kişi-qadın sevgisində cürbəcür məqsədlər, umudlar, gözləyişlər olur, ola bilər. Bəs, yoldaşlıqda, dostluqda nə edəssən, hansı məqsədi güdəssən? Dostluq sevgisi yolunda iki dost hara gedir, gedə bilər? Əsl dostluqdursa, konkret heç hara. Fəlsəfə bax, bu sevgiyə çox bənzəyir. Yolun özü məqsəd olur. Son varsa, yol yoxdur, yol varsa, son yoxdur. "Filosofia” kimi fəlsəfə nakam "filos”dur, qovuşmayan sevgidir. Ona görə nakam yox ki, çatmaq istədiyi sona çatmır, ona görə ki, sonluğu yoxdur və sonsuzluq yolunda olduğunu bilir filosof. Filosofun filosofluğu necə sevilirsə, görünür, filosof da "sofia”nı – daha dərindən anlamağı, başqa cür başa düşməyi, ağlagəlməz sorğular soruşmağı belənçi sevir. Filosof fəlsəfəni özü ilə sevdirəndir həm də.
Biz azərbaycanlı kişilərin bir-birinə erossuz sevgisini bildirmə formalarından biri, məsələn, ona içki qonaqlığı vermək, hamının qarşısında onun şərəfinə tərifli sağlıq deməkdir. Bəs, bir filosofa öz sevgini necə bildirmək olar, görəsən? Qədim yunanların Sokrata yeməkli fəlsəfə qonaqlıqları (simpozion) düzəltməklərini xatırlayıram, Buddhaya qədim hindlilərin, Platona qədim yunanların malikanələr bağışlaması yadıma düşür. Bir sözlə, sadə şüurun filosofa olan biganəliyi və bəzən də düşmənçiliyi ilə yanaşı, əlaçıqlığı da var. Bəs, fəlsəfə yolçusu filosofa sevgisini necə bildirsin?
Universitetdə İoanna Kuçuradi, Fehmi Baykan, Harun Tepe, Ahmet İnam kimi çox sevdiyim hocalarım vardı. Onları dinləyəndə üzümdə fəxr, minnətdarlıq, sevinc qarışıq bir təbəssüm olardı. Mənə aydınlıq gətirdikləri, yeni üfüqlər, pəncərələr açdıqları üçün, ruhumu transmutasiya etdirdikləri üçün, məni sehrlədikləri üçün sevincimdən gülümsəyirdim hocalarıma. O anda borclu hiss edirdim özümü onlara, buna görə sevirdim bəlkə (bəlkə də sevgi elə özünü borclu saymaqdı). Bu təbəssüm mən Azərbaycana qayıtdıqdan sonra üzümü tərk etdi. Sağ olsun, Niyazi Mehdi sayəsində yenidən üzümə qayıtdı o təbəssümüm. Qırışları açan təbəssüm yarada bilir Niyazi Mehdi.
Niyazi Mehdi akademik "fəlsəfənin əraziləri”ndən (Delöz) qıraqda dayanıb "fəlsəfələyir”. Azərbaycan akademik fəlsəfəsinin necə bərbad halda olduğunu görə bilən adam Niyazi Mehdinin kimliyi və dəyərini daha aydın görə bilər. Xatırladım ki, XX yüz illikdə Qərb fəlsəfəsinin əraziləri Nitsşe, Kierkeqar, Foyerbax, Marks, Şopenhauer kimi başqa dillə, başqa interpretasiya texnikaları və metodları ilə işləyən, yeni mövzularda yeni suallarla düşünən qeyri-akademik filosofların fəlsəfələri sayəsində genişləndi və təzələndi. Professor Niyazi Mehdi özünü qısır akademizmə həsr etməyəcək dərəcədə ağıllı adamdır.
Mənim fəlsəfi zövqüm onunku ilə çox üst-üstə düşür. Çünki məncə, o da post-idealist, post-nitsşean filosoflar ailəsinə daxildir. Bu saat ölkəmizdə xalis metafizika ilə yalnız Niyazi Mehdi məşğul olur. Çox sevinirəm ki, Niyazi Mehdidə nə bu günkü dini konyukturaya qorxaq tabeçilik, nə də sadəlövh kriptoteologiya var. Onun fəlsəfəsi gurultulu deyil, gözəgirən deyil, qədim dini və milli avtoritetlərimizin arxasında, vahiməli səslənən, ancaq içində heç zad olmayan terminlərin dumanında gizlənməyib. Niyazi Mehdi şəxsiyyətində Uzaq Şərq mütəfəkkiri tipi var. Aqressiv deyil, rütbələri ilə öyünmür, özünü göyə dartmır və gözə dürtmür, əksinə, müdrikliyinə bir çimdik duz da qatır, özünə səmimiyətlə lağ edə bilir və s.
Niyazi Mehdi Azərbaycan kulturasının bəzən ən ayıb sayılan yerlərinə dalır, ancaq ordan yaraşıqlı; bəzən ən biliksizlərin və kütbeyinlərin at oynatdığı problemlərə toxunur, ancaq ordan heç kimi incitmədən; bəzən də indiyəcən heç düşünülməmiş məsələləri ilk dəfə qaldırır, ən dərin yerlərə cumur, ancaq ordan da lovğalanmadan çıxır. Belə ustalıqları çoxdur onun. Məncə, elə lap başdan estetiklik onun fəlsəfəsində immanentdir.
İndi son dərəcə kobudlaşmış, hər mənada qabalaşmış Azərbaycan mühitində nəzakətli duruşunu qoruyub saxlaya bilib Niyazi Mehdi. Halbuki, o, bu saat Azərbaycanda ən ağıllı və ən dərin iki-üç beyindən biridir. Bu isə onu asanlıqla kobud, eqoist, lovğa edə bilərdi.
Təsəvvür edin, Azərbaycanda haydeggerian üslubda fəlsəfələməyə başlayan ilk adam olmaq istəyirdim və düşünürdüm ki, Azərbaycan dilini heç vaxt fəlsəfi qulaqla eşitməyiblər, "dilin öz danışığına” (Haydegger) heç vaxt qulaq asmayıblar, əksinə, dili həmişə vasitə kimi işlədiblər. Ancaq baxıb gördüm ki, gecikmişəm, bu işi görməyə başlayan birisi artıq var – Niyazi Mehdi.
Qərbdə fəlsəfənin ənənəvi terminlərindən şüurlu imtina edən ilk filosof Nitsşe, Azərbaycanda Niyazi Mehdi olub. Bəziləri bəyənmir Niyazi Mehdinin dil yeniliklərini. Mən isə deyirəm: dilə etinasız yanaşan adamın fəlsəfədən heç xəbəri yoxdur. Halbuki, ən sadə publisistin də söz yaradıcılığını alqışlamaq gərəkdir. Başqalarından götürməyə gəldikdə, daha doğrusu, indiki halda Türkiyə türkcəsindən alınma sözlər hesabına dilimizin təmizlənəcəyini və zənginləşəcəyini mən də doğru saymıram. Təhsilini rus dilində almış olmasına baxmayaraq, Niyazi Mehdinin azərbaycanca "sözlərin pıçıltılarını eşidərək”, ayrı-ayrı sözlərin və ifadələrin içini oyub, oralara fəlsəfi mənalar dolduraraq, sözlərin çəkisini yeni fəlsəfi yüklə artırması əsl yenilikdir.
Bunu bir dəfə yazmışam, ikinci dəfə yazıram: özüm saymışam, Azərbaycan dilində vur-tut 12 fəlsəfə termini ana dilimizdədir. Bu, bütün fəlsəfə terminologiyasının təxminən 0,5 %-i deməkdir. "...tərkib hissəsini təşkil edir” kimi konqlomerat dillə yazanlar ana dilimizdə fəlsəfə yaratdıqlarını sanırlar və Niyazi Mehdinin dilini bəyənmirlər. Bunun bir çox səbəbi var: birincisi, onlarda dil duyumu yoxdur, çünki heç vaxt əslində fəlsəfi düşünməyiblər. İkinci, heç vaxt dərin fəlsəfə əsərləri oxumayıblar, oxusalar da onları azərbaycan dilində anlamayıblar. Üçüncü, XX yüzilliyin fəlsəfəsindən tamamilə xəbərsizdirlər. Dördüncüsü, Niyazi Mehdinin nə dediyini başa düşmürlər.
Niyazi Mehdinin "dilə qulaq tutan” fəlsəfəsinin öyrənilməsinə, kulturamız və insanımız haqqında kəskin müşahidəvi tapıntılarının araşdırılmasına gələcəkdə hələ çox baş sındırılacaq. Azərbaycan dilindən (dildə yox, dilindən!) ilk dəfə fəlsəfə qurmaq şərəfi Niyazi Mehdiyə aiddir.
Əziz Professor, Sizin fəlsəfə yolunuzu sizdən təxminən iki nəsil sonrakı fəlsəfə yolçusu kimi alqışlayıram. Qoy, bu təbrik Sizə gələcəyin alqışı kimi səslənsin!
Gələcəkdə yazacaqlar: "Çağdaş Azərbaycan fəlsəfəsi Niyazi Mehdidən başlanır”. Azərbaycan fəlsəfəsində hələ çox niyazimehdicə sabahlar açılacaq!