Ağalar Məmmədov. Portretlər

Ağalar Məmmədov. Portretlər

"Düşünülürəm, deməli, varam”
(Baaderli Frans, XIX əsr)


İndi dərs demədiyim universitetlərin birində, semestrin başlanğıcından bu yana neçə aydır ki, mənə qulaq asmayan tələbə qızlardan biri, bir gün mən sinfə girib, dərsə başlar-başlamaz, bəlkə də ilk dəfə üzümə baxıb, həyəcanla soruşdu (onun sual formasını və intonasiyasını olduğu kimi çatdırmaq istəyirəm): "Müəllim, sizi televizorda göstəriblər?!”

***

Mən "homo connectus”am (bağlanan insan). Məni düşünürlərsə varam. Sevilmək ona görə hamımızın xoşuna gəlir. Məni görürlərsə, varam. Görünməyim görülməyimdən asılıdır. "Var olmaq – qavranılmaqdır” (Berkli, XVII əsr). Varlığım başqasından asılıdır. Biz hamımız bir-birimizdən asılıyıq. Məndən orda-burda danışırlarsa varam. Haqqımda yazırlarsa, məndən sitat verirlərsə, adımı çəkirlərsə varam. SMS, e-mail, dürtmək, ismarıc və s. alıramsa varam. Televizorda göstərilirəmsə, varam. Yada düşürəmsə, varam.

Çünki özüm-özümlə və özüm-özümdə var deyiləm, ola bilmirəm. Təklikdə, təcriddə mən – yoxam! Var olmağım başqası üçün, başqası ilə var olmaqdır. Ona görə də əlaqələrimlə öyünürəm, telefonumun yaddaşındakı məşhur şəxslərin adları ilə, birgə şəkil çəkdirdiyim tanınmış insanlarla, onlarla şəxsi görüşlərim və xatirələrimlə. "Mənim çoxlu əlaqələrim var” – mən bu əlaqələrlə və bu əlaqələrdə varam. Sosial şəbəkələrdə dostlarının, fanatlarının sayını söylə, deyim kimsən. Əlaqələrim – gücümdür.

Unudulanda yox oluram. Başqası ilə var oluram. Başqası – allahımdır. Mən onu yada salmasam, mənə qənim ola bilər həmin o Başqası: unudaraq öldürər. Unudulmamaq üçün mən də unutmuram. Xatırlanması üçün o da məni unutmur. Beləcə, mehriban oluruq. Tək qalmaq qorxusundan yaxın dost oluruq. Özümü gündə beş dəfə Allahın da yadına salıram. Yaddaşlarda qalmaq arzusu qadın bətnini mayalamaq eşqi kimidi. "Tikdim ki, izim qala”.

Mən yaradıcı insanam. "Görkəmli yazıçı, tanınmış şair, məşhur filosof, populyar müğənni” və bu kimi psixoloji medallardan birini almaq istəyirəm. Mən "Tanınmış adam” adı almaq yolunda zəvvaram. Dövlətimizin "Şöhrət” ordeni var. Yəni məşhur olmağımı sənədləşdirə, rəsmiləşdirə də bilərəm.

"İt dəftərində adı olmamaq”, "Biləcəridən o yanda tanınmamaq” üz qaralığıdı, ayıbdı. İndi gör, Biləcəridən o yanda tanınan heç Biləcəridə də tanınmayandan nə qədər dəyərlidir. Dünya şöhrətlisənsə, dünyalara dəyərsən. Atalarımız da belə deyib: "Adını çıxart, sonra get, otur dəyirmanda”. Qeys də qorxdu, Leylini gizli eşqlə sevmədi, Məcnun kimi ad çıxarandan sonra səhralara üz tutdu.

Mən  öləndə də yasıma çoxunkundan çox adam gələcək. Bu da bir meyardır axı: Dəfnində iştirak edənlərin sayı və kimliyi sənin yaradıcılığının, əlaqələrinin ölçüsüdür.

Mən aliməm. Qanacaqsızlığa bax, nə olsun ki, siz fəlsəfə alimi, mən isə botanikəm; mən öz monoqrafiyamda fotosintez hadisəsini araşdırmışam. Siz gərək dialektik sintez mövzusunda məqalənizdə mənim monoqrafiyamı "İstifadə edilmiş ədəbiyyat” siyahısına daxil edəydiniz...

Mən qələm əhliyəm. Toy müğənnisinin konsert vermək adı ilə yenicə aldığı yaxası açılmamış paltarlarını səhnədə, bahalı maşınlarını efirdə nümayiş etdirməsi məni qıcıqlandırır, ancaq özüm yeni kitabımın "İmza günü”nü keçirirəm. Təsəllim və arqumentim budur ki, mənim məhsulumun mədəni (kultural) dəyəri ölçüyəgəlməz dərəcədə yüksəkdir şou müğənnisinkindən. Gözlərimizi döyənək edən canlı heykəllərə, heykəlləşmiş ölülərə, milli ikonalara, "siyasi modellər”ə nifrət edirəm,  onlardan birinin yerində mən olmadığıma görə.

Mən publisistəm. "Ən tanınmış olmaq yarışı”nda çempion olmaq üçün bütün tanınmışlar haqqında adbaad yazılar yazıram, onlarla şəxsən tanış olub, müsahibələr götürürəm ki, heç olmasa həmin adamların sayı qədər oxucum, tanışım, şöhrətim olsun. Dəli deyiləm ki, gedib, məsələn, Balaxanıda zibillikdə çörək axtaran uşaqları, gecəqondularda üşüyən adsızları danışdıram, onların fotosunu çəkəm. Özümü postmodern sayıram, ancaq "mərkəzi” şəxsiyyətlərə üz tuturam.

Mən turistəm. Hindistanda olanda avropalı turist Tac Mahalın şəklini fotoapparatının yaddaşına köçürdü. Mən bunu başa düşmədim. Mən arxamı Tac Mahala çevirib, fotoapparatımı elə bu avropalıya verib ona başa saldım ki, bizi – mənnən Tac Mahalı birlikdə çəksin. Yaşamaq, Tac Mahalla yaşamaq, Tac Mahala yapışıb yaşamaq istəyirəm. Qoy, Tac Mahal məni yaşatsın! Qoy, "övladda nəvə”m (var olmağın daha güclü qarantiyası!) necə bir babanın nəvəsi olması ilə öyünsün! Tac Mahalacan gedib çıxmış baba!

Mən televiziya əhliyəm. Bu yaxınlarda dostuma dedim: "Mən səhnəni sevirəm, tamaşaçı alqışı məni yaşadır”; "Mən aparıcılığı sevirəm, televiziya mənim həyatımdır”. O isə paxıllığından, görün, mənə nələr dedi: "Yanılırsan, sən heç nəyi sevmirsən, sadəcə var olmaq istəyirsən. Səni səhnədən də, aparıcılıqdan da daha qalıcı var edən başqa imkanların yaransa, dərhal o imkanların dalısınca gedəcəksən, səhnə ya da aparıcılıq işi heç yadına da düşməyəcək. Çünki sən özün yoxsan, özün özbaşına var ola bilmirsən. Alqışı və ekranı buna görə istəyirsən. Sən unudulan kimi öncə bədbəxt, sonra da məhv olacaqsan!”

Mən sadə vətəndaşam. Hamı kimi mən də televizora dürtülməyə can atıram, heç olmasa məşhur adamlarla şəkil çəkdirmək üçün sıyılıram. Bunun üçün mən efirdə hətta çiy qurbağa əti də yeyə bilərəm. Oğlu ADNA-dakı teraktın qurbanı olmuş ana Gəncədə adsız döngəyə oğlunun adının verilmədiyi üçün şikayətlənir. Mənim əmim də iki Dünya müharibəsinin qəhrəmanı olub. Görüm, mən də bir yol tapıb, onun adını küçələrdən birinə, ya da heç olmasa barelyefini düzəltdirib, yaşadığı evin divarına vurdura bilərəmmi? Heç olmasa rayonumuzda seçilmək üçün belə fürsəti əldən buraxmaq olmaz.

Mən patriotam. İmic makiyajdır. Başqası üçündür. Qadınların makiyajsız, öz üzləri ilə evdən çıxmaq istəməmələri kimi, evdə tək, özünə necə görünməyin vacib deyil, əsas başqasına göstərdiyin imicdir. Bütün dünya miqyaslı yarışlardakı uğurlarımız həmin bu makiyaja xidmət edir. Diasporamız "Azərbaycanı dünyada tanıtmaq”, "Azərbaycan həqiqətlərini” dünyaya çatdırmağa çalışır. Çünki gərək dünya bizi tanısın. Biz dünyanı tanımasaq da olar. Çünki dünya – biz onu tanımasaq da var,  ancaq o bizi tanımasa biz var olmarıq.

Mən siyasi hakimiyyətdənəm. Yoxsullar elə bilir ki, mən təkcə var-dövlət xəstəsiyəm. "Bu qədər var-dövləti neyniyəcəklər, yığırlar”, sualına cavab tapa bilmirlər. Başa düşə bilmirlər ki, mən burda doğrudan da daha var-dövlət üçün oturmamışam. Bax, mən öz payıma məzmunsuz, mənasız, mahiyyətsiz, maraqsız insanam. Mən o miskinləri adam saymasam da, ancaq həmin adamların mənə uzaqdan heyran-heyran tamaşa etməklərindən orqazmik həzz alıram. Bu, bütün Şərq despotlarına xas hakimiyyət həzzidir. Var-dövlətdən doymaq olur, var olmaq arzusundan isə yox. Siz də belə olardınız. Nə üçün?!

Ona görə ki, siz də, mən də ömür boyu o qədər başıbasıq, gözüqıpıq, qələbəsiz, özünütəsdiqsiz yaşayırıq ki, 40 yaşında adam yerinə qoyulanda, qalstuklular məclisi, tribuna, efir görəndə ağzımız-üzümüz əyilir, oturuşumuzu-duruşumuzu itiririk. Bax, əgər vaxtında mənim rəhmətlik qaynatam rəsmi tədbirlərdə məni öz təbii döşlərimi göstərməyə qoysaydı, gözlərim doyardı, əvəzində indi mən silikonlu döşlərimlə camaata yanıq verməz, yarımaçıq ağzımla millətə saxta əda satmazdım. Və yaxud çatılmış qaşlarla, kresloda ayaqlarımı 120 dərəcə açıb oturmazdım. Özüm də duyuram ki, xəstəyəm. Ancaq siz də bizi başa düşün ki, bu xəstəliyin baiskarı biz özümüz deyilik. Məni zorla xəstələndiriblər. İndi nə olsun ki, gələcəkdə məni lənətləyəcəklər; nə olsun ki, siz məni söyürsünüz. Söyülürəmsə, deməli, varam!