
Mehman Qaraxanoğlu. Afroditanın boynu (Ədəbi sezintilər)
- 26.01.2020
- 0 Şərh
- 2707 Baxış
Paradoksa
diqqət edin: Mətnin açarı gözümün önündə - stolun üstündədir. Onu əldə etmək
üçün xeyli çarpışdım. Əziyyətimin sevincini yaşamaq istəyirdim ki, yenidən
qapını alternativ açarla kimsənin açdığının şahidi oldum.
- Salam,
siz burdasız?
- Bəli.
- Mən
gedirəm, lütfən, deyin, sizdə mətnin qapısını bağlamağa açar varmı?
- Bəli,
var.
O, təbəssüm
göstərib getdi...
***
Lənkəranda
dairəvi bir zindan vardır. Tarixi mənbələrdə 1744-1786-cı illərdə inşa edildiyi
göstərilir.
Bizi
bir sual çox ilgiləndirir:
Niyə
dairəvi? Görəsən, vaxtilə oradakı məhbuslar bu haqda nə düşünüblər?
Özümü xəyalən
məhbusların birinin yerinə qoyuram və içimə qəribə bir yüngüllük dolur – bir
böyük dairədən ikinci kiçik dairəyə düşməyimin sərməstliyini yaşayıram: Həə, nə
qədər fırlanırsan, fırlan indi...
***
Əruz
çox koloritli və ötkəm bir kişi obrazıdır. O, sözləri uzada-uzada danışmağı
sevir.
***
Velosiped
təkərlərini deformasiyadan qoruyub saxlayan mis millər mənə rəssam Salvador
Dalinin bığlarını xatırladır. O bığların ucluqları deyir ki, dünyanı ciddiyə
almayın, deformasiya da olacaq, hələ üstəlik başqa şeylər də...
***
Mətnin
sənin üzərində öz hakimiyyətini bərqərar edəcəyinə inanmırsan?! Sənin bir yolun
vardır; qəddar Kron kimi öz balalarını – cümlələrini udmaq...
***
Biz
totalitarizmi ildırımsaçan Zevsə, proletar ədəbiyyatını isə onun önündəki iki
mifik qaba bənzədə bilərik. Qabın birində təltif, mükafat, hədiyyə, sovqat, digərində
isə qorxu, təhdid, şər, böhtan, repressiya vardır. Hər iki qab Zevsin nəzarətindədir...
***
Yuyunan
Afroditanın mərmərdən tökülmüş gözəl heykəlinə hər dəfə baxanda dodaqlarımdan məzəmmət
və sevgi dolu ixtiyarsız bir sual qopur:
- Sən
yuyunursan, yoxsa hər iki əlinlə saçlarını yığıb, misilsiz dərəcədə zərif
boynunu bizə göstərirsən?!
***
Şərq
miniatür sənətinin unikal nümunələrinə, xüsusən, Təbriz miniatür məktəbinin
banisi Sultan Məhəmmədin və onun şagirdlərinin əl işlərinə baxarkən daxilimdə həmişə
özümə bəlli olmayan qəribə bir qüssə başa qaldırıb. Niyə? Cavabım olmayıb. Ta Qəyyur
Yunusun rəsmləri ilə tanış olana qədər...
Kainatın,
bizi çevrələyən bütün predmetlərin, bütövlükdə kosmosun, o cümlədən, insanın
kiçildilmiş obrazları imiş məni qüssələndirən... Başqa cür desək, böyüklərin
kiçildilimiş obrazları dəhşətli dərəcədə qüssəlidir. Amma təsirin əks təsirə bərabər
olması qanunu burada da özünü göstərir. Ən azından, kiçildilən predmetlərdə də
hər hansı bir xarakterik cizgi durmadan böyüyür. Atın başı, obrazın üzündəki
heyrət, çiçəklərin "danışmayan” "böyük” kölgələri, gözlər, rənglərin
"partlayış” məqamına qədər "böyüdülmüş” parlaqlığı və s. Qrammatik aspektdən bu
halı azaltmanın çoxaldılması kimi də simvolizə etmək olar. Miniatürlərimizdə,
Cavad Mircavadovda, digər böyük rəssamlarımızda, həmçinin Qəyyur Yunusda olan
mistizm və sirli qüssə də zənnimizcə, bununla ilişkilidir...
***
Oxuduqlarım,
əldə etdiyim təcrübə, uğur və məğlubiyyətlərim mənə bir həqiqəti anlatdı:
Dünyada Xeyir və Şər əbədidir! Anladım ki, sıralanmada Xeyir həmişə əvvəl gələcək.
Minillərdir ki, Şər bütün gücünü səfərbər edib, "və”nin üstündən Xeyirin yerinə
keçmək istəyir. Amma bacarmır!
Göründüyü
kimi, yeni heç nə dəmədim, amma öz Həqiqətimlə xoşbəxtəm...
***
Bizə
Dionisin sirli qablarında nə müqəddəs su, nə də yemək veriləcək. Amma unutma, çətinliyə
düşəndə Dionis də öz qablarını qoyub qaçır...
***
Borxesin
mətnləri Aidin zülmət səltənəti kimidir. Geriyə qayıdışın mümkünsüz olduğu bu səltənətdə
yeganə işıq yeri müqəddəs Stiks çayının məhz oradan axmasıdır...
Bizm üç
yolumuz vardır: 1. Çayyuxarı getməliyik. 2. Çayaşağı qaçmalıyıq. 3. Sadəcə,
dayanıb onun sularına and içməliyik.
Bu sözləri
Coys haqqında da deyə bilərik. Hər üç yolu sintez eləməklə nəyəsə nail olmaq
olar. Amma bir həqiqət də vardır ki, burada sintez tutmur. Ona görə də həm
Borxes, həm də Coys haqqında saysız-hesabsız kitablar yazılır. Və bütün müəlliflər
geriyə yol arayırlar....