Abdul Tağı - Kondensasiya

Abdul Tağı - Kondensasiya

Kiminsə işləri düz gətirmirsə, Deyir ki, əlimə it hürüb mənim. Mənimsə ürəyim yaman ağrıyır. Deyəsən qəlbimə it hürüb mənim. O qəlb ki, sevginlə düşüb azara, Vurduqca qanımı damarlarıma, Xəstəlik daşınır ən ucqarlara, Gözümə, dilimə, barmaqlarıma. İndi bu əl sevir, bu ayaq sevir, Gözlər gözlərindən sevgi gözləyir. Hərəsi bir cürə, bir sayaq sevir, Dilsə dözə bilmir, sevirəm deyir. Barmaqlar tələsir düymələrinə, İstidən bədənin lap tir-tir əsir. Bir yol qollarımı sarsam belinə, Səni bu gecəlik götürrəm əsir. Sevgilim, qınama bu ehtirası, Ehtiras sevgi tək ürəkdə olur. Ehtiras sevginin ayrı forması, Necə ki, buz, buxar, maye də sudur.