Adamı adam edən sevgi və ya sözün bitdiyi zaman

Adamı adam edən sevgi və ya sözün bitdiyi zaman

SAMİR  İLQAROĞLU

 Adamı adam edən sevgi və ya sözün bitdiyi zaman

(Azad Qaradərəlinin "Şəhərcik” romanı üzərinə düşüncələrim)



Biz elə bir zamanda yaşayırıq ki, bu dövrdə yazı yazmaq çox çətindir. Yəni hərdən fikirləşirəm ki, bu əsrə qədər deyilməyən söz, yazılmayan mövzu qalmayıb. Aristoteldən tutmuş Orhan Pamukuna qədər, "Avesta”dan tutmuş Asif Ataya, Dalay Lamaya qədər hər kəs, hər kitab, təqribən bütün həyati mövzularda deyilə biləcək fikirləri demişlər. Ona görə ya toxunmaq istədiyin mövzu yeni olmalıdır, ya dediyin sözlər olduqca orijinal olmalıdır ki, oğurluq kimi görünməsin, ya da yazdığın janr yeni olmalıdır. Ki bunların hər üçü olduqca professionallıq istəyən şeylərdir.

Azad Qaradərəli əsrlərdir mövcud olan roman janrında yazır, yazdığı mövzular da toxunulmamış, müzakirə olunmamış deyil. Amma tərzi, yazısı, sözləri, qəhrəmanları o qədər orijinaldır ki, oxumaqdan doyulmur. Müəllifin qəhrəmanları realdır, mənfi və müsbət cəhətləri var, səhvləri, yalanları, xətaları var.
 
Müəllifin tərzini xarakterizə edən çox şey söyləmək olar: yazısı adamı yormur. Qəhrəmanlar süni deyil, süni dildə danışmırlar, sanki onların söhbətini, hətta üz cizgilərini, jestlərini belə görürsən, eşidirsən. Qəhrəmanların həyatda mövqeyini bilmək üçün onların indiyə qədər keçdiyi həyat yolu, aldıqları tərbiyə, yetişdikləri mühitin təsviri romanın ən vacib elementidir. Azad müəllim bunun öhdəsinden  o qədər peşəkar gəlir ki, obrazın nələrə qadir olduğunu, pis və ya yaxşı mənada gələcəkdə nələr edə biləcəyini təxmin edə bilirsən, sanki o adamlarla illərdir bir yerdə yaşayırsan.

Yazıçının vətənpərvər mövqeyi, xalq dilində dialoqları və s. haqqında əvvəlki yazılarda mövqeyimi bildirmişdim. Yazıçını ucaldan ən vacib meyarlardan biri də onun şəxsi intellekti, məlumat bazasıdır. Romantik də, fantastik yazar da, detektiv də yazarkən öz intellektini bir növ nümayiş etdirir. Azad Qaradərəlinin də yazılarında ən diqqət çəkən mövqe odur. Yəni, ilk baxışda mistik görünən şeylərin elmə söykənməsi yazıçının mütəmadi özünü inkişaf etdirdiyindən xəbər verir. "Şəhərcik” romanında axıra qədər hamımıza müəmma kimi görünən "tüklənmə" əslində elə hipertrixoz sindromudur. Hər nə qədər məcazi anlam daşısa da müəllifin bu manevrası real bir romanın reallıqdan uzaqlaşmasına mane olur, onun öz yükünü itirməsinə imkan vermir. Bu elmilik Azad Qaradərəlinin  bütün yazılarının, əsərlərinin, məqalələrinin ortaq cəhətidir.
"Şəhərcik” romanı  bir neçə il əvvəl yazılmış olsa da (2011-20120) günümüzdə sevgiyə baxış bucağını dəyişə biləcək, sevgiyə hər zamankı müqəddəsliyini qaytara biləcək, sevginin insanı ucaldan bir qüvvə olduğunu aşılaya biləcək romandır. Daha çox dəyərsiz seksin, təksəfərlik cinsi əlaqənin, sevgini dəyərsizləşdirən adsız intim münasibətlərin və ya daha da pisi – avropalaşmaq adıyla daha çox cinsi meyllərə əyilib, tərbiyəsizləşmənin bir üstünlük, fəxr olduğu zamanda və ölkədə "Şəhərcik” paklıq, səmimiyyət carçısı rolunu oyana bilən bir əsərdir. Elə bir mühitin içindəyəm ki, insanlar yatdıqları qadınlardan, onlarla yaşadıqları anlardan qürur kimi danışırlar. Bir maşınla 100 qız tovlama məharətlərindən ağız dolusu əfsanələr uydurular. İntim şeylər ictimaiyyətə təqdim olunacaq qədər alçalıb. Sevişmək, seks, cinsi əlaqə qavramları bir-birindən ayrılmır. Sevgidə seksə, seksdə sevgiyə yerin olmadığı, "öz qadını ilə yalnız uşaq doğurmaq, başqasıyla yalnız həzz almaq məqsədilə yatıla bilər” görüntüsü olan, "Kama Sutra”ya pozğun kitab baxışı olan bir məmləkətdə Azad Qaradərəli sanki sevginin konstitusiyasını yazır. Diqqət çəkəcək şeylərdən biri də odur ki, Azad müəllim yaşca orta nəsil nümayəndəsi olsa da ruhca çirkinliyin fövqünə yüksələcək təmiz gəncdir.
 
Şair demişkən:
                      O qadının ki, əllərini öpmək istəməzdiz,
                      heç onun dodaqlarını da öpməyin.

Azad müəllimin sevgiyə saf baxışı yuxarıda sadaladığım onun əsərlərini birləşdirən ortaq cəhətlərin bir parçasıdır. Yəni bu sevgini biz " Burda yer firlnamırdı”da da, "Kuma-Manıç çökəkliyi”ndə də görə bilərik. "Şəhərcik” dövrümüzün  insanını heyvanlaşdırıb instiktlərinə tabe edən sevgidən fərqli olaraq adamı adam edən sevgidən bəhs edir. Maraqlıdır ki, müəllifin bütün romanlarının ana xətti sevgi olmasa da, bütün romanlarda o insanı ucaldan sevgidən yazır. 
"Kuma-Manıç çökəkliyi”ndə bir sevgi Xosrovla Səkinənin timsalında müqəddəsləşdirilirsə, digər sevgi də Hafiz  müəllimin həyat yoldaşını bakirəliyi pozulmuş qadından vəfalı sevgiliyə qədər ucaldacaq gücə sahibdir. "Şəhərcik”də ərli bir qadının başqasına "göz salması” ilk baxışda oxucuda nə qədər ikrah hissi doğursa da, sonradan o qadının nə qədər səmimi sevdiyi, sevgisinin nə qədər insani olduğu və partnyorunu nə qədər ucaltdığının şahidi oluruq. Əsərdə mədəniyyətsiz, bəsit kəndli dünyagörüşü olan bir kişidən oxumuş, özünü tənqidi bacaran bir kişi formalaşdıran, digər yatdığı qadınlara nifrət oyadan, sevginin dadını anlayan, cinsi hisslərinin üzərinə çıxa bilən bir seksin nə olduğunu anlayan, adam olduğunu hiss edən bir şəxsiyyət yaradan sevgini görürük. Yazıçı bu sevgiylə elə bir təkamül xətti cızır ki, qadından yalnız bir seks obyekti kimki istifadə edən obraz artıq çətinliyiə  düşəndə ondan kömək istəyir, dərdi olanda onunla paylaşır, onun fikrinə möhtac olduğunun, onun sayəsində adam olduğunun fərqinə varır. 

Bugünkü  - qadınla yatmağı fəxr hesab edən naqis  gəncliyə bu həqiqəti çatdırmaq istəyir:

                  Amma yataq təkcə ifliclərin vətənidi,
                  qadının kişiyə verə biləcəyi ən xırda şey bədənidi.*

Azad Qaradərəlini oxuyan adam istər istəməz ön yargıdan (bu sözün Azerbaycanca qarşılığı yoxdur, təxminən yanlış mühakimə, mənfi rəy kimi tərcümə oluna bilər) uzaq düşür. Demək olar ki, bütün yazılarında, keçmişə qayıdaraq bizim təmiz səhifə hesab elədiyimiz arxivimizdəki kirli nöqtələri elə üzə çıxarır ki, insanın içindəki kənd saflığı, nənələrin təmizliyi (əslində bu sünidir) gözümüzdə heçləşir. Kənd mühitində baş verən iyrənclikləri bütün çılpaqlığı ilə önümüzə sərməkdə yazar heç güzəştə getmir. İstər insanlıq, istər qeyrət məsələlərində indiyə qədər formalaşmış "kənd” keyfiyyət nişanına ciddi kölgə salmaqla obyektiv olmağa səsləyir oxucunu. Digər tərəfdən də başqasıyla həyat sürən hər dul qadının, hər gizli mesaj göndərən ailəli qadının heç də ilk baxışda sandığımız kimi pis niyyətli və pozğun olmadığına diqqət çəkərək bizi başqalarının həyatını çöldən-çölə yanlış mühakimə edərkən vicdanımıza boylanmağa dəvət edir.
 
P.S. Müəllifin hər romanı mövcud zamana xitabən yazılıb və ordakı istər sosial, istər siyasi məsələlər hamının gözü önündə olmuş hadisələrdir. Ona görə də əsəri oxumağa başlayanda sizə elə gəlməsin ki, cılız gündəm məsələləri, köşə  yazısı mövzuları qabardılıb. Onlar sadəcə yazarın "yeri gəlmişkən” qeydləridir. Əslində isə Azad Qaradərəli onların fonunda çox qlobal problemləri gündəmə gətirməklə romanı ölümsüzlüyə qovuşdurub. Onilliklər sonra bu əsəri ( ümumilikdə Azad Qaradərəli yaradıcılığını) oxuyan azərbaycanlı bugünkü ictimai vəziyyətin, bugünkü vətəndaşın yaşayış tərzinin, dünyagörüşünün əsl, həqiqi ( mediada və sənədlərdə olduğundan fərqli olaraq) xronikasını asanlıqla anlaya biləcək.

* Misralar Salam Savanın " Qadının kişiyə verə biləcəyi ən xıırda şey bədənidir” şerindəndir

 İstanbul