Akşin Xəyal. Çobanyastığı ləçəklərində əzilmiş ümidlərim (Hekayə)

Akşin Xəyal. Çobanyastığı ləçəklərində əzilmiş ümidlərim (Hekayə)

Onunla son görüşümüz idi. Bacardığım qədər saata baxmamağa çalışırdım ki, bəlkə möcüzə baş verə, zaman dayana və biz ayrılmayaq. Əvvəllər hər gün gördüyüm üz bu gün mənə daha da gözəl görünürdü. Hər gün saatlarla qoxladığım saçları bu gün daha gözəl qoxurdu  sanki. Gözümü heç ondan çəkmir, danışdığı hər sözü yadımda saxlamağa çalışırdım. Həmişə gəzdiyimiz parkı bu dəfə əl-ələ deyil, yan-yana gəzirdik. 

Yaz fəsli olsa da, sərin meh ağacların yarpaqlarını sığallayaraq, çiçəklərin qoxusunu burnumuza gıtirsə də, mənim içimdə qarlı, çovğunlu bir qış tüğyan edirdi. Amma bəzi davranışları, isti münasibəti içimdəki qışın qarını əridəcək bir ümid işığı yandırırdı. Düşünürdüm ki, yəqin, fikrindən danışıb ayrılmayacayıq. Nə bu barədə soruşmağa cürətim çatırdı, nə də "bəlkə ayrılmayaq, qaldığımız yerdən davam edək” deməyə cəsarətim yox idi. Sadəcə, içimdəki ümiddən bərk-bərk yapışaraq, "ayrılmayacayıq” deyə özümü inandırmağa çalışırdım. Qəfil gözüm parkın kənarında əkilmiş çobanyastıqlarına sataşdı. Onun ən sevdiyi çiçək idi. Ətrafda polis varmı deyə sağa-sola baxıb, bir çobanyastığı dərib, sancdım qoxusuna aludə olduğum saçlarına. Gözlərimin içinə baxıb gülümsündü. Sonra gözlərini yumaraq, dərindən nəfəs alıb: "Heç ayrılmalı hava deyil”,- deyib, qoluma girərək, "Acmışam gedək bir yerdə oturaq”,- dedi. İçimdə baş qaldırmış kiçiçik ümid işığı şölələnərək, böyük bir günəşə çevrildi. 

Yeməyimizi bitirib çay içə-içə havadan, sudan söhbət edirdik. Saçındakı çobanyastığını çıxarıb əlində oynatmağa başladı. Oynada-oynada da barmaqlarının arasında saplağını qırdı. Sanki, gülün saplağını deyil, mənim onurğamı qırdı həmin an. Sonra barmaqları ilə çiçəyin ləçəklərini qatlayaraq əzməyə başladı. Çobanyastığının ləçəkləri əzildikcə ayrılmayacağımıza dair yaranmış ümidlərim bir-bir o ləçəklər kimi əzilməyə başladı. İçim qan ağlasa da, bunu biruzə verməməyə çalışır, yalançı bir təbəssümlə gülümsəyirdim. Gedərkən saplağı qırılmış, ləçəkləri əzilmiş çobanyastığını masanın üstündəki zibil qabına atıb, ayağa qalxdı. Bütün xoşbəxtliyim də, ümidlərim də həmin gün çobanyastığı ilə birgə elə o zibil qabında qaldı.