Aliyə. TV-nin xəbərçiləri

Aliyə. TV-nin xəbərçiləri

Nə demək və necə demək məsələsi

Azərbaycan elə də böyük ölkə deyil, hətta bəzi nəhəng dövlətlərə nisbətdə çox balaca ölkədir və burada xəbərlər seçib təqdim etmək məsələsi bir o qədər çətindir. Telekanalların xəbərlər verilişləri verdiyi xəbərdən asılı olmayaraq monotonluğu və qaramat ab-havası ilə vacib, amma yaxaqurtarmaq mümkün olmayan aktlardır. ANS TV-nin həyəcanlı diskiyası telekanallara yayılandan sonra diktorlar daha artıq dözülməz oldu. Sovetdənqalma AZ TV diktorlarının arxayın səsi ilə ANS TV diktorlarının həyəcanlı ğdanaşıq tərzi orta həddi müəyənləşdirməyə imkan verir. Amma…

Yeri gəlmişkən, əvvəl ANS-çiləri çəkdiklərinin altından qol qoyarcasına loqotipi aşağı küncə yerləşdirirdilərsə, indii hər şey bu loqonun altında təqdim olunur. Simvolikdir. Yozumludur. Amma yozmağa nə həvəs, nə də hacət var. Hər şey göz önündədir.
KİV-lər arasında xəbərlər xidməti sahəsində televiziyanın reytinqi məhz seçim baxımından aşağıdır. Ötən il mədəniyyət adamları arasında keçirdiyimiz sorğuda da TV xəbərləri Ən az etibar ediləni və istifadə olunanı idi. Xəbərçinin ANS demişkən «dəqiq, qərəzsiz və vicdanlı» olmağından başqa onun maraqlı olmağı, heç olmasa zəhlətökən olmamağı lazımdır.  Yerli telekanallarımızın xəbərlər verilişində problem olaraq təklif etdiyi mövzular belə eynidir. Reportaj və hadisə yerindən çatdıorılan kadrlarda yaradıcı, detallı kadr tapmaq müşküldür. Çünki televiziya operatoru nədənsə texniki heyəti təmsil edir. Kanallarımızda cari, siyasi, iqtisadi, mədəni, mövsümi və heyrətləndirici xəbərlərdən başqa, insan faktorunu önə çəkərək hazırlanan fərd barədə xəbər yoxdur.
Forma etibarilə yeganə fərqlənən xəbər verilişi Xəzər TV-nin efirindədir. Tamaşaçıya Türkiyə kanallarından tanış olan bu forma yerli telekanallarımız içində yeganəsidir. Xəbərlərin ağırlığını hiss edəndə gözünə bir qədər də yüngül və maraqlı reportaj-xəbər qatan xəzərçilər xəbərlər proqramının izləyicilərini günbəgün artan və insan faciələri itkilərilə bol xəbərlərin diskomfortundan xilas edir. Əgər yerli və dünya xəbərlərinin tamaşaçya yarım saat, qırx beş dəqiqə ərzində çatıdırıldığını nəzərə alsaq, birdən yüklənmənin fəsadlarını da bilmək olar. Bu fəsadlara toplum, kütlə laqeydliyini aid etmək olar. Artıq faciə barədə xəbərlər bizdən uzaqlığı ilə tox bir laqeydlik yaradır.
Kameranın və aparıcının statikliyini də xatırlatsaq, vəziyyətin nə qədər qəliz olduğunu anlamaq olur. ANS TV-nin Xəbərçidən sonra təqdhim etdiyi «Zorxana» çətin və vacib xəbərləri sadələşdirsə də vəziyyəti yüngülləşdirmir. Orxan Fikrətoğlunun monoton nitqi, qeyri konkret obyektə yönəlik xitabları buna kəskin şəkildə mane olur.

Tamaşaçıya xəbər lazımdır. Beynəlxalq mükafat almış bir filmdə («Tısbağalar da uçar») müharibə vəziyyətində yaşayan, mina çıxarıb satmaqla pul qazanan ucqar bir kəndin sakinləri silahı canaq antenalara dəyişirlər. «Dünya xəbər dünyasıdır, dünyada xəbər savaşı gedir» deyə. «Bilməmək ən böyük xoşbəxtlikdir» deyə xəbərlərdən imtina etmişlər də yox deyil. Xəbər savaşının qurbanı olmaq bunu bilməməkdən pisdir.
İnformasiya müharibəsi haqda bizim çoxdan məlumatımız var. «Ho var, dağa çıxardar, ho var, dağdan endirər», deyiblər. Heç vaxt müstəqil ola bilməyən yerli telekanalların xəbər siyasətini öyrəndikcə bu deyimə əlavələr etmək lazım gəlir məsələn belə: «Ho da var, düzdə saxlayar».