Asif Əfəndiyev tənqidinə bir nəzər...

Asif Əfəndiyev tənqidinə bir nəzər...

İradə Musayeva

Azərbaycan ədəbi tənqidində fərqli, özünəməxsus düşüncə tərzini istədiyi kimi ifadə etməkdən çəkinməyən, "qəribəlikləri” ilə daha çox yadda qalan Asif Əfəndiyevi "Ata”, "Peyğəmbər”, "Filosof” və hətta tənqidin qəhrəmanı kimi təqdimatın özündə də bir qəribəlik var… 

A.Əfəndiyev ötən əsrin 60-70-ci illər ədəbi prosesində poeziya və nəsr nümunələrini təkcə mənsub olduğu zaman və məkan kontekstindən yox, daha çox dünya ədəbi-nəzəri və fəlsəfi konsepsiyaları fonunda təhlil etməyə, dünyanın bədii və fəlsəfi dərki müqayisəsini öz baxışları çərçivəsində əks etdirməyə çalışmışdır. Məsələn, sosialist poeziyasından söhbət açarkən tənqidi ideyalarını Fridrix Nitşe, Şopenhauer, Freyd, dekadent sənət, modernizm, akademizm, sensualizm və s. nəzəriyyələrin mahiyyət və inikasını konkret Azərbaycan şairlərinin şeir nümunələri əsasında şərh edir, sosializm realizmi ideologiyasından irəli gələn fikirləri qabardır, kapitalizm və sosializm dünyalarının yazılmış və yazılmamış qanunlarını müqayisə edir, sosializm və onun yetişdirdiyi şairləri (məs. S.Rüstəmi və b.) alqışlayır: "S.Rüstəm son illərdəki əsərlərində siyasi publisistikanın bir sıra əhəmiyyətli cəhətlərini inkişaf etdirir. Şairin lirik "Mən”i kommunizm ideallarını öz şəxsi, fərdi düyğularına çevirmiş, sovet vətəndaşı olmaqla öyünən, həyatsevər bir şəxsiyyətdir: 

Ömürüm,günüm,
səadətim Oktyabr yaşındadır, 
Partbletim sol cibimdə,
ürəyimin başındadır”. 

A.Əfəndiyev S.Rüstəmin "Gözü Lenin çıraqlıyam” şeirini təqdir edir, Marks, Engels, Lenin sosialist ideyalarını ədəbi tənqidin nəzəri qanunlarının tərkib hissəsi kimi dəyərləndirir: "Məlum olduğu kimi sosialist realizmi ədəbiyyatı və incəsənəti mahiyyəti, qayəsi etibarilə ümumbəşəridir. Çünki onun tərənnüm elədiyi ideal-bütün qabaqcıl bəşəriyyətin  amalını, arzusunu özündə cəmləşdirir. Sovet yazıçısı bu gün bütün qabaqcıl bəşəriyyətin elçisi rolunu oynayır” – deyən A.Əfəndiyev elə həmin illərdə Ramiz Rövşəni "obrazlar uyduran”, "insanları həyatdan üzaqlaşdıran”, "poeziyanı qondarma, qeyri-real oyuna çevirən”, "milli müəyyənlikdən məhrum olan”, "əqliyyətçi (? - İ.M.) eksperimentlərlə məşğul olan bir şair” kimi qiymətləndirmiş, F.Qocanın ən gözəl şeirlərindən birinin haqqında isə aşağıdakı yanılış təhlili ilə oxucunun diqqətini yayındırmış, müəllifin haqqına girmişdir:

"Dəniz də mənimdir 
Üstünə süzülən ay işığı da.
 Sahildəki ağaclar da mənimdir, 
Yarpaqlarının danışığı da.
 Gedir gəmilər. 
Fit səsi mənə qalır. 
Yollarda bütün gözəllərin
 Tökülüb ədası,
nazı,qəmzəsi   
               mənə qalır 
Xəyalım hara getmək istəyir, 
                göndərirəm.
 Yol pulunu qızırqanmıram, 
Laləli dərələrin qoynuna   
              atıram özümü,    
             alışıb yanıram. 
Kefim istəyəndə  
Gecələr doyunca ulduzlara baxa bilirəm 
Heç baxmıram ya da. 
Kef çəkirəm dünyada. 

Bizə elə gəlir ki, bu cür iddialı lirik qəhrəmanı tərənnüm yox, ifşa etmək gərəkdir! Soruşulur: həyata seyrici münasibət ilə kommunist estetik idealının təsdiqi uyuşurmu? Yox! Çünki estetik ideal insanın qüdrətini, təbiət üzərindəki qələbəsini, fəaliyyətinin  cahanşümul ölçüsünü təsdiq etmək üçün doğulub. Estetik ideal, K.Marksın sözü ilə desək, "insanın substansial mahiyyətinin təsdiqi» ilə bağlıdır. Bu isə fəal mübarizə, yetkinlik, dünyanı və özünü dəyişdirmək pafosu ilə bağlıdır. Buna görə də seyrçilik və kommunsit estetik idealın təsdiqi bir-birinə yabançı, barışmaz keyfiyyətlərdir”. Onlarla belə misallar çəkmək olar ki, zaman, reallıq və həqiqət tənqidçi A.Əfəndiyevin hökmünün üstündən çalın-çarpaz xətt çəkdi. Deməli, A.Əfəndiyevə peyğəmbər uzaqgörənliyini şamil etmək doğru deyil. Bəs, A.Əfəndiyev filosofdurmu? İstənilən bir bədii mətni, oradakı obrazları təhlil edərkən, filosofların adını çəkmək, onlardan sitatlar  gətirmək və  məlum fəlsəfi qanunlarla yazıçı və şairin ideya-estetik görüşlərini mühakimə etmək, bəzən doğru, bəzən yanılış hökmlər çıxarmaq filosofluqdurmu? Ədəbiyyatşünas-tənqidçi olmaq məsuliyyətini üzərinə götürən hər kəs bəşər fəlsəfi görüşlərindən xəbərdar olmalı, oradakı anlayış və konsepsiyaların məğzini bilməlidir.

A.Əfəndiyev ədəbi tənqidə pafos, emosionallıq, şüar intonasiyası gətirdi – desək,  doğru olar. Onun "Yollar”, "Filosoflar məclisində”, "Kölgə və canlı”, "Fəlsəfə və fəlsəfəçilik” və s. məqalələri onun özünəməxsus tənqidçi üslubunu göstərir. Və bu məqamlarda o daha çox ədəbi tənqidin yox, "bədii tənqid”in nümayəndəsi olur. Tənqidi elmi-fəlsəfi idrakın deyil, bədii qavrama və düşüncənin komponentinə çevirir. Bir çox müəlliflərin obrazlarından "vətəndaşlıq”, "sovet əxlaqı”, "vətənpərvərlik” və s. bu kimi keyfiyyətləri publisistik ahənglə tələb edəndə isə öz tənqidçi üslubunu publisistikaya yaxınlaşdırmış olur. Deməli, daha çox bədiyyatçı və publisist olan (əlbəttə, bunların heç biri pis deyil) A.Əfəndiyevə filosof demək də özünü doğrultmur. Bu baxımdan Yaşar Qarayev daha çox filosofdur… Əksinə, A.Əfəndiyevin tənqidi yanaşmasında elmilik – tarixi və ədəbiyyat nəzəriyyəsi prinsipləri ilə yanaşma (növ-janr, forma-məzmun, dil-üslub, metod-cərəyan prinsiplərini seçdiyi mətnə tətbiq etmək) cəhdləri zəifdir. Polemikanı və hər şeydə fəlsəfə axtarışını xoşlayan A.Əfəndiyevin tənqidçi üslubunda "Marksist-Leninçi estetika”ya həqiqi inam və sitayişdən doğan təbliğçilik missiyası açıq-aydın görünür. Nəzərə alsaq ki, o məqalələrini 30-40-cı illərdə yox, 60-70-ci illərdə yazıb, bu baxışlarına görə hətta onu qınamaq da olar… Müəllif çox zaman ədəbiyyatdan "estetik dəyər” adı altında öz dövrünün aktual ictimai düşüncəsinin ileologiyasını tələb edib, elmi-tənqidi, bədii-estetik analiz metoduna əsaslanan tənqidçi mühakiməsi filosofanə ittiham və alqışlama üsulu ilə əvəzlənib. Ancaq bütün bunlara rəğmən Asif Əfəndiyev ədəbi tənqidin xüsusi yaradıcılıq növü, "müdriklik səlahiyyəti” olduğunu sübut etmək istəyən, bu yolda cəsarətli addımlar atan, dövrünün fəal və obyektiv tənqidçilərindəndir