Azər Mirzəyev dəfn olundu - FOTOLAR

Azər Mirzəyev dəfn olundu - FOTOLAR

Azərbaycanın əməkdar artisti Azər Mirzəyev Sabirabadda dəfn edilib. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, dəfn mərasimindən əvvəl Sabirabad şəhərində yerləşən məsciddə mərhumun ruhuna dualar oxunub və cənazə namazı qılınıb.

Dəfn mərasimində rayon icra nümayəndələri, yerli ictimaiyyət, mərhumun qohumları və sənət yoldaşları iştirak ediblər. Tanınmış aktyor rayonun Kürkəndi kəndinin qəbiristanlığında atasının qəbrinin yanında torpağa tapşırılıb.

Qeyd edək ki, Azər Mirzəyev ürək çatışmazlığından dünyasını dəyişib. O, uzun müddətdir insultdan əziyyət çəkib.

Xatırladaq ki, Azər Mirzəyev 1952-ci il may ayının 12-də Zərdab rayonunda müəllim ailəsində anadan olub. Atasının işi ilə əlaqədar olaraq sonradan ailəsi ilə Sabirabad rayonuna köçən Azər orta məktəbi burada başa vurub və 1968-ci ildə SSRİ xalq artisti Ədil İsgəndərovun rəhbərliyi altında "Azərbaycanfilm”in nəzdində fəaliyyət göstərən kino aktyorluğu studiyasına qəbul olunub.

1970-ci ildə buranı bitirəndən sonra sənədlərini İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsinə verib və qəbul olunub. İncəsənət İnstitutunda respublikanın xalq artisti, professor Rza Təhmasib və Fikrət Sultanov kimi korifey sənətkarlardan aktyorluq sənətinin sirlərini öyrənib.

1974-cü ildə bu ali məktəbi bitirəndən sonra təyinatla Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrına göndərilən Azər Mirzəyev o gündən indiyədək bu teatrın səhnəsində neçə-neçə gözəl obrazlar yaradıb.